Atam, bibim və Sergey - Samirə Əşrəfin povesti

Atam, bibim və Sergey - Samirə Əşrəfin povesti
7 may 2022
# 12:00

Kulis.az Samirə Əşrəfin "Atam, bibim və Sergey" povestindən on ikinci hissəni təqdim edir. Xatırladaq ki, müəllifin ilk povesti olan bu əsər hər həftənin şənbə günü saytımızda hissə-hissə dərc olunacaq.

I HİSSƏ

II HİSSƏ

III HİSSƏ

IV HİSSƏ

V HİSSƏ

VI HİSSƏ

VII HİSSƏ

VIII HİSSƏ

IX HİSSƏ

X HİSSƏ

XI HİSƏƏ

XII HİSSƏ

Rayondakı köçhaköç qısa vaxtda başa çatdı. Həmişə səsli-küylü küçələr, həyət-bacalar, evlər bomboş idi. Hər gün günəş batanda evdən çıxıb küçələri gəzirdim. Orda-burda gəzişən tək-tük əsgərdən başqa heç kim gözə dəymirdi.

Bir vaxtlar Sərvinaz ilə yaşadığımız binanın yaxınlığından keçdim. Ən xoşbəxt və bədbəxt günləri burda yaşamışdıq. Evə tələsdim. Məhləyə çatanda kədər məni daha çox çulğadı. Qonşu evlər boşalmış, bağlar susuzluqdan qurumuşdu. Açıq qalan darvazalardan yiyəsiz həyətlərə boylanırdım ki, bəlkə kimisə görüm. Amma heç kim yox idi.

Evə gəlib çatanda həyətdəki stolun ətrafında adamlar vardı. Zəndlə baxanda böyük qardaşımı və onun iki oğlunu tanıdım. Taxta oturacaqda kədərli-kədərli oturmuşdular. Qeyri ixtiyarı pıçıldadım: “Burda neynirsiz?” Əslində, nə üçün gəldiklərini bilirdim... Məni aparmaq üçün...

Çaydanı doldurub həyətdəki qaz sobasının üstünə qoydum. Qardaşım qalın qaşlarını qaldırıb dik üzümə baxdı:

“Çay vaxtı deyil, yığış gedirik!”

Onun sözünə qulaq asmayıb əyləşdim:

“Getmək istəmirəm! Sən get, öz ev-eşiyini çıxart. Mənə görə vaxt itirmə.”

“Necə yəni vaxt itirmə? Bütün qohum-əqrəba səni soruşur.”

“Kim nə deyir, desin. Mən burdan heç yerə getməyəcəm! Özüm belə istəyirəm. Lap dilimdən kağız da yazıb verə bilərəm, heç kim qınamaz səni.”

Bunun ardınca qardaşımla daha sərt söhbətimiz oldu. O, hətta məni iynə vurdurub aparacağı ilə hədələdi. Amma inadımı görüb daha da qəzəbləndi və böyük oğlunu özü ilə götürüb getdi. Kiçik oğlu Adili mənim yanımda qaldı.

Adil bütün gecəni məni dilə tutdu, yalvardı, ağladı. Amma getməyə razılıq vermədim. Adil polis sistemində işləyirdi. O, demək olar ki, dizlərim üstündə böyümüşdü. Qardaşım onu lap çox istədiyimi bildiyi üçün qəsdən mənim yanımda qoymuşdu.

Adil gedəndən içimi dərin bir kədər bürüdü. Rayonda tək, kimsəsiz qalmaq məni bir az üşəndirirdi. Başıma gələ biləcək ən pis hadisələri gözlərim önünə gətirirdim. Ermənilər rayona girsələr belə mən evimdən, doğulduğum rayondan çıxmayacağıma söz vermişdim.

Artıq gündəliyin də son səhifəsinə gəlib çatmışdım. Sərvinaza yazdığım məktublar bir tərəfdə qalaqlanıb yığılmışdı. Sahibinə çatmayan məktublar, yiyəsiz, yetim məktublar...

Sərvinaza yazdığım məktubları zərfə qoymurdum. Bilirdim ki, bu məktubları heç vaxt ona göndərə bilməyəcəm. Birdən-birə onları zərfə qoymaq keçdi ürəyimdən.

Evdə iki-üç boş zərf olmalıydı. Amma azlıq edəcəkdi. Buna görə geyinib evdən çıxdım. Qarşıma neçə köşk çıxdısa, hamısı bağlı idi. Ağlıma qəribə bir fikir gəldi. Rayonda Abutalıb adlı bir kişi yaşayırdı. Ona Poçt Abutalıb deyirdilər. Rayona gələn məktub və qəzetləri o paylayırdı. Yolumu Abutalıbın evindən saldım. Fikirləşdim ki, onda boş zərf olacaqdı. Abutalıb darvazasının ağzında oturub siqaret çəkirdi. Məni görəndə ayağa qalxdı. Məqsədimi biləndə xeyli təəccüblənsə də, mənə xeyli zərf bağışladı. Eyni zamanda məni xeyli danladı ki, niyə qardaşıma qoşulub rayondan çıxmıram. Özü bir-iki saata çıxıb gedəcəkdi.

Sağollaşıb yola düşdüm. Əlimdəki zərfləri qiymətli hədiyyə kimi bərk-bərk sinəmə sıxmışdım. Ürəyimdə Abutalıbın bütün gəlib-gedənlərinə rəhmət oxuyurdum. Yolboyu qarşımdan bir neçə yük maşını keçdi. Maşınların hamısının kabinəsində sürücünün yanında kişi oturmuşdu. Qadınlar və uşaqlar çoxdan çıxıb getmişdilər...

Məktubların hamısını zərfə qoyub, qalın iplə bağladım. İstədim gündəliyi də məktublarla birgə bağlayım. Amma gündəliyin iki vərəqi ağ idi hələ. İndi ora nə yazacağımı da bilmirdim. Sözüm-söhbətim hamısı bitmiş, hər şey gözümdə öz mənasını itirmişdi.

Qonşuların boş qalan həyətləri, evləri mənim də içimdə boşluq yaratmışdı. Dünənə qədər yolun kənarındakı ağacların kölgəsində evcik-evcik oynayan xoşbəxt uşaqların oyuncaqları toz-torpağın içinə atılıb qalmışdı. İndi kim bilir o uşaqlar harda idilər, nə iş görürdülər, başlarına nə gələcəkdi onların.

İnsan öz keçmişini bu qədər asan tərk edə bilirsə, o, gələcəkdə xoşbəxt olacağına necə əmin ola bilər? Harda idi o xoşbəxtlik?! Onlar həmin xoşbəxtliyə başqa yerdə çata biləcəkdilərmi?!


VIII Hissə

Atamın ölümü heç birimiz üçün gözlənilməz olmadı. Amma beyninə qan sızması gözlənilməz idi.

Qaçqınlıqdan sonra Saatlı rayonunun yol qırağındakı kəndlərindən birində kirayə ev tutduq və nəhayət ki, qohumların qapısından yığışdıq. Lakin, biz o kənddə çox az yaşadıq. İllərlə Bakının müxtəlif qəsəbələrini gəzib dolandıq. Ən sonuncu dayanacağımız indi bu sətirləri yazdığım 4 otaqlı mənzilimiz oldu.

Atam, Saatlıda olanda bir müddət müəllimlik etdi. Bakıya gələn gündə müəllimliklə vidalaşmadı. Pis dolanmırdıq. Atam çörək, siqaret, kişi corabları satıb kifayət qədər pul qazana bilirdi. Bir gün necə oldusa, gözlənilmədən atamın bəxti gətirdi - ölkənin ən məşhur özəl universitetlərinin birində mətbuat katibi kimi işə düzəldi. Lakin iki il işləyib ordan da uzaqlaşmalı oldu. Bundan sonra atam özünə qapandı. Bir il evdə kölgə kimi gəzib dolandı. Susurdu həmişə. Yalnız yeməkdən-yeməyə bizimlə nəsə danışırdı. Çox vaxt da keçmişdən. Gecələri usta işlədib, ev tikdirməyindən, səhərlər dərsə getməyindən. Bizim uşaqlıq çağlarımızdan, kəndlərindən, valideynlərindən danışırdı. Səhhətindən şikayətlənir, gözlərinin toranlaşdığını deyirdi.

Avqustun 25-i, günorta saat 3 idi. O, çörək almaq üçün həyətə düşdü. Hava çox bürkü idi. Pəncərədən onun asta və ağır yerişinə baxıb qəribə bir hüznə bürünmüşdüm.

O, çörəkləri gətirib stolun üstünə qoydu, yataq otağına keçib uzandı. Aradan çox az vaxt keçdi. Onun yatdığı otaqdan yüngülcə tappıltı səsi eşitdim. Səs o qədər zəif gəldi ki, əvvəl elə bildim qonşudan gəlir. Amma qəfildən anamın qışqırtısını eşitdim. Otağa girəndə anamın qollarından tutub onu qaldırmağa çalışdığını gördüm.

Bu ilk insult idi. Beş aydan sonra növbəti qansızma oldu. Və o, yatağa düşdü. Bir il ərzində yavaş-yavaş yeməkdən, içməkdən, hərəkətdən kəsildi. Son vaxtlar yeməyi, suyu çətinliklə, qaşıq-qaşıq qəbul edirdi. Şüuru yerində olsa da, çox qəmgin idi. Onun xəstə olduğu bir il ərzində bircə dəfə də olsun gülümsədiyini görmədim. Axır günə qədər çətinliklə də olsa bizimlə danışdı, düşündü, dinlədi, hətta ağladı da! Amma heç vaxt gülmədi.

Atam ötən ilin avqustunda dünyasını dəyişdi. Son dəfə çırpınaraq canındakı ağrı-acını birdəfəlik kənara atdı.

Bəli, həyatın ən pis üzünü görən bu insanın cəmi 60 il yaşamağa gücü çatdı. Onunla bağlı nələrisə xatırlamaq o qədər ağırdır ki, mən bundan həmişə yayınmaq istəmişəm.

# 2199 dəfə oxunub

Müəllifin son yazıları

# # #