Oyna, gülüm, oyna

Oyna, gülüm, oyna
2 mart 2020
# 10:37

Neçə gündü bir müəllimənin boş sinif otağında rəqs eləməsi gündəmi başına götürüb. “Vaveyla, namus əldən getdi!” ədasıyla özünü ortalığa atanlar absurd iddialar irəli sürür. Müxtəlif “ağırlaşdırıcı hallar”, yəni. Sən demə, Gülsüm müəllimə hətta arada çay da içibmiş. Rəqs havasının adı müəllim adına yaraşmırmış. Divardan isə Xocalıya aid plakat asılıbmış.

Xocalı plakatı bizim həyatımızın tam ortasında asılıb. Bu məntiqlə gərək hamımız oynamaqdan imtina edək, özü də həmişəlik.

Siz axı hardan biləsiz ki, cansıxıcı bir sinif otağında oturub saatlarla yeknəsəq testləri yoxlamaq nə deməkdi? Hardan biləsiz ki, insan beyninin vəzifəsi təkcə düşünmək deyil, orqanizmi qorumaqdı və bu məqsədlə bizə müxtəlif durumlarda müxtəlif komandalar verir. Stressə düşəndə gülmək, yorulanda oynamaq kimi.

Görüntünün olası içeriği: 1 kişi, gözlük

Bunları bilməyə bilərsiniz, amma hardansa bilməlisiniz ki, rəqs eləmək kiminsə tənhalığını qapı deşiyindən güdmək, həyatının sərhədlərini pozmaq qədər eyib deyil .

Hardansa bilməlisiniz ki, artıq iyirmi birinci əsrdir, qapı pusmaq zamanı çoxdan keçib və internetdən, sosial-şəbəkələrdən, videolardan təyinatı üzrə istifadə etməyi öyrənmək vaxtıdır.

İnsan hansı ruh halında olmalıdır ki, əlində daş dayanıb kiminsə büdrəməyini gözləsin, bir insanı, xüsusilə də, qadını yaralamaqdan zövq alsın?!

Bəlkə, yaralıları ovlamaq daha asandı, ona görə?!

Siz müəllimləri “hörmət” adıyla rüşvətə öyrədib ələbaxan etməyi sevirsiniz, buna görə nə özünüzü, nə onları qınayırsınız, amma rəqs etdiyinə görə asanlıqla hoydu-hoyduya götürə bilirsiniz. Sizin üçün iki rəng var, ağ və qara, siz əlvan rənglərə korsuz, çünki.

Buyurun, davam edin, yoldaş vampirlər, doyanda deyərsiniz...

Siz isə, oynayın, Gülsüm müəllimə, qoy ağlaşmalı xəbərlərdən hərdən musiqi səsi də gəlsin.

Qoy hərdən gündəmimizin adı “Oyna, gülüm, oyna” olsun...

# 7508 dəfə oxunub

Müəllifin son yazıları

# # #