“Çoban, kəndli danışanda mən susuram” MÜSAHİBƏ

“Çoban, kəndli danışanda mən susuram” MÜSAHİBƏ
2 noyabr 2012
# 08:30
LAYİHƏ: “ŞƏHƏR SÖHBƏTLƏRİ”

Onu geniş şəkildə təqdim etməyə ehtiyac yoxdur. Özünün dediyi kimi sadəcə “Rəssam Mir Teymur” demək bəs edir. “Şəhər söhbətləri” layihəsində rəssam, heykəltəraş, qrafik, karikaturaçı Mir Teymur Məmmədovla müsahibəni təqdim edirik.

- “Kirpi” jurnalında və başqa mətbuat orqanlarında karikaturalar çəkirdiniz. Hal-hazırda mətbuatda karikaturalara az-az rast gəlirik. Karikatura sahəsi niyə tənəzzül yaşayır?

- 1963-cü ildən karikaturalar çəkirəm. “Baku”, “Bakinskıy Raboçıy”, “Vışka” qəzetlərində həftədə 4-5 dəfə karikaturlarım çap olunurdu. Karikatura sahəsinə yeni, cavan rəssam gəldiyini görüb, “Kirpi” jurnalına dəvət etdilər. Beş il orada işlədim. Azərbaycanda karikaturanın atası Əzim Əzimzadədir. Əzim Əzimzadə insanları karikaturaları ilə yandırırdı. Çünki o, karikaturanı ironiya ilə işləmirdi, daha çox sosial karikaturalar çəkirdi. Əzimzadə karikaturları rəsm kimi işləyirdi. Onun karikaturalarına baxanda adamların necə geyindiyini, qoyunun necə kəsildiyini, qoyunun ayağının necə bağlandığını görürük. Çox dəqiq rəssam idi və xoşlayırdı ki, rəsmlərində dəqiqlik olsun. İndiki rəssamlarda isə ancaq xətt və ideya var. Bəzən rəsm özü aşağı səviyyəli, ideyası isə o qədər güclü olur ki, insanı güldürür. “Kirpi” jurnalında insanlar bizə ideya göndərirdilər. Jurnalda ideya şöbəsi vardı, məktublar qəbul edirdik. Oxucuların ideyalarını müxtəlif rəssamlara paylayırdıq. Baxırdım bu ideya hansı rəssama uyğundur. Çağırırdım ki, gəl, sənin üçün mövzu var, götür işlə. Karikaturanın altında da yazılırdı: mövzu filankəs, rəssam filankəs. Çox adam elə bilir ki, karikaturada hökmən burun böyük, göz balaca olmalıdır. Bu, karikatura deyil. Yaxşı karikaturaçı yaxşı rəssam, yaxşı qrafik olmalıdır. Karikaturaçının iti gözü, möhkəm əli olmalıdır. Hər adam da karikaturaçı ola bilməz.

İndi qəzetlərdə karikaturaya yer verilmir və bir də kim qəzet oxuyur?! Hal-hazırda çap mediası olduqca az oxunur. Kimə nə maraqlıdırsa, internetə üz tutur. Karikaturaçı rəssamların əksəriyyəti isə internetlə dostluq etmir, onlayn işləmirlər. Müasir karikatura sahəsində Şerif aktiv işləyir. Şerifin karikaturalarında fikir, ideya var. İki gündən bir karikatura çəkir.

Karikatura sənəti kölgədə qalıb. Hal-hazırda insanların böyük əksəriyyəti informasiyanı televiziya və internetlə alır. Müxtəlif vaxtlarda çəkdiyim yüzə yaxın karikaturadan ibarət kitabım hazırdır, bircə materialı mətbəəyə vermək qalır. Ancaq çapa vermədim. Fikirləşdim ki, bu kimə lazımdır?

- Bəlkə çap edəsiniz?

- Çap olunacaq və qalacaq kitab dükanlarında. Mənim də belə şeylərdən xoşum gəlmir. Düzü, heç kitab dükanları da qalmayıb. Kitab dükanları ayaqqabı, geyim dükanına çevrilib. Bu xoşagəlməz haldır. İbtidai sinif dərslikləri də olduqca aşağı səviyyədədir. Həmin dərsliklərdəki rəsmlər bərbad vəziyyətdədir. Çünki qeyri-peşəkar rəssamlar çəkir o şəkilləri. Şəkilləri xalaqızı, əmioğluna verirlər. Təki pulu xalaqızı alsın. Bununla da mədəniyyətə zərbə vururlar. Heç mətnləri də qənaətbəxş deyil. Zərbə uşaqlara dəyir. Sonra da deyirlər bu bina niyə sökülür?!

- Bakıya axın hər zaman olub, indi də davam edir. Müstəqillikdən sonra İçəri Şəhərin vəziyyətini necə qiymətləndirirsiniz?

