Cəlil Cavanşir Rəşad Məcidə cavab verdi

Cəlil Cavanşir Rəşad Məcidə cavab verdi
15 avqust 2011
# 11:12
Rəşad Məcid Şlinkin “Qiraətçi” romanının mənim tərəfimdən tərcümə edilən hissəsini tənqid edib.
Rəşad Məcidin və ya başqa birisinin mənim tərcümə işimi tənqid eləməsi normaldır.
Oxuduğu kitab haqqında tənqidi fikir bildirmək hər bir oxucunun, xüsusilə Rəşad Məcid kimi birisinin ən doğal haqqıdır.
Rəşad Məcid də öz doğal haqqından istifadə edib.
Mənim düşüncəmə görə, tənqid obyektiv və qərəzsiz olanda faydalı, qərəzli və subyektiv olanda isə ziyanlıdır.
Bu baxımdan mən Rəşad bəyin fikirlərini ziyanlı hesab edirəm.
“Qiraətçi”dən mənim tərcümə etdiyim hissənin axıcı olmadığını iddia edən Rəşad bəyin qələmə aldığı yazını oxumaq əsil əzabdır.
AYB-nin katibi, “525-ci qəzet”in baş redaktorunun məlum yazısında kifayət qədər anlaşılmaz cümlələr var: kifayət qədər leksik və qrammatik xətalar var.
Üstəlik yazı axıcı deyil.
Hələ axtarıb başqa qüsurlar da tapmaq olar.
Amma mən buna vaxt itirmək istəmirəm.
Görünür, uzun müddətdir yazmadığından, hörmətli Rəşad bəyin qələmi “korşalıb”.
“Qiraətçi” romanını bizim tərcüməmizdə oxuyanlar tərcümənin kifayət qədər axıcı olmasından razılıq bildiriblər.
Hətta bu barədə e-mailimə məktub yazıb təşəkkür edənlər də olub.
Hörmətli Rəşad bəy, tərcümənin 137-ci səhifədə qırıldığını iddia edir.
Mən bu iradla razı deyiləm.
Düşünürəm ki, əgər kitabın əvvəlində tərcüməçilərin kimliyi yazılmasaydı, Rəşad bəy bu iradı bildirməzdi.
Rəşad bəy yazır ki. “Hər halda, səhifə 137-də yarımçıq qırılan tərcümə ilə sonrakı çevirmə arasındakı keyfiyyət fərqi ən sadə, sıravi qiraətçiyə də dərhal aydın olur”.
Bu cümləyə ona görə diqqət çəkirəm ki, mənə irad bildirən müəllif “Qiraətçi” romanını oxusa da, “qiraətçi” ilə “oxucu” arasındakı sadə fərqi bilmir.
Sitatdakı cümlədə “qiraətçi” sözünün əvəzinə “oxucu” yazılsaydı cümlə doğru və anlaşılan olardı.
Rəşad bəy romanı oxuduğu üçün ona bu sadə fərqi izah etmək həvəsində deyiləm.
Rəşad bəy axıcı tərcümənin qəfildən qırıldığını, sanki “çala-çökək”, ” daş-kəsəkli” yola düşdüyünü, hətta mənim hardan tərcüməyə başladığımı hiss etdiyini iddia edir.
Buna qətiyyən inanmıram.
Əgər Rəşad bəy bunu bilsəydi, yüz faiz yazardı.
Rəşad bəy hesab edir ki, mən yarımçıq qalmış tərcüməni boynuma götürməməliydim. Hətta 137-ci səhifəyə qədər edilmiş tərcüməni də oxumamışam.
Bu barədə mübahisə eləmək istəmirəm.
And içib kimisə inandırmaq fikrim də yoxdur.
137-ci səhifəyə qədər romanın tərcüməsi ilə tanış olsam da, tərcümədə heç nəyə müdaxilə etməmişəm və bir-neçə istisna xaric, kifayət qədər Ferican Kuliyevanın üslubunu qorumağa çalışmışam.
Məlumat üçün bildirmək istəyirəm ki, “müttəhim” və “şübhəli” hüquqda ayrı anlam daşıdığı kimi, alman dilində də fərqi yazılır və oxunur.
İstərdim ki, bu fərqi Rəşad bəy şəxsən araşdırıb öyrənsin.
Mən tərcümə etdiyim hissənin “su kimi axdığını” iddia eləmirəm.
Ancaq asan oxunduğuna və anlaşılan olduğuna əminəm.
Rəşad bəy mənim tərcüməmi keyfiyyətsiz hesab edir.
Mən isə hesab edirəm ki, Rəşad bəy mənim yaradıcılığıma qərəzli münasibət göstərir.
Bunun üçün bəlkə də səbəbləri var.
Axı mən tez-tez yazılarımda və verdiyim müsahibələrdə onun AYB-dəki yarıtmaz fəaliyyətini tənqid etmişəm.
Hər halda, Rəşad bəy yayın bu istisində əziyyət çəkib yaradıcılığıma qərəzli və qeyri-peşəkar olsa da münasibət bildirib.
Rəşad bəy dolayısıyla “Qiraətçi”nin 137-ci səhifəsindən sonra tərcümə xətaları olduğuna işarə vurur. Bu işarəni vurmaq üçün Rəşad bəy alman dilini ən azı tərcüməçilər səviyyəsində bilməlidir.
Bu cür münasibətin bir adı var: qeyri-peşəkarlıq!
Bu əziyyətindən dolayı ona təşəkkür edirəm.
Ümid edirəm ki, “Qiraətçi” oxucular tərəfindən maraqla qarşılanacaq və seviləcək.
Rəşad bəyin yazısı kitab haqqında alayarımçıq tənqid olsa da, kitabın oxunmasına müsbət təsir edəcəyindən əminəm.
Sevinirəm ki, Rəşad Məcid məni tərifləməyib.
# 1074 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #