Kulis.az saytı Nobel mükafatçısı Olqa Tokarçukun “Şkaf” hekayəsini təqdim edir:
Burada məskunlaşandan sonra biz bir Şkaf satın aldıq. Tünd rəngli və köhnə bir şey idi bu, qiyməti isə komisyon mağazadan evə qədərki daşınma xərcindən daha ucuz idi. İki qapısı bitki naxışlarıyla bəzədilmişdi, üçüncü qapı isə şüşəliydi və evə gətirdiyimiz müddətdə həmin şüşə bütün şəhəri özündə əks etdirmişdi. Həmin qapı yolda açılmasın deyə, onu iplə sarımağa gərək duyduq. İlk dəfə məhz onda, yəni Şkafın düyün düşən ipiylə əlləşəndə, mən özümü çıxılmaz bir vəziyyətdə hiss elədim. Onun taxta səthini, ev təsərrüfatı üçün təzəcə alınmış bir inək kimi mehribanlıqla sığallayan R. demişdi:
- Bu, bizim qalan mebellərə hədsiz uyacaq, görərsən.
Əvvəlcə bu Şkafa dəhlizdə yer tapdıq – bir mənada bu, yataq dünyamıza girməzdən öncə ona uyğuladığımız bir karantina tədbiri sayılmalıydı. Zamanın dağıdıcılığına qarşı güvənilən bir peyvənd saydığım skipidarı (texniki bir yağ növünü – A.Y.) mən onun səthində sezdiyim ən xırda dəliklərə də fısqırtdım. Öz təzə məskəninə uyğunlaşan Şkaf o gecə cırıldamağa başladı. Görünür, bu, ona daraşan gəmirici böcəklərin ah-naləsiydi.
Sonra biz öz köhnə mənzilimizi yenidən qurmağa girişdik. Döşəmədəki bir dəlikdə mən dəstəyində svastika işarəti oyulan bir çəngəl tapdım. Taxta lövhənin altından boy göstərən saralmış qəzet səhifəsində isə oxuya bildiyim yeganə söz "proletarlar” oldu. R. pəncərələri laybalay açdı ki, pərdələri asa bilək, elə həmin an şəhərdə nümayiş keçirən kömürçü orkestrlərinin qopartdığı küy qəfil içəri doldu.
Şkafın da yuxularımıza şərik olmağa başladığı o ilk gecə gözümüzə heç yuxu getmədi. Yuxusu ərşə çəkilən R.-in əli elə hey mənim qarnımı oxşadı, durdu. Sonra hər ikimiz eyni yuxunu gördük və o vaxtdan bəri yuxularımız bir-birinə bənzəməyə başladı. Yuxuda biz görünməmiş bir sükut aləminə düşürdük və oradakı hər şey, eynilə mağaza vitrinlərindəki kimi, donub qalırdı və başqa yerlərə heç can atmadığımız üçün biz o sakitlikdə özümüzü hədsiz bəxtəvər sayırdıq. Səhərlər isə yuxumuzu bir-birimizlə bölüşməyə də ehtiyac duymurduq, çünki hər şey elə sözsüz də bəlliydi. O vaxtdan bəri yuxularımızdan danışmağı da tərgitdik, getdi.
Günlərin bir günü məlum oldu ki, daha bu mənzildə görüləcək bir iş-güc qalmayıb. Hər şey artıq yerbəyer idi, bütün tozlar silinib-alınmışdı. Kürəyimi sobaya söykəyib, isindiyim vaxt nəzərlərim əl işi salfetlərə sataşdı. Onların iplə hörülmüş naxışlarında nə isə bir pozulma gözə dəyirdi. Onların qumaş qismində sanki kimsə qəsdən dəliklər açmışdı. Həmin dəliklərin arasından keçən baxışlarım Şkafa ilişincə, mən həmin o yuxunu xatırladım və anladım ki, ondakı sükutu bizə aşılayan da bu Şkaf imiş.
Həmin an onunla üzbəüz qalmışdıq, ona nisbətən mən zərif, oynaq və müvəqqəti bir varlıq təəssüratı bağışlayırdım. O isə sadəcə öz-özünün təcəssümüydü. Həm də necə var idisə, eləydi. Barmaqlarımı onun cilası getmiş dəstəyində gəzdirdiyim an Şkafın qapıları qarşımda laybalay açıldı. Orada öz donlarımın və R.-in bir cüt nimdaş kostyumunun qaraltısını gördüm – qaranlıqda bunların hamısı eyni rəngdə görünürdü. Yəni Şkafda mənim qadın özəlliklərim ilə Romanın kişi xüsusiyyətləri arasındakı fərq itib-getmişdi.
Oradakı əşyaların hansının şümal və ya nahamar, yuvarlaq və ya tinli, yaxın və ya uzaq, yad və ya doğma olması da əsla seçilmirdi. İçəridən başqa yerlərin, başqa zamanların qoxusu vururdu burnuma və bütün bunlar hər nə qədər mənə yad gəlsələr belə, İlahi, onlarda necə də izaholunmaz bir doğmalıq, yaxınlıq sezirdim mən. O ara bədənim qapının iç üzündəki güzgüdə əks olundu. Həm də anlaşılmaz və tünd bir əşya kimi görünən bədənim asılqandakı paltarlardan heç nə ilə seçilmirdi artıq.
Canlı olanla cansız arasındakı fərqlər itmişdi. Belə çıxırdı ki, Şkafın yeganə görən gözü sayılacaq güzgüdə mən məhz belə görünürmüşəm. İndi sadəcə ayağımı uzatmaqla, onun içinə girməm qalırdı. Mən elə belə də elədim. İçində yun hörgü iplərinin yığıldığı sellofan paketin üstündə əyləşdim və bu qapalı məkanda öz nəfəsimin gərginləşən get-gəlinə kökləndim.
Ağıl özüylə baş-başa qaldığı dəmdə insan həmişə duaya gərək duyur. Ağılın bir xislətidir bu. "Ey Tanrı mələyi, ey qoruyucum!” deyərkən mən bir canlıya xas olmayacaq qədər gözəl mələyimin hüsnünü gördüm, "məni tək qoyma...” deyincə isə onun parlaq qanadları hər yanımı sevgi-şəfqət dalğasıyla bürüdü.
"Nə səhərlər” duasında bir qəhvə qoxusu və yarıyuxulu baxışlar vardı artıq, nə də pəncərələrdən günün şəfəqi gözümüzə çarpırdı, "nə axşamlar” duasında günəşin ağır-ağır batışını izləyə bilirdik, "nə gündüzlər” duasında adi məişətə xas məqamlar – hay-küy, qaynaşma, milyonlarca mənasız cəhd və çabalama - vardı. "Hər zaman dadıma yetiş” duasında uçurum kənarıyla irəliləyənləri hansısa mələyin qoruduğu sezilirdi, "Ruhumu və bədənimi qoru, hifz elə” duasında "Ehtiyatlı ol, kövrəkdir” xəbərdarlığı yazılan karton qutular diqqətimizi çəkirdi bizim, "Mənə o əbədi dünyanı nəsib elə, amin” duasında isə Şkafın dərinliyində asılan qadın libasları düşürdü yadıma.
Həmin vaxtdan bəri Şkaf hər gün məni özünə cəzb elədi, çünki yataq otağımızdakı nəhəng bir sığınacağı xatırladırdı mənə. Əvvəl-əvvəl R.-in evdə olmadığı vaxtı, yəni axşam toranının düşdüyü saatları orada keçirirdim. Sonradan isə ən vacib işləri – alış-verişi, camaşır yumağa hazırlığı və ya önəmli zəngləri – səhər açılan kimi bitirib, Şkafa girir və qapını arxamca səssizcə örtürdüm. Orada, içəridə oturduğum zaman günün hansı vaxtında, ilin hansı fəslində, ümumiyyətlə, hansı ilin içində olmam hər hansı məna daşımırdı. Orada həmişə həlim, məxməri bir ab-hava vardı. Yeganə qidam isə... öz nəfəsim idi.
Bir gecə mən kəsif hava qədər canımı sıxan yuxumdan qəfil oyandım və o bir kişiymiş kimi o Şkafla məhrəm ünsiyyət qurmaq niyyətinə düşdüm. Öz əl-ayağımla R.-in bədəninə nəyi var sarmaşıb-dolaşdım və bu vəziyyətdə qalmaqdan ötrü ondan çılğınca, bərk-bərk yapışdım. R. yuxulu halda nələrsə deyirdi, ancaq bunların mənasını tutmaq, yaxalamaq imkansız idi. Ən nəhayət, bir gecə onu silkələyib oyatdım. O, isti yatağını əsla tərk eləmək istəmirdi. Odur ki, onu ardımca çəkib apardım və biz gəlib Şkafın önündə dayandıq. Həmin vaxt Şkaf mənə güclü, təmkinli və cazibədar görünürdü.
Barmaqlarım onun şümal dəstəyinə toxunanda Şkafın qapıları qarşımızda taybatay açıldı. Onun içində bir aləm yer var idi. İçəridəki güzgüdə hər ikimiz əks olunurduq və bədənimizə xas formalar qaranlıqdan sıyrılmaqla, diqqətimizi çəkirdi. Əvvəlcə daralan və qırıq-qırıq gedib-gələn nəfəsimiz az sonra ortaq bir ahəngə düşdü və onunla aramızdakı bütün fərqlər ortadan qalxdı. Şkafın içindəcə, üzbəüz oturduq. Aramızda asılan paltarlar bir-birimizin üzünü görməyə heç imkan vermirdi. Biz içəri girəndən sonra Şkaf öz qapılarını bağladı. Beləcə, orada məhrəm bir sığınacaq tapdıq.
Oradan bayıra əvvəlcə R. çıxdı – dedi nələrsə almalıdır, vacib işi olduğunu bəhanə gətirdi. Ancaq sonradan bu səylərimiz lap dözülməz oldu. Günlər uzandıqca uzandı. Ara-sıra küçədən kömürçü orkestrlərinin çaldığı boğuq musiqi sədaları dəyirdi qulağımıza. Günəş isə doğub-batmağından qalmasa da, pəncərələrin onun nurunu otağa cəlb eləmək yolundakı bütün cəhdləri boşa çıxırdı. Mebellərin, salfetlərin və farforların üzərini getdikcə daha qalın bir toz təbəqəsi örtürdü, mənzilimiz isə zülmətin cəngindən heç cür qurtula bilmirdi. /artkaspi.az/
Dilimizə çevirdi: Azad Yaşar