Bu gün yazıçı-jurnalist Xalid Kazımlının doğum günüdür. Kulis.az bu münasibətlə Xalid bəyi təbrik edir və onun oxucular tərfəindən maraqla qarşılanan “Çe Gevaranın bardür üstündə kəndirbazlıq edən adaşı” hekayəsini təqdim edir.
Bu əhvalat çoxdan olub – 14-15 il qabaq. Bir ara mən onu dost-tanışa məzəli əhvalat kimi danışırdım. Bir dəfə gördüm ki, o zamanlar olayın içində mənimlə birlikdə olmuş dostum Ağası həmin hadisəni adamlara kədərli notlarla danışır.
Əslində, o hadisə həm məzəli, həm də kədərliydi. Uzun illərdən sonra yada salanda görürsən ki, o baş verənlərə gülmək düz deyil, əksinə, xatirəsi adamda üzüntü doğurur.
Yazın üzü yaya sarı dönən, adamların artıq kölgələrə çəkilən vaxtlarıydı. Şəhərin mərkəzindəki parkda oturmuşduq. Skamyalarda kölgə tutan yer yox idi deyə, özümüzə kölgə düşən bardür üzərində yer seçmişdik. Birdən Ağası məni dümsüklədi:
- Ora bax, ora bax, adamın yaşına bax, elədiyi hərəkətə bax.
Çevrilib baxdım. Skamyaların arxasında, döşəmə daşlarıyla çəmənliyi ayıran bardürün üstüylə 40-42 yaşlı bir kişi qollarını yana açaraq, kanat üzərindəki kəndirbaz kimi, müvazinətini qoruya-qoruya bizə tərəf gəlirdi. Kişi hər vəchlə yıxılmamağa çalışırdı, qədəmlərini bardür daşlarının üstünə ehmalca qoyurdu ki, tarazlığı pozulmasın.
Ağasıya dedim, yəqin kişi içkilidir, gözünü ona zilləməsin.
Parkın ortasındakı hovuzun ətrafında elektriklə işləyən balaca avtomobillərlə dövrə vuran uşaqlar daha maraqlıydı. Onlardan biri, olduqca şıq geyinmiş, 4-5 yaşlı tosqun uşaq lüks “Cip”də gəzən böyüklər kimi jestlər edirdi. Hiss olunurdu ki, ya öz atasını, ya da başqa birini təqlid edir.
Birdən düz qulağımızın dibindən səs gəldi:
- Çəkilün, çəkilün, yol vərin!
Biz səs gələn tərəfə baxınca, nə baş verdiyini kəsdirincə, gec oldu, bayaqkı, bardür daşlarının üstündə kəndirbazlıq edən kişi bizə çatmış, maneəyə üzləşdiyindən hərəkətini dayandırmışdı və artıq müvazinətini saxlaya bilməyərək, sol ayağını döşəmə daşlarının üstünə qoymalı olmuşdu.
- Neynədüz, alə? Nöş çəkilmədüz? Eeee....
Biz nə cavab verəcəyimizi bilmədik. Kişi davam etdi:
- Bütün kayfımı pozduz e, alə, siz, - arıq kişi olduqca acıqlı, turş sifətlə üzünü bizə tutmuşdu.
Mən sakitcə dedim:
- Kişi, biz bir küncdə oturmuşuq, nə bilək, burayla adam gələcək.
- Alə, gördüz axı, - kişi bir az da hirsləndi. – Gördüz ki, gəlirəm. Çəkilərdüz də. Meşat elədüz. Yıxıldım e mən.
Ağası münaqişəni sülh yolu ilə tənzimləmək istədi:
- Bağışlayın, əmi. Fikir vermədik. Başımız qarışdı, diqqət eləmədik.
- Yox e, nə bağışlamaq, - kişi eyni cür aqressiv idi, - hər gün kimsə toçnu belə eliyir. Həyatda yedinni kayf aldığım bi dənə budu, bunu da qoymursuz... - kişi pauza verdi, yenidən əsəbiləşdi. - Gərək bir gün şaqq eləyib açıla, xırç eliyib girə, kiminsə ağlı başına gələ...
Onun sağ əli şalvarının cibində idi. Belə anladım ki, “şaqq-xırç” söhbəti kəsici-deşici alətə işarədir. Ağası səsini bir az da həlimləşdirdi:
- Üzr istəyirik, əmi. Bağışlayın, siz allah. Bax, gedin, təzədən gəlin, biz də elə indidən duraq sizə yol verək.
Kişinin üz ifadəsi bir az yumşaldı, amma səsindəki sitəm qalırdı:
- Təzədən necə gəlim, alə? Yıxılmışam mən, çerepno-mozqovoy travma almışam. Başa düşürsüz, kəllə-beyin travması... Heç görmüsüz ki, kanatdan yıxılan kəndirbaz yenidən çıxsın ora?
- Əmi, siz kanat üstündə deyildiniz axı, - Ağası onu yenidən cırnatmamaq üçün ehtiyatla dilləndi.
- Nə fərqi var, alə, mən elə predstavlyat edirdim, amma siz meşat elədüz, - kişi mübahisədən əl çəkənə oxşamırdı.
Ağası cavab verdi:
- Əmi, siz kanat üzərində olsaydınız, biz orda otura bilməzdik axı. Yıxılardıq. Bunu yalnız kəndirbazlar bacarır.
Kişi bir az yumşaldı, pauza verdi, diqqətlə Ağasıya baxdı, soruşdu:
- Sən bakılısan, qədeş?
Bakıya 10 il əvvəl Siyəzəndən təhsil almağa gəlmiş, ilişib-qalmış, ləhcəsi bakılılarınkına bənzəyən Ağası çıxış yolunun lap yaxınlıqda olduğunu anladı və təsdiqlədi:
- Həri.
- Korennoy? – Kişi soruşdu.
- Korennoy. Papanindən.
- Malades. Papanin uşaqları belə şeyləri bilir. Rayon camaatı qrex eləyəndə üzr istəmir, dalaşır.
Münaqişə çözülməyə doğru gedirdi, “şaqq-xırç” söhbəti olmayacaqdı. Artıq kişinin sağ əli cibində deyildi. Ağası sülhü tam bərqərar etmək istədi.
- Əmi, istəyirsə, qaqaş ona bir pivə alsun, gəlsün.
Kişi yenidən üzünü turşutdu, amma acıqlı səslə yox, mülayim, bir az da lovğalıqla dedi:
- Alkaşam, bomjam, nəyəm, alə, sizinçün? Puluma nə gəlib? – O, cibindən bir çəngə pul çıxardı, qaytarıb yerinə qoydu. – Zaxoçu, sam i kuplyu.
Gerçəkdən də o səfilə, avaraya oxşamırdı, üst-başı da səliqəli idi. Arıq cüssəsi, batıq gözləri, qırışlı üzü onun kədərli keçmişindən xəbər versə də, hiss olunurdu ki, qulluq edəni var, hər halda cibinə pul qoyan da vardı. Ola bilərdi ki, keçmişdə ya narkoman, ya da əyyaş olub.
Biz ona baxa-baxa durduq, ehtiyatsız söz deyib beynini çöndərmək istəmədik. Kişi bir az susdu, sonra incik-incik dedi:
- Fso day, niçevo. Prosto kayfım tamam pozuldu. Gedim mən. Siz bir də görəndə ki, əmi o yandan gəlir, qalxun yol vərün. Çetindür bəgəm? – kişi bizi son dəfə danlayıb getməyə başladı və iyirmi-otuz addım o yandakı skamyanın bir küncündə oturub xəyala daldı.
O aralaşan kimi Ağası pıçıldadı:
- Deyəsən, bir zibilə düşməkdən qurtardıq axı. Bıçağı vardı cibində. Xəstədir, nədir?
- Yox, xəstə deyil, - dedim. – Məncə, türmədə yatıb-çıxmış, müalicə olunan adamdır. Hər gün bir az vurur, özü üçün əylənir.
Biz qalxıb parkın o başına getdik, oyun oynadıq, çayxanada oturub çay içdik, 1-2 saatdan sonra qayıdıb parkdan çıxanda gözümüz bayaqkı yerdə oturmuş qəribə kişiyə sataşdı. Ağası yaxınlaşıb ondan bir-iki şey soruşmaq istədi. Əvvəlcə etiraz etdim, “başımıza iş açmayaq” dedim. Amma “bakılı balası” Ağası israr etdi. Kişiyə yaxınlaşdıq.
- Salam, əmi. Gəldik ki, bir daha üzrxahlıq edək. Çortuvuzu pozduq bilmədən.
Kişi əliyə bizə oturmaq üçün yer göstərdi və dedi:
- Niçevo. Olan şeydir, qədeş. Pastayannı belə eliyillər. Amma panyatkalı oğlannar başqadu. Elə eşşəylər var ki, adamı yıxırlar i ne podnimayut.
- Əmi, bir şey soruşum, - Ağası dilləndi. – Bu bardür üstündə o cür yeriməyi... – uyğun söz axtara-axtara pauza verdi, - ...harda öyrənmisiniz? Maraqlı gəldi.
- Kinoda görmüşəm, - kişi lakonik cavab verdi.
- Hansı kinoda? Yutubdan baxardım mən də.
- Yadımdan çıxıb, Amerikanski kinoydu, - kişi pauza verdi. – Bir oğlan ravnovesiyasını qoruya-qoruya yeriyir, biri də gəlib ona talçok vırıb yıxır. Adam nervilənir. Nə işin var, ala, padla, qoy öz kayfıynan yerisün dəə...
Ağası birdən-birə cürət edib “kəndirbaz əmi”nin adını soruşdu və kişi fəxrlə dedi:
- Ernestodur mənim adım.
Biz baxışdıq. Ağası soruşdu:
- Sənəddə də elədir?
- Sənəddə Ernestdir, - kişinin üzündə yüngül pərtlik sezildi. – Papam 61-ci ildə ZAQS-da Ernesto yazdırmaq istəyib, amma tupoy qeydiyyatçı götürüb Ernest yazıb. Papa sonra bilib, dava salıb, amma sonra məsləhət olub ki, elə Ernest qalsın.
- Niyə?
- O vaxt bir Ernest Telman olub, onun adına aformit ediblər. Siz Ernest Telmanı tanıyırsuz?
Ağası dərhal dilləndi:
- Mən tanıyıram. Hitlerin vaxtında kommunistlərin müdürü olub, tutub nakazat ediblər.
Ağası üçün dünyada ən böyük vəzifənin adı “müdür” idi, BMT-nin baş katibinə də “müdür” deyirdi, ölkə prezidentlərinə də, işlədiyi idarənin rəisinə də.
- Bəs yaxşı, Ernestonu hardan götürübmüş mərhum atanız? - Ağası ən həlledici sualı verdi.
- Siz Ernesto Çe Gevaranı tanımursuz, alə? Dünyanın ən məşhur Ernestosu kimdi ki? Odur dəə...
Məsələ məlum oldu. Biz, əlbəttə, Ernesto Çe Gevaranı tanıyırdıq. Həmin vaxtlar üstündə Çe Gevaranın şəkli olan köynək geyənlər çox idi. Amma heç kəsin ağlına gəlməzdi ki, Kubada inqilab etmiş, Boliviya kəndlərində silahlı üsyana qalxmış və güllələnmiş komendantenin adaşının ən böyük arzusu bardür üzərində müvazinət qorumaqdır.
Ağası istədi ki, Ernesti, daha dəqiqi, Ernestonu söhbətə tutub, keçmişini, həyat yolunu, başına gələnləri öyrənsin. Qoymadım. Adam əsəbi biri idi, hər dəqiqə hirslənə bilərdi. Onun cibində yaylı bıçaq gəzdirdiyi şəkk-şübhəsiz idi.
Biz onunla sağollaşıb ayrıldıq.
Aradan iki-üç həftə keçdi. Bir gün yolumuz yenə həmin parka düşdü. Yenə hər kəs öz işində idi. İnsanlar qaynaşırdı. Uşaqlar çığırışa-çığırışa hovuzun başına fırlanırdılar. İmkanlı ailələrin uşaqları elektriklə işləyən kiçik avtomobillərə ard-arda pul ödəyərək o baş-bu başa sürürdülər. Attraksionlar həmişəki kimi işləyirdi. Çayxanada boş masa yox idi. Gözümüz “kəndirbaz əmi”ni axtardı. Amma o nə öz “kanat”ının üstündəydi, nə yaxınlıqdakı skamyada. Açıq havada, çətir altında dondurma satan kişiyə yaxınlaşdıq, salamlaşdıq. Ağası soruşdu:
- Əmi, burda bir kişi olurdu e, bardürün üstündə yeriyirdi, Ernest, bu gün bura gəlməyib?
Dondurma satan söhbətin kimdən getdiyini anlayınca güldü.
- Hə, o gijqulu? Keçən həftə onu tutub apardılar.
- Nəyə görə?
- Adam vurdu. Bıçaqla.
- Niyə? Nə üstündə?
- Heç nə. Yenə orda yeriyirdi, cavan uşaqlardan biri yaxınlaşıb onu itələdi. O da yıxıldı.
Əhvalatın sonrası belə olub: Ernest yerindən qalxıb, cibindən şaqqıldayıb açılan yaylı bıçaq çıxarıb, gülüşə-gülüşə gedən cavanlara çatıb, bıçağı onu itələyən oğlanın sağrısına vurub. Oğlan ağ şalvar geyibmiş və yumşaq ətinin qanı şalvarını tamam batırıb. O biri cavanlar qaçıb. Hay-küy düşüb. Post-patrul xidmətinin əməkdaşları gəlib Ernestin bıçağını əlindən alıblar. O da qışqıra-qışqıra yaralı gəncə deyirmiş ki, di get, hamıya de, səni harandan vurdular. “Zapadlodu e, alə, kütündən vurulmaq. Get yaşa”. Axırıncı sözü belə olub Ernestin.
Dondurma satan kişi bu hadisəni danışandan sonra əlavə etdi ki, bədbəxtin sonrakı taleyindən xəbəri yoxdur.
- Odey, o postavoylardan soruşa bilərsiniz, - Dondurmaçı bizə parkda gəzişən asayiş keşikçilərini göstərdi.
Ağası dedi ki, yox, özümüzü işə salmayaq, söhbət adam bıçaqlamış birindən gedir, elə bilərlər, onunla cinayət ortağı-zadıq.
Dondurmaçı bizə mütləq kömək etmək istəyirdi, bir az aralıda oturub tum satan xalanı göstərdi, dedi:
- Ondan da soruşa bilərsiz, Ernest onların məhəlləsində olur.
Xaladan iki zərf tum aldıq və soruşduq.
- Hə, yazıq Ernesi deyirsiniz? – Yazıq Ernestonun adının bir hərfini də xala ixtisara saldı. – Bizim məhlənin uşağıdır. Dəli-zad da deyildi. Kim deyir, qələt eləyir. Bir az əsəbiydi, türmədən gələndən sonra elə olmuşdu. Heç kimlə işi olmazdı. Heç bilirsiz, onun necə bir cavanlığı olub? Şəkil kimi oğlanıydı. Qoşuldu avaragor nəşəxorlara, özünü bədbəxt elədi. Amma axır vaxtlar tərgizmişdi... Qəfildən başını çöndərdilər uşağın.
Ernestin hazırda harda olduğu ilə maraqlandıq. Xala səsini qısıb cavab verdi.
- Qardaşları onu Meştağada dispanserə qoyub. İki-üç ay yatıb çıxacaq.
Ağası bu söhbətdən çox mütəəssir olmuşdu, yol boyu bir neçə dəfə dedi ki, necə camaatıq biz, bir bədbəxt adamı yola vermədik, bardürün üstündə kəndirbazlıq eləmək nə böyük şey idi axı, gərək hər gün kimsə ona mane olaydımı...
- Eybi yox, iki-üç aydan sonra çıxar, gələr, gəlib söhbət edərik, - dedim.
Aradan iki və daha çox aylar keçdi. Bizim yolumuz o parka dəfələrlə düşdü. Hər dəfə də gözümüz Ernestonu axtardı, amma onu bir daha görmədik. Bəlkə də psixiatriya dispanserindən çıxmamış, ya da çıxmış, təzədən türməyə düşmüşdü.
Bəlkə də ölmüşdü. Biz onu parkda görəndə Ernest təxminən komandante Çe Gevaranın öldüyü yaşdaydı, niyyəti inqilab və ya üsyan etmək deyildi, yeganə arzusu bardür üstündə yıxılmadan yerimək idi.