- Miqrasiya təbii prosesdir və bütün ölkələrdə, şəhərlərdə baş verir. Ya şəhərdən şəhərə, ya kənddən şəhərə köçürlər. 1988-ci ildə Ermənistandan qaçanlar hamısı Bakıya üz tuturdu. Yaxşı olardı ki, Ermənistandan qaçanları Qarabağda yerləşdirərdilər. O vaxt doğulan uşaqların indi 20 yaşı var. O gözəl torpaqların havasını udmayıb, buz bulaqların suyunu içməyiblər. Nə kəndli kimi kəndli, nə də şəhərli kimi şəhərlidirlər. Onlar kənd mədəniyyəti əsasında tərbiyə alıblar. Çoban, kəndli danışanda mən susuram. Ona görə susuram ki, onların bildiklərini mən bilmirəm. Regionlardan gələnlərin adı şəhərlidir, onlar şəhərli deyil. Bakının tarixini, adətlərini bilmirlər. Ab-havasını belə tanımırlar, heç tanımaq da istəmirlər. Bakı onlar üçün doğma deyil. İçəri Şəhərdə 65 məcburi köçkün ailəsi məskunlaşmışdı. Biz heç vaxt eşitməmişdik ki, ana öz uşağını yeməyə söyüşlə çağırsın, qadınlar küçədə qışqıra-qışqıra danışsın, qadın kişi olan evdə hay-küy salsın. Biz heç vaxt belə şeyləri nə görmüşdük, nə eşitmişdik. İçəri Şəhərdə ab-hava məsələsi var. Kənddə ucadan danışırlar ki, qonşular eşitsin. Bunlar hamısı “kənd mədəniyyəti”ndən irəli gəlir. İçəri Şəhərdə heç vaxt qonşunun qapısına, küçəyə zibil atmazdılar. Bu hərəkəti edəni təpiyin altına salardıq.

- Bəs Bakıya ümumi baxışınız necədir?

- Bayır Şəhərdəkilər bizdən deyildi. İçəri Şəhərlilərin qan bağlığı vardı. Demək olar ki, İçəri Şəhərdə hamı bir-biri ilə qohum idi. Burda soruşsan ki, filankəsin evi hansıdır, səni onun qapısına kimi aparıb göstərərdilər. Qapını döyəcəkdilər ki, ay filankəs, sənin qonağın gəlib. Bizdə adət belə idi. Bayır Şəhərdə isə tamam fərqli idi. Bakı üçün 1920-ci ildə nəzərdə tutulmuş layihə vardı və həmin layihəni gerçəkləşdirdilər. DTK, polis işçilərinə mərkəzdən evlər verirdilər. Bakı bir tor kimi bağlandı. Bakıya böyük axın 1945-ci ildən sonraya təsadüf etdi. 1941-45-ci illərdə Bakıda müalicə olunan minlərlə yaralının yarısı burada qaldı. Kimisi evləndi, kimisi özünə iş tapdı. Kiminsə getməyə yeri olmadı. Bizdən isə 600 min insan müharibəyə getdi və onlardan 300 mini qayıtdı. 300 min insanın yarısı şikəst idi. Müharibədən sonra Bakıda vəziyyət ağırdı. Partiya işçiləri vəziyyətdən çıxış yolu axtarırdılar. Bizə “Qəhrəman şəhər” adı da vermədilər. Adı versələr xəzinədən bir az pul gələrdi. Elə şəhərlərə “Qəhrəman şəhər” adı verdilər ki, heç müharibədə iştirak etməmişdilər. Halbuki 90 faiz nefti, mazutu, dizeli, benzini biz verirdik. Savaşdan sonra ağac da əkmirdilər. Külək idi, toz-torpaq göyə qalxırdı. Baxmayaraq ki, bu ağacları əkmək üçün o qədər də böyük vəsait lazım deyildi. Buna görə də göz xəstəliyi olan traxoma tüğyan edirdi. İnsanların 70 faizi bu xəstəlikdən əziyyət çəkirdi. SSRİ-də göz xəstəliyinə görə birinci yerdə idik. Çoxlu ağac əkmək lazım idi. Ancaq 50-ci illərin sonlarında ağac əkməyə başladılar.

- Mircəfər Bağırovun hakimiyyətindən sonra...

- Mircəfər Bağırov bir ağacın belə kəsilməyinə icazə vermirdi. Bağırova qara yaxmaq düzgün deyil. Onun haqqında məhkəmə hökmü, hökmün icrası da tamamilə yalandır. Bu ölkə üçün lazımlı şəxsiyyət idi. Bağırov 1982-ci ildə Tümen şəhərində, 79 yaşında rəhmətə gedib. Bu faktı “İzvestiya” qəzetində oxumuşam. Sadaladıqlarım hamısı rusların bizə vurduğu zərbələrdir. Azərbaycanı Mordoviyanın vəziyyətinə salmaq istəyirdilər. Mordoviyalılar türk qanını itiriblər. Əlifbamızı 4 dəfə dəyişiblər. Hansı xalqın əlifbasını 4 dəfə dəyişiblər? Ata oğulun, oğul babanın dilini başa düşməsin deyə atılıb bu addımlar. Buna baxmayaraq biz kökümüzə bağlıyıq. Lev Qumilyov yazırdı ki, “türklər çox passionar millətdir”.

- Bakılıların danışıq dili kimi rus dilinə üstünlük verməsi də müzakirə mövzusudur...

- Çox dil bilən insan xoşbəxtdir. Mən özüm Rusiyada təhsil alsam da kökümdən qopmamışam. Rusdilli insanlara düşmən gözü ilə baxmaq olmaz. Mən də müxtəlif dillərdə danışmaq istərdim. Xəstəliyimiz ondadır ki, maarifçiliklə məşğul olmuruq. Həsən bəy Zərdabi insanları maarifləndirirdi. Bütün dilləri bilmək lazımdır. Şərt deyil ki, onu ikinci dil edəsən.

- Bir çoxları Çingiz Abdullayevin, Rüstəm İbrahimbəyovun əsərlərini rus dilində yazmasını düzgün hesab etmir...

- Yazıçı Anar rusca çox gözəl yazırdı. Fikir verin, necə dərin adamdır ki, indi sərbəst şəkildə ana dilində yazır. Rus dilində oxumursansa, bu sənin problemindir. Rus dilində yazan insanın qələmə aldıqlarını oxumaya-oxumaya deyirlər ki, bu bizdən deyil. İnanın ki, Azərbaycan dilində sərbəst danışan o qədər insan tanıyıram ki, böyük zərbələr vurublar xalqımıza. Hansı dildə danışmağının elə bir fərqi yoxdur, əsas sənin məqsədindir. Rus dilində Azərbaycanın tarixini yazan insana hörmət etmək lazımdır. Bir vaxtlar “tövlə konsepsiyası” vardı. Mən öyrəşmişəm tövlə iyinə, iylənmirsənsə, demək, sən məndən deyilsən. Hamını bölüb, kiçik komandir olmaq istəyirdilər. Milləti bu cür parçalamaq lazım deyil. Xaricdə bizi öz dilimizdə yox, məhz rus dilində oxuyurlar. İngilislər də bizi rus dilində oxuyurlar. Rus dilində nə qədər çox məlumat versək, bir o qədər yaxşıdır. Təsəvvür edin ki, İngiltərədə saatlarla ana dilimdə danışıram, onlar da təbii ki, mat-mat mənə baxacaqlar. Rus dilində danışıb, yazanlara kömək etmək lazımdır. Niyə onlara “məndən deyilsən”,- deməliyik?

- “Realnıy Azerbaydjan” qəzetində publisistik yazılar yazırdınız. İndi harasa yazırsınız?

- “Realnıy Azerbaydjan” qəzetinin 16-cı səhifəsində mənəviyyatla bağlı yazılar yazırdım. Qəzet bağlandığı üçün daha yazmadım. İndi Eynullanın haqqın.az saytı fəaliyyət göstərir. Bu sayt formatıma uyğun olmadığı üçün ora yazmıram, mənlik deyil. “Yol”, “Pəncərə” jurnallarına da yazmışam.

- Bakı həm də çoxmillətli şəhər olub. Bakılıların ermənilərlə, yəhudilərlə, ruslarla münasibəti necə idi?

- Biz tolerant millətik. Çörəyin ən yaxşı yerini qonağa veririk. Daha baxmırıq ki, erməni, gürcü, ya rusdur. 1924-27-ci illərdə Belorusiyada, Ukraynada yəhudilərə böyük hücumlar olurdu. Yəhudilər bu təzyiqlərin altında Polşaya, Çexoslovakiyaya, Rusiyaya üz tuturdular. Onların da böyük hissəsi Bakıya pənah gətirmişdilər. Bakıda sərbəst yaşayırdılar. Onlara kimsə toxunmurdu. 1918-ci ildə daşnaklar Bakıda qırğın törədəndə yəhudilər bilirdilər ki, ermənilər qızılına, puluna görə onları qıracaqlar. Yəhudilər mart qırğınında İçəri Şəhərə sığınmışdılar. Bizim bir neçə evimiz olub. Nənəm deyirdi ki, həmin evlərdə 4-5 yəhudi ailəsini qorumuşuq. Ermənilərə gəlincə isə siz bir ölkə göstərə bilərsinizmi ki, orada erməniləri sevsinlər? Çünki bu xalq tarix boyu həmişə aldadıb, arxadan zərbə vurub. Onlar üçün dostluq anlayışı olmayıb. Mənim bir bakılı kimi erməni dostum ola bilərdi. Amma o erməni dost mənə dost kimi baxmırdı. İndiyə kimi mənim yaxşı erməni dostum yox, yaxşı erməni yoldaşlarım olub. Onları o vaxt mərd hesab edəcəyəm ki, namərd olmasınlar. Bəlkə də xüsusi şərait olmalıdır ki, iç üzləri aşkarlansın.

- Paytaxtın Bakıda yerləşməsi doğrudurmu?

- Bakının paytaxt kimi seçilməsi təsadüfi olmayıb. Bakı paytaxt olaraq Xəzər dənizini, cənubu, Dərbənd şəhəri Qafqazı bağlayıb. Bakı və Dərbənd ən gözəl qala şəhərləridir. Ona görə də bu iki şəhərin üç qala divarı olub. Dünyada yalnız üç şəhərin üç qala divarı var. Biri Bakı, biri Dərbənd, biri də qumun altında tapılmış Mahenjo-darodur. Bakıda VI əsrdə kanalizasiya xətləri vardı. Bakının paytaxt olması çox yaxşıdır. Şirvanşah Axsitan üçüncü qala divarını söküb, ikinci qala divarını 5 metr, üçüncünü isə 8 metr qaldırdı. Universitetlərin Bakıdan çıxarılması gözəl layihədir, alqışlayıram. On il bundan qabaq yazmışdım ki, Bakı ilə Sumqayıtı birləşdirmək lazımdır. Sumqayıt yolunu gözəl yol şəhəri etmək olar. Bakıda elə idarələr var ki, onlar Bakıda olmamalıdır. Bakı mədəniyyət və siyasət mərkəzi olmalıdır. Bakıda cüzi miqdarda təşkilat saxlanmalıdır. İndi hər yerindən duran Bakıda bina, ofis tikir. Lökbatan, Sumqayıt var. Şəhəri ora çıxarmaq lazımdır. Həm tıxac azalar, həm də sıxlığın qarşısı alınar.

- Bakıda tikinti bumu yaşanır...
- Bakının baş planı vardı. Baş planı pozmaq olmazdı. 2003-cü ildə Heydər Əliyev, 2005-ci ildə prezident İlham Əliyev İçəri Şəhərlə bağlı sərəncam imzaladılar ki, burada tikinti aparmaq olmaz. Amma gecələr tikirdilər. Mən də gecələr gizli tikinti aparanların şəkillərini çəkib mediaya verirdim. Baş planı pozanlar cəzalandırılmalıdır. Nə ixtiyarla sürüşmə zonasında, Bayılda 20 mərtəbəli binalar tikirlər? Yazırdım ki, sürüşmə zonasında bina tikmək olmaz. Zaman gələcək, orada tikilənlər ağzıaşağı “Baksovet”ə düşəcək. Ruslar Teleteatrı inşa edəndə xüsusi armaturlar gətizdirmişdilər Krivoy Roq şəhərindən. Həm də Teleteatrın inşası bir sınaq idi ki, o ərazidə bina duruş gətirə bilər, ya yox. 2000-ci il zəlzələsində Teleteatra heç nə olmadı. İndi hamı bazarda armatur, dəmir alanda soruşur ki, “Rusiya malıdır?”. Əksər tikintilərdə indi Çin istehsalı armaturlarından istifadə edirlər. O armatur deyil, taxta kimi kəsilir. Mən armaturu yoxlayanda tərs-tərs baxıb deyirlər “Əmican, nə edirsən?”.

- Bakıda hansı heykəlləri bəyənmirsiniz?

- Bir neçə heykəl var ki, memarlıq nöqteyi-nəzərdən düzgün qoyulmayıb, miqyaslarını itiriblər. Bunlardan “Nəsimi”, “Koroğlu” və Tbilisi prospektindəki gürcü xalqının bizə bağışladığı ”At” heykəlini misal göstərə bilərəm. Zorgenin heykəli gözəl memarlıq abidəsi idi. Onun ətrafını ağaclarla örtüb korladılar. Memar fikir verməlidir ki, bağçada, bağda 100 ağac olmalıdır ha, 101 yox. Ya da avtomobil yolu heykəldən 12 metr aralıda olmalıdır. Yol yaxın olanda heykəl ölür. “Nərimanov” “Baksovet”ə çox gözəl baxır. İndi heykəlin ətrafında tikilən binalar onu öldürür. O vaxtlar onun ətrafında tramvaylar, “amerikankalar” işləyirdilər. Ətrafdakı “stalinkalar” da əsassız tikilməmişdi. Cəlal Qaryağdının “Lenin” və müəllimim olmuş Sabsayın “Kirov” heykəlləri də gözəl memarlıq nümunələri idi.

Fərid MİRZƏYEV
# 1869 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #