Deməli belə. Dün gecə rastlaşdığım bir olayı şəxsi feysbuk hesabımdan nəql etdim. Məqsəd – diqqəti cəmiyyətin ağrıyan tərəfinə cəlb etmək idi. Şair demiş, cəmiyyət bir orqanizmdirsə, aydının işi cəmiyyətin ağrıyan yerinə basmaqdır, ağrını müalicə etmək isə həkimin, belə demək mümkünsə, güc strukturlarının işidir. Ol səbəbdən ilanvari təhkiyəmi işə saldım. Şükür, bədii fəndlər anbarım zəngindir.
Statusu olduğu kimi təqdim edirəm:
“Təxminən 15 dəqiqə öncə "Favorit" marketin ət və süd məhsulları bölməsindəki satıcıdan kolbasa istədim. Dedim, "Zəhmət olmasa mənə Rusiya istehsalı kolbasa verin". Dedi, "Məsləhətli Minbərəkət və Hacıturqay kolbasaları da varımızdı". Dedim, "Oğlum, mənə haram kolbasa lazımdır, cılxa haram - tərkibində donuz piyi olan kolbasa". Dedi, "Müəllim, mən sadəcə məsləhət elədim". Düzü, bir xeyli acığıma gəldi nadan satıcının bu hərəkəti. Yəni adicə alış-veriş edərkən də belə bambılı mövzulara vaxt itirmək nəyə lazım axı? Buna ömür yetər mi? Hər nadanla 5 dəqiqə mübahisə etsən, gör hara vurur? Niyə bu məmləkətdə hərə bir molla olub keçib təpəmizə axı? Dedim, "Ay oğul, sən kimsən mənə məsləhət edəsən? Bu nə qeyri-mədəni davranışdır? Sizə etika öyrətmirlər mi işə götürəndə?" Qayıtdı ki, "Mədəniyyətsiz özünsən, mən səni halala dəvət edirəm!" Cahil vətəndaşla qəti şəkildə dioloqa getmədən dərhal müdirini çağırdım. Dərhal. Son dərəcə dərhal. Özümü təqdim etdim, kameranın yaddaşından video yazısını izlətdirdim və mədəniyyətsiz halalxor isatıcını işdən rədd etdirdim. Mübarək bir rədd oldu düzü. Həddən ziyadə məmnun halda 200 qram donuz piyli kolbasa və xiyar turşusu götürüb evə döndüm. Həri, əzize-mənlər, aydın cəmiyyətlər belə qurulur. Gec-tez hər kəs başa düşməlidir. Ki, ibadət, namaz, ümumiyyətlə bütün dini ayinlər Allahla-bəndə arasındakı intim-ruhani davranışlardır. Bunların heç birinin digər nəfərə əl-qətiyyən vəl-əşədənbillah dəxli yox. Hələ-hələ marketdə kolbasa alan müştəriyə heç dəxli yox. Necə deyərlər, "Sözün sağlığına!" (gülüş smayliki)
Sual: Statusda yazılanlar hara qədər realdır, hardan sonra ictimai-sosial-bədii priyom?
Cavab: “…Cahil vətəndaşla qəti şəkildə dioloqa getmədən dərhal müdirini çağırdım”. Bu cümlənin yarısına qədər real hadisədir, necə deyərlər, söhbətimizi copy-past etmişəm. Di gəl, müdiri çağırmamışam. Sadəcə cahil satıcıyla dioloqa getmədən marketi tərk etmişəm. Yəni “…dərhal müdirini çağırdım. Dərhal. Son dərəcə dərhal. Özümü təqdim etdim, kameranın yaddaşından video yazısını izlətdirdim və mədəniyyətsiz halalxor satıcını işdən rədd etdirdim” məsələsi olmamışdır.
Növbəti sual:
- Niyə?
Cavab:
- Nədən ki, yaşadığım cəmiyyəti həddindən artıq yaxşı tanıyıram.
Amma normal cəmiyyətlərdə belə olur. Daha doğrusu, normal cəmiyyətlərdə belə satıcı-müştəri dioloqu olmur, “normala meylli cəmiyyətlərdə belə olmalıdır!” deyək. Müştəri neqativ halla rastlaşanda şikayətçi olmalı, müdiriyyət müştərinin şikayətinə adekvat davranmalı və tədbir görməli. Bu ki 1+1 qədər sadədir. Yox? Belə çıxır ki, Yox!
1+1 də normal cəmiyyətlərdə sadə imiş sən demə. Bizdə gərək izah edəsən. Ki, 1+1 niyə, nə üçün, harda, hansı səbəblərdən və məqsədlərdən dolayı 2 edir.
Status sosial şəbəkələrdə ildırımsürətli müzakirələrə çıxdı. Müzakirə də nə müzakirə? Təhqirin biri bir qəpikdən. Söyüşün iki tərəfli olduğunu nəzərə alsaq, yəni söyən tərəfin də avtomatik söyüldüyünü hesablasaq sosial şəbəkələr qurşaqdanaşağı “o məsələ…” Yəni bir xeyli vətəndaş nəsil-nəcabətinə verdiyi dəyəri yüksək həyasızlıq və sırtıqlıqla nümayiş etdirdi. Sözüm onda yox.
Arqument də nə olsa yaxşıdır? - “Bəlkə o satıcının evində xəstə var, balası var, onu niyə çörəyindən eləyirsən?” Bu qafayla hansı aydın cəmiyyət qurmaqdan söhbət gedə bilər? Bu adamlar hələ də anlamırlar, cəmiyyət saxta, amörf əxlaq qaydalarıyla deyil, qanunlarla idarə olunmalı. İşini görə bilməyən, müştəriylə davranış qaydasını qanmayan satıcı niyə o yerdə işləməlidir? Niyə maaş almalıdır? Tərbiyəsizliyə görə adama maaş da verərlər mi? Evində xəstənin olması kimə bu lüksu verir ki, cəmiyyətdə özünü normal adam balası kimi aparmasın? Bu nə şəngülüm düşüncə tərzidir? Bəs mənim ömrümdən çürük mübahisəyə gedən dəqiqələri kim qaytaracaq?
Ümumiyyətlə, mən niyə taksi sürücüsüylə, marketdəki satıcıyla, nə bilim, moyka işçisiylə mübahisə etməliyəm? Niyə bu qədər qəlizdir anlaşmaq?
İndi oğul deyirəm gəl bu kütləyə həqiqət anlat, görüm necə anladırsan. Eynşteyn demiş, “Ay-hay!”
Xülasə. Və gələlim məsələnin məbədinə. Kütlənin şairə, yazıçıya, ümumiyyətlə kitab adamlarına, elm əhlinə nifrəti hardandır? Diksinməyin, dəhşətli bir sirrin üstünü açacağam. Kütlənin nifrəti ordan ki, onlar İsanı çarmıxa çəkdilər və İsa yenə də onlardan yuxarıda dayandı…
P.S. Köşəni belə bəsit dildə və bayağı arqumentlərlə yazmağımın səbəbi hamı tərəfindən başa düşülmək istəyimdir. Amma inanıram ki, yenə də izaha ehtiyac duyulacaq. İşimizə-gücümüzə bax da. Sonra da deyirlər “niyə dünyaya çıxası əsərlər yazmırsınız?” Ey sevimli vətəndaş, sən nə vaxt sivil dünyanın bir parçası oldun, sənin yazıçın, şairin, alimin də dünyaya çıxası əsərlər yazmadı? Yadımdan çıxmamış bunu da deyim, ürəyim soyusun: Elə Füzuli yaxşı eləyib sizin salamınızı almayıb!