Dodaqlarında bir az tanrısız yerlər qalıb... - Yeni şeirlər

Dodaqlarında bir az tanrısız yerlər qalıb... - Yeni şeirlər
27 mart 2021
# 10:02

Kulis.az Qismət Məsimin şeirlərini təqdim edir.

Bir dəfə dəli olmuşdum,
Hamı məni sevirdi.
Hamı bir-bir pəncərədən
Evimi seyr edirdi.
Elə bil dünya idim
Hər kəs baxıb keçirdi.
İt də mənimlə
bir qabdan su içirdi..
Salam verməyən qadın,
Mənə yemək verirdi.
Məni bağışlayırdı
Ürək-dirək verirdi.
Allah da məni o vaxt
Ovcunda saxlamışdı.
Çiynimdə günah yazan
İşsiz, yuxulamışdı.
Adamlar niyə belə,
Allah niyə belədi..?
Ən çox sevdiyim kəslər,
Məni sevsinlər deyə
Məni dəli elədi?

***

Açıb çəmən üstə bu lal süfrəmi..
sənə bal süzərdim
susqunluğumla..
Saçına şeh kimi düşərdim ..heyf..
Pis vaxtda getdin

Kəpənəyə dönüb dəli baxışım,
toxunardı şirin təbəssümünə,
nazını qoyardı gözünün üstə..
Öpüb o utancaq səssizliyini
qonardı açılmış dizinin üstə..
Ən şirin gecənə dönərdim ... heyf,
Pis vaxtda getdin.

Payızı seçmişdim səni sevməyə
Elə sevərdim ki, bahar olardın.
Xəzəl xışıltısı... unutqan cığır...
Axır ki hər şey gözəl olardı...
Sonra, yanağının qəmzə yerində
Yıxılıb sakitcə ölərdim, heyf...
Pis vaxtda getdin...

Səni harda sevim mən?

bu dünyanın hər yeri
sevmək üçün balaca..
ağacları balaca,
çicəkləri balaca...
yalanları dağ boyda
gerçəkləri balaca...
dodaqlarında biraz
Tanrısız yerlər qalıb
səni harda öpüm mən
o yerlər də çevrilib haqqa dua eləsin.
daha əlim çatan yer,
arzuma dar gələcək...
sənin o qış saçına sanma bahar gələcək.
gedim harda unudum, harda boğum bu eşqi?
keçməsin mələklərin
şeytanların əlinə...
düşməsin qarıların gəlinlərin dilinə...
gedim harda ölüm mən
çıxmasın ahım mənim..
harda ölüm ilahi?
gəlməsin qəbrim üstə bircə günahım mənim!

***

Sən nə qədər unudulmusan yerişindən bilirəm
Nə qədər sevilmisən gülüşündən bilirəm
Kişilər unutmağın yüz növünü bilir canım
Qadınlar iki üç dənə
Səndən sevgi qoxusu gəlir
Səndən çox gediblər bilirəm..
Səni saçların açıq, ayaqların bağlı
Tərk ediblər bilirəm .
Kişilər getməyin yüz növünü bilir canım
Qadınlar iki üç dənə
Vəfasızlar gözəl olur,
Gözləri mavi, dodaqları ölüm
Baxışları rahatlıq alır,
Xatirələri zülüm
Kişilər yüz dəfə vəfalı olurlar, canım
Qadınlar iki üç dəfə...

***

Ən sonda da hamı, hamı..
Bir ağacın kölgəsində
Yorğunluq kimi,
Atıb gedir adamı...

Belə niyə olur ..?
Əlini gülə uzadırsan payız çıxır.
Cocuqluğun günaha böyüyür,
Çiçəklər günaha açır...
Bəzən,
tərəzidə 20 qəpiyə adamları çəkən,
dünyanın ən çəkici qarısı qız çıxır..
Bəzən də,
Əlini cibinə uzadırsan qızının göz yaşı çıxır
Acı olur oğluna ala bilmədiyin şirni..
Qarşına ömrün ən şirin aldanışı çıxır...
Hərə bir tərəfdən içir gedir,
xoşbəxtliyini, sevincini
Çay yatağı kimi qalırsan bomboş...
Səssiz, ağrılı..
Gövdədən qopmuş budaq yarpaqları tək
can verən yaşıllığa bükülüb qalırsan..
Bəzən belə alınır qardaşım,
Payız gəlməmiş avqustda tökülüb qalırsan...
Ən sonda da hamı, hamı...
Bir ağacın kölgəsində,
Yorğunluq kimi,
Atıb gedir adamı...

***

Günahdan qaçmaqdan taqətim itib
Yənə sənə döndüm niyə? Bilmirəm...
Səninçün darıxmaq tükənib bitib
Oyan, qapını aç, döyə bilmirəm...

Sənin ayrılıqdan uzun saçını
Yenidən yoluma biçib gəlirəm.
Bütün əyin-başım sevgi tozudu
Yüz dənə ürəkdən keçib gəlirəm.

Fələyin gözündə nə divar, nə sən
O, bilir ürəkdə hansı gedişdi.
Bu tavansız otaq, bu da ikimiz,
Qapını bağlamaq mənasız işdi.

Bəlkə unutmusan yadından çıxıb,
Hər dəfə saçını hördüyün tərəf.
O qədər əlvida sözü çırpılıb
Qırılıb qəlbində sevdiyin tərəf.

Kimə hədiyyədi, kimə yuxudu
Arzuya açılmır bazar dünyada.
Gedirsən, ya məni, ya dünyanı al,
Tanrı da mələksiz azar dünyada.

Həsrətdən şeytanın qulağınacan
Nə qədər daş görsəm, yığmışam, oyan!
Bu qədər dərdimlə, məhəbbətimlə
Sənin ürəyinə sığmışam, oyan.

Bəlkə şimşək kimi çaxdım ömrünə
Bulud da bu boyda eşqi saxlamaz.
Sən yağış damcısı yarpaq könlümə,
Damcılar yarpaqda yaşayır bir az!!

# 2909 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #