Sarğıları dəyişmək vaxtı

Sarğıları dəyişmək vaxtı
20 yanvar 2014
# 09:00

Başımda müxtəlif fikirlərlə metrodan çıxıram. Nəzərlərim vitrindən asılmış çantaların, geyimlərin üstündən adlaya-adlaya gəlib 20 yanvar şəhidlərinin siyahısı yazılmış o çərçivəyə sataşır. Hər dəfə ilk kəs görürmüş kimi diksinirəm, düşüncələr sapı qırılmış mirvari kimi dağılır.

Sonra yavaş-yavaş fikrimi toplayıb yoluma və düşüncələrimə davam edirəm. Nəzərlərim yenidən vitrindəki çantaların, geyimlərin üzərində gəzdikcə buranın “20 yanvar” stansiyası olduğunu unutmağa çalışıram.

Bir dəfə bir tanışım həmin lövhənin yanından keçəndə siyahıya işarə edib dedi:

- Axırdan üçüncü mənim qrup yoldaşımdı.

Hə, deməli, o lövhə təkcə ümumi kədər ifadəsi deyil, kiməsə kimdənsə bir köynək daha yaxındı.

“Şamaxenka” deyilən yerdə bir şirniyyat dükanı var, üstünə xatirə lövhəsi vurulub: “Burada 20 yanvar şəhidi yaşamışdır”. O mağaza əvvəllər evmi olub, yoxsa arxadakı binalar, ya bütövlükdə küçəmi nəzərdə tutulur, bilmirəm. Bildiyim odu ki, biz şəhidin xatirə lövhəsi vurulmuş mağazadan tort alıb evimizə aparacaq qədər optimist xalqıq.

Yəqin, yadınızdadı, o vaxt 20 yanvar şəhidlərinin dəfn mərasimində əlində atasının qara çərçivəli şəklini tutmuş bir uşaq şəkli yayılmışdı. İyirmi il sonra həmin oğlanın yeni şəklini paylaşdılar, yenə 20 yanvar, yenə Şəhidlər Xiyabanı, yenə əlində atasının həmin şəkli. Amma oğlanın gəncliyi uşaqlığından qat-qat kədərli görünürdü. Hiss olunurdu ki, onunçün hər şey hələ təptəzədi. Şübhəsiz ki, illər bu oğlana atasızlığın nə olduğunu anlatmışdı. Heç bir səbəb, heç bir təsəlli itirilmiş səadətin əvəzi deyil.

“Zaman məlhəm deyil, qardaş, zaman ancaq sarğıdı”,- deyir Salam Sarvan. Hərdən isə sarğıları dəyişmək lazımdı. İldə bir dəfə olsa da.

# 2235 dəfə oxunub

Müəllifin son yazıları

# # #