Kulis-in əməkdaşı “Təzə pir”də necə siğə etdirdi?

Kulis-in əməkdaşı “Təzə pir”də necə siğə etdirdi?
28 iyul 2011
# 09:28
Siğə haqqında çox eşitmişəm. Gəncədə yaşayanda çayxanalarda ən çox eşitdiyim söhbətlərdən biri də, “Filankəs filankəsin boşanmış qızını siğə elətdirib” tipli söhbətlər idi. Saytımızın baş redaktoru Qan Turalı siğə məsələsini araşdırmağı mənə tapşıranda inamla düşündüm ki, bu əsl mənə görə işdir. Çünki bu barədə xeyli məlumatım var və bir zamanlar siğə əleyhinə apardığım söhbətlərə görə Gəncədə başım çox ağrımışdı.


Günün altında keçən yarım saat


Məsələnin İslama nə qədər aidiyyəti olub-olmadığını hansısa din xadimindən soruşmağa ehtiyacım yoxdur, bilirəm ki, İslamda sünni məzhəbində siğə, daha doğrusu, mütə nikahı kəsdirmək konkret olaraq haramdır. Ancaq şiə məzhəblilər siğənin şərtlərinə əməl edilərək kəsilməsini halal və doğru hesab edirlər. Hər iki məzhəbin başbilənlərinin isə özlərinə görə kifayət qədər arqumentləri var. Şəxsən mənim özümə də bu məsələ çox maraqlı idi. Siğə haqqında dolğun məlumat əldə eləmək üçün siğə kəsdirəcəyim Elnarə xanımla (ad şərtidir) görüşüb yollandıq “Təzə pir” məscidinə. İstidən boğula-boğula, qan-tər içində məscidin qapısına qədər birtəhər gəlib çatdım. Yol boyu fikirləşirdim ki, ağlı olan mömin bu istidə siğə elətdirməz.

Təzəpir məscidinə ilk dəfə gəldiyimdən siğəni kimə kəsdirəcəyimizi soruşub öyrənmək istəsəm də, məscidin həyətində fiziki qüsurlu bir gəncdən başqa heç kəs gözə dəymirdi.

Naəlac qalıb həmin gəncə yaxınlaşdım:

- Siğə kəsdirmək istəyirəm. Kimə müraciət eləyim?

Gənc kəmali-ədəblə həyətin qurtaracağına işarə elədi:

- Siğə işinə baxanlar bax orda, axırıncı otaqda otururlar.

Oğlana təşəkkür eləyib üz tutdum həyətin sonundakı axundların toplaşdığı otağa. Qapını döyməmiş açıb içəridəkilərlə salamlaşdım.

- Əssəlamü aleykum, qardaşlar. Mən siğə oxutdurmaq istəyirəm, kimə müraciət eləyim?

Üzümdəki saqqaldan, salamlaşmağımdan məni “din qardaşlarına” bənzədən axundlar sınayıcı nəzərlərlə üzümə baxıb, mənə yayın istisində çöldə gözləməyi tövsiyə elədilər.

- Qardaş, gözlə bayırda. Axund bir azdan gələcək.

Təşəkkürümü bildirib həyətə, “Elnarə xanımın” yanına çıxdım. Yayın qızmar istisində “Yezidə lənət” deyib fəğan eləyən dindarlar, məni içəri dəvət eləməyi çox güman ki, düşünmədilər. Yarım saata qədər gözləsək də, içəridən heç bir xəbər çıxmadı. Günün altında qovrula-qovrula gözlədiyimiz vaxt içəri cəmi bir nəfər, əyninə uzun qara əba geyinmiş, saqqallı bir din xadimi həmin müəmmalı otağa daxil oldu. Xeyli gözləyəndən sonra yenidən qapını döydüm:

- Qardaşlar, istidən öldük axı, gəlmədi axund?


Adsız otaqda keçirilən ayin


Qabaqlarında pürrəngi çay, konfet, siqaret oturub istirahət edən ruhanilərin birdən yadına düşdü ki, mən yarım saat bundan əvvəl onlara müraciət eləmişəm.

- Qardaş siğəni kim üçün kəsdirəcəksən?

- Özüm üçün.

- Şəxsiyyət vəsiqəsini gətirmisən xanımın?

- Yox, sənəd gətirməmişəm. Ancaq siğə etdirmək istəyim xanım burdadır. İmkan varsa şəxsiyyət vəsiqəsiz bu məsələni həll eləyin, ikimiz də burdayıq. Sənəd biz özümüz.

Mollaların içərisində ən kök və ən zəhmli görünəni bizi içəri dəvət elədi:

- Ayaqqabılarınızı soyunun, keçin içəri otağa.

Sakitcə ayaqqabılarımızı soyunub içəri otağa keçdik, mollanın “əyləşin” təklifindən sonra əyləşib əllərimi dizimin üstünə qoyub, səbirlə mollanın sözə başlamasını gözlədim.

- Buyurun. Dediniz ki, siğə oxutdurma istəyirsiniz.

“Elnarə xanım” sakitcə başını aşağı dikdiyi üçün, mən dilləndim.

- Bəli.

- Onda xanıma bir iki sual verəcəm.

- Buyurun.

Molla bir qədər susub, üzünü xanıma tutdu.

- Zəhmət olmasa suallarıma cavab verin, sizin əriniz ölüb, yoxsa boşanmısınız?

Xanım da plana uyğun olaraq sıxıla-sıxıla cavab verdi:

- Boşanmışam.

- Neçə müddətdir?

- Bir ildən çoxdur.

- Elə isə problem yoxdur, sizə siğə oxumaq olar.


Mollanın izahatı


Molla sözünü bitirən kimi mən dilləndim:

- Zəhmət olmasa bizə siğə haqqında ətraflı məlumat verin, istəyirəm ki, hər şey halallıqla olsun.

- Siğə bizim sözümüz deyil. Ərəb dilindən tərcüməsi “müddətli nikah”dır. Əgər birillik siğə kəsdirirsinizsə, bunun müqabilində xanıma müəyyən məbləğ ödəməlisiniz. Siğə üçün verəcəyiniz haqqı ödədikdən sonra siğə oxuna bilər. Əgər bir il bitməmiş siğədən imtina eləmək istəsəniz, xanıma halallıq verməlisiniz. Bir il tamam olduqdan sonra münasibətləri davam etdirmək istəsəniz, siğəni yeniləməlisiniz. Siğə etdirdiyiniz xanımdan ayrıldıqdan sonra xanım 45 gün müddətində siğə etdirə, daimi nikaha girə bilməz.

- Bəs bizə siğə kəsdirməyimizlə bağlı sənəd verəcəksiniz?

- Siğə duası sənədi əvəz eləyir. Mən indi siğə duasını oxuduqdan sonra siz bir birinizə halal olacaqsınız. Buna heç bir sənəd lazım deyil.

Qısa sual cavabdan sonra molla mənim də, “Elnarə xanım”ın da adını kiçik bir vərəqə yazıb məndən xanıma nə qədər haqq ödəyəcəyimi soruşdu. Bunun nə qədər vacib olduğunu soruşanda, “ciddi bir əhəmiyyəti yoxdur, neçə istəyirsən de”. Cavabını verdi. Mən 50 manatlıq bir hədiyyə ilə xanımı razı salacağımı bildirib səs-küylə otağa daxil olan mollaları müşahidə eləməyə başladım. Mollalardan biri əlindəki böyük bazar çantasını sürüyüb otaqdakı soyuducunun yanına gətirdi. Siğə duası oxumağa hazırlaşan mollanın qanı lap qaraldı. Soyuducunun qabağında gətirdiklərini soyuducuya dolduran molla halından o qədər məmnun idi ki, siğəmizi oxuyacaq mollanın qəzəbli baxışlarını qətiyyən vecinə də almırdı. Nəhayət, təsərrüfat işləri ilə məşğul olan molla otağı tərk elədi və mən narahatlıqla üzümü siğə oxuyacaq mollaya tutdum:

- Oxuyursunuz siğəni?

- İmkan versələr, oxuyacam. Baxma ki molladırlar...

Nəhayət ki, molla əlindəki kağıza adlarımızı, siğənin nə qədər müddətə oxutdurmaq istədiyimizi, siğə haqqını yazıb üzünü “Elnarə xanıma” tutdu:

- Dediklərimi təkrar eləyin.

- Baş üstə.

“Bir il müddətinə, 50 manat azəri pulu müqabilində Cəlil Cavanşir oğlunun mütə nikahının mənə oxunması üçün səni vəkil etdim”.

“Elnarə xanım” mollanın dediklərini təkrar etdikdən sonra ərəb dilində siğə duasını oxumağa başladı. Duada yalnız öz adlarımızı başa düşdüyümüzdən səssizcə başımızı aşağı dikib dayanmışdıq. Dua bitdikdən sonra molladan adını öyrənmək istədim.

- Molla, siz bu nikaha şahidlik elədiniz, adınızı bilmək olar? Gələn dəfə gələndə də sizə müraciət edərdik.

- Mənim adımı neynirsən ee... Nə vaxt gəlsən burdayam. Siz çox düzgün hərəkət eləmiş mömin insanlarsınız. Nikahınızda Allahın da xeyir duası var.

“Elnarə xanım”ı qapıdan ötürüb, mollayla qiymət söhbətinə girişdim.

- Molla, borcum nə qədərdir?

- Soğan satmırıq, kartof satmırıq. Neçə ürəyin istəyir şirinlik ver. Siğə üçün xüsusi qiymət yoxdur.


“Telefon duası”


Mollaya 5 manat uzadıb “Elnarə xanım”ın arxasınca çıxıram. Otaqdakı molların şorgöz baxışlarından sıxılan “Elnarə xanım” məni görüb sevinir. İçəridəkilərlə sağollaşıb çıxırıq. Məscidin həyətində bir-iki nəfər cavan oğlan növbə gözləyir. Telefon danışıqlarından hiss olunur ki, gənclər siğə kəsdirmək üçün burdadırlar. İstəmədən qulaq müsafiri oluram 25-30 yaşlarında cavan oğlanın telefon söhbətinə:

- Ay qız, narahat olma. Molla səndən soruşacaq nə lazımdısa. Suallarına cavab verəndən sonra, duanı oxuyacaq. Başa düşürsən, mən istəyirəm hər şey halal olsun.

Gənc oğlanın sözlərindən başa düşürəm ki, məsciddə siğəni həm də telefonla həll eləmək mümkündür. Əgər mollayla tanışsansa, yaxın münasibətin varsa, xanımı məscidə gətirmədən telefonla siğə məsələsini həll edə bilərsən.

Deməli, yayın günündə əziyyət çəkib məscidə gəlmək o qədər də vacib deyil. Bir zənglə siğə oxutdurmaq mümkündür.


Siğə təfriqəsi


İslamın sünni məzhəbinin alimləri hesab edirlər ki, müddətli nikah haramdır. Sünni məzhəbinə görə mütə nikahı Məhəmməd peyğəmbərin zamanında bir müddət olub. Sünni alimlərinin fikrincə, siğə haramlıq dərəcəsinə görə leş, qan və donuz əti kimidir. Siğədə qadın həyat yoldaşı statusunda deyil, sadəcə, müəyyən məbləğ və müddət ərzində istifadə edilən əks tərəf rolunu oynayır. Siğənin İslamda qadağan olunan zinadan, yəni kəbinsiz cinsi əlaqədən o qədər də fərqli deyil.

Şiə məzhəbinin alimləri hesab edir ki, mütə nikahı halaldır. Onlar əsasən “Nisa” surəsinin 24-cü ayəsini əsas göstərirlər: “Mütə etdiyiniz arvadların kəbinlərini bir fərizə olaraq onlara verin! Məhriyyə müəyyən ediləndən sonra, bir-birinizin razılaşmağınızın günahı yoxdur”. Şiə alimləri mötəbər din kitablarında İbn Abbas, Mücahid, Suddi və başqa din alimləri bu ayəni müvəqqəti evlənmə kimi təfsir ediblər: “Onlar yazırlar ki, bu ayə müvəqqəti nikah barəsində nazil olub. Şiələr hesab edir ki, mütə nikahının İslamın ilk çağlarında şəriət tərəfindən bəyan olunduğunu göstərən hədislər var və mütə nikahı qiyamət gününədək halaldır.

Azərbaycan Respublikasının Ailə məcəlləsinin I maddəsinin dördüncü bəndində isə deyilir:

“Azərbaycan Respublikasının nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.”


P.S. Siğə zamanı diktafonumuz açıq olduğundan siğə duasını canlı şəkildə sizə dinlətmək imkanımız da mövcuddur.


Cəlil CAVANŞIR
# 5229 dəfə oxunub

Oxşar xəbərlər

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
# # #