Şərifin statusu

Şərifin statusu
27 yanvar 2014
# 11:43

“Mən ciddi nəsr yazmaq potensialımı Azərbaycan ədəbiyyatına göstərdim. Bunu ədəbiyyatı ciddi, amma çox ciddi bilən adamlardan soruşa bilərsiniz. Öz zövqünüzə inanırsınızsa, kitablarıma da baxmaq olar. Bəli, potensialımı göstərdim və məlum oldu ki, zülmkarlıqla idarə olunan Azərbaycan cəmiyyətinə yeni ciddi yazıçı lazım deyil. Sizin bu qədər abdal və müti olduğunuzu əla bilirlər! Mənim yaza bilmək bacarığımı və ən əsası, həmişə haqqı müdafiə etmək şakərimi heç yerdə və heç zaman mənə bağışlamadılar. Buna görə potensialımı reallaşdırmaqla bağlı ciddi problemlər yaşayıram. Etiraf edin ki, bunun üçün yaşamağa bir ev, yazmağa bir masa, yeməyə bir loxma çörək lazımdır, ən azı. Heç olmasa küsüb getməyə bir rayonun olsun gərək. Hələ kitabxana yaratmaq, çap və reklam olunmaq imkanlarını demirəm.Mənim yeganə ümid yerim sizsiniz. Siz isə mənimlə Bəxtiyar Vahabzadə davası edirsiz. Məgərsə sizinlə ehsan yeməyə də getmək olmazmış...”

Bu Şərif Ağayarın təzəlikcə Facebookda paylaşdığı statusdu. Müəllif həmişə olduğu kimi yenə də bir mətndə bir neçə problemi, yenə də Şərifsayağı- yontamadan, heç bir don geydirmədən göstərib. Əsas mövzunu-Bəxtiyar Vahabzadə ilə bağlı məsələni kənara qoysaq belə, yardımçı mövzuda sadalanan problemlər bir statusun gücü çatmayacaq qədərdir.

Əslində, burda təzə heç nə yoxdu, hamımıza məlum məsələlərdi, amma həqiqət nə qədər köhnə olur-olsun, hər zaman düşündürür və həmişə təzədi. Çox vaxt üsyana ən məlum həqiqətlər səbəb olur. “Yeməyə bir loxma çörək, yaşamağa bir ev, yazmağa bir masa” və ən kədərlisi- “ Küsüb getməyə bir rayonun olmaması”.

Müəllifi anlamağa çalışıram, əlacı öz oxucusuna üsyan etməyə qalmış, uşaq kimi incik və gileyli görünən bu orta yaşlı yazarı. Küsüb getməyə bir rayonun olmamağını təsəvvür etmək istəyirəm. Bu çıxış yolunu itirmək , ərk hüququnun yoxluğu, səadətin düşmən əlində olması deməkdi. Bundan artığını təsəvvür etməyə gücüm çatmır.

Küsüb getməyə rayonu olanların küsüb getməyə rayonu olmayanları tam anlaması mümkünsüzdü.

# 2596 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #