Bacımın qorxunc VatsApp zəngi

Bacımın qorxunc VatsApp zəngi
30 aprel 2019
# 11:33

Kulis.az Səhər Əhmədin “Düzünü de, mənə nəsə olub?” yazısını təqdim edir.

Zəng gələndə mən dərin bir yuxunun içində naməlum bir obyektlə (əzrayıl da ola bilərdi) ölüm-dirim savaşındaydım. VatsApp zəngi məni lap vaxtında xilas elədi.

Yerimdən dik atılıb həyatla yuxu arasında telefonu əlimə aldım. Ekranda zəng edən adamın şəkli görünürdü, qəribəsi də o idi ki, şəkildəki mən idim, özüm öz üzümə baxıb qıcıq bir təbəssümlə gülülümsəyirdim.

Lənət şeytana, gözlərimi silib ada baxdım, məni şəklimin altında “bacı”yazılmışdı.

Bu müddət ərzində bir az da ayıldım və anladım ki, özüm-özümə zəng eləmirəm, sadəcə olaraq, bacım VatsApp profilinə mənim şəklimi qoyub. Bu, məni rahatlatmaq əvəzinə bir az da çaşdırdı.

Zəng çalmaqda olsun, bu yerdə mən zəruri bir haşiyəyə çıxıb, bəzi şeylər deyim.

Bacım ailəmizin ən diqqətlisidir. Uşaqlıqdan hamının doğum gününü məndən də, qardaşlarımdan da tez xatırlayırdı. Sonra bura toy, nişan günləri əlavə olundu, daha sonra ölüm ildönümləri. Əvvəllər zəng edib xatırladırdı, “bax bu gün filankəsin filan günüdür ha, zəng eləməyi unutma”. Bəzən gün boyu bu xəbərdarlığı da unudurdum. VatsApp zühur edəndən sonra zəngə ehtiyac qalmayıb. Sabah kimin ad günü, toy günü, ölüm günüdürsə, gecədən şəkli onun profilindədir, mən artıq şəkilləri görən kimi məsələni anlamaq mərhələsinə qədər inkişaf eləmişəm.

Ona görə də, indi qorxulu yuxudan hövlnak oyanmış yazıq canım ekranda öz şəklimi görəndə bir az da diksindi. Doğrudanmı, mənim ad günüm idi? Yox, başımı silkələyib düşündüm, “mənim ad günüm, deyəsən axı, gələn ay olmalıdı. Bəs onda nə olub, bəlkə heç bayaq gördüyüm də yuxu deyildi, bəlkə, ölmüşəm, üçüm, yeddim-zaddı, xəbərim yoxdu?”

Ozan dili yüyrək olar, axır ki barmağımı telefonun ekranında sürüşdürüb zəngi cavabladım.

- Düzünü de, mənə nəsə olub?

- Ha, ha! Heç nə olmayıb, qorxma, bayaq zəng eləmişdim, bir az başın ağrıyırdı, dərsdən gəlmişdin, yatmağa hazırlaşırdın...

- Dəqiq?

- Hə, vallah, heç təzyiqin də yox idi, sadəcə yorğun idin.

- Bəs onda bu şoğərib şəklimi niyə profil eləmisən?

- Heç, o gün statusa şeirini qoymuşdum, şəklini də profilə qoydum.

- Bu, müsbət şeydi, deməli, xüsusi gün olmayanda da belə şey mümkündür?

- Hə, bu şəkildə xoşuma gəlirsən, elə bil bacımsan...

- Allah ikisini də öldürsün, bacını da, Hitleri də, ürəyim düşdü.

- Üç gündü o şəkil ordadı e, ablacım, deməli, ölsən, özün üç gün sonra xəbər tutarsan.

- Neyniyim e, məni də allah belə yaradıb də, sənin qohumlarının günlərini yadımda saxlamaq zorundayam?

- O birilər heç, bircə bacım var, onunla işin olmasın.

- VatsApp camiəsində nə xəbər? Qohumlar neyniyir? Kim əriylə dalaşıb, kim baldızına söz soxub, kim sevgilisinə yanıq verir?

- Vallah, sənə qıymaram e, uzun söhbətdir, gərək sazla deyəm.

- Səxavətini görürəm, xan.

- Dedim, görüm, başının ağrısı kəsibmi də...

- Yatmağa qoysaydın, kəsəckdi.

- Sənin əlində nə çətin işdi ki, indi gedib hər şeyə qaldığın yerdən davam edəcəksən. Reklamlar bitdi, seyrə davam.

Yuxumda gördüyüm naməlum obyekti xatırlayıb diksindim:

- İstəməz, heç davam eləməli yuxu deyildi, həyatdan da bərbad idi, yaxşı ki, oyatdın.

Bacıma verdiyim son cavaba, hətta naməlum obyektin məni yuxuda gözləmək ehtimalına rəğmən, sağollaşan kimi telefonu kənara atıb təzədən yerimə girdim. Yatmaq istəyirdim. Bacım düz deyirdi, mənim hər çıqqıltıya yuxudan oyandığım kimi, başımı yastığa qoyan an yuxuya getmək, bəzən də yarımçıq qalan yuxumu davam etmək kimi bir özəlliyim vardı. Və bu mənim həm real, həm də virtual həyata qarşı ən yaxşı zirehim idi.

# 3582 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #