Təranənin bəmbəyaz bədəni

Təranənin bəmbəyaz bədəni
29 iyul 2011
# 06:30
Hərbi hospitalın psixatriya şöbəsində 21 gün müalicə olunmalı idim.
Atam hər gün yanıma gəlir, yemək-içmək siqaret gətirirdi.
Psixatriya şöbəsində qəribə adamlar vardı.
Əsgərlikdə öz həmcinsi ilə seksual əlaqədə olarkən yaxalanan gizir, komandir tərəfindən döyülüb ağlını itirmiş əsgər,”kamsavad” olmaq üçün ayağını ağaca vurub sındıran zabit və sair.
İntihara cəhd etdiyi üçün burda cəmi dörd adam var idi.
Teymur rəssam idi. Sumqayıtda böyümüşdü. Cəmi bir gün hərbi xidmətdə olmuş, sonra boğazını, biləklərini ülgüclə doğrayıb psixatriya şöbəsinə göndərilmişdi. Onu yüz faiz “kamsavad” edəcəkdilər.
İntihar cəhdinə görə bura düşən digər palata yoldaşlarımın adını indi unutmuşam.
Artyom adasından hərbi xidmətə çağrılan, hərbi hissədə işgəncələrə dözməyib 30 iynə udan əsgərin həyatını güclə xilas edib, hospitala göndərmişdilər.
Digər iki intihar cəhdi edən əsgərlər isə sadəcə damarlarını doğramışdı.
Maraqlıdır ki, intihar cəhdi edən əsgərlər yaradıcılığa meyilli, adama yovuşmaz idilər. Teymur gözəl rəssam olmaq üçün doğulmuşdu. Hərbi xidmətdən sonra onunla rastlaşanda artıq o Hollandiyada sərgi açmışdı.
Psixiatriya şöbəsndə hər cür insan vardı. Gerçək ruhi xəstəlikləri olanlar xüsusi palatalarda yatırdı. Zabitlərin və intihar cəhdi ilə müalicə olunanların palatası da ayrı idi.
Tez bir zamanda, cəmi bir günün içində başa düşdülər ki, mənimlə dostluq eləmək məsləhətdir.
Teymurla çox tez dil tapdım.
Müalicə olunduğumuz şöbə həbsxana qanunları ilə idarə olunurdu.
Dəmir qapı və dəmir barmaqlıqlar arxasında Teymurun rəhbərliyi ilə ancaq “oğru qanunları” işləyirdi.
Teymur “Obşak” yaratmışdı və bu obşaka getdiyim günün səhərisi mən nəzarət eləməyə başlamışdım.
Siqaret çəkmək istəyən istənilən xəstə bizdən icazə almalı idi. Xəstələr üçün evdən gələn ərzağa da biz nəzarət edirdik.
Hər şey bizim nəzarətimizdə idi. Bizə tabe olmayan yalnız zabitlərin palatası idi. 3-ü homoseksual, digərləri də müxtəlif bəhanələrlə ordudan yayınmağa çalışan zabit və gizirlərdən ibarət palatada 7 zabit və gizir də var idi.
Bütün palatanı bir gecədə əzişdirib özümüzə tabe elədik.
Homoseksuallığına görə burda müalicə olunan gizir Şaiq az çox sağlamlığı yerində olan əsgərləri massaj eliyir, öz oryentasiyasını heç bir vəchlə gizlədə bilmirdi.
Bir dəfə gizlincə mənə yaxınlaşıb cinsi əlaqədə olmağı təklif elədiyi üçün, Teymurla birlikdə onu əməlli-başlı əzişdirdik.
Həbsxanada olduğu kimi, psixiatriya şöbəsində də “üzdəniraqlar”la yaxınlıq eləmək böyük qəbahət sayılırdı.
21 günlük müalicə müddətində xeyli kitab oxuyub ingilis dilini öyrənməyə başladım.
Hospitalın psixatriya şöbəsində günlərimiz sönük, kədərli və maraqsız keçirdi.
Atamın hər gün yanıma gəlməsi, kitab, jurnal və qəzet bolluğu yaratmışdı şöbəmizdə.
Bütün günü oxumaq, siqaret sümürmək və yatmaqdan başqa işimiz yox idi. Gecələr ciddi psixi pozğunluğu olan xəstələrə verilən sakitləşdiriciləri ovuc-ovuc qəbul edib, maykalarımızı çıxarıb bit öldürürdük.
Halbuki bizim hamımızın döyüşməyə, insan kimi hərbi xidmət çəkməyə potensialımız var idi.
Amma biz bit öldürürdük...
21 gündəndən sonra məni hospitaldan hərbi hissəyə göndərdilər.
Şöbə müdirimiz də, atam da məni hərbi xidmətdən kamsavad eləməyə çalışsa da razılıq vermədim.
Onsuz da çox az vaxt qalmışdı xidmətimin bitməsinə.
Birtəhər səbr eləməliydim.
Hərbi formanı əynimdən çıxarıb zibil qabına atanda dərindən nəfəs aldım. Artıq özgür bir həyatım vardı. İstədiyim kimi yaşayıb səhvlərimi düzəldə bilərdim.
Əsgərlikdən gəldiyimin üçüncü günü sevgilimlə görüşməyə şans yarandı. Sinif yoldaşlarımdan biri həm onu, həm də məni evlərinə qonaq dəvət elədi.
Dostumla birlikdə qonaqlığa yollandım.
O artıq tələbə idi.
Onun tələbəlik xatirələri, məktəb həyatımızla bağlı xatirələr çözələnir, mən də hərdən onunla göz-gözə gəlib həyəcanlanırdım.
Sinif yoldaşımın anası qonşuya keçdiyi üçün biz sevgilimlə ayrılıb bağın bir küncünə çəkildik.
Bu müddət ərzində çox az dəyişmişdi. Onu məndən fərqləndirən yalnız cibindəki tələbə bileti idi.
Xeyli bir-birimizə baxıb susduq.
Sükutu ilk mən pozub, şəxsi keyfini xəbər aldım.
Uzun müddət susub qəfildən başını qaldırıb düz gözlərimin içinə baxdı.
-Cəlil, mən səni bu qədər müddət aldatmışam. Səni heç vaxt sevməmişəm. Sənə bir insan kimi sevgim olub. Amma bilirsən də, sevgi tamam başqa hissdir. Mən...mən 5-ci sinifdən başqasını sevirəm.
-Kimi?
İsrar edib sevdiyi oğlanın adını sorşdum.
Nəhayət inadını qırıb sevdiyi oğlanın adını dedi.
O mənim uşaqlıq dostumu sevirdi. Əvvəllər belə şeylər ancaq kinolarda, kitablarda baş verirdi. Real həyatda belə bir hadisəni təsəvvür etmək belə çox ağrıdırdı adamı. 7 il sevdiyi oğlanı unutmaq üçünmü seçilmişdim?
Bax bu sualın cavabını dəqiq bilmirdim. Bildiyim isə o idi ki, o daha məni sevmir.
Bir həftə depressiyada oldum.
Içdim, ağladım və sonra özümü ondan soyutmağa başladım.
Artıq başqa yolum yox idi.
Sübut eləməli idim ki, mən onun sevgisinə layiq insanam.
Əvvəlcə atamı razı salmaq üçün namaz qılmağa, ibadət eləməyə başladım. İçimdə zərrə qədər də inam və iman olmasa da taleyimdən narahat olan atamın narahatçılığını aradan qaldırmaq üçün alnımı səcdəyə qoyurdum. Hiss edirdim ki, valideyinlərim artıq arxayınlaşıb.
Hərbi xidmətdən gəlməyimin ikinci ayı tamam olanda kəndimizin axundunun məsləhəti ilə sənədlərimi Ağdaş İslam Mədrəsəsinə verdim.
Sentyabr ayında artıq mədrəsə tələbəsi idim.
Təxminən birinci semestri bitirdikdən sonra atam məni Bakıda hazırlıq kursuna yazdırdı.
6 ay Bakıda hazırlıq kursunda oxuyandan sonra, Gəncə Dövlət Universitetinə qəbul olundum.
Həyatımda hər şey çox sürətlə, gözlənilmədən dəyişirdi.
Gəncədə sərbəstlik, atamın hər ay göndərdiyi pullar məni çox dəyişdirmişdi.
Mən dörd tələbə oğlanla Gəncənin “Çayqıraq” məhəlləsində qalırdım.
Bu məhəllədə elə bir ev yox idi ki, o evdən heç olmasa bir nəfər həbsdə olmasın.
Qaldığımız evə qız tanışlarımızı dəvət etmək imkanımız yox idi.
Tələbəliyimin ilk aylarında birini sevib həyatıma rəng qatmağa çalışsam da, alınmırdı.
Yalnız bir dəfə tanış olduğum, fahişəliklə məşğul olan 2 qadını yaşadığımız evə gətirdik.
Ucuz araq qonaqlığından sonra otaq yoldaşlarımla birlikdə qadınları növbə ilə arxa otağa keçirməyə başladıq.
Hamı bu halından məmnun idi.
Amma bu həyat o qədər də xoşuma gəlmirdi
Nəhayət bir gün Gəncədə təhsil alan yeganə türkiyəli tələbə Şahinlə tanış oldum.
Şahin Bakıda tanış olduğu Nigar adlı bir qızla birlikdə yaşayırdı.
Mən də tez-tez tanış olduğum qadınlarla Şahinin kirayə mənzilində gün keçirirdim.
Qadınlara, içkiyə o qədər aludə olmuşdum ki, dərslər təmiz yadımdan çıxmışdı.
Qadınlarla görüşlərim o qədər intensivləşmişdi ki, artıq kirayə qaldığım mənzilə gec-gec gəlirdim.
İmtahan qabağı o qədər borcum var idi ki, necə qaytaracağımı bilmirdim.
Atam da artıq istədiyim qədər pul göndərmirdi.
Təranə adlı qadınla tanış olandan sonra daha çox borca düşürdüm.
Onunla sevişmək, onun bəmbəyaz bədəni məni dəli eləmişdi.
Hər gün birlikdə vaxt keçirir, Şahinin kirayələdiyi mənzildə saatlarla sevişirdik.
Borclu olduğum adamların basqısı artdıqca əsəblərim kontrolumdan çıxırdı.
Içki, uyuşdurucu həblər, əyyaş həyat tərzi məni insanlıqdan çıxarmışdı.
Evə gələn də otaq yoldaşlarım məsləhət verir, məni bu səfil həyatdan ayırmağa çalışırdılar.
Ən çox otaq yoldaşım Mənsurla söhbətim alınırdı.
Bakıda doğulan bu eqoist, özündənrazı oğlanla nədənsə söhbətimiz alınırdı.
Görünür 4-5 il Almaniyada yaşayan, Avropa kültürünü görüb gələn Mənsur məni başqalarından daha yaxşı anlayırdı.
Amma Mənsurun da məsləhətlərini dinləmirdim.
Semester tətilinə buraxılmaımıza çox az qalsa da mən universitetə getmir, hər gün içir, xəlvət-xəlvət borc aldığım pula “ot” tapıb çəkirdim.
Tətilə buraxılmağıma üç gün qalmış “ot”dan çəkib xeyli də araq içib çarpayıda uzanmışdım.
Son günlərin depressiyası, içimdəki boşluq məni xeyli gərginləşdirmiş, depressiyaya düşmüşdüm.
Evdə heç kəslə danışmağa həvəsim yox idi.
Maqnitafonda Ahmet Kayanın “Giderim” mahnısına dalbadal qulaq asır, hönkür-hönkür ağlayırdım.
Qadınların çoxluğu, qarmaqarışıq həyat tərzi məni, əyyaşa çevrilməyim, sevgisizlik mənim içimdə böyük bir boşluq yaratmışdı.
Öz otağıma çəkilib düşünməyə başladım.
Tələbə adını qazansam da həyatımda böyük bir boşluq var idi.
İki vacib şey həyatımda yox idi: Sevgi və yazmaq.
Özümü ifadə eləmək, kədərimi hüznümü car çəkmək üçün vasitə axtarırdım.
Qəfildən damarlarımı doğramaq keçdi içimdən.
Ölmək xilas olmaq idi.
Həyatdan, insanlardan, sevgisizlikdən bir sözlə hər şeydən bezmişdim.
Ahmet Kaya “Kafama sıkar giderim” cümləsi ilə dünyaya meydan oxuduqca , içimdən ölmək, dünyaya ölümümlə meydan oxumaq keçdi.
Hamamdan gətirdiyim ülgücü əlimdə oynada-oynada hönkürüb ağlamağa, başımı divara çırpmağa başladım.
Başımı divara vurmağı saxlayıb ülgücü bir neçə dəfə biləyimə çəkdim.
Yenidən başımı divara çırpa-çırpa özümdən getdim.
Otaq yoldaşlarımın necə xəbər tutduğunu bilmirəm, oyananda Mənsur və digər otaq yoldaşlarımın həyəcanla pıçıldaşdıqlarını, atama zəng vurub danışdıqlarını eşitdim.
“-Dayı narahat olma, nəfəs alır. Aparırıq xəstəxanaya.”


Gecə yarısı xəstəxanadan çıxanda Gəncənin soyuq havası iliyə işləyirdi.
Üşüyürdüm....
Səhər oyananda atam başımın üstündə oturmuşdu.
Uşaqlarla sağollaşıb kəndimizə yollananda hiss elədim ki, mən heç vax atamın arzuladığı tərbiyəli, zəhmətkeş övlad olmayacam.
Artıq adamlıqdan çıxmışdım.
Bütün inancım və imanım yanıb külə dönmüşdü.
Məni heç nə xilas edə bilməzdi.
Əgər varsa Allah belə aciz idi.
Mən bitmişdim....


Cəlil CAVANŞİR
# 3181 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #