Atasının xəstəliyindən pul qazanan qumarbaz – Tənqid

Atasının xəstəliyindən pul qazanan qumarbaz – Tənqid
7 yanvar 2021
# 17:01

Kulis.az Vaqif Osmanovun Zahid Sarıtorpağın "Dərdin sarı çəpkəni" romanı haqqında yazdığı "Bulanıq zamanın sarılıq xəstəliyi" yazısını təqdim edir.

Bəlkə də çoxunuza qəribə görünər uşaqlıq və gənclik çağlarında düşündüklərim. O vaxtlar ürəyimi titrədən, sarı simini ehtizaza gətirən bir müdrik deyimə, düşünməyə vadar edən fikrə, əcnəbilərin dilində desək, aforizmə rast gələndə kənd uşağı saflığıyla, sadəlövhlüklə 2000-2500 il əvvələ səyahət edərdim. Elə bilərdim bu gün də dəyərini itirməyən belə ağıllı cümləni, kəlamı söyləmək üçün mütləq qədim Yunanıstan, Çin, Misir, Hindistan mütəfəkkirləri kimi ən azı bizim eradan əvvəl, yaxud eramızın əvvəllərində doğulmaq, yaşamaq gərəkdir. Gözümün önünə belə filosofların qəribə saqqalları, donuq və bərəlmiş qeyri-adi gözləri gələrdi, Sokrat, Platon, Aristotel, Diogen, lap elə adil hökmdar-filosof Mark Avreli, qul-filosof Epiktet kimi...

Bu sadəlövhlüyümü sonradan bir çox qələm sahibləri alt-üst elədilər. Bu yaxınlarda Azərbaycan poeziyasında və nəsrində önəmli yeri olan Zahid Sarıtorpağın “Dərdin sarı çəpkəni” kitabındakı üç romanı oxuduqdan sonra uşaqlıq və gənclik çağlarımda yanılmağımı bir daha anladım. Anladım deyəndə sizə qəribə gəlməsin. İnsan hər yaş dövründə yeni bir nəsnə anlayırsa, onu fikir süzgəcindən keçirib özünə lazım olanı götürürsə, deməli yaşayır, öyrənir, həm də öyrədir. Öyrənmək yol getməkdir, öyrətmək isə yol göstərmək. Həyatın mənası budur.

Zahid müəllimin kitabındakı “Dərdin sarı çəpkəni” romanı haqqındakı təəssüratlarımı yazmaq istəyəndə beynim suallarla doldu. Zahid müəllim romanda hansı məqamı vurğulamaq istəyir? Mən o məqamı tuta biləcəyəmmi?

Romanın epiqrafı şairin bir şeirindəndir. Mənim ruhuma yaxın həmin cümləyə “Quşların intiharına ağlamayın” romanının başlanğıcında da rast gəlmişəm. Bu fikir eramızdan əvvəlki müdriklərin fikirlərindən geri qalmır, demək istəyirəm ki, daha yeni və humanistdir:

“Mən heç zaman yaşıl ağaclar altından əli baltalı keçmədim – düşündüm; qəfildən diksinib quruya bilər ağaclar”.

Bu günümüzün Sokratlarının, Platonlarının, Aristotellərinin və digərlərinin bizimlə birgə olduğunun bəzən fərqinə varmırıq, onlarla bir süfrə arxasında əyləşdiyimizi, ədəbi məclislərdə görüşüb hal-əhval tutduğumuzu, zəngin mənəvi xəzinə ilə üz-üzə dayandığımızı unuduruq. Saçı, saqqalı, siması, baxışları yeddi yunan müdrikinin heç birinə bənzəməsə də Zahid Sarıtorpaq da çağdaş Azərbaycan ədəbiyyatında müdrik söz sahibidir. Ən azı həmin bir cümləyə görə...

Zahid müəllim “zamanın qırxayaq sürətiylə irəlilədiyini, səssiz-səmirsiz ömrünün divarındakı çatlara təpildiyini, adama acılı-şirinli bəxş etdiklərinin qədər-qəsəmini sayıb-sadalamağı, anşırıb-çözməyi” bilən və duyan söz aşiqidir. Nə olsun ki, yuxarıdakı fikirdə mənaları anşırıb-çözməyi bacarmağın müşkül məsələ olduğunu boynuna alır. Bu onun alicənablığı, təvəzökarlığı, özündənnarazılığı, təkəbbürdən uzaqlığıdır. Bu, sadəlikdir, böyüklükdür, mənəvi zənginlikdir.

Romanın qəhrəmanı Bulud müəllim “xəzrinin əyiş-üyüş etdiyi küknarları, şam ağaclarını təbiətin şikəst balaları kimi sevən, başına gələnlərdən başmaqçıya deyil, ozana dönən” bir fəlsəfə doktorudur. “Günlərin bir günündə yuxudan oyanan Bulud müəllim elə bildi ki, mənzili “sarılıq“ keçirib”. “Ayrı-ayrı dərd sahiblərini eyni qəlibə pərçimləyən, müdirin, sədrin qahmarı olmaq, səhvsə də, doğrusa da tərəfini tutmaq vacib olan” zamanın (əslində lap bu günün V.O.) qeyri-adi xəstəliyinə düçar olan dünyanı ancaq sarı rəngdə görən nadir bəndəsidir. Həkimlərin dediyinə görə dünyada yeddi belə çarəsinə əlac tapılmayan xəstə var. Hələ bu çox da dözülməz dərd deyil, çox təəssüf ki, Vətənin, elin, dostun, qonşunun uğuruna sevinməyən, onun qara günündən həzz alan, dünyanı ancaq qara rəngdə görənlər qat-qat çoxdur, Zahid müəllim. Belələrinə bayquş xislətli deməyə dilim gəlmir. İnancımıza görə bayquş xoşbəxtlik rəmzidir, bəy quşdur, gəmiricilərə qənim, faydalı və xeyirxah qanadlılardan biridir.

Elə ki, romanda cərəyan edən hadisələr, yazıçı təxəyyülü və təhkiyəsi haqqında fikir söyləmək istəyirdim, yazıçının ədəbi dilinin zənginliklərinin müxtəlif çalarlarına heyrətim məni yolumdan döndərdi. Əslində ədəbi dilimizə gündən-günə artan təcavüz, xalqımızın özünü kübar, mədəni sayan nümayəndələrinin - məmur ordusunun ana dilimizə xor baxması məni romanın məzmunundan çox dilinə diqqət yetirməyə vadar etdi. Zahid müəllim məni düzgün anlayar, yəqin ki, Zahid Sarıtorpaq və nəsrsevərlər əsəri tapıb mütləq oxuyublar, yaxud oxuyacaqlar.

“Dərdin sarı çəpkəni”ndə Bulud müəllimin gözlərinin gördüyü dünyanın sarı rənginin çalarları və ana dilimizin unudulmaqda olan, yaxud unudulmuş bir çox sözləri, söz birləşmələri romanın dəyərini birə - beş artırır.

“Birrəng üzüntü”lü dünyasında gözləri dünyanı “583 əyarına bürünmüş, on dörd gecəlik Ayı Nikolayın qızıl onluğu kimi görən (rüşvətxorlar, inhisarçılar, əksər məmurlar kimi – V.O.), Xəzəri körükləri sahili öpən sapsarı pivə dənizinə oxşadan, Milli park boyunca gəzişən yarımqol yay köynəkləri geymiş insanları Braziliya yığma futbol komandasının oyunçularına” bənzədən Bulud müəllimin gördüyü nə varsa “qondarma”ya çevrilmişdi. Onun “qondarma” dünyası “mərci şorbasına, adi bir portağala, sapsarı samana, günəbaxan çiçəyi rənginə” bürünmüşdü. O, insanları meyit, ərik, banan, Qubanın ağ alması, kərə yağı, iydə çiçəyi, nərgiz gülü, şamama, Kürdəmir yemişinin qabığı, Cərco yemişinin içi, sərçələri bülbüllər, işıqforun dirəyini qabıqlı yerkökü rəngində” görürdü. Bulud müəllim “xoşbəxtlik şöləsini sidik və nəcis, ayaqyolu çirkabı, mumiyalanmış firon rəngində görən gözlərini” lənətləyirdi. Heç olmasa, “zəfəran, məkə-buğda, fanta, təzə soyulmuş kartof, qarğıdalı saçağı, saralmış taxıl zəmisi, retro-qədimlik” görsəydi xoşbəxt olardı. Doğrudan da hər şey nisbidir, elə xoşbəxtlik də...

Bulud müəllimin ovqatını təsvir etməkdə bu cür uğurlu bənzətmələrdən və ana dilimizin zənginliyindən istifadə etmək üçün geniş təxəyyülə sahib olmalıyıq. Bu hər qələm sahibinin qismətinə düşmür.

Yeri gəlmişkən, əsərdə diqqətimdən yayınmayan “sobanın qapısındakı gəzdə dil açan alov şöləsi, başımın içinə ilan-qurbağa dolub elə bil, çarxın içindəki dələ kimiydim-qaçdıqca qaçırdım” cümlə və söz birləşmələri ana dilinin, Zahid müəllimin təbirincə desək, “söz adlı yalqız heca”nın keşiyində duran söz əsgərinin sayıqlığının göstəricisidir.

Dərdin sarı çəpkəni by Zahid Sarıtorpaq

Həmçinin “key-karnax durum, sazın cingirəy simi, salıxmaq, güməşmək, cayır-cayır yanmaq, gicişmək, yağışın səpələyi, nüzul (tərs, inad, dediyini eləyən), dəngüşlük, sıfraq eləmək, hürər-hürməz xasiyyət, şülək-şülək qırışlar, telefonun gəzəri dəstəyi, qapıya sarı qanrılmaq, zingirəy üzüm, bozlamac fətiri, sıntarmış həyat, qılıcın beli, qapının əlcəyi, palazın cucuğu, dələgey-dəmşalaq, salxarlı, qatanqaz, tavr, əməziy, malaqqayı kəndçi balası, isqıyan itlər... feil və ifadələri xalqımızın söz saxlancından, hikmət xəzinəsindən, dilin zənginliyindən və estetikasından, etnoqrafik cizgilərindən, adət və ənənələrimizin özünəməxsusluğundan soraq verir.

Türk mütəfəkkiri Cəmil Məric deyirdi ki, dilə uzanan əl namusa uzanmış kimidir. “Namus ilə alver edən heç vaxt varlanmaz” (Luk Vovenarq).

“Dərd gələndə hamınız əhnəz bir quş balası kimi əvədiyirsiniz, ağzının qıyı-qıpı yoxuydu” cümlələri 1400 il əvvəlki Dədə Qorqud dili deyilmi?

Deyəsən romandakı əsas hadisələrin yanından ötüb bir az ensiklopedik, bir az da ekzotik informasiyalarla yazımı maraqlı edəcəm. Zahid müəllimin geniş erudisiyasına əsərlərindən bələdəm. Onun həmsöhbətiylə müxtəlif mövzularda - tibb, kimya, biologiya, riyaziyyatdan, hətta gülməli də olsa “göyərçin “ elmindən fikir mübadiləsi edə biləcəyinə tam inandım. Zahid müəllim “micəquyruq ağ mayalı” göyəçindən də, quşbazlar arasında ən vacib anlaşma – “tutdu-verdi”dən də, sülh quşunun “qoşaçəp”, “qaraboyun”, “beştük”, “sarıbel”, “gözüxallı”, “kəkilli”, “lütayaq”, “bürmələlək”, “çil”, “əbrəş” növlərindən də əsl ornitoloq kimi biliklər verə bilər, hətta “göy üzünün quşbazlar üçün “yarımhava və “hava” bölgüsündən də”...

Romandakı bir nüansa da toxunmaq istəyirəm. Şair-yazıçının bütün əsərləri kimi, bu romanda da dərin mifoloji anlamlar üstünlük təşkil edir, gərəkli anlarda uğurlu tapıntı kimi hadisələri tamamlayır. Çağdaş dövrün sosial-ictimai məsələləri ilə paralellər yazıçının təhkiyəsini inandırıcı edir. Düşünürsən ki, ay dadi-bidad, biz niyə heç dəyişmədik, gözümüz niyə açılmadı? Biz niyə geriyə gedirik? Hələ də “qismətimizin qara çuxası”na – Güllü qarılara, tanış şikəst göyərçinlərə inanan Mirzə Cəlilin Novruzəliləri, Sabirin həpəndləriyik. “Naftalin qoxuyan müəllim həyatı” da bu gün həmən-həməndir, “bəbək ustası, göz “uzmanı” professor Bürhan Nəcəfovlar da 150-200 il əvvəlki “Molla Nəsrəddin” qəhrəmanlarıdır.

