Azərbaycanlı şair: “Həyat yoldaşıma saysız-hesabsız xəyanət eləmişəm”

Azərbaycanlı şair: “Həyat yoldaşıma saysız-hesabsız xəyanət eləmişəm”
6 may 2014
# 09:03

Kulis.Az “Açıq söhbət” adlı yeni layihəyə start verir. Adından göründüyü kimi, bu layihənin qonaqları ilə açıq və səmimi söhbətlər aparılacaq. İlk qonağımız ədəbi mühitdə kifayət qədər tanınan şair, “Yazar” qəzetinin təsisçisi Yafəs Türksəsdir.

Onunla söhbətimiz küləkli-günəşli bir yaz gününə təsadüf etdi. Təxminən gül gülü çağırırdı, bülbül bülbülü...


- Salam şair, xoş gördük sizi.


- Başlamamışdan deyim ki, Azərbaycanda məndən maraqlı yazıçı yoxdu. Təkcə yazıçı kimi yox, elə insan kimi də məndən maraqlı ikinci bir adam çətin tapıla. İstənilən mövzuda sual ver. AYB-dən, məişətdən, siyasətdən... fərqi yoxdu. İstənilən mövzuda gözlənilməz cavablar alacaqsan.


- Tamam. Deyirəm salam, xoş gördük, necəsiz?


- Çox sağ olun, mən sizi də sevirəm, yaradıcılığınızı da! Bir gülməli söz də deyəcəm, mənim böyük oğlumun da adı Şəhriyardı, ona görə doğma gəlirsiz (gülümsəyir).


- Çox yaxşı, ustad, amma, başa düşmədim, bunun nəyi gülməlidi?


- Yox, ona görə demirəm, mən postmodernist adamam axı...


- Başa düşdüm. Hardan gəlirsiz?


- İndi kiçik oğlumu xəstəxanaya aparmışdım, ordan gəlirəm, bir balaca problemi vardı.


- Allah şəfa versin. Özünüz necəsiz? Səhhətdə problem yoxdu ki?


- Özüm əlayam, 25 yaşda (ürəkdən gülür).


- Sevgi məsələləri necə gedir?


- O da əla! Amma, mənim sevgiyə yanaşmağım bir az başqadı. Bayaq da bir qəzetdən müxbir soruşur ki, siz sevgi haqda açıqlama verirsiz, qadınlar şoka düşür. Olar bizim bir-iki sualımıza cavab verəsən? Bunu mənim inboxuma göndərib (Yafəs bəy postmodernist olduğundan inbox sözünü elə yazıldığı kimi tələffüz edir. Yəni, inboks yox, eləcə inboX – Ş.G.) Mən də cavab verdim ki, buyur, sualını ver gəlsin. Deyir, siz eksklüziv açıqlamalarınızda qadınları təhqir edirsiz. Mən də dedim, ay qardaş, müsəlmanın 4 arvadı olmur? Mənim sevgilim də olsun ikinci arvadım, bunun nəyi pisdi?


- Deməli, Facebookda şəklini paylaşdığınız xanım sevgilinizdi?


- Yox, bunu açıqlamayacam (qımışır).


- Siz Həzrət Abbas deyin, o şəkildəki xanım sevgilinizdi?


- Təxminən sevgilimdi... (yenə qımışır).

- İlk şeirinizi nə vaxt yazmısız?

- İlk şeirimi 3-cü sinifdə oxuyanda hesab müəllimimə yazdım. Satirik şeir idi. Təxminən Mirzə Ələkbər Sabir civarında. O da qolumdan tutub məktəbdən qovdu, 2 ay dərsə buraxmadı. Sonra hamı dedi, nolar, uşaqdı, yazıb yazıb də! Ondan sonra buraxdılar. Amma, mən heç vaxt bilməzdim ki, şair olacam. Anam həmişə deyərdi, Aşıq Ceyran vardı Horadizdən, ondan tam alıb yemişəm sənə hamilə olanda. Bilirsən də, tam almaq nə deməkdi, kənd uşağısan.


- Əlbəttə, bilirəm, qadın yerikləyəndə nəsə ürəyi istəyir, onu da kim verirsə uşaq ona oxşayır-zad...


- Ay sağ ol, bilirsən. Ona görə deyirdi səndə bir şuxluq var, aşıqlıq var. Ancaq mən alim olmaq istəyirdim, orta məktəbdə Lenin kimi oxumuşam bütün fənləri. Şairliyimsə həyat sarsıntılarından, sevgi uğursuzluqlarından sonra gəldi. Hardasa, təxminən 1985-ci ildə ilham gəldi. Ondan sonra mən özümü şair kimi hiss eləməyə başladım. Daha sonra xalq hərəkatı-zad oldu, yaradıcılığım arxa plana keçdi. Ara sakitləşəndən sonra, 98-ci ildə yenidən “Vahid” poeziya evində ciddi yaradıcılığa başladım.


- 98-dən bu yana 15 il eləyir. Hardasa gənc yazar demək olar də sizə?


- Hə, demək olar. Çox maraqlı sualdı, buna geniş cavab verəcəm. Hələ o vaxt tanınmış şairlər vardı: Hürriyyət Məmmədov, İsmayıl İmanzadə... Hərəsinin 10-15 kitabı çıxmışdı, onlara həsəd aparırdım. Sonra mən gəlib elə mərhələyə çatdım ki, indi heç İsmayıl İmanzadəni də bəyənmirəm. İndi burdan baxıram ki, o deey, (sol əlin uzadır) onlar hardadı mən hardayam...


- Şərif Ağayar niyə sizə yüksək qiymət verir?


- Verir?


- Hə, verir!


- Nə bilim, Şərif Ağayar mənə yüksək qiymət verir də, vermir də. Olar geniş danışım bu haqda?


- Əlbəttə olar, necə istəyirsiz danışın.


- Deməli belə, Rövşən Naziroğlu, Rəsmiyyə Sabir, Həyat Şəmi, Şərif Ağayar o vaxt mənim “Vahid” poeziya evində istedadımı gördülər, dedilər, bura sənə layiq deyil, burda sən ədəbiyyatın harda olduğunu bilmirsən. O vaxt doğrudan da ədəbiyyatın harda olduğun bilmirdim, hardasa Əliağa Vahid-zad səviyyəsində qəzəllər-zadlar yazırdım. Sonra məni apardılar “Pərvanə” ədəbi məclisinə.


- Pərvanədə ədəbiyyat var idi guya?

- Gözlə bir deyim də. Sən mənə aman vermirsən ki danışım (tıncıxır). Orda mənə Faiq Balabəyli, Rövşən Naziroğlu, Şərif Ağayar yaxşı şeirin nə olduğunu göstərdilər. Ən çox da Rövşənlə Şərif. Onlar mənim bir şair kimi formalaşmağımda çooox böyük rol oynadı. Daha sonra Zahir Əzəmət “Nəfəs” qrupunu yaratdı, getdim ora. Zahir bunlardan ideya cəhətdən bir pillə yuxarıdaydı, postmodern, modern, sürreal şeirdən danışırdı. Zahirgil ora hamıya lağ-lağı qoşmağa, ələ salmağa gəlirdi. Mənim lirik, romantik şeirlərimi də lağa qoyurdu, deyirdi sən özündən balaca şeirlər yazırsan, daha böyük yaza bilərsən. Mən “Nəfəs”də gördüm dünya ədəbiyyatı nədi, ondan sonra bu səviyyəyə yüksəldim.


- Postmodernizm barədə mülahizələriniz maraqlı olardı, zəhmət olmasa ötəri toxunardız.


- Mən Azərbaycanda ilk postmodernist şeir nümunələrin yaradan adamam. Amma, hesab eləyirəm ki, müəllimim Həmid Herisçidi. Ümumiyyətlə, Həmiddi, mənəm, biz Azərbaycanda ilk postmodern şeirin yaradıcılarıyıq. Həmid yaradıb, mən də onun çox layiqli davamçısıyam.


- Necə yəni Həmid Herisçinin davamçısı? Məncə siz çox təvazökarlıq edirsiz.


- Yox, Azərbaycanda ilk dəfə canlı komediyanı mən yaratmışam. Pyesin adı “Canlı yayım” idi. Sırf postmodern dramaturgiya idi. Unikal bir şey idi.


- Unikal nə deməkdi?


- Ayə, dayan dənə, sözümü kəsmə, aman verirsən ki, danışım! Mənim pyesimdə bütün iştirakçılar canlı adamlar idi. Tutalım, pərdənin biri ancaq müsahibələr idi, biri ancaq Nobel mükafatçılarının çıxışları idi, başqa bir pərdədə mən bazarda oturub balıq satıram, jurnalist gəlib bazarda məndən müsahibə alır və s. Belə çox maraqlı şey idi. Ənənəvi janrı, İlyas Əfəndiyevi, Anarı, Elçini darmadağın eləmişdim.


- Alverlə məşğul olmusuz?


- Mənim ali təhsillim alverdi, ixtisasca əmtəəşünasam.


- Alverin hansı növlərində özünüzü sınamısız?


- Kartof satmışam, pomidor satmışam, ayaqqabı satmışam, metroda bel bankası satmışam. Çox azad hərəkətlər eləmişəm. Postmodernist adamam, mənə nə var? (gülmək istəyir).


- Murad Köhnəqala deyir, Yafəs ayaqqabını boynundan asıb satırdı.


- Murad mənə anekdot qoşur, yalan deyir. Dəli deyiləm ki, boynumdan asam. “28 May” metrosunun yanında yer vardı, orda satıcılarıma satdırırdım, özümsə menecer kimiydim.


- Şair-yazıçılardan kimlərə ayaqqabı satmısız?


- Əlisəmid Kürə satmışam, Elxan Zala, Zahir Əzəmətə.


- Bir ara Murad Köhnəqalayla ədəbi fikirləriniz üst-üstə düşmürdü, onun səbəbi nə idi?

- Niyə düşmürdü, düşürdü, 99 faiz düşürdü, 1 faizə görə həmişə mübahisə eləyirdik. Mən Muradla dostam. Hələ o vaxtlar Zahir Əzəmət bizə lağ-lağı qoşmuşdu ki, siz elə bil ər-arvadsız, gah küsürsüz, gah barışırsız! (uğunub gedir) Muradla biz atadan, qardaşdan da yaxın olmuşuq. Azərbaycan ədəbiyyatında bizim dostluq kimi dostluq olmayıb


- Bəs özünüzü ədəbiyyatda kimlə müqayisə edirsiz?


- Hmm... (qaşlarını düyünləyir) maraqlı sualdı. Onu deyə bilərəm ki, hal hazırda özümü beşlikdə görürəm.


- Kimlər var o beşlikdə?


- Birinci Sevinc El Sevəri götürərdim, qadınların içində ondan güclüsünü görmürəm. Biri Aqşin Yeniseydi, biri Əsəd Qaraqaplan, biri sən...


- Məni çıxın xahiş edirəm


- Yaxşı, onda birin də Qulu Ağsəsi götürək, biri də Nigar An.


- Axı o, dramaturqdu?


- Yox, şeirləri də var, hərdən feysbukda paylaşır, çox güclü şeirlərdi. Amma, Kənan Hacı məndən müsahibə alanda bir az təvazökarlıq eləyib özümü 20-likdə demişdim. Ancaq, dəqiq deyim ki, beşlikdəyəm.


- Axı 5 nəfər dediniz, özünüz altıncı olursunuz onda...


- Əəə, sən lap məni çaşdırdın, onda Qulunu çıxaq (hirslənir).



- Harda işləyirsiz?


- Qoy deyəcəm, bunu da deyim sonra. Mən Azərbaycanda ilk dəfə 60 yaşın sevgisini yazan adamam. Nüsrət Kəsəmənli yazıb 25 yaşın sevgisini, Ramiz Rövşən yazıb 23 yaşın sevgisini. Amma, mən lap erotik sevginin də şeirini yazmışam, lap elə bazlığın da şeirini yazmışam. Hələ məndən başqa bunu eləyən olmayıb.


- Aylıq gəliriniz nə qədərdi?


- Təxminən min manat.


- İndi üstünüzdə nə qədər pul var?


- 50 manat (gülümsəyir).


- Harda işləyirsiz?


- Mən indi fərdi sahibkar kimi bir mərkəz yaratmışam, adı belədir: Milli Düşüncə Yaradıcılıq Mərkəzi, onun sədriyəm. Burda milli kitablar çıxardırıq. “Erməni sindromu” kitabım o layihədən çıxıb. Payladım idarə müdirlərinə, sponsorlara, bank müdirlərinə, icra başçılarına-filan, qurtardı, üzə çıxartmadım. “Erməni xəyanəti” kitabım da çıxacaq, onu da paylayacam gedəcək.


- Həyat yoldaşınıza xəyanət eləmisiz?


- Saysız-hesabsız dərəcədə (qəhqəhə çəkir). Mən arvadına xəyanət eləməyən kişiyə primitiv kişi kimi baxıram. Boz kişi...



- Şairlərə qonaqlıq verirsiz?



- Saysız-hesabsız qonaqlıqlar vermişəm: Zahirə, Murada, Şərifə, Həmidə...


- Sizcə Azərbaycan ədəbiyyatında ən əxlaqlı şair kimdi?


- Məişət səviyyəsində Zakir Fəxri, cəmiyyət səviyyəsində mən özüm.


- Yuri Putinin siyasətinə münasibətiniz necədi?


- Yuri Putin son hərəkətlərinə görə çox peşimandı, görürəm də, izləyirəm, baxır ki, səhv gediş eləyib, yolun ortasında qalıb. Bu dəqiqə çaş-başdı, bilmir neyləsin, vırnıxır!


- Tutaq ki, Obama, siz, bir də Putin otursaydınız bir masa arxasında, onlara nə deyərdiniz?


- Obamaya deyərdim, yekə adamsan, öz mənafeyin uğrunda camaatı qurban vermə, ayıbdı, Ukraynanı dağıtma, yazıqdılar. Putinə də deyərdim, Rusiya baxmayaraq ki, çoxmillətli ölkədi, ancaq, demokratiya olsa Rusiya parçalanmaz, diktatorluq eləmə!


- Bir sözlə, danlayardınız!


- Yox, danlamazdım, onlar da özlərinə görə böyük adamlardı, prosta tənbeh edərdim.


- Bakıda eviniz var?


- Bakıda evim yoxdu, amma, qaçqın kimi yerləşmişik. Mən heç vaxt evsizlikdən gileylənməmişəm. Nə televiziyada, nə radioda, nə mətbuatda. Bilirəm, haçansa ev verəcəklər.


- Elçin Əfəndiyev ev versə qəbul edərsiniz?


- Təmənnasız versə, götürərəm, amma, onların dediyini eləməyimi istəsə, götürmərəm. Məni tanıyanlar, yaradıcılığımı izləyənlər bilir ki, mən heç vaxt satılmamışam, öz yaradıcılığıma xəyanət eləməmişəm.

- Özünüzü hansı ədəbi nəslə aid edirsiniz?


- Mən AYO-nu yaradan 5 nəfərdən biri olmuşam. Rafiq Tağı, Rasim Qaraca, Həmid Herisçi, Azad Yaşar, Murad Köhnəqala.


- Yenə beş nəfər tamam oldu, siz qıraqda qalırsız.


- Onda Rasimi də burdan çıxaq (dirəşir). Nərmin Kamal da məndən sonra gəlib. Amma AYO mənim qədrimi bilmədi (gülümsəyir).



- Ədəbi cameədə ən azad hərəkəti kimdə görmüsüz?


- Murad Köhnəqalada. “Domsovet”in (Hökümət evini nəzərdə tutur - Ş.G.) böyüründə soyundu, bircə şortiklə getdi araq almağa... Bir dəfə də uşaqların yanında soyundu, hamı gözünü yumdu. Özündən deyən uşaqlar - Zahir, Seymur hamısı gözlərini yumdu (bərkdən gülür).


- Sonra?


- Metroda bel bankası satmışam.


- Fəlsəfə kitabı yazmaq istəyirsiz?


- Yazıram. Hamıya protiv – Hegelə, Feyerbaxa, Nitşeyə, hamısına. Oxuyub baxıram ki, bunlar nə qədər primitivdi. Bunlar necə yaşayıblar bilmirəm.


- Neçə kitabınız çıxıb?


- 9 unikal kitabım. 6 şeir, 3 publisistik.


- Kitablardan nə qədər pul qazanmısız?


- Çoox, bir kitabdan 7-8 min.



- Xomeyni, yoxsa manat?


- Manat e manat (hirslənmək istəyir). Mən sizin kimi kitab dükanlarına vermirəm e, paylayıb şirinlik alıram (gülümsünür).


- Çox sağ olun ki, dəvətimi qəbul edib gəldiniz. Son olaraq nə deyərdiniz, oxucularınıza hansı mesajı vermək istəyirsiniz?


- Mənim sənə böyük hörmətim var, çox sağ ol müsahibəyə görə. Kənan Hacının müsahibəsindən səs-küylü olacaq bu müsahibə. Məncə partlayış olacaq (sevincək gülümsünür). Oxucular da izləsinlər. Yaxın günlərdə şok açıqlama verəcəm, eksklüziv. Yeni unikal şeir kitabım çapa hazırlanır, onu da ilk sənə verəcəm. Sırf postmodern şeirlərim toplanıb.


- Bir daha çox sağ olun, ustad.


- Sən sağ ol dəvət üçün, istəyirsən gedək sənə eksklüziv bir çay alım?


- Yox, sağ olun, indicə postmodern qatıq içmişəm...


- ... (ürəkdən gülümsəyir)

# 9294 dəfə oxunub

Müəllifin son yazıları

# # #