Sabahlar gözləyənə, qapılar döyənə açılar... – Şəhriyardan Yeni Şeirlər

Sabahlar gözləyənə, qapılar döyənə açılar... – <span style="color:red;">Şəhriyardan Yeni Şeirlər
30 aprel 2018
# 17:42

Sonuncu Yeni - Şəhriyar del Gerani

XX yüzil Azərbaycan poeziyasında dövrləşdirmənin ədəbi-estetik mahiyyətini nəzərə almayanlar sosrealizmin vahid dəyirmanında üyüdülən ədəbiyyatımızın dünya ədəbi-estetik uyğarlığına çıxış nöqtəsini də qapadılar. Qapanmasaydı, ədəbi dialektika nəsildən-nəsilə radikal nihilizmlə deyil, öz təbii axarı ilə ötürülsəydi son yüz ildə ən fərqli aşamalardan keçən Azərbaycan poeziyasının siması şübhəsiz ki, indikindən xeyli fərqli olardı. Poeziyadakı qütbləşmələr mənəvi və ideoloji deyil, estetik dəyərlərlə ölçülsəydi, o zaman, "Dənizə atılmış balıq şəkilləri"nin şairi, təbii ki, "göylərə baxıram qapısı bağlı" deyən şairin yoluna təzim etməməkdə haqlı olardı. Məhz belə oldu ki, Orxan Vəlinin Əhməd Haşimə qarşı çıxmasıyla türk poeziyası modern dünya şeirinin mərkəzində qərarlaşa bildi. Orxan Vəli Haşimin "Göllerde bu dem bir kamış olsam!" deyə dilə gətirdiyi "bir günün sonundakı arzu"suna "Eskiler alıyorum"da ironiya qarışıq bir göndərmə edib, "bir de rakı şişesinde balık olsam" deməklə dünya dağılmadı ki. Amma tezis antitezisi doğurdu, türk poeziyası ifadə imkanları baxımından yeniləşdi, simvolizmdən sürrealizmə, yaxud, "Sərvəti-fünun"dan... "Qərib"ə adlaya bildi.

Quranın Fatihə, Əsr və Nas surələrinə, Lukanın və Mattanın İncilinə referenslər edərək yazdığı şeirlər Şəhriyar del Geraninin Səməd Vurğunun yaradıcılığı ilə bağlı nihilist düşüncələrinə mənəvi yöndən deyil, estetik yöndən baxmağı zəruri edir. Çünki bu şeirlər çağdaş və gənc Azərbaycan poeziyasının poetik iqlimini bütün əlvanlığıyla yansıdır. Deməzdim ki, Şəhriyar "Qərib"ə, yaxud İkinci Yeniyə doğru gedir, amma Qəribdən və İkinci Yenidən, daha çox isə İkinci Yenidən yola çıxdığı şübhəsizdir. Şeirlərini daha çox İkinci Yeni havasında yazsa da, Şəhriyar del Geraninin poetikası modern Türkiyə poeziyası ilə Azərbaycan şeiri arasında ortaq nəfəsdir. İkinci Yenidən gəlsə də, İkinci Yeninin paradiqmalarını dəyişən Şəhriyar özü yeni paradiqmalar yaradır. Cemal Süreyanın "Sayın Tanrıya kalırsa seninle yatmak günah, daha neler" misralarına qarşılıq Şəhriyar del Gerani "Azan səsinə diksinər bu şəhərdə günahlar... " deyir. "Dənizlərin uzağında gözdən itən gəmilərin... peşimalığı"ndan Allaha deyil, məhzun gözlüsünə sığınan Şəhriyar del Gerani təkcə elə bu misralarına nəzərən mübaliğəsiz deyə bilərəm ki, Orxan Vəlinin təbiriycə, "küffarın" estetik təmayüllərinə, tutaq ki, ətəkləri havada sovrulan incə, upuzun, gözəl gəmiyə və o "gəminin üzdüyü dəniz"in metafizik dərinliyinə aşina şairdir. Təkliyin üfüqlərdə görünən mirajını yaradıb, o mirajda Aləmlərin Rəbbi ilə məhzun gözlünü, yaxud Rəblə Setaranı sürreal müstəvidə eyniləşdirən, yaxud şüuraltında cərəyan edən təsəvvürləri sözə, misraya çevirə bilən Şəhriyar Yenidir.

