Dərnəgüldəki tələbə qızın İstanbul sorağı

Dərnəgüldəki tələbə qızın İstanbul sorağı
17 dekabr 2012
# 10:24

Günəşli, gözəl bir hava vardı İstanbulda o gün.

Boğaz mənzərəsini seyr edə-edə ürəyimdə qəribə bir duyğunun baş qaldırdığını hiss edirdim. Zamanla, məkanla əlaqəsi yoxdu. 90-cı illərin Bakısını xatırlayırdım, “Nizami” metrosunun yaxınlığındakı kirayə qaldığım evdən Dərnəgüldəki tələbə yataqxanasına qonaq getdiyim günləri.

Yenə həmin o rəfiqəmgilə, o vaxt tələbə yataqxanasında yaşayan qızlardan birinə qonaq gedirdim. Sabah başqa şəhərə uçmalıydım. Qos-qoca şəhərdə cəmi bircə günlük zamanım vardı. Rəfiqəmgilə getmək üçün bu vaxtın yarısını yollara xərcləməliydim. Asiya yakasının bir ucundan Avropa yakasının o biri ucuna uzun bir yolçuluq gözləyirdi məni; gəmiylə, avtobusla, taksiylə.

Amma nə boğazın suları gözümə durmuşdu, nə İstanbulun tıxaclı yolları. Sabah yenidən Asiya yakasına dönmək təlaşı da əngəl ola bilmirdi mənə, uçağı qaçırmaq qorxusu da, İstanbulu rahat-rahat gəzmək istəyi də.

Darıxmışdım rəfiqəmçün, ən çox da onun hüzurverici, yumşaq, cocuqsu təbəssümüyçün. Bəlkə illər qocaltmışdı bu təbəssümü, bəlkə İstanbulun “sosyete” həyatı silib aparmışdı. Bilmirdim.

O vaxt biz-kirayədə yaşayan tələbələr dostlarımızın qaldığı yataqxanaya “ata evi” kimi baxardıq. Dara düşəndə, pulumuz qurtaranda, canımız sıxılanda, ya da elə-belə kefimiz istəyəndə durub cumardıq ora. Ağdam qaçqınlarının məskunlaşdığı otaqların əhatə etdiyi tək-tük tələbə qapılarını qəribə bir ərklə döyərdik.

Bilirdik ki, bu qapıların arxasında bizə verəcək heç nəyi olmasa da üzümüzə dünyanı verəcək kimi gülümsəyən adamlar yaşayır. Bax mən həmin səhnə üçün darıxmışdım.

Taksidən düşəndə qarşıdakı xiyabana bənzəyən qoşa küçənin o biri üzündə gördüm onu. Yanılmamışdım, rəfiqəm üzündəki həmin təbəssümlə qarşıladı məni. Sanki illər keçməmişdi, sanki yenə “Sovetski”dən Dərnəgülə qonaq getmişdim. Bir-birimizə tərəf gəlib iki küçənin arasında qucaqlaşdıq.

Sonra binaya daxil olanda, liftlə qalxanda eləcə süzdük bir-birimizi. Saçlarının rəngini, geyim tərzini dəyişmişdi bir az, illərin küləyi çöhrəsində yüngül bir iz qoymuşdu, bir dostumun təbirincə desək, “üzündə gözəllik qaymaqlamışdı”, amma təbəssümü həminkiydi. Heç dəyişməmişdi. Bir də Anadolu türkcəsinə qarışmış şirin Qarabağ ləhcəsi.

İndi bizim bir-birimizə verə biləcəyimiz çox şey vardı. Amma bu izdihamlı şəhərdə mənim ərklə döyəcək bir qapıya, bir dost qarşılamasına ehtiyacım vardı, onun da bir dost gəlişınə.

Yola çıxmadan zəng edib “Bakıdan nə istəyirsən?”-deyə soruşmuşdum ondan. “ Heç nə istəmirəm”,- demişdi, “özün gəl”. İndi də mən onu yersiz ev sahibi təlaşına düşməyə qoymadım, “Heç nə istəmirəm”, -dedim “yanımda otur”.

Beləcə rəfiqəmin yaraşıqlı evində oturub tələbə yataqxanamızın 403 nömrəli otağını xatırlamağa başladıq: Divar kağızlarının rəngini, divardakı rəsmi, küncdəki kitab rəfini, balkondakı turşu balonlarını. Cəbrayıldan, Xocalıdan, Göyçaydan olan qızları.

Cəbrayıldan olan qız indi Moskvada yaşayır, Tərtərdən olan İstanbulda, Xocalıdan olan Bakıda. Bu illər ərzində İstanbulda yaşayan bir dəfə Moskvaya qonaq gedib, Bakıda yaşayan bir dəfə İstanbula, Göyçayda yaşayan iki dəfə Bakıya.

Beləcə bizim bir vaxtlar dar tələbə otağına sığan keçmişimiz indi parçalanıb müxtəlif şəhərlərə dağılıb; bir az Bakıya, bir az İstanbula, bir az Moskvaya, Bakıya , Göyçaya, Goranboya...

İndi rəfiqəmlə həmin o parçaları birləşdirmək, bir günlük keçmişə səyahət etmək istəyirdik. Vaxt azdı, bu sözü qoyub o birinə keçirdik, dünyasını dəyişmiş müəllimlərdən, sağ olanlardan, yataqxanadakı Ağdam qaçqınlarından, tindəki avtobus dayanacağından.

Bax beləcə yuxu kimi keçdi o gün. Bu yuxudan ayılanda yollarımız bir daha ayrıldı, hərəmiz öz həyatımıza qayıtdıq yenidən. Bu yuxudan ayılanda o məşhur mahnıdakı kimi oldu hər şey:

Yenə tapılmadı, payız gəlincə,

O keçən günlərin itmiş açarı.

Mənim təəssüratlarım bir az Boğazın sularında itdi geri dönərkən, bir az İstanbulun qarışıq yollarında, bir az gedəcəyim şəhərdəki hava durumundan dolayı uçağın gecikmə xəbərində.

Daha sonra dumanlı bir Kayseri səhəri, ilıq bir Nevşehir günortası, qədim Roma mədəniyyətinin izlərini yaşadan əsrarəngiz Kapadokya. Tədbir hazırlıqları, yeni tanışlıqlar, ədəbiyyat söhbətləri.

Amma Bakıya qayıdarkən beynimdəki ən aydın tablo İstanbuldakı o gün, bu tablonun ən gözəl rəngi isə Hədiyyənin təbəssümü idi. Çünki o təbəssüm mənim gəncliyimin bir parçasıydı. Çünki hələ də düşünürdüm ki:

Xoşbəxt qaldı yadımızda

Gözəl günlərin dostları...

# 2894 dəfə oxunub

Müəllifin son yazıları

# # #