O tiyə ilə adam ancaq öz namusunu qoruya bilərdi PROJE
29 sentyabr 2012
05:00
LAYİHƏ: “Elə bil, dünən idi”
Zülmət deyildi, adi gecə qaranlğıydı, hətta aylı-ulduzlu gecəydi. Amma havada bir əsrarəngizlik, mübhəmlik, xof, qeyri-müəyyənlik, təlaş dolu gözlənti vardı. Çox-çox uzaqlardan gələn müxtəlif səslər qeybdən gəlirmiş kimi adamda vahimə yaradırdı.
Məmmədgilin həyətində, açıq havada, yan-yana düzülmüş üç dəmir torlu çarpayıda, onların üstünə salınmış nazik döşək və adyallarda, yastıqsız, yorğansız yatmağa çalışan beş nəfər idik. Onlar ayaq-baş uzanaraq mürgüləyirdilər, mən yata bilmirdim.
Səksəkəli gecəydi, mürgüləyən gənclər tez-tez diksinirdilər və dərhal mənim yatmadığımı sezib soruşurdular: “Nə var? Nə oldu? O, nə səsdir?”
Mən hər dəfə “bir şey yoxdur, yatın”-deyirdim. Onlar məndən kiçik idilər - biri bir yaş, qalanları iki, üç, biri isə beş yaş. Yatmazdan əvvəl qorxulu söhbətlər etmişdik. Güllələnmək və əsir düşmək ehtimalından danışmışdıq. Onlara qorxulu bir şey olarsa, hamısını oyadacağımı, yolda görünmədən, həyətlərin çəpərlərindən aşa-aşa aradan çıxacağımızı demiş, əsir düşməyəcəyimizə inandırmışdım. Demişdim, qorxmayın, düşmən kəndimizin cığırlarını tanımır, bizi uzaqdan görsələr də, dərhal vurmasalar, dalımızca düşüb tuta bilməzlər.
Doğrudan da kəndimizin küçələri dolambadolam idi, üstəlik, çoxlu dar cığırları, ara yolları, qonşuya keçid üçün açılmış yolağaları vardı və hər yan meşə kimi bağ-bağat olduğundan təhlükə anında asanlıqla gizlənmək mümkün idi. Əslində boynuma düşən məsuliyyətə görə gözümə yuxu getmirdi. Mənə elə gəlirdi ki, yuxuya getsəm, hamımız əsir düşəcəyik.
Vaxtaşırı hərbi texnika, tank, zirehli transportyor, bir az uzaqlarda isə top, “Qrad”, hətta TŞK markalı pulemyotların səsi gəlirdi. Bu səslərə ayılan gənclər səksəkə içində soruşurdular: “Gəlirlər?” “Bizimkilərdir” deyirdim. Amma “bizimkilər” gəlmirdilər, hələ gündüzdən boşaltmağa başladıqları ön xətti yavaş-yavaş tərk edir, tanklarını tırıldada-tırıldada şərqə doğru gedirdilər.
Məmmədgilin üstü kirəmitli evinin çardağında, əl damında sürüylə yaşayan, qəddar düşmənin kəndimizin 3-4 kilometrliyinə qədər gəlməsindən bixəbər pişiklər arsız-arsız cütləşməklərində idilər və bəzən elə vığıldaşırdılar ki, beş yüz metr o tərəfdən keçən yolda tırıldayan tankların səsini belə eşidilməz edirdilər. Gecə yarısından sonra isə onların səsinə hüzn, nalə qarışdı. Sanki yeddi qara kəlağayılı arvad iyirmi yaşlı nakam cavanı ağlayırdı. Belə səslərin birində Məmməd yenidən ayıldı və qorxu içində soruşdu: “Bu nə səsdir?”
Mənim yadıma illər öncə indiki Şabranda işlədiyim vaxt yerli rayon qəzetinin baş redaktor əvəzi vəzifəsində çalışan və Səməd Vurğunun şeirlərini sevə-sevə əzbərləyərək hərdən də sitat gətirən Mürsəl müəllimdən eşitdiyim bir misra düşdü: “Gecənin qoynunda ağlaşma səsi”.
Məmmədə elə belə də dedim və o, təbii ki, bu sözün nə demək olduğunu başa düşmədi. Ömründə bir misra şeir oxumayan iyirmi altı yaşlı gəncin maraq dairəsi maşınlarla məhdudlaşırdı. Ona görə də “yat, yat, pişiklərin səsidir” dedim, ancaq o, əyilib yerdən bir daş götürdü, qolaylanıb kirəmit damın üstünə atdı. Yaranan danqıltı səsi gecənin qoynundakı ağlaşma səsini kiritdi.
Biz Məmmədgilin qapısına elə belə gəlməmişdik, bizim hamımızı buraya qorxu və tənhalıq hissi gətirmişdi. Kəndimiz hələ iki-üç gün öncədən boşalmışdı. Beş yüz evlik kənddə 20-30 nəfər adam qalmış olardı. Onların da bəziləri kəndin o biri başındaydılar və heç kəs kəndi qorumaq üçün qalmamışdı. Hər kəs özünün və qohum-əqrəbasının evini, həm də sırf özümüzünkülərdən qorumaq üçün qalmışdı. Kənddə bir nəfər də olsun qadın xeylağı yox idi. Hamı qadınları və ev əşyalarının azı yarısını götürərək qonşu rayonlara, top mərmisinin tuta bilməyəcəyi kəndlərə daşınmışdı.
Hələ axşam düşəndə, yeni-yeni toran çalanda biz kəndin mərkəzində “körpünün üstü” dediyimiz yerdə idik. Doqquz nəfərdik. Qərbdən gələn adamlardan, xüsusilə də hərbçilərdən ön xətdəki son vəziyyəti soruşurduq və hər dəfə də daha ümidsiz xəbərlər alırdıq. Düşmənin qarşısında elə bir fərli qüvvə qalmamışdı. Hərbi hissələrin tam əksəriyyəti çəkilib getmiş, Qarabağın qırağına çıxmışdılar.
“Düşmən cəsarət etsə, daha dəqiqi, real vəziyyətdən xəbərdar olsa, elə bu gecə buraları işğal edə bilər”. Bu sözü soyuqqanlılıqla bizə deyən, “QAZ-66” markalı hərbi maşının kabinəsinə oturub şərqə tərəf gedən kapitan rütbəli hərbçinin sözündən sonra orduda vuruşub tərxis olunmuş Teymur dedi ki, çox güman ermənilər gecə yarısı kəşfiyyata çıxacaq və gerçək vəziyyəti öyrənəcəklər. Mən yarıciddi-yarızarafat dedim ki, onda gecəni burada keçirmək olmaz, gəlib üstümüzə çıxar, hamımızı güllələyərlər. “Kimdə silah var” – soruşdum. Məlum oldu ki, heç kimdə nə odlu, nə soyuq silah yoxdur. Yalnız məndə bir gün əvvəl köhnə, paslı qırıxılıq tiyəsindən düzəltdiyim xəncər vardı. Kəsici alətə göyrüş ağacından dəstək düzəltmişdim, benzinlə silib, bülövlə yona-yona parıldadıb itiləmişdim. Otuz santimetrlik tiyənin ağzı o qədər iti idi ki, saqqal qırxmaq olardı və onunla istənilən adamın başını iki saniyəyə üzmək mümkün idi. Ancaq vahiməli taqqıltı ilə səslənən “Kalaşnikov” tüfənglərinin, şaqqıltısından qulaq tutulan TŞK pulemyotlarının qarşısına nəinki qırxılıqdan düzəldilmiş xəncərlə, heç ov tüfəngləri və “vitovkalar”la da çıxmaq mümkün deyildi.
“Kaş ki adama bir qumbaraatanımız olaydı. Bax, bu hasarın dalında dayanıb hərəmiz bir tank, ya BMP vura bilərdik”. Bu sözü gənclərdən biri dedi, ancaq müharibənin od-alovunu yaxından görmüş Teymur dedi ki, dildə demək asandır, “boy”da adam bilmir, mərmini qumbaraatanın harasına taxsın.
Təxminən saat 10-nun yarısında dağılışdıq. Üstəlik, hamımız ac idik, nəsə tapıb yeməliydik. Əvvəlcə Tacəddingilə getdik. O, əmisi Hacı ilə birlikdə İmişlidən öz yük maşını ilə gələcək qardaşını gözləyirdi. Səxavət onlara yemək-içmək gətirəcək və evin yerdə qalan əşyalarını yığıb aparacaqdı. Tacəddin tələbə yoldaşım idi, üç il bir otaqda yaşamışdıq. Həm uzaq qohum, həm də dost idik. Onların həyətində xiyar, pomidor, badımcan və sair yeməli tərəvəzlər vardı. Hətta həyətdə bir neçə beçə də gözə dəyirdi. Tacəddin beçələrdən birini selbə ilə vurub tutmağı, kəsib bişirməyi təklif etdi. Hacı əmi də bu ideyaya tərəfdar çıxdı. Ancaq mən məsələyə başqa tərəfdən yanaşdım: “Kəsilmiş beçəni kim yolacaq, içalatını kim təmizləyəcək?”
Bu, əlimizdən gəlmirdi. Toyuğun pörşlənməsi dünyada iyrəndiyim iki şeydən biriydi. Onlar da mənim günümdəydilər. Ona görə də artıq qaxaca dönmüş təndir çörəyi ilə pomidor-xiyar və pendir yeməklə keçindik. Tacəddingildə çox otura bilmədik. Mümkün deyildi. Sanki bir az aralıda nəsə mühüm əhvalatlar baş verirdi və biz xəbərsiz qalırdıq. Ona görə də Nazimin dükanının qarşısına gəldik. Orada ins-cinsə rastlaşmadığımız üçün bizə döndük. Mən həyətin dalda yerində ağ neftlə yanan sobanın üstündə çay qoydum. Su pıqqapıq qaynayanda gecənin qaranlığına bir neçə dəmlik quru çay ehtiyatı tapdım. Kiloluq bankada dəmləyib, evdə qalan bir-iki stəkanda və termos qapağında içdik. Amma burada da duruş gətirə bilmədik. Üçlükdə yola çıxanda elektrik işığının üç gün əvvəldən kəsilməsi üzündən qaranlığa qərq olmuş kəndimizdə yolda uzaqdan sayrışan işıq gördük. Yük maşınının faralarıydı və bizə tərəf gəlirdi. Tacəddin sevindi. Bu mütləq Səxavətin maşını olacaqdı. Təxminimiz düz çıxdı. Yarım saatdan sonra onlar bəzi ev əşyalarını maşının kuzovuna atıb gedəndə mənə “burda tək qalma, bizimlə gedək” dedilər. Əvvəlcə getmək istədim, sonra yadıma düşdü ki, sabah böyük qardaşım ardımca gələcək, gəlib məni tapmasa, narahat olacaq. Onları yola salıb evə qayıtdım.
Təvəllüdümdən bəri evimizi ilk dəfəydi ki, kimsəsiz, boş, qaranlıq görürdüm. Ev gözümə böyük məzar kimi görünürdü. Burada gecə keçirmək mümkün deyildi. Yenidən kəndin mərkəzinə doğru getdim, orada mütləq kimsə olacaqdı. Yolda Məmmədə və onun özündən iki yaş kiçik bacısı oğlu İbrahimə rast gəldim. Sonra qarşımıza Niyazi və Sehliman çıxdı. İbrahimgilə yollandıq. Onlarda gecələməyə heç bir imkan yox idi. Dörd divar qalmışdı. Məmmədgilə qayıtdıq və onların həyətindəki çarpayıların üstündə uzanaraq gecəni səhər etməyi qərara aldıq.
Gecə səksəkəliydi. Hərdən it ulartısı, çaqqal vaqqıltısı səsi də gəlirdi.
Avqust ayının üçüncü ongünlüyündə bu yerlərdə gecələr sərin olur, səhərə yaxın adam üşüyür, şeh də düşür. Üstü açıq yatmaq mümkün olmur. Mən Niyazinin üstündən sürüşüb düşmüş hərbi paltarını qaldırıb onun üstünə salanda barmağım paltardakı güllə yerinə girdi. Belə anlaşılırdı ki, bu paltar bir müddət əvvəl qara ciyərinin üstündən güllələnmiş başqa bir əsgərin olub, qanını yuyub Niyaziyə veriblər, amma güllə yerini yamamağa ehtiyac duymayıblar.
Səhər açılmaq bilmirdi. Gecənin qoynundakı tırtıl səsləri ara vermirdi. Ağlaşma səsini isə səs gələn yerə daş parçası tolazlamaqla müvəqqəti kiritmək olurdu.
Məmmədgilin evi bizim məhəllədən 150-200 metr aralıdaydı. Mən əynimdəki pencəyə bürünərək, ulduzlara baxır, buralarda “tapança-tapança”, “partizan-partizan” oynadığımız günləri xatırlayırdım və situasiya mənə çox qəribə gəlirdi. Uşaqlığımız 1941-45-ci illər müharibəsindən bəhs edən filmlərin hər gün göstərildiyi dövrdə keçmişdi. Mənim və tay-tuşlarımın futboldan sonra ən çox xoşladığı və oynadığı oyun məhz müharibə oyunları idi. Biz taxta silahlarımızı götürüb gizlənir, ağacların arxasında, sarayların damında, tövlələrin tinində gizlənir, sürünür, “düşmən”in arxasına keçir, onları yaxalayıb “dıq-dıq-dıq” deyə atəş açır, “sən vuruldun” deyə “güllələnmiş düşmən”i oyundan çıxarırdıq. Uşaqlıq dövrünün bu sayaq “müharibələr”inin öz cazibəsi, romantikası vardı. Bizim müharibəmizdə “əsir düşmək”, “əsir götürülmək” söhbəti yox idi.
Amma taleyin ironiyasından, düçar olduğumuz müharibədə bir gün sonra işğal olunacaq kəndimizin boşalmış evlərindən birinin həyətində uzanıb əsir düşmək qorxusu altında mürgüləyirdik və əlimizdə “dıq-dıq-dıq” eləməyə heç nəyimiz yox idi. Təkcə məndə qırxılıq tiyəsindən düzəltdiyim xəncər vardı. Bu isə yalnız yaponlar kimi xarakiri etməyə yarayardı. Açığı, o zaman əsir düşmək məqamı yetişərdisə, o xəncər mənə xarakiri etmək üçün lazım olmayacaqdı. Bunun yerinə biz qaçarkən arxadan güllələnməyin daha yaxşı variant olduğunu hələ yatmazdan əvvəl müzakirə etmişdik. Çünki Niyazi əsir düşənlərin başına nə oyun açıldığından qısaca danışmışdı. Əsirin başını geriyə qanırıb, çığırda-çığırda qoyun başı kimi kəsə, süngü ilə bədənini dəlik-deşik edə, başqa əsirlərin gözü qarşısında şalvarını çıxarıb zorlaya, it zülmü verə bilərdilər. Heç kim də onu müdafiə etməzdi.
Sonradan mən Qırmızı Xaçın vasitəçiliyi ilə əsirlikdən azad olunub ölkəyə gətirilmiş bir gənclə həmsöhbət oldum. Gördüyü işgəncələrdən onun psixikasında problemlər əmələ gəlmişdi. O, ağlını itirmək üzrəydi, huşu gedib-gəlir, dili topuq vururdu, fikrini cəmləyə bilmirdi. Bacısı deyirdi ki, əsir düşməzdən əvvəl belə olmayıb.
Həmin gecə bu sayaq qorxular məni sonadək, sübh çağının alatoranına qədər tərk etmədi. Arada uşaqları oyadıb gecəykən kənddən çıxmağı da düşündüm. Amma arıma gəldi. Sonradan lağlağı hədəfi olmaqdan qorxdum. Alatoranda gözüm bir anlığa yumuldu və bir an sonra gördüm ki, Məmməd məni dümsükləyir. Oyandım, hava xeyli işıqlaşmışdı. Demə, yuxu məni də aparıb və ən azı iki saat yatmışam.
Sanki bütün təhlükə sovuşmuşdu. Səhər günəşi özü ilə bərabər bir əmin-amanlıq, gümrahlıq, asudəlik gətirmişdi. Sanki azğın düşmən çox uzaqlardaydı. Elə bil, bu yerlər heç vaxt güllə, top, raket səsi eşitməmişdi və eşitməyəcəkdi. Kənddən kənarda gecələyənlər, qonşu rayon və kəndlərdə qalanlar öz maşınları ilə yavaş-yavaş kəndə qayıdırdılar.
Ancaq bu sakitlik cəmi üç saat sürdü. Günorta vaxtı kənddə elə bir qaçhaqaç, qovhaqov, panika düşdü ki, hər kəs öz başının hayına qaldı. Mən yola çıxanda “QAZ-66” markalı maşının kuzovunda böyük təşviş içində qışqırışan, “qaçın, qaçın, ermənilər gəlir” deyən və qaçanları öz maşınlarına belə götürüb xilas etməyən hərbçiləri gördüm. Dörd-beş adam piyada asfalt boyunca şərqə doğru irəliləyirdik. Arxadan gələn yük maşını yol boyunca qaçanların hamısını bir-bir maşına yığırdı. Bizi də götürdü. Kuzovda 14-15 adam olardıq. Hamı can hövlündə, şokdaydı. Heç kəs viran qalan kəndin, itirdiyi ev-eşiyin dərdini çəkmirdi. Hamının bircə istəyi vardı: tezliklə bu qan qoxuyan məkandan uzaqlaşmaq, harada olduqları bilinməyən ailə üzvlərini soraqlayıb tapmaq.
Bizi aparan maşının kuzovunda yeniyetmə də vardı, orta yaşlı bir kişi də. O kişi xırda vəzifəli dövlət məmuru və hündürboy bir adam idi. Əlini maşının kabinəsinin üstündə qoyub şəstlə düz irəli baxırdı – sanki heç nə olmamışdı. Maşın rayonumuzun adı yazılmış ala qapının altından keçəndə, ya külək qalxdı, ya qarşıdan gələn maşının küləyi vurdu, necə oldusa, məmurun başındakı panama havaya qalxıb uçdu və bizdən 30-40 metr geridə asfaltın üstünə düşdü. Papaq bir neçə saniyə asfaltın üstündə salamat qaldı, sonra onu arxamızca gələn maşın tapdaladı.
Bu simvolik hadisəyə görə məni gülmək tutdu və bunu kişiyə sezdirməmək üçün yanımdakı qohum yeniyetməylə zarafat elədim, dedim, Arazdan keçəsi olsaq, səni o taya özüm çıxaracağam, balta kimi üzürəm. Bir nəfər də dedi, sən yaxşısan, mən heç onu da bacarmıram.
Yəqin ki, o adam baltanın suya düşərkən şaquli şəkildə dibə endiyini bilmirdi, ya da şokda idi, fərqinə varmırdı.
Kəndimizdə qaldığımız, səhəri dirigözlü açdığımız sonuncu gecənin səhəri həyatımızın ən məşəqqətli günüydü və son günümüzə qədər o birinciliyi heç bir günə verməyəcək.
Bir neçə il öncə rayona toya gedəndə ağsaqqalın papağının düşdüyü yeri bir yaxın adama göstərib dedim ki, bax, qaçhaqaç günü filankəsin (adını çəkdim) papağı başından burada düşdü. O dönüb mənə baxdı, təəssüflə başını buladı və dilinin ucuna gələn sözü udmadı: “Papağı da, torpağı da vaxtında qorumaq lazım idi”.
Mənim göyrüş ağacının möhkəm oduncağından dəstək düzəltdiyim qırxılıq tiyəsi ilə adam yalnız özünü, öz namusunu qoruya bilərdi – o da yaponlar kimi.
Xalid Kazımlı

1756 dəfə oxunub
Oxşar xəbərlər
Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri
14:00
10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə
09:00
9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi
10:00
7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi
17:00
6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü
12:00
6 dekabr 2024