Ömür bitmiş fikir deyil

Ömür bitmiş fikir deyil
18 mart 2013
# 11:09

Necə xoşbəxt görünür hər kəs öz tələsində.

***

Öldürmək də ölmək qədər asanmış, yaşatmaq da yaşamaq kimi çətin.

***

Gerçəkliklə romantika arasından sərhədlər götürülsə aydın olar ki, əsl gerçək – ən dərində hiss etdiyindi, ən asan yaşadığın yox.

***

… Heç bir ömür bitmiş fikir deyil, onsuz da, çünki heç bir fikir bitmir, əslində.

***

Bu dünyada ölümlər belə təkrardı, ölümlərin belə surəti çıxarılmış.

***

Bizə zamanı tanıtmadılar, əbədiyyət barədə nağıllar yanlış.

***

Piyadalar ən yaxşı halda vəzirə çevrilər, şaha yox.

***

Gecikmiş məğlubiyyət qocalıqdakı ölüm kimidir, adamı elə də incitmir.

***

Bir ovuc Vətən torpağı satılır, bir udum qürbət havasına...

***

Bu gün biz öz tələbələrimizə “Fətəli, sən də riyakarmı olmaq istəyirsən?”-deyə bilmirik.

***

Bədbəxt bir millətin heç bir fərdi tam şəkildə xoşbəxt ola bilməz.

***

Bir dəfə gerçəkdən sevmiş adam xəstəliyə peyvənd olunmuş kimidi, o ya sevgiyə bir daha yoluxmaz, ya da çox asan keçirər.

***

“Olmaz” bizim keçdiyimiz ilk dərsdir.

***

Hər şeyə şübhə ilə yanaşmaqdansa, inanmaq yaxşı olmazdımı, ən azından inam şübhədən daha xeyirlidir.

***

O kəslər həmişə hamıdan hər şey umurlar ki, özləri heç vaxt heç kim üçün heç nə etməyiblər.

***

Kim nə qədər xoşbəxt edə bilirsə, bir o qədər xoşbəxtdir.

***

Hamı filosof ola bilməz, amma hər kəsin öz fəlsəfəsi olmalıdır.

***

O adam bədbəxtdir ki, ətrafı yalnız axmaqlardan və yaltaqlardan ibarətdir.

***

Oxuduğun kitablar bitəndə əsl həyat başlayır.

***

Tanış olmağa kimsə yox, adamların hamısı tanış.

***

Xınalı quzular və mömin qəssablar...

***

Gücünü özünə saxla, dost, həşəratlarla döyüşdə gücün nə önəmi...

***

Hər şeyi bilmək də heç nə bilməmək kimi yorucudur.

***

Əzilən tərəf olmaq xoş deyil, əzən tərəf olmaq heç xoş deyil.

***

Hər şey çox primitiv şəkildə qarışıq, çox yüksək səviyyədə sadə və aydın.

***

Dəlilərə gülüb keçən ağılsızlar...

***

Yaxşı tərbiyə almış, ağlı başında, əsəbləri qaydasında, dərsini əzbər bilən adamlar...

***

Yaşlı ağaclara da bahar gələr, amma onların ümidləri bir daha göyərməz.

***

Nə mənası, oturdun, ya ayaqda qaldın, yerin rahat oldu, ya narahat, onsuz da gec-tez düşəcək və hər şeyi unudacaqsan.

***

Yenə harasa gedir, hardansa qayıdır adamlar.

***

...Tarixin bizə verdiyi ən böyük dərs ibrət dərsidir. Kim deyər, bizim keçən dərsimiz nə olmuşdu?!

***

Qəfəsinə xoş gəldin, dost, ruhunu əynindən çıxar, qandallarını geyin.

***

Son damla göz yaşı da kirpiklərin ucundan özünü atar mənfi sonsuzluğa...

***

Yaxşı ki, hər yerdə zaman var, onunla ölməz görünür adamlar.

***

Küçə, yol qaydaları, durğu işarələri, sözlərin üstündə də vurğu işarələri.

***

Ən təhlükəli uçurum-ən yaxında olandı.

***

Yalnız ağılla yaşamaq ağılsızlıqdır.

***

Daim güclülərin yanında olmaq qəddarlıq, daim zəiflərin yanında olmaq qorxaqlıqdı.

***

Ağıl da silah kimidir, ancaq döyüşməyə yarayır.

# 2538 dəfə oxunub

Müəllifin son yazıları

# # #