Azan səsləri kilsə zənglərinə qarışır – Səhər Əhməddən yeni şeirlər

Azan səsləri kilsə zənglərinə qarışır – Səhər Əhməddən yeni şeirlər
31 may 2020
# 14:40

Kulis.az Səhər Əhmədin yeni şeirlərini təqdim edir.

Sənə ən doğma adam da
Özgədi, canım-gözüm.
Uzağı səni göstərən
Güzgüdü, canım-gözüm.

Bu güzgüdə özünə bax,
Özünü sev bir daha.
Gücün qalmayıbsa artıq
Kimsəni uydurmağa.

Başını yorma ki niyə
Belədi ömrün-günün.
Bu yazını yazan, bəlkə
Dəlidi, ömrüm-günüm.

Yenidən dünyaya gəlsən,
Taleyini zorlama.
Bir daha alın yazını
Oxumadan qollama...

***

Hava qaralır yenə,
Səbrim daralır yenə,
Elə uzaqdasan ki
Əllərim çatmaz sənə.

Bu gecə sənə inad
Sabaha sağ çıxmaram.
Sonra da mesaj gələr:
"Darıxma". Darıxmaram.

Elə uzaqdasan ki,
Yolumdan da o yanda.
Qapımda pusqu qurmuş
Ölümdən də o yanda.

Sabaha bel bağlama,
Gözləmə, gəlməyəcəm.
"Səhərə qədər", demə
Səhər mən olmayacam.

Tez-tez pozulur sükut,
Qulağıma səs gəlir,
Hərdən azan səsləri,
Hərdən kilsə zəngləri.

İndi sənə son sözüm
Kirpiyimdə son damla.
Göz yaşını mesajla
Göndərməz telefonlar...

Yenə dar axşamçağı,
Yenə həmin dar cahan.
Hardasa bir can sönür,
Bir ruh uçur hardasa.
Divara kölgə qonur.
Üşənirəm. Hardasan?

# 3124 dəfə oxunub

Müəllifin son yazıları

# # #