“Artıq Tanrı yoxdur, televizor var”

“Artıq Tanrı yoxdur, televizor var”
22 avqust 2011
# 07:00
Bu yaxınlarda Madriddə kralımla birlikdə səhər yeməyi yedim. Səhv başa düşməyin – Respublikaçı olmaqdan qürur duysam da, iki il əvvəl Redonda Krallığı (Antiqua və Barbuda dövləti ərazisində ada və muxtar dövlət) Hersoqu elan edildim (Hersoq ünvanım: Duque de l’Isla del Dia de Antes). Hersoqluq şərəfini Pedro Almodovar, Susan Byatt, Françis Ford Kapolla, Artut Perez-Revertr, fernando Savater, Pietro Sitati, Klaudio Marqis, Rey Bredbari və başqaları ilə bölüşürəm. Bu adamların ortaq cəhətləri kralın xoşuna gəlmələridir.

Redonda Qərbi Hind adalarından biridir. Ərazisi 30 kv-km-dir. Hər yerdən uzaqdır. Məncə, torpaqlarına heç bir kralının ayağı dəyməyib. 1865-ci ildə bankir Metyu Douvdi Şell bu adanı alıb. Sonra kraliça Viktoriyaya bildirib ki, müstəqillik elan etmək istəyir. Əlahəzrət də bunu Britaniya imperatorluğu üçün təhdid olaraq görmədiyi üçün razılaşıb. Sonralar ada bir neçə dəfə onun-bunun əlinə keçib. Hətta krallıq ünvanı iki nəfərə satıldığından namizədlər arasında ciddi münaqişələr də yaranıb (ətraflı məlumat üçün “Wikipedia”da Redondanı araşdırın). 1997-ci ildə son kral, məşhur ispaniyalı yazıçı Xavier Mariasın lehinə taxtdan imtina edib, o isə hersoqluq ünvanını kimə gəldi verməyə başlayıb.

Keçək əsas məsələyə, patafizik (patafizika - istisnalar elmi- red) xəstəlik kimi görünə bilər, amma hersoq olmaq hər gün üzləşdiyimiz bir iş deyil. Nə isə, söhbət əsnasında Marias mənə, barəsində çox düşünməyimiz lazım olan bir şey dedi: “Bu gün insanlar sırf ekranda görünsünlər deyə, müsahibə verən və yaxud da reportaj hazırlayan adamın arxasında dayanıb əl yelləmək kimi axmaq şeyləri belə edə bilirlər”.

Hər şeyi bilən “tamaşaçı”

Yaxım keçmişdə İtaliyada vəhşicəsinə öldürülən gənc bir qızın qardaşı bu hüzünlü hadisə səbəbindən telekanallara açıqlama verdikdən sonra, bu dərdli simasından bəhrələnmək üçün bir televiziya proqramında iştirak etmək istəyib. Hətta bunun üçün menecer Lele Mora ilə də görüşüb.

Bu günün reallığında mətbuata çıxmaq üçün buynuzlu olduğunu söyləməyə utanmayan da var, xədimliyini bildirmək üçün can qoyan da, saxtakar olduğunu etiraf etməyə hazır olan da.

Kriminal psixoloqlar da cinayətkarların ard-arda vəhşicəsinə qətllər törətmələrinin səbəbinin məşhurlaşmaq arzusu və yaxud da seçilmək istəyi olduğunu bildirirlər.

Bu ağılsızlığın səbəbini bir-birimizdən soruşduq. Marias bu gün baş verənlərin səbəbi kimi insanların Allaha inamının itməsi ehtimalını irəli sürdü. Əvvəllər insanlar hərəkətlərini heç olmasa görən bir Varlığın olduğuna inanırdılar. Bütün hərəkətlərini və düşündüklərini bilən, onları başa düşən, yaxud da lazım gələndə mühakimə edəcək bir “Varlığa” inanırdılar. Bəlkə də hardasa bir insan hamı tərəfindən atılmış, işsiz-gücsüz olardu, hətta, bu talesiz bəndənin yoxluğu 1 dəqiqə sonra hiss olunmaya da bilərdi – amma ən azından Onun hər şeyi bildiyinə dair təsəllisi vardı.

Nəvələri tərəfindən atılan xəstə nənə “Nələr çəkdiyimi təkcə Allah bilir” deyirdi. Ədalətsizliklə qarşılaşan adam “Tanrı günahsız olduğumu bilir” - deyib təsəlli tapırdı. Anası nankor övladına “Allah şahiddir ki, sənin üçün nələr eləmişəm” deyirdi. Sevgilisi tərəfindən atılan “Səni nə qədər çox sevdiyimi Allah bilir” deyib bağırırdı. Başına gələnlərlə heç kimin maraqlanmadığını görən bəxtsiz adam “Təkcə Allah bilir başıma nələrin gəldiyini” deyə şikayət edərdi. Allahın gözündən heç nə qaçmazdı və onun baxışı bomboz və mənasız həyatı da mənalı edərdi.

Hər şeyi görən bu “Şahid” it-bata düşdükdən sonra yerini nə aldı? Cəmiyyətin gözü. Anonimlikdə boğulmamaq, unutqanlığın girdabında yox olmamaq üçün özümüzü göstərmək lazımdır. Kafedə stolun üstünə çıxıb alt paltarıyla rəqs edən “kəndli zırrama” rolunu oynamaq bahasına da olsa belə ekranda görünmək, bu “Müqəddəs Varlığın” yerini aldı.

Əslində bu təminedici bir şeydir, yəni həyatdan uzaq bir yerdə özümüzü “görürük”, amma əvəzində o “uzaq bir yerdə” olduğumuzda hamı bizi burda görür. Ölümsüz olmanın tez və müvəqqəti olsa da verdiyi bütün şanslardan bəhrələnməyin həzzini düşünün.

Problem bundadır ki, bu vəziyyətdə “tanınmaq” sözünün ikili mənası səhv başa düşülür. Hamımız üstün keyfiyyətlərimiz və fədakarlıqlarımı, yaxud da yaxşı cəhətlərimizlə “tanınmaq” istəyərik. Amma ekranda göründükdən sonra kimsə bizi yolda görüb “Dünən səni televiziyada gördüm” deyəndə, sadəcə olaraq bizi üzdən tanıyır. Bu isə həqiqi tanınmaqdan çox-çox fərqlidir.

Tərcümə: Vüqar QURDQANLI
# 1338 dəfə oxunub

Oxşar xəbərlər

Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

Yaz intizarı - Şərif Ağayarın yeni hekayəsi

09:00 30 aprel 2024
Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

Balıqçılar - Nadir Yalçının yeni hekayəsi

14:30 29 aprel 2024
Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

12:00 29 aprel 2024
Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

09:10 29 aprel 2024
Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

Məşhur rejissoru və həyat yoldaşını öldürən inək – Ömər Xəyyam

12:00 27 aprel 2024
"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

"Vorzakon"luq edən aktyorlarımız - Samirə Əşrəf

12:00 26 aprel 2024
# # #