#

Divanın altı - Samirə Əşrəfin yeni hekayəsi

Divanın altı - Samirə Əşrəfin yeni hekayəsi
14 avqust 2024
# 09:00

Kuis.az "Hekayə müzakirəsi" layihəsindən Samirə Əşrəfin "Divanın altı" adlı yeni hekayəsini təqdim edir.

Züleyxa sobada bişən sıyığın üzərinə bir qaşıq yumurta qabığının tozunu töküb qarışdırdı. O, kənd yumurtalarının qabığını atmır, yığıb saxlayırdı. Onları üyüdüb sümük boşluğu olan altı yaşlı oğlunun xörəklərinə qatırdı. Tuş qazanın dibinə dəyib danqıldayan qaşığın səsi ilə Muradın o biri otaqdan eşidilən zarıması onun əsəblərini tarıma çəkirdi:

– Ana, gəl, mənim masınımı tap, mən masınımı istəyirəm!

Anası ona hay vermədiyindən, Murad daha möhkəm ağlamağa başladı.

Son vaxtlar oğlu hər şeyin üstündə ağlayır, acıq edib yeməyini yemir, uşaq ağlı ilə anasından nəyinsə qisasını alıb, onu əsəbiləşdirirdi.
Muradın növbəti çağırışı Züleyxanı özündən çıxardı. O, əlindəki qazançanı stolun üstünə zərblə elə çırpdı ki, içərisindəki sıyıq vulkan lavası kimi əvvəlcə qazanın divarlarına yayılıb, yırğalandı. Sonra sıyığın ortasından nazik lağım açıldı, zərif buxar dikinə qalxaraq əriyib yoxa çıxdı. Sıyığın üzərindən ikiyə bölünmüş incə səth getdikcə soyuyaraq öləzidi, lətləşdi. Züleyxa Murad olan otağa girib gözünün suyu burnunun seliyinə qarışmış oğlunun üstünə cumdu.

– Nədir, nə zırıldayırsan, niyə qoymursan sənə zəhər hazırlayım?!

Muradın qorxudan gözləri böyüdü, stulun küncünə çəkilib, vahimə ilə anasına baxdı.

– Nə istəyirsən də? Bayaqdan ulamırdın "ana, ana, ana"? De də, sözünü, ay nəsli kəsilmiş.

Muraddan səs gəlmədiyini görən Züleyxa əsməyə başladı. Hiss elədi ki, yenə təngnəfəsliyi tutacaq, ya da kəkələməyə başlayacaq. Tələsik o biri otağa qaçıb, üç sarı həbi susuz udub, çarpayının ucunda oturdu. Muradı bir neçə dəfə dilucu söydü. Ürəkgetməsinin tutmasından, oğlunun qorxacağından ehtiyatlandı. Bir az keçəndən sonra yenidən Murad olan otağa qayıtdı. Murad anasını səsləmirdi, ancaq narazı-narazı ağlayıb, içini çəkirdi. Anasının isterik vəziyyəti vecinə deyildi, o istəyirdi ki, itən maşını tapılsın. Züleyxa nisbətən sakitcə oğluna yaxınlaşdı:

– Eşidirsən məni? Ay atasısifət, nədir, de sözünü.

Murad ehtiyatla anasına baxırdı. Züleyxa oğlunun hıçqırıqlarına, üz-gözündəki narazılığa əsəbiləşsə də, sakit, toxtaq danışmağa çalışdı:

– Murad, ya niyə ağladığını de, ya da mən gedirəm mətbəxə. Bir də nə qədər çağırsan, gəlməyəcəm.

– Mən atam alan masını istəyirəm, – Murad, nəhayət, dilləndi.

– Hansıdı atan alan maşın? Əlli dəfə demişəm ki, s yox, ş. Masın yox, maşın!

Oğlu onun son sözlərinə məhəl qoymadı:

– Sarı, balaca.

Züleyxa yan-yörəsinə boylandı:

– Hardadı bəs o zəhləmgetmiş, yoxaçıxmış atanın aldığı, səni mələr qoyduğu maşın?

Atasının adının nifrətlə çəkilməsi Muradı yenə ürkütdü. Özünü ələ alıb, çiyinlərini çəkməyə, – bilmirəm, – deməyə gücü çatdı.

Züleyxa hirsindən yerində bir dəfə dövrə vurdu, çiynindəki mətbəx dəsmalını döşəməyə çırpdı:

– Sən bilmirsən, öz maşının hardadı, mən hardan bilim? Götür, o biriləri ilə oyna. Maşından çox maşın!

Uşaq təzədən gözündən muncuq-muncuq yaş tökdü.

– Yox, mən onu istəyirəm. Atam alanda demişdi, itirmə! İtirsən, bir də sənə heç nə almayacam!

Oğlunun son sözləri Züleyxanın cızdağını çıxartdı:

– Cəhənnəmə alsın, qara gora alsın. Heç onu görüm nə isə alan günü olmasın. Yoxa çıxsın sənin atanı, anası Gövhərlə birlikdə!

Bu sözlərdən sonra o, Muradın ağlamağına məhəl qoymayıb, otaqdan çıxdı. Mətbəxdə soyuyub qatılaşan sıyıqdan boşqaba çəkib, üzərinə bir qaşıq şəkər, yarım dilim yağ əlavə etdi, gətirib oğlunun qarşısına qoydu:

– Tez gəl, sıyığını ye. Sənə təzəsini alacam. İndi sənin o yoxa çıxmış dədənin də payını verəcəm.

Züleyxa oğlunun sözlərini təkrar edib ağzını əyə-əyə:

– İtirsən bir də sənə maşın almayacam. Cərə al, cəhənnəmə al! Maşını anan Gövhərə al ki, öləndə, aparıb tez basdırasan, evdə qalıb iylənməsin!

Orxanla on il idi evliydilər. Murad onlar evlənəndən dörd il sonra doğulmuşdu. Təzə-təzə hər şey çox yaxşı idi. Hərdən hər ikisi düşünürdü ki, həyat bu qədər gözəl, bir-birini sevən iki insan bu qədər xoşbəxt ola bilməz. Sanki hər ikisi bu xoşbəxtliyin haradasa qırılacağını, bəndə gəlməyəcəyini hiss edirdi.

Orxanın anası Gövhər öz evini boşanmış qızına verib, onlara köçəndən sonra qorxduqları şey başlarına gəldi. Söz-söhbətlər, dava-dalaşlar axırda elə həddə çatdı ki, Züleyxa Muradı da götürüb illərlə yaşadığı evdən çıxdı. O çıxan bu çıxan, bir də geri qayıtmadı. Bir ilə yaxın idi ev tutub yaşayırdı. Ali təhsilli tərcüməçi olsa da, uşağı qoyub ardıcıl işlə məşğul ola bilmirdi. Tutduğu dayələrə pulu vaxtlı-vaxtında verə bilmədiyindən, onlar Murada yaxşı baxmırdılar. Uşaq tez-tez xəstələnir, qızdırması qalxırdı. Züleyxa qazandığını ev kirayəsinə, dayələrə, dərmanlara verirdi. İşdən çıxandan sonra bir neçə nəşriyyatla əməkdaşlıq edirdi, tərcümələri evdən edib yollayırdı. Ancaq qonorar günlərlə, bəzən isə aylarla uzanırdı, dolanışıq gün-gündən çətinləşirdi. Bəzən əlini qaldırıb iş görməyə, xörək bişirməyə taqəti olmurdu. Əvvəllər ya anası, ya bacısı çatırdı dadına. İntəhası, sonradan anası da rəhmətə getdi.
Anasının ölümündən sonra Orxan bir neçə dəfə söz atıb, barışmaq üçün gəlib-getsə də, Züleyxa razılaşmadı. Sonuncu davada Orxanın ona vurduğu şilləni heç cür unuda bilmirdi. Həyatında ilk dəfə idi ki, kimsə ona əl qaldırmışdı.

Züleyxa istədi, Orxana zəng etsin, amma fikrindən daşındı. Orxanın susub-susub, qəfildən dediyi qısa, amma zəhər kimi sözləri indi həzm etməyə halı yox idi. Ona bircə cümlə mesaj yazdı: “Bir də nə mənim, nə də Muradın gözünə görünmə”. Dərhal da peşman oldu. Quş kimi uçub gedən mesajın ardından təəssüflənən Züleyxanı Murad olan otaqdakı səssizlik narahat etdi. Oğlu olan otağa gələndə Muradı divanın bir küncündə yumrulanıb yatan gördü. O, masadakı sıyığa toxunmamışdı. Sıyıq soyuyub bərkimiş, üzü qat bağlamışdı. Züleyxa oğluna yaxınlaşdı. Muradın gözündən axan yaşın açdığı şırım qurumuşdu. Bircə damla yaş isə hələ də yanağında ilişib qalmışdı. Züleyxa özünü saxlaya bilməyib hıçqırdı. Oğluna yazığı gəldi. Hiss edirdi ki, Murad atasının xiffətini çəkir, onun yoxluğunun davasını edir. Orxan da qəsdən oğlunu görməyə gec-gec gəlir, onlara xərclik vermirdi.

Züleyxa oğlunu çarpayıya uzadıb üstünü örtdü, ağlamaqdan şişmiş gözlərini, üzünü öpdü. Otağa qayıdıb maşını axtarmağa başladı. Siyirmələrin gözünə, büllur qabların içərisinə, Muradın oyuncaq çantasına, hər yerə baxdı, amma sarı maşın gözünə dəymədi. Əyilib divanın altına göz gəzdirdi.
Pəncərədən düşən gün işığı döşəməni və divanın altındakı qalın toz qatını işıqlandırırdı. O, başını sərin döşəmənin üzərinə qoydu. Yanağına hopan sərinlik, evdəki sakitlik yavaş-yavaş canına yayıldı. Divanın altı Züleyxaya uşaq vaxtı baxdığı cizgi film meydançasını xatırlatdı.

Gündə bir dəfə - axşamlar yatmazdan qabaq baxdığı on beş dəqiqəlik cizgi filmlərini çox sevirdi. Bütün sovet uşaqları kimi, o da həmin cizgi filmləri ilə böyümüşdü. Dördüncü sinifdə oxuyanda – onda hələ yaşadığı rayon işğal olunmamışdı – ORT kanalında “Cizgi filmi necə çəkilir?” adlı sənədli filmə baxmış, baxdığı cizgi filmlərinin, əslində, həqiqi yox, qurama olduğunu görmüşdü. Ancaq ona elə gəlirdi ki, Şaxta baba, doğurdan da var, o meşəyə gedir, tülküyə, dovşana, kirpiyə hədiyyələr aparır, xizəyinə minərək qarlı meşələrdən keçib, uşaqlar yaşayan şəhərlərə gəlir, gecə mışıl-mışıl yatan uşaqların çarpayısının altına hədiyyələr qoyub gedir. Sənədli filmdə hər şey böyük bir masanın üzərində qurulan cizgi film meydançasından, maketlərdən ibarət idi. Onun meşədə yaşadığını zənn etdiyi Şaxta baba da, Qar Qız da, məktəblilərin Yeni il şənliyini hazırlayan qabaqcıl pioner Alyoşa da indi həmin meydançanın üstündə üzüqoylu yıxılıb qalmışdılar. Cizgi filmin rəssamı Züleyxanın xəyalına köçürdüyü qəhrəmanları əlinə götürür, kamera onların əllərini, ayaqlarını, qırmızı boyalı dodaqlarını, mavi gözlərini yaxın planda çəkir, rəssam isə rus dilində izahlar verirdi.

Divanın altı Züleyxanın bayramdan bayrama təmizlədiyi yer idi. O, ancaq evdə gözə görünən yerlərin təmizliyinə fikir verir, döşəmənin ayaq dəyən yerlərini silib süpürürdü.

Divanın altına düşən adda-budda əşyalar çox böyük görünürdü. Lap mərkəzdə başmaq tayı vardı. Üzü üstə düşüb qalmışdı. Ətrafındakı tozun qalınlığından, divanın altındakı ala-toranlıqdan Züleyxa başmağı xatırlaya bilmədi. Əlini uzadıb başmağı götürmək istədi, əli çatmadı. Sinəsini xeyli irəli verdi. Divanın tini Züleyxanın sinəsindəki kistaya dəyib incitdi. Ağrıya fikir verməyib başmağı götürdü. Anasının idi. Qalın toz qatı və bir neçə sarı saç teli başmaqdan asılı qalmışdı. Züleyxa əvvəllər saçlarını sarıya boyayıb uzadırdı. Anasından sonra saçlarını qara rəngə boyayıb qısaltdı.
Anası hara gedərdisə, ev paltarlarını, əl-üz, bədən dəsmalını, bir də başmağını özü ilə götürərdi. O, sonuncu dəfə onlardan gedəndə, başmağın tayını nə qədər axtardılarsa, tapa bilmədilər. Anası rəhmətə gedəndən sonra da Züleyxanın ağlına gəlmədi əyilib divanın altına baxsın. Anasının aparmayıb onlarda qoyduğu taykeş başmağı bir neçə gün çarpayısının üstünə qoyub baxır, səssiz-səssiz ağlayırdı. Bəzən ağlayıb yuxuya gedir, səhər ayılırdı ki, başmaq qoynunda yatıb.

Züleyxa başmağın tozunu silib qoxladı, heç bir qoxu gəlmirdi, diqqətlə nəzərdən keçirib özünə əzab verə biləcəyi nişanə, iz axtardı. Heç nə hiss etmirdi, yalnız anasını xatırlayırdı. Son günlər anası hər dəfə onlara gələndə deyirdi:

– Sözümə qulaq asmadın. Bir Gövhər qarısı ilə yollaşmadın, dolu evi qoyub, gəldin, girdin bu daxmaya. İndi qalmısan naçar.

– Naçar deyiləm. Qarı dediyin ifritə dolu evini qızına verib gəldi mənim yanıma, amma siz məni beş gün atamın evində saxlamadınız. Qışın günündə başım sulu-sulu, uşaq qucağımda çıxardınız evdən.

– Çıxarmadıq, özün qardaşınla dalaşıb getdin.

– Mən gedəndə, sən hara baxırdın?

– Sözümə qulaq asmadın. Dedim, gəlmisən, sakitcə otur bir tərəfdə, gəlinlə, qardaşınla dilləşmə.

– Qardaşım gün verdi ki?

– Nə deyirdi yazıq qardaş, deyirdi ailəni dağıtma də.

– Sizə nə var, bircə saat Gövhər həyasızı ilə yol getməzsiniz.

Anası ürəyində qızı ilə razılaşsa da, biruzə verməmiş, susmuşdu. Onun səssizliyindən istifadə edən Züleyxa demişdi:

– İndi də imkan vermirsən, boşanım.

– Boşanma!

– Niyə?

– Gözəl-göyçək qadınsan, cavansan, boşanan kimi hərə bir vedrə bağlayacaq, düz də getsən, əyridi deyəcəklər, əyri də getsən. Amma ərin yanında olanda, heç kimin hünəri çatmayacaq!

– Cəhənnəmə desinlər. Boşanacam o anasından qorxandan!

– Kəs səsini!

– Kəsmirəm. Öz adınıza söz gəlməsin, boşanmış qızınız olmasın deyə, məni bədbəxt etdiniz!

– Özün sevib getmişdin. Mən Orxan tanıyırdım?

– Qələt eləmişdim, sağ qalanlarımla birgə.

– İndi fikrin nədir? Boşanıb küçələrə düşmək istəyirsən?

– Sənin sözündən belə çıxır ki, boşananların hamısı küçələrə düşüb, əxlaqsızılıq edir?

– Dedim ki, səsini kəs, özünü də yığışdır! Utanmaz!

Anası ilə hər dəfə deyişəndə Züleyxa dözməyib ağlamağa başlayırdı. Anasından, bir də oğlu Muraddan başqa heç kim onu yanıqlı ağlayan görmürdü. Əksinə, hamı deyirdi ki, yaman əzazil oldu bu qız. Cavan ərini evin altına atıb getdi.

Züleyxa indi ili çıxmayan anasının sözlərini, sonra da onun ölümünü xatırlayıb, daha da məyus oldu. Anasıgildən son dəfə qardaşı ilə dalaşıb çıxdığı gün yadına düşdü. Gözləri yaşaran anasının ona dediyi son sözləri xatırladı: “Mən öləndən sonra gəlmə bura”.

Divanın altında balaca nazik dəmir parçasına, mil qırığına, saç sancağına bənzəyən nəsə parıldayırdı. Züleyxa telefonun işığını yandırıb qaranlığa zillədi. Xırda duz dənələri yenicə divanın altına töküldüyündən hələ ordan-burdan ağarırdı. Ötən həftə masanın üstündəki duzu özü dağıtmışdı. Zamanın diktəsi hələ NaCl kimyasına qalib gələ bilməmiş, tozun hakimiyyəti bərqərar olmamışdı. Yaxınlaşdıqca işığın altında parlayan kristal dənələrin düz ortasında stolüstü saatın əqrəbini gördü.

Qızılı rəngdə, düzbucaq formasında, kərpici xatırladan “Çayka” markalı qədimi saatları rayondakı evlərindən ona qalan son yadigar idi. Qaçaqaç vaxtı atası əşyalarını çıxaranda saatı da götürüb elə kərpic kimi atmışdı boxçalardan birinin içərisinə. Sonra həmin saat uzun illər onlarla birgə mənzildən mənzilə köçdü, yaşa doldu, qocaldı. Atası sağ olanda hər səhər oyanan kimi saatı mütləq qururdu ki, yatmasın, yaxşı işləsin. O, rəhmətə gedəndən sonra saat həmişəlik yatdı.

Züleyxa rayondakı evlərinə gedəndə ağlına nə yerləşmişdisə, saatı da özü ilə götürmüşdü. Evlərinin pəncərəsinin önündə dayanıb, içəri otaqlara boylanır, otaqların içərisində bitən əncir, qoz ağaclarının budaqları arasından sızıldayan keçmişdən nə isə tapmağa, xatırlamağa çalışırdı. Amma qarşısındakı daş yığını, zamanla əmələ gələn yastı qum təpələri, evlərinin dağılmış divarları onun üçün otuz illik keçmiş yaratmışdı. Xatirələr üzərinə sel kimi gəlir, hansı fraqmentin, kadrın üstündə dayanacağını, düşünəcəyini kəsdirə bilmirdi. Həmin məqamda Züleyxa saatı çantasından çıxarıb uçuq pəncərənin önünə qoymuşdu. Gözlənilmədən saatın əqrəbləri hərəkətə gəlmiş, işləməyə başlamışdı.

Yadına gəlir, atası rayondakı evi tikəndə Züleyxanın dörd yaşı vardı. Ev tam hazır olandan sonra köçmüşdülər. Köçməklərini də xatırlamırdı. Yalnız bu evdə keçirdikləri xoş günlər yadında qalmışdı. Amma ona elə gəlirdi ki, gündüzlər məktəbdə dərs deyib, gecələr ay işığında ev tikən atasının yanında olub, onunla birlikdə palçıq qatıb, vedrələrə yığıb, iplə yuxarı çəkib, sonra ağır, qara daşları atası ilə köməkləşib, hörgünün üstünə qoyub. Züleyxa başını uçub dağılmış divarların küncündən boylanan daşlardan birinə söykədi. İlıq və hənirli idi. Elə bil ondan əvvəl kimsə onun kimi başını daşa söykəmiş, canı ilə onu qızdırıb, sonra kənara çəkilmişdi. Züleyxa əlini daşın üstündə gəzdirdi, canlı bir şeymiş kimi onu ehmalca sığalladı. O, həyət boyu ayaqyalın, başıaçıq gəzdiyi günləri, atasının onun üçün yığıb, alüminium qabda saxladığı çiyələklərin qoxusunu, anasının plov dəmlədiyi yarıqaranlıq axşamları xatırladı. Elə bil uzaqlardan kimsə onu səslədi. Uzaqlarda itib-batan səs uşaq vaxtı dərsdən gələn zaman atasının darvazanın qarşısına çıxıb onun adını səsləməsinə bənzədi.

Həmin gün Orxan ona toxunmadı. Hava qaralana qədər Züleyxa həyətlərini gəzdi, dolandı. Ordakı kol-kosdan, şüşə qırıqlarından, tanış nişanələrin qırıntılarından toplayıb bir torba düzəltdi. Sonra həmin torbanı sinəsinə basıb həyətlərindən çıxdı. Getməliydi. Bu boyda şəhərdə əyləşib bir stəkan çay içə biləcəkləri salamat bir ev, bir qapı yox idi. İnsan nəfəsi otuz il idi bu yerlərdən uzaq düşmüşdü.

Divanın altında yarpaq formasında olan qızılı, yığcam çərçivənin içərisinə bərkidilmiş mavi, sarı, çəhrayı, qırmızı, yaşıl rəngli şüşə bərq vururdu. Orxan bu medalyonu ona Tiflisdəki küçə alverçilərindən almışdı. Medalyon taxmağı sevməsə də, qiymətli hədiyə kimi Züleyxa onu bəzək əşyalarının işərisinə qoymuşdu. Amma divanın altına necə düşməsindən xəbəri yox idi. Çox güman ki, yır-yığış edəndə, ya da Murad onları qarışdıranda bura düşmüşdü.
Züleyxa medalyonu ovuclarında sıxıb sinəsinin üstündə saxladı. Tiflisə getdiyi günü xatırladı. Qalacaqları otelə çatan kimi ilk sözü bu olmuşdu:

– Mən mütləq Mirzə Fətəli Axundovun qəbrini ziyarət edəcəm.

Yorğunluqdan gözləri yumulan Orxan başını yastıqdan qaldırmadan dilləndi:

– Yaxşı, gedərsən, imkan ver, yatım.

– Qulaq as, bəlkə, elə nahardan sonra gedək?

– Züleyxa, indi çatmışıq, hələ beş gün burdayıq.

– Nə olsun, nə qədər burdayıq, hər gün gedərik.

Orxan təəccüblə ona baxmışdı:

– Hər gün niyə?

– Müsbət enerji alacam.

– Başa düşdüm, ay Züleyxa. Çox yorulmuşam, imkan ver yatım.
Sonrakı günlərin heç birində Züleyxa Axundovun məzarını ziyarət edə bilmədi. Onlar bayram günləri Tiflisə səyahət etdiklərindən hər yer, eləcə də, Axundovun məzarı olan Botanika bağı da bağlı idi. Gürcü mühafizəçilərlə nə qədər çənə-boğaz olsalar da, giriş üçün icazə ala bilməmişdilər. Bağın qarşısından aralananda, Züleyxanın gözündə iki damla yaş axmışdı. Orxan ona baxıb gülə-gülə demişdi:

– Vallah, mən ölsəm, belə ağlamazsan.

Sərin döşəmədə uzanan Züleyxa medalyonun mavi tərəfini gözünə tutdu. Hər tərəf mavi rəngə büründü. Otağın divarları, pəncərədəki bəyaz pərdələr, divar boyu düzülmüş kitablar, pəncərədən görünən ağ buludlar...

... Xudafərin körpüsünün üstündə üç gün idi, mitinqlər keçirilir, şüarlar səslənirdi.

“Azadlıq! Azadlıq! Azadlıq!”

Atası iki günüydü evə gəlmirdi, anası gəlib-gedən hər kəsdən onu xəbər alırdı. Atası iki gün əvvəl dərsdən çıxan müəllimlərlə birgə Xudafərin körpüsünə getmişdi. Deyirdilər, Bakıdan da tanınmış şairlər, yazıçılar mitinqdə çıxış etmək üçün gəliblər. Atası evə üç gün sonra, yanvarın 15-i gecə yarısı gəlib çıxdı. Yorğun, ac və çirkli idi. Başına bağladığı, üzərinə ağ boya ilə “Azadlıq” sözü yazılan qara lent qaşlarının üstünə sürüşmüşdü. Rayonda komendant saatı elan edilmiş, rus əsgərləri hər yerə səpələnmişdilər. Günün günorta çağı qəfildən rayonun mərkəzinə hərbi maşınlar yığışmış, içərisindən düşən rus əsgərlər qarışqa kimi yaxınlıqdakı yaşayış evlərinin ətrafına səpələnmişdiər. Onda Züleyxa dayısıgildə idi. Küçədən gələn səs-küyü eşidən dayısı tez onları evə salmışdı. Züleyxa pərdənin arxasından həyətə baxırdı. Çəpər boyu düzülmüş əsgərlər sakitcə dayanmış, ətrafı müşahidə edirdilər. Rus dilli müəllimi olan dayısı onlara yaxınlaşıb nə barədəsə söhbət edir, söhbət əsnasında siqaret çəkirdi. Züleyxa onda dayısını özü üçün qəhrəman seçdi. Zarafat deyildi, əlisilahlı əsgərlərlə yanaşı dayanmaq və onların yanında siqaret çəkmək.

Həmin vaxtlar Hüseyn Adsız Nihalın “Bozqurdlar” romanı Züleyxanın su kimi içdiyi kitablardan biri idi. O, əsərdəki türk kişilərini yoldan çıxaran hiyləgər çinli qızların gözəlliyini, atların südündən hazırlanan sərin kımızın tərifini, son nəfəsinə qədər türk obaları uğrunda mübarizə aparan Kürşadı unuda bilmirdi...

Pərdənin ardından əsgərlərə göz qoyan Züleyxa özünü gözəl çinli qızlardan biri kimi xəyal etdi. Gözünü yumub zərli, bəzəkli paltarı ilə çəpər boyu düzlənən əsgərlərdən ən yaraşıqlısına, ən rütbəlisinə yanaşdı, onu çadırına kımız içməyə dəvət etdi. Yolun yarısında halı xarab oldu və əsgərin qüvvətli qolları arasına düşdü. Ertəsi gün bir könüldən, min könülə Züleyxaya aşiq olan əsgər bütün qoşuna sevgilisinin şəhərindən çıxması haqqında əmr verdi. Züleyxa gözlərini açanda dayısıgilin evlərinin yaxınlığındakı əsgərlər doğrudan harasa çıxıb getmişdilər. Amma sonrakı günlərdə nə əsgərlər, nə tanklar Züleyxanın xəyalındakı kimi onların şəhərini asanlıqla tərk etmədilər.

Medalyonun qırmızı rəngi Züleyxanın gözlərini qamaşdırdı. Ətrafı qırmızı, qan rəngində görmək ürəyini sıxırdı.
Beş gündən sonra Züleyxa qəhrəmanı olan dayısını ilk dəfə ağlayan gördü. Dərsə gedəndə, küçədə addımlayan izdihamın içərisində dayısı da vardı.

Cibindəki dəsmalla gözlərini qurulayan dayısı izdihama qoşulub qışqırırdı:

– Şəhidlər! Şəhidlər! Şəhidlər!

Səs ucaldıcılardan mitinq çıxışçılarının səsi gəlirdi. Küçəyə qırmızı qərənfillər düzülmüşdü.
Züleyxa məktəbə çatanda dərs olmayacağını öyrəndi. Bakıda insanlar tankların altında qalmışdı. Sinif yoldaşı Yavər gözlərini sıxıb, baş verən hadisənin ağrısını ona çatdıra bilmək üçün yalandan ağlamağa çalışdı, amma çox süni alındı. Züleyxa və digər sinif yoldaşları özlərini böyüklər qədər kədərli, hadisələrin mahiyyətini dərk etmiş kimi göstərməyə cəhd edirdilər, intəhası, buna nail ola bilmirdilər. Çünki ürəklərinin dərinliyində həmin gün dərsin olmamağına sevinirdilər. Üç il sonra rayonları işğal olundu.

Züleyxa vaxtilə özünə qəhrəman seçdiyi dayısının Bakıda kirayə qaldığı evdə öldüyü günü xatırladı. O, dayısının evinə çatanda həkim resept yazdığı qələmi çantasına qoyub yır-yığış edir, dayısının yaşaması haqqında nikbin heç nə demirdi. Dayısı tez-tez sayıqlayır, Yusifin adını çəkir, ona yaxınlaşan Züleyxanın əlindən tutub, yanında əyləşdirdi. Astadan, qəhərlə danışırdı:

- Mənə söz ver, rayona getsən, Yusifi axtaracaqsan.

- Əlbəttə, hökmən axtaracam.

- Bilirsən, həmin günü heç vaxt unutmadım. Suyun içərisində qalan paltarları, arxla üzüaşağı axan sabunlu suyu, evimdən qalxan narıncı, qırmızı alovu tez-tez təsəvvür etməyə, xatırlamağa çalışdım.

- Həkimlər çox danışmağına icazə vermir, - Züleyxa dayısını sakitləşdirməyə çalışmışdı.

- Bilirəm, vəziyyətim yaxşı deyil. Ancaq sən yenə də söz ver ki, bizim evə gedəcəksən, oğlumu axtaracaqsan.

Cavab əvəzi olaraq Züleyxa onun əlini sıxmışdı. Dayısının barmaqları isə ağac budağı kimi cansız və soyuq idi.

Dayısı qurumuş boğazını arıtlayıb danışırdı:

- Həmin gün kənddə dərsdəydim. Bilə bilməzdim başıma gələnləri. Nə yalan deyim, heç nə hiss etməmişdim də. Kənddən rayona evə qayıdanda, hərbçilər məni rayona buraxmadılar. Dedilər, rayon alınıb. Qızqayıtı neçə gün axtardım. Elə bilirdim, Yusif də onun yanındadır. Beyləqana bir həftədən sonra gəldim. Yollar hər yerdən bağlanmışdı. Arazı üzə-üzə güclə İran tərəfə keçə bildik. Arazboyu kəndlərdəki o taylılar bizə əl tutdu. Evinə aparan kim, yemək yedirən kim, günlərlə qonaq saxlayan kim. Beyləqana bir həftədən sonra gəlib çıxdım. Qızqayıtı görəndə qorxdum. Bir həftənin içərisində sümükləri çıxmışdı, ayaq üstdə ölmüşdü. Qızqayıt Yusifi evdə yatılı qoyub qonşunun həyətindəki arxda paltarları suya çəkəndə, evimizə qrad düşmüşdü. Yazıq qadın qışqırıb evə tərəf qaçanda, başqa qonşuların da evinə top, qrad düşür. Camaat ayaqyalın, başıaçıq küçəboyu qaçanda, qonşulardan kimsə onu qamarlayıb qaçmağa məcbur edir. Evlər od tutub yanır, hamı qaçır, Qızqayıtı da evə tərəf getməyə qoymurlar. Sonralar rayondan son dəfə çıxan hərbçilər dedilər ki, mənim evim yanıb külə dönübmüş. Bu otuz ildə nə zaman gözümü yumdumsa, alovlanıb yanan evlər, bir də arxın içərisində sabunlu qalan paltarlar gördüm. Yusifin paltarlarını... Onun rəngarəng aşırmalı şalvarlarını, corablarını, balaca maykalarını heç vaxt unuda bilmədim. Onun başına gələnlərdə mən idim günahkar.

Züleyxa dayısına baxıb pıçıldadı:

- Sən hardan bilərdin baş verənləri?

- Yox, bizimkilər ermənilərin doqquz kəndini bir gecədə götürmüşdülər. Adamlar dəstə-dəstə gedib boş qalan evlərdəki əşyaları gətirirdilər. Çuvalla kişmiş, qənd, qoz, fındıq ləpəsinə qədər qoyub qaçmışdılar. Onda mən də getdim. Anam dedi, bala, getmə, bizə haramçılıq düşmür. Qulaq asmadım. Ordan Yusifə balaca velosiped gətirdim. Bircə dəfə sürdü onu yazıq uşaq. Gərək gətirməzdim.
Dayısı danışdıqca gözlərindən yaş axır, səsi tez-tez qırılırdı. Sinəsindən qopan xırıltı onu fikirlərini yarıda saxlamağa məcbur edirdi. Ancaq əllərini Züleyxanın əllərindən çəkməyib deyirdi:

- Mənə söz ver ki, gedib evimi tapacaqsan, onu axtaracaqsan.

- Yaxşı, söz verirəm, gedəcəm, Yusifi tapacam.

Dayısı həmin gün gecəyarı keçindi. Züleyxa dayısının sözünə əməl edə bilmədi. Rayona gedəndə, nə qədər cəhd etsə də, onu dayısının evi olan səmtə buraxmadılar. Minalı ərazi olduğundan lentlərlə mühasirəyə alınmışdı. Ancaq buraxsaydılar belə, Züleyxa dayısının evinin xarabalıqları olan təpəliyə çıxa bilməz, daş yığınının içərisindən keçə bilməzdi. O, uzaqdan ağlaya-ağlaya balaca Yusifi və dayısını xatırlayıb ordan uzaqlaşmışdı.
Medalyonun yaşıl tərəfi kimi hər yan yaşıl idi. Nənəsigilin kənddəki kəhrizlərinin yanında bitən yosunlar da belə yaşıl rəngdə olurdu. Kəhrizin yaxınlığında bitən ağacların başı göy üzünə dirənirdi. Yarpaqlara toxunub, işığı öləziyən günəş şüaları kəndin içərisini qaraya çalan tünd yaşıla boyayırdı. Züleyxa yay tətilində nənəsigilə gedəndə ilk getdiyi yer kəhrizin yanı olardı, ətrafdakı yaşıl rəng onu sehrləyərdi. Özünü sanki dənizin altında, sərinlikdə hiss edirdi.

Züleyxa balaca bibisinin hamıdan çox istəyirdi. Adı Naibə idi, amma hamı onu Nahibə deyə çağırırdı. Yeddi il əvvəl öldü bibisi. Onu uşaqlıqda bibisi saxlamışdı. Səhərlər anası işə gedəndə, aparıb Nahibənin yanına qoyur, axşam işdən qayıdanda götürürdü. Nahibə hara gedirdisə, onu da özü ilə aparırdı. Yaşı qırxı çoxdan keçmişdi, amma ərə getməmişdi bibisi. Bibisinin yaxşı xüsusiyyətlərində elə bil nə isə çatışmırdı. Hərdən aramsız danışır, tez özündən çıxırdı. Bəzən o biri bibisinin nəvələrini dəcəllik edəndə qapıdan qovur, hətta arxalarınca iri daşlar atırdı. Bir dəfə Qumru bibisinin nəvəsinin belindən nətər yumruq qoymuşdusa, uşaq gömgöy göyərmişdi. Uşağı güclə özünə gətirib bibisini danlamışdılar:

– Nə dəliliyinə salmısan, elə yumruq vurarlar əl boyda uşağa? Yığışdır bu xırsızlığını!

O gündən sonra bibisinin başqa adı da Xırsız oldu.

Bibisi uşaq vaxtı qorxu keçirəndən sonra xəstələnmişdi. On iki yaşı olanda yay günlərinin birində həyətdəki çardaqda yatmağa hazırlaşanda, ortancıl qardaşı Qüdrət başına ağ mələfə keçirib bacısını qorxutmuşdu.

Tirtap yerə sərilən Nahibə günlərlə ət kimi qalıb, bir içim su da içə bilməmişdi. Atası ocaq nəslindən idi, gözünü açandan dili duada, əli Quranda olmuşdu.

Həmin gündən Züleyxanın babası göz yaşı tökə-tökə günlərlə dualar oxuyur, dizini yerə qoyub yorulmadan, usanmadan namaz qılırdı. Günlərin birində Nahibə ayağa qalxır, yeriyir, gəzir, amma danışa bilmir. Bir gün atası onu atın tərkinə alıb oğlanlarına deyir:

– Bu qızı tərkimə kəndirlə möhkəm sarıyın. Qılınc öz qınını kəsmir, aparıram Qubadlıdakı Mir Sədi ağanın yanına.

Bir gecə Qubadlıda seyidin ocağında yatır Nahibə. Gecə yuxusunda nurani bir sima ona yaxınlaşır, bir bardaq su verib deyir:

– İmam Əlinin ehsanına iç bunu, bala.

Sübh azanı veriləndə, Nahibə gözlərini açıb atasını çağırır:

– Dədə, mənə sərin su ver.

Atası onu atının tərkinə alıb, ağlaya-ağlaya, dua edə-edə geri kəndlərinə qayıdır.

Züleyxa böyrünün ağrıdığını hiss edib, döşəmənin üzərindən qalxdı. Süpürgə ilə divanın altını silib təmizləyəndən sonra Murad yatan otağa keçdi. Oğlu üstündəki adyalı ayağı ilə kənara atıb, sağ böyrü üstə mışıl-mışıl yatırdı. Yuxuda nəsə görürdü deyəsən, dodaqucu, amma bir az da narazılıqla gülümsəyirdi. Pəncərədən düşən gün işığı Muradın kirpiklərində, saçında bərq vururdu. Züleyxa pərdəni çəkmək üçün yaxınlaşanda, sarı maşını pəncərənin sürahisində gördü. O, pərdəni çəkib, maşını götürdü. Oğluna yaxınlaşıb maşını onun yanına qoydu. Saata baxmaq üçün telefonu götürdü. Orxandan mesaj gəlmişdi.

“Anam öldü...”

Avqust 2024

# 4857 dəfə oxunub

Müəllifin son yazıları

# # #