Ən cazib olanı isə bu: "Setara" və "Mənim ixlasım"ın yazarı "Kitabeyi-səngi məzar"ın və "Üvercinka"nın müəllifləri ilə eyni yaşdadır...

Azər Turan

“Ədəbiyyat qəzeti”

Mənim ixlasım

Əlhəmdu lillahi rəbbil aləmin

dənizlərin uzağında gözdən itən gəmilərin

günəşlərin, küləklərin, bihudə keçən günlərin

peşimanlığından sığındım sənə.

Dalğalar da sahilə danışar sirrini dənizlərin

yosunlar necə rəqs edər balıqların nəğməsinə...

İhdinəs-sirat əl müstəqim

Yanlışım yox, məhzun gözlüm,

mən hərdaim səni sevdim.

And olsun yeddi səmaya

yeddi rəngə

yeddi yerə

getdi ömür birdən-birə

birdən otuza, otuzdan əlliyə

bölündü aylara, günlərə, təqvimlərə

bölündü qayğılara, havaya, suya və sairəyə...

İyyəkə nə budu və iyyəkən əstəin...

Bax, necə də tələsirsən yanımdan getməyə

gözümdən itməyə.

Bilirəm, əvvəl-axır unutmalısan məni

unutmalısan bu oyuncaq ev-eşiyi

qollarımdan getməlisən əvvəlcə

atmalısan bu beşiyi.

Böyüməlisən, tərk etməlisən hamını.

Mən də çıxmalıyam axı burdan əvvəl-axır,

daha qorxum da yox adamlardan.

Məni öldürmək üçün bu quyuya atanlar

qorudular canavarlardan.

İnnəl insanə ləfi xusr...

Mən səni bir yol qazandım, hər gün itirdim

mən özümü səndə gördüm, səndən sevdim

mən özümü səndə tanıdım, səndə tapdım

qorxuram bir gün olmasan

dostlarım, doğmalarım

nə atam, nə bacılarım

heç kimsə məni xatırlamasın.

...Əlləzi yuvasvisu fi sudurinnas

Setara...

Sabahlar gözləyənə,

qapılar döyənə açılar.

Arzular istəyənə,

itənlər axtarana tapılar.

Balıqlar dənizlərin,

quşlar göylərin,

atlar da çöllərin duasıdı.

Gəlmiş isə ömrünə

bir qadın könlüyalın,

göz yaşı sevginin sərmayəsidi.

Xatirələr səfində

muhtemelen

səadətli günü vardır

yetimçə bir tifilin də.

Bu gecənin qəfilində

səni düşündüm, Setara...

Evinizin qarşısında

pəncərinizin altında dayandım və ağladım.

Demək ki,

bir kişi

evinizin qarşısında, pəncərənizin altında

dayanarmış və ağlaya bilər imiş.

Günlər böylə keçər imiş, Setara,

nə fərq edər

ya bir qadın bədənində, ya bir kişi bədənində?

Bir də gördün ömür dar gəlir əyninə...

Çiçəklərin açışını

çayların axışını,

buludların yağışını sən dəyişdin, ya Rəbb.

Ömür uzandı-uzandı,

bacım yuxuyozandı.

Bu sevgili gecə içrə

qarğa səsi də azandı, ya Rəbb.

Görəsən çəkdirdiyim

bunca əzablar içində

getmək həvəsim də nəydi?

Sənə bir etiraf borcum qaldı, Setara:

Günahlarımı güllə kimi sıxdım ömrümə,

məndən başqa hamıya dəydi.

Yollar uzandı-uzandı,

bacım yuxuyozandı.

məni özümdən qoru, ya Rəbb.

# 2546 dəfə oxunub

Müəllifin son yazıları

# # #