Azərbaycan ədəbiyyatının şedevr hekayəsi - Mətn

Azərbaycan ədəbiyyatının şedevr hekayəsi - Mətn
6 dekabr 2020
# 16:01

Kulis.az yazıçı Ənvər Məmmədxanlının Azərbaycan ədəbiyyatının şedevrlərindən sayılan "Buz heykəl” hekayəsini təqdim edir.

Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır, ağac çıqqıldayır, torpaq çatıldayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.

Və indi ağappaq bir zülmət içində günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərlə tənha bir kölgə hərəkət edir.

O gənc bir anadır, körpəsini bağrına basmışdır, yurdunu tapdayan yırtıcı düşmən əlindən baş götürüb qaçmışdır, namusunu qara əllərdən xilas eləmişdir, özünü və ciyərparəsini bu rəhmsiz gecənin ağuşuna atmışdır.

Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf üz tutub Böyük torpağa tərəf gedir.

Qarşıda sahilləri meçəlik böyük bir çay var, cəbhə xətləri o çay yaxasından keçir və zaman-zaman ordan gələn top gurultuları gecələr dağlardakı qar uçqunlarının çoxmərtəbəli nəriltiləri kimi şaxtalı gecəni titrədib lərzəyə salır.

Və ana tələsir, hava işıqlanmamış o özünü cənhə xəttinə yetirməlidir, körpəsini çayın o tayına – azad torpağa keçirməlidir, sinəsi üstündəki uşaq həyatını yenidən ocaq istsi, gündüz işığı, günəş ziyası ilə isindirməlidir.

Ana nəfəsini dərmədən gedir, yıxılır, qar içində batıb qalır, çırpınır, qar içindən ayağa qalxır, amma nə qədər yol gedirsə elə bil zaman da bu gecə donub hərəkət eləmir, saniyələr yerində sayır, irəli getmir və qarlı çöllərin sonsuzluğunda bir qarış tükəniş əlaməti görünmür.

Ana taqətdən düşür, şaxta zəhərlə suvarılmış qılınc kimi kəsir və anaya elə gəlir ki, bu qılınc indi onun qucağındakı körpənin həyatına qəsd edir və ananın alacalanmış gözləri daldalanmaq üçün bir bucaq, pənah gətirmək üçün bir sığınacaq axtarır.

Bir az irəlidə qoşa bitmiş bir cüt ağcaqayın ağacı iki ağ sütun kimi göyə ucalmışdır, ana o ağaclara doğru gedir, qucağındakı körpəsi ilə o ağaclara söykənib dayanır, indi ayaq üstə dayanmaq üçün, nəyəsə istinad etmək üçün bu sonsuz qarlı çöllərdə bu bir cüt çılpaq ağcaqayın ağacından savayı ana üçün digər bir istinadgah yoxdur...

Şaxta isə buzlu bir alov kimi anaın üz-gözünü qarsır və ana ürəyində qıvrılan bir qorxunun ağladığını, şivən qopardığını eşidir – körpə donur, körpə donacaq, qolları arasındakı kövrək bir nəfəs sönəcək, sinəsi üstünə buz bağlamış bir dünyanın ağırlığı çökəcək...

Lakin ana ürəyində ağlayan qorxuya üsyan eləyir – qoy dünya donub buzlağa dönsün, həyat yer üstündən qaçıb yer altına köçsün, yenə də ana ürəyinin hərarəti sönməyəcək və rəhmsizliyi ilə bədheybət olan heç bir kor qüvvə kiçik bir həyat fidanını ananın sinəsindən qoparda bilməz!

Və ana kəskin bir hərəkətlə əynindən yun jaketini çıxardır və bərk-bərk körpəsini büküb bürgələyir, amma şaxta qızmar bir dəmir kimi ananın üz-gözünü dağladıqca iliklərinə işləyən soyuqdan vücudu tir-tir əsib titrədikcə anaya yenə elə gəlir ki, bu donan, bu titrəyən körpəsidir və ana bu dəfə başından qalın şalını da qopardır və yenə körpəsini büküb-bürmələyir, özü isə yalın əyni ilə şaxta qarşısında müdafiəsiz qalır.

İndi o hiss edir ki, donur, şaxtanın buzlu kəməndindən qurtuluşa gümanı yoxdur və istinadı yalnız budur ki, söykəndiyi bu bir cüt ağcaqayın ağacı onu tutub ayaq üstündə saxlamışdır və ana yenə bir əlilə əynindən nəsə qopardır və bir əlilə əynindən nə qopardırsa hamısını bir-bir körpəsinin üstünə qalaqlayır və titrəyən son nəfəsini, eşidilməyən son sözünü də körpəsinin üstünə örtür – qorxma tifilim, qorxma, ufacığım, son nəfəsimin istisi də sənindir.

Sonra ana susur, beynində batqın bir uğultu qopur, qulaqları dibində sınıq cingiltili mis simlər bir-birinin ardınca qırılır, ananın göz qapaqları kilidlənir, nəfəsi çilik-çilik olub ayaqları altına tökülür ana şaxtanın buz zəncirilə qoşa ağcaqayın ağaclarına bitişib hərəkətsiz qalır. Və indi göydə ulduzları cingildədən amansız bir qış gecəsi anaya başqa bir don biçir, başqa bir örtü geyindirir və şaxtanın buz barmaqları dayanmadan ana üçün büllur naxışları ağ ulduzlu yeni bir libas toxuyur...

***

Ovxarlanmış bir qılınc tiyəsi kimi kəskin işığı ilə göz qamaşdıran şaxtalı bir səhər açılmışdır.

Və iki ağ sütun kimi göyə ucalan qoşa ağcaqayın ağacları qarşısında çiyinləri ağxalatlı üç nəfər dayanmışdır.

Onlar gecə kəşfiyyatından qayıdan üç nəfər gənc döyüşçüdür, indi hər üçü başlarını açıb yerlərindən qımıldanmadan, gördükləri bir mənzərə qarşısında donub qalıblar və onlar bütün ömürləri boyu qarşısında dayandıqları bu mənzərəni unutmayacaqlar...

Bu donmuş gənc bir qadının buzdan tökülmüş bu heykəlidir.

Və onlar, üç nəfər gənc döyüşçü müqəddəs bir mehrab qarşısında dayanmış kimi nəfəslərini udublar. Nə vaxtdan bəri gəlib burda dayanıb durduqlarını unudublar və daş kimi ürəklərindən asılan hissin ifadəsi söz xaricində qaldığı üçün susublar!

Nəhayət onlardan biri yerindən tərpənir, nə isə bilinməz bir qüvvə çəkib onu irəli aparır, yaxınlaşır, donmuş qadının buz heykəli qarşısında dayanır və bir an tərəddüddən sonra hansı bir sövq-təbii hissin və daha artıq dəlicəsinə bir ümidin təlqini ilə ananın qolları arasındakı üstü buz bağlamış düyünçəni yoxlayır, həyəcandan titrəyən barmaqları ilə qarı çırpır, dırnaqları ilə buz təbəqəsini qəlpə-qəlpə qopardır və ürək döyüntüsü ilə buz altındakı örtükləri çözür, açır, dağıdır və birdən... Ordan, düyünçənin dərinindən kiçik bir varlığın baxışları gözlərinə zillənirkən, bütün gözlədiklərinə və gözləmədiklərinə rəğmən bu ansızın körpə baxışlarına səksənir, döşündən itələnmiş kimi bir addım geri sıçrayır və sonra dönür təlaş içində ona baxan yoldaşlarına, susub durmuş bu sonsuz qarlı çöllərin səssizliyinə və donmuş, buz bağlamış bütün bu dünyaya üz tutub qıy vurur:

- Körpə sağdır, uşaqlar, eşidin, körpə sağdır və qoy bütün dünya eşitsin, körpə sağdır!..

Və o vaxt ki, hər üçü baş-başa verib ana qucağındakı körpənin üstünə əyilir, baxırlar, gözlərinə inanmırlar, boğazlarında düyünlənən qəhərdən heç biri heç bir söz deyə bilmir, səhər işığından gözləri qamaşan körpə isə donmuş ana qucağından heyrətlə onlara baxır və gülümsəyir – dəfələrlə od-alov içindən keçmiş üç gənc döyüşçünün gözlərində yaş durmur və hər üçü əllərinin tərsilə gözlərini silirlər.

Sonra başlarını qaldırırlar, yenidən ananın buz heykəlinə baxırlar və yerə kimi səcdə edərək, son dəfə ananın buz heykəli qarşısında baş əyirlər.

Vaxtdır - geri dönməlidirlər və hər üçü bir-birin arxasınca sıraya düzülüb geri dönürlər – və körpəni növbə ilə bir-birindən alıb sinələri üstündə aparırlar və hər dəfə körpə kimin qucağında gedirsə digər ikisindən biri öndə, biri arxada körpənin keşiyində mövqe tutub addımlayır.

Və indi gənc ananın buz heykəli artıq onlar üçün tuncdan tökülmüş əbədi bir heykəldir ki, ana ürəyinin ölməz şücaətini təcəssüm etdirən ən möhtəşəm bir abidə kimi həmişə onların xəyalında həkk olub qalacaqdır...

Bakı, 1944.

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal"

Y.Səmədoğlu "Astana"

Ə.Haqverdiyev "Bomba"

Anar "Gürcü familiyası"

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib"

S.S.Axundov "Qaraca qız"

Ə.Haqverdiyev "Mirzə Səfər"

Ə.Əylisli "Nənəmin tütün kisəsi"

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək"

Qan Turalı "Şaxtababanın qətli"

Anar "Asılqanda işləyən qadının söhbəti"

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

# 3373 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
#
#
# # #