Romandakı daha bir papağımızı qarşımıza qoyub başımızı qaşıya-qaşıya gözümüzü uzaqlara zilləməyə vadar olduğumuz düşüncə o qədər inandırıcıdır ki, insan özü özündən şübhələnir:

“Birdən birə ağlıma gəldi ki, bir adama çox yox, bir müddət, məsələn, bir ay gündə bir neçə dəfə yaxınlaşıb “sən itsən!” deyilsə, o adam həqiqətən də hürəcək! Mütləq hürəcək! Çünki özündən hürkəcək, təkliyə çəkilib bunun doğru olub olmadığını yoxlamaq üçün mütləq hürəcək, hürməsə də vəngildəyəcək, zingildəyəcək ki, görsün doğrudan da itdi, ya yox”.

Beynimdə bir sual yarandı. Xəstələndikdən sonra Bulud müəllimə çoxları - bəbək ustası Bürhan Nəcəfov, gözlərində sevinc qığılcımları oynayan oğlanları Sarvan və Şirvan gözaydınlığı verirlər ki, “sən xoşbəxtsən!” Bu gözaydınlığının səbəbi nəydi? Bulud müəllim xoşbəxt idimi? Xoşbəxtlik beləmi olur? Xəstə adam - dünyanı qondarma görən adam necə xoşbəxt olar? (Moşu yadıma düşdü. Əslində Moşu Bulud müəllimdən xoşbəxt deyildimi?). “Adamın xəstəliyi xoşbəxtlik gətirərmi?. Bu nə düşük məntiqdi?” sualları içində çabalayan Bulud müəllimin ovqatı məni də halbahal etdi. Fransız yazıçı Jül Renarın gündəliyindəki bir deyimi xatırladım: “Axır ki, insanı heyvandan fərqləndirən cəhəti öyrəndim. Sən demə bu pul bəlaları imiş”. Bulud müəllimin xəstəlik “xoşbəxtliyi” ətrafında şux görkəmdə, saxta təbəssümlə halay, “Yallı” gedənlər – Sarvanlar, Şirvanlar, “cubbuluca kişi, ad-sanın yiyəsi” professor Bürhanlar heyvani nəfsinin, vəhşi iştahının quluna çevrilib ancaq pul, müftə qazanc haqqında düşünürlər. Şirvanın yapon Tokomotonun Bulud müəllim kimi dünyanın yeddi xəstəsinə miras qoyduğu vəsaiti “xeyriyyəçilik adı altında ərəbistanlı “qardaşlarının hesabına köçürmək istəyi də, buna razı olmayıb, kiçik qardaşını söyən, döyən, ağzının, burnunun qanını bir-birinə qarışdıran Sarvanın acığından içib sərxoş olub pulları qumarda uduzması təkcə Bulud müəllimin yox, cəmiyyətin sağalmaz yarasıdır. Onlar, yenə də Renarın dediyi kimi, bərkimiş ürəkdilər, hər dəqiqə sıxsaq da, heç vaxt yumşalmırlar. “Kolxoz sədrinin inəyi müəllimdən xətir-hörmətli” olan cəmiyyətdə pula hərislikdən xasiyyəti dəyişmək, pulun qızdırmasına dözə bilməmək qeyri-adi hal deyil. Amma pul çiçəkləsə də çox vaxt barsız qalan ağacdır. Bulud müəllimin gələcəyinə inandığı, daxili aləminin puçluğunu bilmədiyi iki oğlu da içini qurd yeyən iki barsız ağac idi. Ata bu qurdları vaxtında görə bilməmişdi. Əslində belələrini heyvana bənzətmək də günahdır. Heyvanlar çox vaxt insanlardan rəhmdil, qayğıkeş olurlar, həmcinsinə, doğmasına hücum etmirlər, əksinə, hayan olurlar.

Çil Səftər Bulud müəllimi inandırmışdı ki, “nəslində çiy adam var, ona görə də qapınızda quş durmur, sizə düşmür”. Sən demə, Sarvanla, Şirvanla bərabər Bulud müəllim də çiymiş. Çiy olmasaydı qarımız Veronikanın uzun bacaqlarına, saxta nəvazişinə, cecə arağına aldanmazdı, Şəfiqənin ruhunu incitməzdi, Veronikanın qulağına yanğıyla“Şəfiş, Şəfiş” pıçıldamazdı...

Bu dünyada işıqlı insan tapmaq nə çətin işmiş, ilahi! Əksər şüurlu canlılar mütləq nəyə görəsə günahkardı - kimi atasının xəstəliyindən qapazladığı pulları qumara qoyur, kimi “səy”, kimi “vedrəbaş”, kimi “dağar”dı. Bunlar mənəvi eybəcərlikdi. Kimi də “taygöz”, ”lökdodaq”dı. Bu isə təbii qüsurdu, sağalandır, bu onların günahı deyil. Romanın qəhrəmanının öz diliylə desəm, “bitvurmuş, girdirmə bir fəlsəfə doktoru” Bulud müəllimdə işıq axtardım. Heyf ki, “Bulud Mabudoviç” də qarımış, “uzun bacaqlı, atası azərbaycanlı Veronika Naqdaliyevnanın toruna ilişərək, dünyadan nakam köçmüş “Şəfiş”inə xəyanət etdi. Bulud müəllim günahı tut arağının tündlüyündə görsə də, ona heç kim haqq qazandırmır. Onların arasında “hesab 1:1 olsa” da Veronika onun könlünü asanlıqla ələ alıb məğlub edir, hətta bu nəşəli anlarını Bulud müəllimin oğlanlarına fəxrlə danışır.

Amma əsərdəki obrazların bəzilərində - Murovda qulluq eləyən balası Aqşini gözləyən xeyirxah qonşu Məsməxanim xalada, nakam dünyasını dəyişmiş Şəfiqədə, Umudda, şəhid çil Səftərdə, Əlövsətdə, Abgüldə, Güllü nənədə işıq gördüm, ən azı iynənin ulduzu qədər işıqdan sevindim. Nə yaxşı ki, sarılıq xəstəliyinə tutulmuş dünyada işıq varmış və o işıq öz rəngində görünür, işıq rəngində...

“Həyat qurbanlıq quzunun gözü önündə bıçağını itiləyən qəddar bir qəssaba dönüb, gözümüz baxa, diri-diri bizi sonuca götürəndə” cəmiyyəti, dövrü lənətləmək insanın sağalmaz mərəzidir, özünü aydan arı hesab etməsidir.

Gözlərində məskən salan sarılıq xəstəliyindən dünyanı ayaqyolu çirkabı rəngində görən Bulud müəllimin imdadına nə qaraçuxası şikəst göyərçin çatdı, nə də sarı çəpkən gülü. Onu “bəyaz örtüyə bürüncəkli” Şəfişin ruhu xilas etdi. “Gözləri hər şeyi öz rəngində görürdü. Tərpəşən gur işıq halələrinin içindən” Şəfiqə çıxıb Bulud müəllimin əllərini əllərinin içinə aldı:

Əllərin nə yaman istidi, Bulud...
istin nə yaman soyuqdu...
bu nədi?.. gözlərin hanı bəs?
ah!.. gözlərinin yeri oyuqdu...

Bulud müəllimin ürəyinin istisinin soyuqluğınu, gözlərinin yerinin oyuqluğunu-korluğunu Şəfiqədən başqa anlayacaq bir kimsə yoxuydu...

Sən demə, “ağ günə çıxmağın yolu ancaq kəfənə bürünməkdən keçirmiş”... Şəfiqə Bulud müəllimi “nur təbəqəsindən yuxarıda oturan Kərbəlayı Əbülfəz babasının yanına aparır. Orada artıq Şirvan babasının dizlərini qucaqlayıb “tövbə çağının şəhdi-şəkərini yaşayırdı”.

Şəfiş ona “bələdçilik etdikcə, Bulud müəllimin içi işıqla dolurdu”. O, indi xoşbəxt idi, “işığa qarışırdı”.

Şəfiqənin “əli çox soyuq idi. Amma soyuğu da elə istiydi ki...” Görəsən Şəfiqə onu bağışlamışdımı? Bunu Bulud müəllim hələ anışdıra bilmirdi...

# 4233 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #