Azərbaycanlıların, ermənilərin, yəhudilərin birgə yaşadığı həyət – Əli Əmirli Ağdamdan yazır...

Azərbaycanlıların, ermənilərin, yəhudilərin birgə yaşadığı həyət – Əli Əmirli Ağdamdan yazır...
10 iyul 2021
# 16:30

Kulis.az Əli Əmirlinin "Dəyirman həyətində" yazısını təqdim edir.

Bu da "Ağdamda nəyim qaldı" romanımda nəyi var, necə var təsvir elədiyim həyət - Dəyirman həyəti. Yeddi yaşdan on yeddiyədək yaşadığım məhəllə. Əslində, həyət yoxdur, ondan qalan kol-kos basmış xarabalıq, hər mənzildən bir-iki divar fraqmenti. Əgər müəllimlər evinin qalıqları olmasaydı, yaşadığım evin yerini belə tapmazdım.

İndi görürəm, deyəsən müəllimlər evinə bitişik divarın rəngi də tanışdır. Nənəmin hər öskürəndə qıravat dediyi cır-cır cırıldayan yaylı çarpayısı bu divarın dibində idi. Hayıf ki, "qıravat" yox idi, ümumiyyətlə metaldan olan heç nə qalmayıb, hamısı qarət edilib, satılıb-sovulub. Axı, otuz il müddətində Tabaki xislətli erməni ac-yalavacları işğal olunmuş şəhərlərimizdəki evləri qarət etmiş, metalını, dəmirini, qapı-pəncərəsini, naxışlı dəmir darvazalarını, evlərin sinklənmiş gümüşü taxtapuşlarını, taxta döşəməsini, hətta çuqun kanalizasiya borularını goreşən kimi çıxarıb "dostlarımıza" satıblar. Kol-kos basmış bu həyətin ortasındakı dördkünc hovuzun sağ qalmış divarları və sonralar Çörək muzeyi kimi məşhur olan Dəyirmanın dinozavrların skeletini xatırladan karkası qalmasaydı inanmazdım ki, bura mənim xatirimdə özünə həmişəlik yer eləmiş Dəyirman həyətidir.

Möhtəşəm qələbəmizdən, Ağdamın işğaldan azad olunmasından sonra, Vətənə getmək, Ağdamdan qalan nə varsa, onları görmək, doğulduğum Novruzlu kəndinin Boccalı məhəlləsinə baş çəkib qədim olduğu qədər də nəhəng evimizlə salamlaşmaq, ətəyindən Qarqar çayı axan yarğanın üstündə qərar tutmuş kənd qəbiristanlığına baş çəkmək istəyində idim. Otuz ildir həmin qəbiristanlığa Novruzlu camaatının ayağı dəymir. Amma necə getməli? İndiki halda ən çətini də elə bu idi.

Bir telefon zəngi istəyimi çox sadə qaydada reallaşdırdı. ATV-nin əməkdaşı istedadlı telejurnalist və bacarıqlı təşkilatçı Səadət Məmmədova Ağdamdakı məşhur Çörək muzeyi haqqında sənədli film çəkdiyini dedi, həmin muzeyin yaxınlığındakı Dəyirman həyətinin keçmiş sakini kimi verilişdə iştirak etməyimi istədi. Bu, mənə rahatlıq verməyən arzumun çin olması demək idi. Mən böyük təşəkkür hissi ilə razılaşdım və mayın 28-də Çörək muzeyinin yaradılmasında Ağdam rayon mədəniyyət şöbəsinin uzun illər, ta işğala qədər müdiri kimi yaxından iştirak etmiş Çimnaz xanım Əliyeva, tanınmış televiziya jurnalisti və aparıcısı Vüsalə Məmmədova ilə birlikdə Çimnaz xanımın oğlu Xəyyam bəyin maşınında Ağdama yola düşdüm.

Maşına mindiyim andan özümü guya çoxdan unutduğum Ağdam mühitində hiss elədim. Üç-dörd saatlıq yolda çoxdan xəyallarımda yaşayan köhnə Ağdamın ruhunu, doğma iyini-qoxusunu hiss elədim bu gözəl insanların əhatəsində. Vətənə, onun bir parçası Ağdama olan sonsuz məhəbbətin şahidi oldum.

Mən Ağdamdan şəhərin ən gurşad vaxtlarında - 60-cı illərdə, dəqiq desəm, 1965-ci ildə çıxmış, dünyanın ən gözəl, ən munis şəhəri olan Bakıya üz tutmuşdum. Yol yoldaşlarım isə Ağdamın işğal gününə qədər şəhərdə olmuş, nələri varsa Ağdamda qoyub çıxmalı olmuşdular. Sözün həqiqi mənasında qaçqın həyatı yaşamışdılar. Onlar da işğaldan sonra mənim kimi birinci dəfə doğma şəhərə, Vətənə qovuşacaqdılar. Həyəcan dolu xatirələr, tanıdığım və daha çox tanımadığım insanlar - ağdamlılarla bağlı əhvalatlar, rəvayətlər, nağıla dönmüş günlər haqqında nisgil qarışıq söhbətlər bitmirdi. Yaşa dolduqca təzə adamlarla tanış olmaq istəyim yoxa doğru gedir. Bu səfərdə isə uzaqdan tanıdığım Çimnaz xanıma yaxından bələd oldum, Vüsalə xanımın verilişlərində qonaq kimi iştirak etsəm də, elə bir tanışlıq olmamışdı, Xəyyam bəyi isə birinci dəfə görürdüm. Bir yerdə olduğumuz iki gündə onların hər üçünü ürəkdən sevdim. Xəyyam bütün varlığı, danışığı, davranışı, comərdliyi, xeyirxahlığı, qayğıkeşliyi və tərbiyəsi ilə əsil ağdamlı arxetipi idi. Onun dini baxışları da mənim üçün gözlənilməz, eyni zamanda qiymətli idi.

İndi isə, dediyim kimi, artıq Dəyirman həyətindəyəm. Dəyirmanın yerində o zamankı Sovetlər birliyində yeganə olan Çörək muzeyi Səadət xanımın tele-layihəsinin əsas motivi idi. Muzeyin yaranma tarixindən Çimnaz xanımın, Ağdamla, o cümlədən Çörək muzeyi ilə bağlı silsilə tədqiqat işlərinin müəllifi Vüqar Tofiqlinin, muzeyin fasadında bəzi fraqmentləri salamat qalmış mozaikanın müəllifi rəssam Zakir bəyin xatirələri lentə alındı. Mənim üçün isə muzeydən çox, məhz dəyirmanın və dəyirman həyətinin əvvəlki həyatı maraqlı idi. Əslində bu layihədə iştirakım da elə bununla bağlı idi.

Həyat nə qəribədir? Yaş artdıqca bunu daha yaxşı qanır, daha dərindən anlayırsan. Nə vaxtsa ağlıma gələrdimi, on yeddi yaşımda birdəfəlik tərk etdiyim bu həyət, bu evlər, Qarabağın ən qüdrətli şəhəri Ağdam düşmən tərəfindən işğal ediləcək, otuz il soyğuna, qarətə, nəhayət, sözün həqiqi mənasında işgəncələrə məruz qalacaq, sinəsində dərin şırımlar, yarğanlar açılacaq, ürəyinə çalın-çarpaz dağlar çəkiləcək və əlli beş ildən sonra bu həyətin xarabalıqları qarşısında dayanıb yurd yerimin keçmişi haqqında xatirələrimi söyləyəcəm televizionçulara. Axır vaxtlar tez-tez işlətdiyim fantastika sözü gəlir ağlıma.

Gallery

Ağdamın qızmar günəşi başıma döyüb gözlərimi göynətsə də, canımda bir titrəyiş var. Məni üşüdən qəfil gələn xatirələr selinin yaratdığı həyəcandır. Qulağımda əlli beş il qabağın səsləri, sözləri, gülüşləri, zarafatları, Ağdam şivəli latayır ifadələri, yumor qarışıq şirəli söyüşləri cingildəyir.

Səadət Məmmədovanın "Əli müəllim, Siz bu həyəti tanıdınızmı?" sualına cavab verirəm, nəsə danışıram, maraqlı nələrisə yada salmağa çalışıram, içimdəki mən isə tamam özgə şeylər haqqında düşünür. Qarşısında dayandığım, suyu çoxdan, otuz il qabaq qurumuş, divarları qaralmış, uçmuş-sökülmüş kiçik hovuzun içində necə çimdiyimi, indi bir az aralıda kölgə axtaran, qocalıqdan və xəstəliklərdən kəhildəyə-kəhildəyə nəfəs alan, buna baxmayaraq ömrünün və səhhətinin bu gərgin vaxtında köhnə məhəlləni ziyarətə gəlmiş dəyirmançı Məhəmmədin dəcəl-ərköyün kimi yadımda qalmış oğlu Rizvana baxır, onunla suya necə "lastoşka" vurduğumuzu xatırlayıram.

O vaxtlar bizim üçün çox böyük olan bu hovuzun, demə heç iki metr uzunu yoxmuş. Çimirəm, uşaqlara qoşulub suda oyun çıxardıram, hərdən Nənəmin "Üstünə ot tökülsün, Əli, çıx o sudan, söyux dəyər, ölərsən" xəbərdarlığını, dalınca da uzundərə öskürəyinin səsini eşidirəm.

- Əli müəllim, bəs bu nə tikilidir? - Səadət xanım nisbətən salamat qalmış birmərtəbəli evin xarabasını göstərir.

- Hansı tikili? - Könülsüz xəyal-xatirələrdən ayrılıram.

- Hə, bu tikiliyə o vaxt bizi yaxın buraxmazdılar. Qapısı-pəncərəsi bağlı olduğundan çox sirli-müəmmalı görünürdü. Lap sonralar, onu bir vaxtlar çox mürəkkəb taleyi olmuş prokurorun hansı səbəbdənsə yetim qalmış uşaqlarına mənzil kimi vermişdilər. Qəribədir, iki bacı və bir qardaşdan ibarət olan o yetim ailəni Dəyirman həyəti heç vaxt doğması kimi qəbul eləmədi. Nəhayət, bu evin həmişə bağlı olan qapısı açıldı... Bu mərasimdə mən qarışıq bütün məhəllə uşaqlarının yaxından iştirak etməsi başa düşüləndi. Biz həmişə maraqla onun içərisini görmək istəyirdik. Gördük də.

Demə bu tikili 1948-ci ilə qədər mövcud olmuş Ağdam dövlət musiqili dram teatrının anbarı imiş. Burada teatrın rekvizitləri, tamaşaların dekorasiyaları, aktyorların kostyumları, hətta dəmir-dümürdən, rəngli şüşələrdən hazırlanmış bəzək əşyaları da saxlanırmış. On ildən çox idi teatr yox idi, bağlanmışdı, amma bu tikilidə olan əmlakı hansı ümidləsə mühafizə edib saxlamışdılar.

Onda mən ilk dəfə teatr rekvizitləri gördüm, mahiyyətinə vara bilməsəm də, sirli bir aləmlə tanış oldum. Bir vaxtlar ağdamlı tamaşaçıları sehirləyən rekvizitlər, ekzotik kostyumlar, butafor döyüş sursatları - taxta qılınc-qalxan, qadın və kişi bəzəkləri lazımsız şeylər kimi çölə töküldü, bizim oyuncaqlarımıza çevrildi. Bir vaxtlar bu teatrın aktyoru olmuş dayım, məni oğulluğa götürdüyü üçün ona papa deyirdim, teatrdan çoxdan ayrılsa da, qəribə kədər və təəssüf hissi ilə baxırdı o rekvizitlərə. Bəlkə onun çox əziz xatirələri, lap elə zaman özü bir vaxtlar məşhur olmuş Ağdam teatrının bu əşyalarında maddiləşmişdi.

"Leyli-Məcnun"da Nofəli oynayanda bu qılıncı özüm düzəltdirmişdim. Rejissora dedim mən, Mamed Əmirov səhnəyə taxta qılıncla çıxmıyajam."

Papam qılıncı əlində janqlyor kimi fırladıb mənə uzatdı. "Ala, dava-dava oynayanda belinə taxarsan". Dalınca da bir siqaret yandırıb tüstüsünü "Mən Qacar nəsliyəm, şahlar şahıyam, Mən də yer üzünün bir allahıyam" sözləri ilə ağzından-burnundan buraxıb ədalı yerişi ilə uzaqlaşdı. Mən də xatirələrdən uzaqlaşıb kameranın gözünə baxıram.

- Bu həyətdə kimlər yaşayırdı, məşhur adamlardan?

- Ölkə üçün deyə bilmərəm, Ağdam üçünsə xeyli tanınan adam vardı, hamısının da özünəməxsus ayaması. Biri elə mənə atalıq eləmiş dayım artist Mamed. Bayaq dediyim kimi 1948-ci ilə qədər Ağdam teatrında aktyorluq edib, artist ləğəbini ömürlük qazanmışdı. Teatrdan sonra bir sıra yüksək vəzifələrdə işləməsinə baxmayaraq "artist" ayaması qalmışdı üstündə. Sonralar, 1967-ci ildə yenidən Ağdamda dövlət teatrı yaradılanda papamı direktor təyin etdilər. Ömrünün sonuna qədər, düz iyirmi il teatra rəhbərlik elədi, hələ məşhur Qacar rolunu da oynadı. Bütün ömrü boyu teatrsız da bu rolu oynayırdı içində, bəzən talesiz hökmdarın monoloqlarını ucadan deyirdi. Məhəlləmizdə dəli-dolu xarakterli kinomexanik Kərəm də seçilən adam idi. Kinomexanik olmaqdan başqa əla fotoqraf idi. O zamanlar "Arşın mal alan" filmi ilə məşhurlaşmış Azərbaycan gözəli Leyla Bədirbəylinin, "Avara" filminin qəhrəmanları Nərgizin və Rac Kapurun şəkillərini çoxaldıb Ağdam bazarında satdırırdı. Ən maraqlısı bu idi ki, o, kinomexanik işlədiyi mədəniyyət evindən kinoqurğunu evinə gətirib pulsuz kino göstərirdi. İndi də təəccüb edirəm, on altı kvadratlıq otağa uşaqlı-böyüklü iyirmi-otuz adam necə sığışırdı, ümumiyyətlə, o nə zamandı, nə münasibətlərdi, necə davranışlar idi. İndi başa düşmək, anlamaq çətindir. Bayaq adını çəkdiyim "Avara", "Cənab 420" filmlərinə mən Kərəmin özfəaliyyət kinoteatrında baxmışdım. Hələ "Xleb, lyubov i fantaziya" filmi?! Rus dilində olan italyan filminin Kərəm kimi dəli-dolu sinxron tərcüməçisi, onun çox vaxt qurşaqdan aşağı improvizələri və həyət arvadlarının ciyərdən qopan zənguləvari qəhqəhələri. Bu qəhqəhələr içərisindən Nənəmin harsın dediyi yüz iyirmi kiloluq erməni Knarikin səsi xüsusi şaqqıldayırdı.

Mən bunları danışıram, o cingiltili, bəzən ədəb-ərkandan uzaq qəhqəhələr bir müddətdir ağır eşidən qulaqlarımda tam gücü ilə səslənir.

- Daha kimləri xatırlayırsız?

- Calal müəllim var idi, tarçalan, arvadı Barat müəllimə. Musiqi məktəbinə direktor təyin olunandan sonra Calal müəllim beş baş külfəti ilə təzə evə köçüb getdi, yerinə bir erməni ailəsi gəldi. Evin kişisi erməni olsa da, abırlı adam idi. Ağdam kimi bir şəhərin ticarət müəssisələrini birləşdirən idarənin, gərək ki "Raypo" deyirdilər, baş mühasibi idi. Yeri gəlmişkən, Ağdamda yeganə bir yəhudi ailəsi vardı, Faynşteynlər, yaşlı ana və iki qız. O boyda Ağdamda qızların böyüyü bankın, kiçiyi isə su idarəsinin baş mühasibi idi. Yəqin əlavə şərhə ehtiyac yoxdur.

- Deməli, Dəyirman həyəti beynəlmiləl məhəllə olub?

- Özü də necə beynəlmiləl?! Dörd erməni, bir yəhudi ailəsi, yeddi-səkkiz də özümüzünkülər. Hə, Kərəmin arvadı da çox yaraşıqlı, sünbül saçlı əsil rus gözəli idi, gərək ki Podmoskoviyadandı, əsgərlikdən gətirmişdi özü ilə.

Səadət xanımın suallarına cavab verə-verə düşünürəm: niyə ömrümün on yeddisinə qədər olmuş bu hadisələrdən, yaşanmış günlərdən, çoxdan dünyasını dəyişmiş insanlardan ibarət xatirələr məndən əl çəkmir? Axı, bütün bunları mən "Ağdamda nəyim qaldı" romanımda yazmışam, özü də bütün təfərrüatları ilə, çılpaqlığına qədər, ləzzətlə. Doğrudan da adam xatirələr danışmağa başlayırsa, deməli, qocalır. Bəlkə də elədir, amma indi məni dilləndirən qocalıq deyil, çoxdan keçmişə qovuşmuş Dəyirman həyətidir. O dəyirman həyəti ki, axırıncı dəfə 1986-cı ildə görmüş və ayrılmışdım. Papam haqq dünyasına qovuşanda mən də Dəyirman həyətindən ayrıldım, özü də birdəfəlik.

İndi 2021-ci ildir. Hamı kimi mən də möhtəşəm qələbəmizin gətirdiyi fərəh ovqatını yaşayıram. Harda? Ağdamın Dəyirman həyətində! Olmayan Dəyirman həyətində. Çünki bura heç Dəyirman həyəti deyil, mənim xatirələrimdə yaşayan Dəyirman həyəti, həmin həyətin adını çəkdiyim və çəkmədiyim sakinlərinin hər biri indi çox da böyük olmayan bir kitabda yaşayır. O kitabın adı: "Ağdamda nəyim qaldı?"

Burda Ağdamla, Dəyirman həyəti ilə otuz ildən sonra baş tutmuş görüşüm haqqında təəssüratlarımı bitirmək istədim, amma... Ağdama gəlib Cümə məscidini ziyarət etməmək mümkün deyil. Çünki Ağdamın bütün küçələri məscidin önündə kəsişirdi, başqa sözlə, Ağdamda bütün yollar səni müqəddəs məbədə sarı aparırdı, otuz il bundan qabaq da, bu günün özündə də. Daşı-daş üstdə qalmamış şəhərin təkcə məscidinin salamat qalmasında da bir hikmət var.

Bu gün Ağdamın tanınmaz hala salınmış küçələrini, evlərini, meydanlarını məsçidin durduğu məkanla müqayisədə tapmaq, təxmin etmək mümkündür. Bax, burdan düz gedəndə 1 nömrəli məktəbin üstünə çıxacaqsan, sola getsən Ağdam teatrından salamat qalmış üçtağlı fasadı görəcəksən, arxa küçədə isə mehmanxana və İzinin apteki, bir az irəlidə, Qobunun üstündə poçtun köhnə binası ilə rastlaşacaqsan... Otuz il qabaq da, indi də müqəddəs Cümə məscidi yol göstərən, istiqamət verəndir.

Şəhər yenidən qurulacaq, artıq qurulur da, proses başlayıb, mən bunun şahidi oldum. Gördüyüm layihələrdən məlum oldu ki, Ağdam ultra müasir meqapolisə çevriləcək, Cümə məscidi isə bərpa edilib əvvəlki görkəmini alacaq və yenə də şəhərin bütün küçələri orada kəsişəcək. Bax, onda biz itirdiklərimizi heç vaxt unutmayacaq, qazandıqlarımızın isə qədrini biləcəyik.

# 2997 dəfə oxunub

Oxşar xəbərlər

"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

"Ey qatil, çıx üzə!" - Rafiq Tağıya həsr edilmiş şeirlər

15:17 26 noyabr 2024
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

12:00 26 noyabr 2024
Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

Üç balaca qapı - Narıngül Nadirin yeni hekayəsi

09:00 26 noyabr 2024
 Fidan Bayramova:  Hər adına bir arvad - Yeni imza

Fidan Bayramova: Hər adına bir arvad - Yeni imza

17:00 25 noyabr 2024
"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
# # #