8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?

8 ildən sonra həbsxanada atasıyla görüşən qız - O, dustaqları necə xilas etmişdi?
29 oktyabr 2024
# 12:00

Kulis.az Ömər Xəyyamın "Quş dimdiyindəki həqiqət" yazısını təqdim edir.

həbsxana.

dustaqlar futbol oynayır.

top hasardan aşır...

çaşqınlıq.

T.Tranströmer



Bu hekayəti illər əvvəl türkiyəli şair, kolleksiyaçı Sunay Akından eşitmişdim.

Deməli, Amerikada ziyalıları həbs edirlər.

Ta səkkiz ildən sonra onlara ailə üzvlərindən yalnız biriylə görüşməyə icazə verirlər.

Biri qızıyla görüşmək istəyir, biri həyat yoldaşı ilə, biri anası ilə…

Xülaseyi-kəlam, hər məhbus bir qohumunun adını qeyd edir, fəqət mən sizə səkkiz ildən sonra atası ilə görüşən qızın əhvalatını danışmaq istəyirəm.

Görüş günü nəzarətçilər qızın üst-başını yoxlamağa başlayırlar.

Uşaqdı da, guya nə keçirəcək içəri…

Onun gətirdiyi şəkil nəzarətçinin xoşuna gəlmir, daha doğrusu, qayda-qanun eləymiş...

Uşağı sorğu-sual eləyir; qız deyir, atam həbs olunanda mənim bir yaşım var idi, onun mənə aldığı qələmlərlə quş şəkli çəkmişəm. Adi quşdu da… eləcə atamı sevindirmək üçün…

Nəzarətçi deyir, qətiyyən olmaz! Və haman şəkli cırır.

Qız ağlaya-ağlaya atasının qucağına qaçır, atası da ona təsəlli verir, fəqət düz-əməlli söhbət eləyə bilmirlər, fit çalınır, görüş vaxtı bitir.

İki ildən sonra – növbəti görüşdə yenə haman qız, başqa bir şəkillə atasının görüşünə gəlir, fəqət bu dəfə də onu saxlayırlar. Qız deyir, keçən dəfə dediniz, quş şəkli olmaz, mən də ağac çəkdim. Xahiş edirəm, icazə verin, bu şəkli atama göstərim. Nəzarətçi bu dəfə, nəhayət, icazə verir.

Atası üç öpür, bir dişləyir, qoxulayır, saçlarını sığallayır, çəkdiyi ağac şəklini tərifləyir.

Deyir, ağacı qəşəng çəkmisən. Bəs bu nə ağacıdır belə? Meyvələri nə böyükdür? Belə meyvəmi olar, qızım?

Qızı sağa-sola baxıb pıçıldayır: ata, onlar meyvə deyil, quş yuvalarıdır, birazdan quşlar yuvalarından çıxıb uçacaqlar…

Beləcə, ziyalı ata da, onun dustaq yoldaşları da dəmir barmaqlıqlar arasında azadlığa qovuşmuşdu.

O.Henrinin "Son yarpaq" hekayəsini xatırlayıram.

Hə... ümidsiz ziyalılardan ötrü o şəkil nəfəsliyə çevrilmişdi...

Əslində, çox da fərqi yoxdur. Həbsdəkilər istədiklərini etməkdən məhrumdursa, çöldəkilər istəmədiklərini etməyə məhkum...

Qadağalar həqiqəti susdura bilər, onun ağız-burnunu da dağıda bilər, di gəl, o bir gün bir quş yuvasının içindən boylanacaq, yaxud bir quş onu dimdiyində gətirəcək…
Gətirib başımıza çırpacaq…

# 5255 dəfə oxunub

Oxşar xəbərlər

Napoleonu "Yupiter" kimi təsvir edən rəssam - Jan Ogüst Dominik Enqr kim idi?

Napoleonu "Yupiter" kimi təsvir edən rəssam - Jan Ogüst Dominik Enqr kim idi?

12:00 29 avqust 2026
"Haradan gəlib hara getdiyi bilinməyən qadınlar..." - İngilis rəssamın  "Qızıl pillələri"

"Haradan gəlib hara getdiyi bilinməyən qadınlar..." - İngilis rəssamın "Qızıl pillələri"

17:30 28 avqust 2026
"Mən nəyə çevrildim, əziz dostum?" - Məşhur "Hurt" necə yarandı?

"Mən nəyə çevrildim, əziz dostum?" - Məşhur "Hurt" necə yarandı?

17:30 27 avqust 2026
Ömrün mərhələləri kətan üzərində - İtalyan rəssamdan  “Zamanın müdriklik alleqoriyası”

Ömrün mərhələləri kətan üzərində - İtalyan rəssamdan “Zamanın müdriklik alleqoriyası”

13:10 27 avqust 2026
Kətanda dondurulmuş 400 illik təbəssüm - Frans Halsın "Gülən zadəgan"ı

Kətanda dondurulmuş 400 illik təbəssüm - Frans Halsın "Gülən zadəgan"ı

14:20 26 avqust 2026
“Atdığım hər addımda səni düşünəcəyəm...” – Məşhur "I Will Always Love You" necə yarandı?

“Atdığım hər addımda səni düşünəcəyəm...” – Məşhur "I Will Always Love You" necə yarandı?

12:40 26 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər