Bethovenin 250 illiyinə dəvət – Vahid Qazi yazır...

Bethovenin 250 illiyinə dəvət – Vahid Qazi yazır...
20 dekabr 2019
# 14:54

“Ay işığı” sonatasını ilk dəfə Qretanın ifasında eşitmişəm. Altı, ya yeddi yaşındaydım. Qriqoryan Qreta Bakı ermənisiydi. Ağdam Musiqi Texnikumunda oxuyurdu. Evimizin birinci mərtəbəsində kirayə qalırdı.

Sonra o musiqini illər uzunu çox eşitdim: kirayəçi qızlar dəyişsə də, “aylı sonata” evimizi tərk eləmədi.

***

Üç il olar, uşaqları Vyanaya gəzməyə aparmışdım. Bethovenin ev-muzeyində onu bir də dinlədim. Bəstəkarın muzeyi bir andaca çönüb evimiz “olmuşdu”: huşum artıq Yer üzündən silinmiş bir şəhərin mən olan çağlarına getmişdi.

Kosmik fəza kimi bir boşluğa düşmüşdüm. Heç nə eşitmirdim. Bethovenin özü kimi kar idim. Ancaq gözüm görürdü. Elə bil, onun musiqisini dumanın, tüstünün yerdən qalxan halı kimi görürdüm, yağışdan islanan torpağın ətri kimi duyurdum.

***

Deyirlər, musiqini gecə dinləmək yaxşıdı. Elə konsertlər də bir qayda olaraq axşamlara salınır. Amma mən böyük həvəslə bu qaydanı pozardım. Səhərlər musiqi səsinə oyanmaq qədər gözəl nəsə varmı? Mənim o sabahlarımın yerində, görəsən, indi hansı səhərlər açılır?

Bethovenin piano dillərindən qopub ürək titrədən “aylı sonata”sı yatanlar oyanmasın deyə barmaq ucunda çölə axır, baharın ilıq sübh nəfəsini elə bu gecə çiçəkləyən armud ləçəklərinin qoxusu ilə birlikdə içinə çəkib yuxarı mərtəbəyə qalxır, açıq pəncərədən ruh kimi yatmış bədənə hopur… İlahi, o anları mənmi yaşamışam? O səhərləri mənmi açmışam?

Musiqini səhərlər ifa edərlər – hava hələ çirklənməmiş, sular dupduruykən, hələ adamlar ayılıb bir-birinə yalan söyləməmiş, …ər sevdiyi arvadıyla, körpə anasıyla, bəndə Allahıyla olanda…

“Ruhlar şəhəri”ndə bu sözləri yazarkən yaşadığım duyğuların eynisiydi o muzey-evdə keçirdiyim hisslər.

***

Bethoveni Tarkovskinin “Nostalgiya” filmində bir başqa yandan tanıdım. Burada o “Ay işığı”nı həsr etdiyi Cülyetta Qviççardinin aşiqi Lüdviq yox, Tanrını sorğu-suala çəkən müdrik filosofuydu.

Böyük rejissor öz möhtəşəm filmində dahi bəstəkarın 9-cu simfoniyasından vəsfəgəlməz parçalar səsləndirmişdi. Nə qədər axtarsam da, sehrinə düşdüyüm o simfoniyanı Ağdamda tapıb dinləyə bilmədim. Ona yalnız tələbə vaxtı Bakıda rejissor dostum Şahin Sinariyanın evində sabahacan uzanan məhrəmani bir məclisdə qulaq asdım. İndi Parisdə yaşayan Şahinin o vaxt gözəl valları vardı.

Daha sonralarsa onun şəxsiyyətinə heyran olacaqdım. “Etiraz – ləyaqətin bir başqa adı” yazısında Bethovenin şəxsiyyətdən yazacaqdım. Monarxiyaya son qoyub respublika qurmuş Napoleona simfoniya həsr etməsindən, tirana çevrildiyini biləndə isə qəzəblə “Napoleon” adını simfoniyanın partiturasından silməsindən, Avropanın despotik dönəmində heç bir krala baş əyməməsindən bəhs edəcəkdim.

Bunu da oxu: “Etiraz – ləyaqətin bir başqa adı”

***

Bu gün isə sadəcə sizə uşaqlığımın ən şirin çağlarını – ömrün “aylı sonata”yla keçən illərini yada salan musiqidən danışmaq istədim. Elə bilin sizi Bethovenin konsertinə dəvət edirəm. Özü də 250 illiyi bütün dünyada qeyd edilən bir gündə. Gəlin, hamınızı gözləyəcəm!

Konsertin yerini tanıyırsınız, təzə gələnlərə də nişan verin. Deyin, Ağdamdakı evimizə, qara piano olan otağa yığışacayıq. Otağın balacalığından qorxmayın, hamıya yer olacaq…

# 2978 dəfə oxunub

Oxşar xəbərlər

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

12:00 27 mart 2026
"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

"Arvadının köməyi olmadan hətta özünü güllələyə də bilmirsən!" - İtaliyalı Nobel mükafatçısından sitatlar

13:00 26 mart 2026
Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

Mircəfər Bağırovun onu həbs edəcəyi qorxusu ilə yaşayan böyük sənətkar

10:10 26 mart 2026
Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

Şərq estetik düşüncəsi Qərb avanqard ənənəsi ilə vəhdətdə - Aydan Salahovanın qadın obrazları nəyi simvolizə edir?

15:00 25 mart 2026
Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

Sina səhrasında qətl - Mehdi Dostəlizadənin yeni hekayəsi

10:00 25 mart 2026
Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

Başdaşına öz adının yazılmasını istəməyən dahi - Onu niyə bəyənmirdilər?

10:00 23 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər