Harda qaldı o köhnə televizor ustaları? REPORTAJ

Harda qaldı o köhnə televizor ustaları? REPORTAJ
17 sentyabr 2012
# 12:00
Sovet zamanında bəzi ailələrdə axşam xüsusi bir qanqaraçılıq olurdu. Bunun səbəbi nə kişinin evə gec gəlməyi, nə də qadının yeməyi yandırmağı idi. Səbəb televizorların xarab olması idi. Evə çağırılan ustanın bir saatlıq mübarizəsi nəticəsində televizor işləyirdi. Nədənsə o vaxt ustalar televizorları evdə düzəldirdi. Ola bilsin bu televizorların ağır olması ilə bağlı idi. Amma insafən elə çox pul da almırdılar. Bəzən insanlar özləri televizorları düzəldirdi.

O televizorların kanal dəyişən hissəsi çox həssas idi. Xarab olanda onu kəlbətinlə əvəz edirdilər. Həm də o televizorların işıq problemləri də var idi. İşıq bir balaca zəif olan kimi qaranlıq göstərirdi. Bunun qabağını almaq üçün televizorun yanına stabilizator da qoyulurdu. Və bu səs də evdəki sakitliyi bir balaca (əslində beynə işləyirdi) pozurdu. Sovet televizorlarının sıradan çıxması da normal idi. Televizorun arxası lampa ilə dolu idi. Lampaların da işi xarab olmaq idi. Hər bir lampanın dəcəlliyi bir evdə ölü bir sükut yaradırdı.

O vaxtlar televizor almaq da indi ki, kimi asan deyildi. Həm baha idi, həm də çətin tapılırdı. Zaman keçdikcə xarici televizorlar evlərə daxil oldu. Bundan sonra həmin ustalar az-az görünməyə başladı. Bəs görəsən indi o ustalar nə edirlər? Köhnə televizorlardan qalıbmı, təzə televizorları düzəldə bilirlərmi? Görəsən indi həmin ustalar necə dolanır .

Bunları öyrənmək üçün fotoaparatla diktofonu götürüb şəhərə tərəf yollandım. Mərkəzi Univermaqda televizor ustası tanıyırdım. Birbaşa onun yanına getdim. O, da başladı ki, “nə müsahibə, niyə müsahibə verməliyəm ki, mənim vaxtım yoxdur müsahibə verməyə”. Bu əsəbi ustayla sağollaşıb üz tutdum beşmərtəbə tərəfdəki dar küçələrə.

Bir nəfəri tapdım. O da nəyə görəsə danışmaqdan qorxdu. Yanında qoca bir kişi var idi, o dedi “bu yaxşı ustadır, Sovet vaxtı bütün düzəlməyən televizorları bu düzəldirdi”. Ustalar arasında da bu söhbət var axı. Heç kimin düzəldə bilmədiyi televizoru düzəldən usta da razı olmadı. Ancaq insafən usta mənə kömək etməyi çox istəyirdi. Axırda bir küçə qabaqdakı ustaları nişan verdi: “Orada köhnə uşaqlar var, Elçingil. Onlar sizə kömək edəcək”. Gedib bu “köhnə uşaqları” tapdıq. İçəridə adam əlindən tərpənmək olmurdu. Ustamızın bekar olacağı vaxtı gözləyirdik. İçəridə televizorunu təmirə gətirən qadın dayanmadan danışırdı. İki cümlədən bir deyirdi ki, “biz köhnə bakılıyıq”. Nəhayət usta əsəbləşib dedi : “Ay bacı, Bakının bura nə aidiyyatı var e. Hamı haranınsa köhnəsidir də”. Nəhayət usta bu qadını yola saldı və bizimlə söhbətə başladı.

- Konkret nələri təmir edirsiz?
- Məsələn, dünən kran düzəltmişəm. Amma ümumiyyətlə televizor düzəldirəm.

- Sifariş çox olur?

- 35 ildir bu sənətdəyəm. Az-çox sifarişim olur. Əsas problemimiz sənətə qiymətin verilməməsidir.

- Köhnə televizorlarin təmiri asandır, ya təzə?

- Ümumiyyətlə, bütün televizorları düzəldə bilirəm. Amma təzə televizorların ehtiyat hissələri çətin tapılır. Çünki firma ona 3 il zəmanət verir. O televizorlarda 3 il müddətində xarab olanda onu firma düzəldir. 3 ildən sonra problem olanda bizim yanımıza gətirilər. Düzəldə bilmədiyimiz hallar da çox az olur.

- İşlədiyiniz müddətdə hansısa maraqlı hadisə ilə üzləşmisizmi?

- Maraqlı hadisələr çox olur. Bir hadisəni danışım. 1986-cı il idi. Bir nəfər müştərinin evinə televizoru düzəltməyə getmişdim. Gedib gördüm ki, televizor işləyir. Müştəri dedi ki, otur bir araq içək, yəqin xarab olar düzəldərsən. Bir araq içdik. Cibimə də 10 manat qoyub yola saldı. Bu hadisə düz 7 dəfə çəkdi. Müştəri başına buxara papaq qoyurdu. Açığı bilmədim ki, o, məni televizor düzəltməyə çağırırdı, ya araq içməyə.

- Dolanışıq çıxırmı?

- Normal olur. Amma işimizdə məsuliyyət çoxdur.

- Elçin usta, heç kim uşaqlıqdan televizor ustası olmaq istəmir. Sizdə bu həvəs necə yarandı?

- Mən hələ 4-cü sinifdə oxuyandan elektronikaya həvəsim olub. Sonra 8-ci sinifdən çıxıb peşə məktəbinə daxil oldum. 15 yaşım olanda ustanın yanında şagird kimi işlədim . Bir-iki il sonra özüm sərbəst bu sənətlə məşğul olmağa başladım.

- Usta, iş prosesində bacarmadığınız bir iş olanda məsləhəti kimdən alırsız?

- Nə isə çətin iş olan kimi internetdən məlumat axtarıb tapıram. İnternetdə bu işlə bağlı çox məlumatlar var.

- İşinizi dəyişmək istəyirsiz?

- Bu dəqiqə ona imkanım çatmır. İmkanım olsa başqa işlə məşğul olaram.

Müsahibənin sonunda emalatxananın qarşısında skamyanın üstünə qoyulmuş köhnə bir televizorun şəklin çəkəndə usta dedi: “Bu televizorun nəyini çəkirsən? Bu bizim taleyimizdir”.

Fuad CƏFƏROV
# 2769 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #