Kulis.az Samirə Əşrəfin yeni yazısını təqdim edir.
Ləyaqət yaxşı xüsusiyyətdir. İstənilən mənada. İnsan özünə, ətrafındakı insanlara, qohuma, qonşuya, dosta, tanışa qarşı ləyaqətli davranmalı, onlardan da eyni cür qarşılıq gözləməlidir. Kimliyindən, peşəsindən, həyatdakı statusundan asılı olmayaraq kimdənsə, haradasa yüngülvarı ləyaqətsizlik görən kəs mütləq ya ona qarşı mübarizə aparmalı, ya da həmin insanı, yeri-yurdu tərk eləməlidir. Başqa variant yoxdur.
Son dövrlər sosial şəbəkələrin asan və əlçatan olması ağı qaraya, qaranı da ağa qarışdırıb. El dili ilə desək, insanlar ləyaqətsizliyə asanlıqla, heç nə olmamış kimi meyllənirlər. Burada pul qazanmaq, şöhrət, tanınmaq kimi səbəblər böyük rol oynayır.
Misalçün, reytinq xətrinə balaca-balaca qızlar yekə-yekə adamları, məşhur insanları verilişlərinə qonaq çağırıb zır-zır ağladırlar, güldürürlər, nə bilim daha nələr edirlər. Çəkisini, dəyərini bilən, savadı, dünyagörüşü olan adamlar bu yola getmir. Ancaq təəssüf ki, bilərəkdən və ya bilməyərəkdən gedənlər də olur. Nəticədə ortaya, həqiqətən də, ağlamalı vəziyyət çıxır. Bütün bunlar, əlbəttə, şəxsi məsələlərdir. Özləri bilər. Onsuz da, biz yazmaqdan, onlar eləməkdən yorulmur.
Dörd ildən çoxdur ki, şəhid ailələri ilə ayda iki, üç dəfə ünsiyyətdə oluram. Tez-tez Qarabağ qaziləri ilə söhbətlərimiz olur. Onların içərisində qadınlar da var. Şəhid ailələrini dinləmək, onların xanımlarının, övladlarının, valideynlərinin üzünə baxmaq çox çətindir. Əvvəllər hər belə görüşlərdən sonra pis olurdum. Bir neçə gün özümə gələ bilmirdim. Bəzən onlar sakitcə danışır, mən ağlayırdım. Bəzən mən sual verirdim, onlar ağlayırdı. Sonra evə gəlirdim, bir müddət o ailəni, o uşaqları düşünürdüm, xüsusən şəhid xanımlarının etibarlılığı, sədaqəti məni çox mütəəssir edirdi. Zaman keçdi, məndə qəribə bir immunitet yarandı. İndi onları tanıyıram, ağrılarına bələdəm, nələri soruşmaq, nələri soruşmamaq olmaz bilirəm.
Jurnalistika peşəsi isə elədir ki, jurnalistdən xəbər ardınca qaçmağı, xəbəri toplamağı, keyfiyyətli yazı tələb edir. Bu baxımdan hər bir jurnalist çalışır ki, hazırladığı materialda məlumat çoxluğu, bitkinliyi olsun. Ancaq bütün hallarda hazırlanan hər bir materialda insan varsa, müəllif də qarşısındakının insan olduğunu, insan faktorunu unutmamalıdır. Çünki biz nə ediriksə, edək insanlıq üçün, bəşəriyyət üçün, yaxşı gələcək üçün edirik. Biz qələm adamları yıxmağın yox, tikməyin tərəfdarıyıq. Bu belə olmalıdır.
İkinci Qarabağ müharibəsində üç mindən çox şəhid verdik. İnsanlar qürurlu, qələbə əzmli, vətənpərvər ruhda idi. Ancaq işğaldan azad olunmuş torpaqlarımızla yanaşı şəhidlərimiz də var idi. İnsanlar məyus idi. Hər gün qapılara əsgər cənazələri gəlirdi. Hər gün evlərə od düşürdü. Min təəssüf ki, bu ağır situasiyanın içərisindən də xal yığmaqla məşğul olanlar tapıldı. General Polad Həşimovun evinə gedib onun evinin kondisionerin dəyişmək istəyən xınabacılardan tutmuş, şəhid analarına oğlunun ad günündə üzərində şəkli olan tortu yedirtmək istəyən məmurlar tapıldı.
Əslində bir tərəfdən baxanda, bu cür adamalrda təqsir görmürəm. Ona görə ki, meydan boş olanda, oranı həmişə ot-alaq basır. Bu cür dəfn məclislərində, mərasimlərdə, ümumiyyətlə, xalqın yanında xalqın aydınları, ziyalıları, yazıçı və şairləri, söz adamalrı olmalıdır. Çünki dərd üçün sözdən gözəl dərman yoxdur, ola da bilməz. Bizim xalq öz ziyalısına həmişə hörmət edib. Birinci Qarabağ müharibəsi zamanı Xalq yazıçıs Sabir Əhmədli tez-tez cəbhə bölgələrində, səngərlərdə, əsgərlərlə görüşdə olurmuş. 91-ci il Qarabağ müharibəsinin ən kəskin dövrlərində Qazaxda panika yayırmışlar ki, ay camaat erməni gəldi qaçın. Xalq yazıçısı İsmayıl Şıxlı və o dövrün digər ziyalıları bu panikanın qarşısını almaq üçün maşınların qarısına keçib camaatı sakitləşdirməyə çalışırmışlar. İsmayıl Şıxlı isə Qazaxda icra hakimiyyətinin qarşısına bir kətil qoyub çay içməyə başlayıb. Adamlar onun arxayınlığını görüb geri qayıdıblar. Xalq artistləri Arif Babayev, Yaqub Məmmədov, Qəndab Quliyeva, Yaşar Nuri, Arif Babayev cəbhə bölgələrində mütəmadi çıxışlar edir, şəhid ailələri ilə görüşlər keçirirmişlər.
İndi isə hər şey öz dəyərini, təsir gücünü itirib. İnsan nə qədər ləyaqətsiz olmalıdır ki, şəhidin məzarı üzərində canlı yayım açıb onun anasını danışdırıb, ağlatmaqla məşğul olsun və bunu milyonlarla insan göstərməyə çalışsın.
Dəfnlərinə, yas məclislərinə bir dəstə müğənni, aktrisa gedirlər. Şəhidlərin dəfn mərasimlərinə getmək hər birimizin borcudur. Çünki bu adamlar bizim üçün, bu torpaq üçün canlarından keçiblər. Ancaq hər məclisin öz qayda qanunları var. Toyda oynayırsan, yasda ağlayırsan. Toyda şəkil çəkdirirsən, yasda isə yox. Bizdə aləm qarışıb. Müğənnilər yasa gedirlər, şəhid anası ilə şəkil çəkdirmək bir yana qalsın, telefonla canlı yayım açırlar. Bir ananın ürəyinin başını od götürüb, Bahar Lətifqızı, Mehriban Xanlarova, Zemfira İbrahimova və digərləri məzar başında şəkillər çəkdirirlər. Sonra da bunu sosial şəbəkələrdə yayırlar. Ayıbdır!
Bu ləyaqətsizlikdir! Bunun başqa adı olma bilməz! Yoxdur!
Hələ bir qadın var. Nuşabə Musayeva gah qazi toylarına gedir, gah şəhid məclislərinə yollanır. Gah həyətində ehsan süfrəsi açır. Onların hamısını da bir-bir çəkdirib sosial hesabında paylaşır. Etsin. Sağ olsun, Allah başından töksün, Allah əvəzini versin. Amma bunu bu qədər reklam etmək, bundan bu qədər izləyici yığmaq olmaz axı. Günahdı! Əgər onlar etdikləri bu hərəkətlərdə zərrə qədər də olsun təmənnasızdırlarsa, elə isə bütün bunları niyə göstərirlər, təqdim edirlər? Nədir məqsəd? Niyə istedadsızlıqlarını bu kimi məsələlərlə manipulyasiya edib camaatın gözünə kül üfürürlər? Siz heç görmüsünüz Xalq artisti Bəsti Cəfərova, Akif İslamzadə şəhid məclisinə gedib ordan canlı yayım açsın, şəkil çəkdirib paylaşsın? Etməzlər. Çünki şəxsiyyətləri, ləyaqətləri, sənətləri və özgüvənləri var.
Onlardan dərs götürün heç olmasa. Ləyaqətli, şəxsiyyətli olun. Varsa, əgər sənətinizlə məşğul olun. Yoxdursa da birtəhər girələnin.