Son vaxtlar Suriyada ölən Azərbaycan döyüşçülərinin şəkillərinə diqqətlə baxıram. Qəribə, qorxunc görkəmlərinə, qana bulaşmış hərbi geyimlərinə. Etiraf etmək nə qədər çətin də olsa, yad ölkədə, mənasız bir ideya uğrunda ölən, öldürən bu gənclər bizim balalarımızdı. Onlar bizim aramızda yetişib, bizim ailələrdə böyüyüb, bizim məktəblərdə oxuyublar.
Əksəriyyəti nəzərimizi cəlb edəcək qədər avara, çətin tərbiyə olunan tiplər də olmayıb. Axı o tiplərin “beynini yumaq” mümkün deyil, heç vaxt heç nə uğrunda canlarından keçməzlər.
Amma bu saqqallı, qorxunc görkəmli insanların əksəriyyəti vaxtilə sakit, çəkingən, içinə qapanmış, sevgiyə, diqqətə möhtac uşaqlar olub. “Beyni yuyulacaq” qədər sadəlövh, ölümə gedəcək qədər fədakar. Biz o uşaqlardan humanist insan, yaxşı vətənpərvər yarada bilməmişik, əvəzində isə kimsə onlardan bığlı-saqqallı qatil yaradıb.
Beş-altı ilin söhbətidi, onuncu sinifdə oxuyan Ağa adlı bir şagirdim vardı. Çox çalışqan, ağıllı, məntiqli uşaqdı. Bir dəfə tənəffüsdə yoldaşlarına ərəb əlifbası öyrətdiyini gördüm, yanıma çağırıb sorğu-sual elədim, bu əlifbanı haradan nə məqsədlə öyrəndiyini xəbər aldım. Cavab verdi ki, öz şəxsi marağıdı, gələcəkdə şərqşünas olmaq istəyir.
Bu söhbəti unutmağa hazırlaşırdım ki, bir gün yenə Ağa ilə uşaqlar arasında nəsə bir “məscid”, “mədrəsə” söhbətinin getdiyini eşitdim. Bu dəfə uşağın anasına zəng elədim, nədən və niyə narahat olduğumu bildirdim. Anası etiraf elədi ki, Ağa həqiqətən, mədrəsəyə gedir, atası dindar adamdı, belə şeylər xoşuna gəlir, amma oğlunun məktəbdən yayınmasına izn verməz.
Bu telefon danışığının səhəri həmin sinifdə dərsimiz Nəsiminin həyat və yaradıcılığıydı. Klassik ədəbiyyatı çox sevən Ağa nədənsə narazı kimiydi, sadəcə, mənə olan hörmətindən heç bir etiraz bildirmirdi. Amma hiss edirdim ki, onun içində Nəsimiyə qarşı nəsə izaholunmaz bir kin var.
Hər dəfə otağa girəndə Ağanın sinif yoldaşlarından kənarda fikirli-fikirli var-gəl etdiyini görürdüm. Get-gedə əruz vəznli şeirlərin qiraətində qəribə “ərəb boğazı” hiss eləyirdim. Faktlar sanki mənim acığıma bir-birini tamamlayırdı. Telefonda dini mahnıya qulaq asdığını müşahidə etdiyim də olurdu, mücahidlərin şəkillərinə heyranlıqla tamaşa etməsini gördüyüm də.
Axundovu keçəndə artıq əməlli-başlı etiraz etməyə başladı, bu dəfə içindəki kini mənə olan hörməti də azalda bilmirdi. Sevimli şagirdim mənə qarşıydı, aramızda bizi bir-birimizə qarşı qoyan üçüncü qüvvə dayanmışdı. Bu qüvvə nəydi, bütün bunlara necə nail olmuşdu, bilmirdim.
İkinci dəfə anasına zəng elədim, qadın yenə həmin havanı çaldı. Bu dəfə özümü inandırmağa çalışmadım, amma susdum, daha bu qadına heç nə deməməyi qərara aldım.
Aradan xeyli keçdi. Mənim şübhələrim artdıqca hadisələr yüksələn xətt üzrə inkişaf edirdi. Ağa dərsdən soyumuşdu, məktəbə az-az gəlirdi. Bir dəfə ayağa qaldırıb sual verdim. Bilmədi. Cavabı izah etməyə başladım, qarşımda başını aşağı salıb dayanmışdı. Düşündüm ki, yəqin, cavabı bilmədiyinə görə utanır. Mənə diqqətlə qulaq asmasını, başını qaldırıb üzümə baxmasını tələb etdim. Mən təkid etdikcə o, başını bir az da aşağı saldı. Düzü, bir məna verə bilmədim.
Dərs qurtaranda qızlar yanıma gəldi.
“Müəllimə, Ağa bizimlə də danışanda üzümüzə baxmır, elə xətrimizə dəyir ki, əvvəl belə deyildi axı”.
Səbəbini soruşanda qızlar bir-birinə aman vermədən civildəşdilər: “Biz də əvvəl səbəbini bilmirdik, Ağa oğlanlara deyib ki, qızların üzünə baxmaq düzgün deyil, naməhrəmdilər”.
Necə hirsləndimsə, telefonu qapıb Ağanın anasının nömrəsini yığmağım bir an çəkdi. Bu dəfə qadınla sərt danışacaqdım. Amma danışa bilmədim, qadın mənim səsimi eşidən kimi hönkürüb ağlamağa başladı: “Ay müəllimə, oğlum əlimdən gedir, mənə nə istəsəz deyə bilərsiz, haqqınız var...”
Qadını güclə sakitləşdirdim. Sonra öyrəndim ki, son vaxtlar artıq uşaq təkcə özünün yox, ailəsinin də gününü qara eləyib. Atasına təsir edib (“Sən necə dindarsan arvadın, qızın üzüaçıq gəzir?”) Anasının və kiçik bacısının zorla başını örtdürüb. Evə qonaq çağırmağa icazə vermir, evdən bayıra çıxmır, nəslin ən yaxın qadınlarıyla belə əl tutub görüşmür, dərs oxumağın daşını biryolluq atıb.
Qadın ağladıqca mənim yadıma köhnə bir film qəhrəmanının sözləri düşürdü: “Ay camaat, zalımlar oğullarımızı əlimizdən alırlar”. Ağanı təkcə anasının yox, həm də mənim əlimdən almışdılar.
O zaman mən bu “körpələr”in beynini cürbəcür cəfəngiyatla dolduranların nəsə pis məqsədləri olduğunu hiss edirdim, amma bunun bu qədər tez, belə dəhşətli şəkildə üzə çıxacağını gözləmirdim. Budur, beş-altı il əvvəl əlimizdən alınan həmin çocuqlar indi üstümüzə qatil cəsədi kimi qayıdırlar.
Sözüm sizədi, əziz ata-analar, öz övladlarınıza vaxt ayırın, nə istədiklərinə fikir verin. Xüsusən, keçid dövrlərində. Onlara azadlıq, pul, şərait vermək hələ hər şey demək deyil, onların daha çox diqqətə ehtiyacı var. Övladlarınızı sıxma-boğmaya salmayın, amma vaxtından qabaq sərbəstlik də verməyin. Qoyun öz ayaqları üstdə dayansınlar, öz yoluyla getsinlər, amma arxalarıyca baxın, düz yol tutduqlarına əmin olana qədər.
Quşlar belə öz yavrularına uçmaq öyrədir.
Qanadları bərkiyənəcən arxasıyca baxır.
Sonrakı peşmançılıq fayda verməyəcək.
Bizdən demək.