39 dövlətin yas tutduğu adam

39 dövlətin yas tutduğu adam
5 mart 2013
# 15:24

“O, fantastik enerjiyə, dəmir iradəyə malik, sərt, amansız bir şəxs idi və İngiltərə parlamentində tərbiyə almış mən onunla rəqabətdə heç nə edə bilmirdim”. Bunu Londonda, Lordlar palatasında çıxış edən Çörçil deyirdi...

***

“İndi pərəstiş var, ancaq şəxsiyyət yoxdur”. Naməlum müəllifindən.

Şolxov isə belə deyirdi: “Düzdür, şəxsiyyətə pərəstiş vardı, amma şəxsiyyət də vardı”.

Bunlar hamısı bu gün ölümündən 60 il keçən Stalin barədə deyilənlərdir.

Rəsmi versiyaya görə 21 Dekabr 1879-cu ildə Gürcüstanda, Qori şəhərində anadan olmuşdu. Ailənin ikinci uşağı idi.

Kasıb çəkməçinin və kəndli qızının ailəsində böyümüşdü. 11 yaşı olanda atası vəfat etdi. 1888-ci ildə onu Qoridə möhkəm nizam-intizamın hökm sürdüyü kilsəyə qoydular. 1894-cü ildə isə Tiflis seminariyasına daxil oldu.

Amma buranı bitirə bilmədi, qovuldu. Bəlkə də elə bu faktın özü sonradan balaca İosifin həyatında önəmli bir rol oynadı.

Əslində bu başqa söhbətin mövzusudur. Kilsədən çıxıb, nə vaxtsa kilsələri yıxan birisinə dönəcəyini heç ağlına belə gətirməzdi.

Stalin şəxsiyyət idi. Buna heç kim şübhə etməsin. Çox az tarixi şəxsiyyət tapmaq olar ki, düşmənləri onun barəsində müsbət danışmış olsun. Stalin o tarixi şəxsiyyətlərdəndir ki, hətta düşmənləri belə onun barəsində müsbət fikirlər söyləməyə məcbur idilər. Və onun xarizması qarşısında aciz idilər. Yenə Çörçilə qayıdaq: “Stalin Yalta konfransı keçirilən zala daxil olanda biz hamımız, sanki komanda verilmiş kimi ayağa durduq və farağat vəziyyətində dayandıq”.

Stalin tayı-bərabəri olmayan diktator idi. Hətta o qədər qorxunc bir diktator ki, 60 il əvvəl elə bu gün mühafizəçisi belə onun otağına girməyə cəsarət etmirdi: Ölü Stalindən belə qorxurdular.

Maraqlı həyat yolu olub. Təkcə elə bu faktlar nəyə deyirsən dəyər.

1905-1906-cı illərdə Qafqazda 10-dan çox bank qarət edib. Dəfələrlə həbs edilib və sürgündən qaçıb. Gürcü, rus və yunan dillərini bilirdi. Sənədlərə dərkənarları müxtəlif dillərdə qoyurdu. Necə deyərlər, “mırta”...

Şərabı və konyakı çox sevib, araqdan isə zəhləsi gedib. Rəsm çəkməyi və şeir yazmağı xoşlayıb.

Stalin partiya yoldaşlarının sədaqətini yoxlamaq üçün 3 dəfə istefa verib, amma qəbul olunmayıb. "Neçə səs verilməsi deyil, səslərin necə sayılması vacibdir" tarixi kəlamının müəllifi də odur.

Kinolarda, ədəbiyyatda seks səhnələrini sevməzdi, əsəbiləşərdi. Yorulanda rus xalq mahnıları oxuyardı. Maraqlıdı, ateist ədəbiyyatdan zəhləsi gedərdi, onu “makulatura” adlandırardı.

Stalinin ölüm günü dünyanın 39 ölkəsində milli matəm günü elan olunmuşdu.

Və...Və on minlərlə adam onun ölümünə inanmırdı, onu ölümsüz hesab edirdi.

Amma o öldü.

Düz 60 il əvvəl, martın 5-i.

# 4455 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #