Səriyyə Müslümqızı: "Kaş mən də sağ qalmayaydım" - Müsahibə

Səriyyə Müslümqızı, yazıçı-publisist

Səriyyə Müslümqızı, yazıçı-publisist

25 fevral 2022
# 09:00

Kulis.az Xocalı sakini, “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, yazıçı-publisist Səriyyə Müslümqızı ilə müsahibəni təqdim edir.

– Xarici ölkələrdə tez-tez səfərdə olursunuz. Maraqlıdır, indi dünyanın, Avropa ölkələrinin Xocalıya münasibəti necədir?

– Əvvəllər Xocalıya qarşı münasibət istənilən səviyyədə deyildi. Olmuş, keçmiş hadisə kimi qəbul edirdilər. Amma indi Heydər Əliyev Fondunun dəstəyi ilə səfirliklər, diasporlar tərəfindən çox işlər görülür. Soyqırımı tanıtmaq elə də asan bir iş deyil.

– Siz həm də birinci Qarabağ müharibəsi zamanı cəbhədə də olmusunuz?

– Bəli. Xocalıdan sonra müharibəyə gedən yeganə qadın mən olmuşam, cəbhə müxbiri işləmişəm. O zaman mən nələr görmədim? Gözəl-gözəl qızları tabuta qoyub ailələrinə göndərirdik.

– O vaxtı müharibədə qadın döyüşçülər çox idi?

– Əlbəttə çox idi. Könüllü gedənlər də vardı, Müdafiə nazirliyinin xətti ilə gedənlər də. Xəstəxanada tibb bacısı kimi işləyənlər daha çox idi. Mən orda uzun müddət qalırdım, Bakıya çox gec gəlirdim, müəyyən işlərimi görüb təzədən geri qayıdırdım. Yeganə jurnalist mən idim ki, mənə hərbi hissədə bu cür şərait yaradılmışdı. Bunun da çox maraqlı bir tarixçəsi var. General Talıb Məmmədov o zaman həmin hərbi hissədə polkovnik idi. Mən o vaxtı ora gedəndə Talıb Məmmədov mənə dedi ki, mən hərbi hissəyə nə qadın, nə də kişi jurnalist buraxıram. Sonra necə oldusa, mənim vəsiqəmə baxdı və köməkçisini çağırıb dedi ki, bu xanımı hərbi hissəyə apar, nə lazım olsa, yerinə yetir. Mən sonra bildim ki, sən demə onun da anasının adı Səriyyə imiş. Ona görə o, mənə belə hörmət etmişdi. Belə insanların yaxşılığını unuda bilmərəm. Gözəl dostlarım vardı, dünyalarını dəyişdilər. Onlardan sonra özümü tək hiss edirəm. Çox yaxın bir dostum vardı. Məmməd Nazimoğlu. Allah ona rəhmət eləsin. O, ağır xəstə idi. Son günlərində mənə dedi ki, Səriyyə, mən öləcəm, mənim bacım yoxdur, məni sən ağlayarsan.

– Ağladınız?

– Hə. O, öləndə, onun üçün elə ağladım, elə ağladım, təsəvvür edə bilməzsən. Hələ də Məmməd Nazimoğlu adı gələndə, mən kövrəlirəm. Nə qədər mən yaşayacam, onu unutmaram. “Onlar heç vaxt böyüməyəcək” adlı kitabımın da redaktoru o olub. İldən ilə bu kitab təzələnir, dəyişir, redaktorları da başqa adamlar oldu, amma onun adını kitabda saxladım. Bundan sonra bu kitab nə qədər çap olunsa da, mən imkan vermərəm ki, onun adı kitabdan silinsin. O çox qeyri-adi insan idi. Əsl kişi deyəndə, mənim ağlıma məhz Məmməd Nazimoğlu gəlir.

– Səriyyə xanım, Xocalının işğalından otuz il keçib. Asan deyil bu illəri yola salmaq. Bu otuz ili necə keçdi, həyatınızda nələr baş verdi?

– Xocalı faciəsindən sonra çox şeymi itirdim. Onda allaha yalvardım ki, mənə səbir, güc versin. Bir də heç vaxt mənə haram tikə qismət eləməsin. Çünki o vaxtı hər şeyimi itirmişdim, ehtiyaclar da çox idi. İstəmirdim heç vaxt harama əl uzadım.

Bir gecədə yurdumu, evimi itirdim. Bir gecədə əl atıb evimizdən bir əşyamı götürə bilmədim. Təsəvvür et ki, mənim keçmişimdən bu günə gəlib çıxan bircə şəklim yoxdur. Ən dəhşətlisi isə bir gecədə anamı itirdim, üç əmim oğlunu itirdim. Həmin gecə nəslimdən 49 nəfəri itirdim. Xocalıda həlak olan 63 nəfər uşaqdan 19-u, 70 qocadan 20-si mənim ən doğmalarım idi. Xocalıda ən böyük itkini verən bizim nəsil olub.

Xocalıda həmin gecə kim sağ qalıbsa, bu möcüzədir. Heç kim deyə bilməz ki, mən qoçaq olmuşam, canımı götürüb qaça bilmişəm. Elə deyil. Bu həyat Allahın bizə verdiyi ikinci həyatdır. Biz bu həyatı yaşadıq. Amma sizə həqiqəti deyəcəm. O vaxtı ölməyib sağ qalanlar hamısı yaşadıqları, sağ qaldıqları üçün peşman idilər. Şəxsən mən öz adımdan deyirəm ki, Xocalı faciəsindən sonra mən dəfələrlə öz-özümə dedim ki, kaş, mən sağ qalmayaydım. Erməni öldürürdü, elə hamımızı öldürərdi. Bu çox dəhşətli mövzudur mənim üçün. Ona görə də mən bu mövzuya qayıtmaq, məlum sualları eşitmək istəmirəm. Ölənlər öldü, canları qurtardı, biz qalanlar zülm çəkməyə qaldıq. O boyda dərdi çəkmək olar? Bizim sağlamlığımız yoxdur. Görünüş olaraq diri görünürük. 30 yaşımdan sonra məndə o qədər xəstəliklər əmələ gəldi ki, bunları sizə sadalasam, dəhşətə gələrsiniz.

– Səriyyə xanım, necə oldu ki, həmin gecə ananızdan ayrı düşdünüz?

– Biz ailədə üç uşaq olmuşuq. Atamızı da çox erkən yaşda itirmişik. Anam 21 yaşında dul qalıb, bizi saxlayıb, böyüdüb. Anam yeddinci sinfə qədər oxumuşdu, amma onun bircə məqsədi vardı ki, bizi oxutsun, təhsil versin. O bəy qızı olmuşdu, anasından ona gümüş kəmər qalmışdı. Onu mənə bağışlamışdı. Həmin kəmər də Xocalıda qaldı. Yəni anam mənim xatirimdə bu gün də çox işıqlı qalmaqla yanaşı, həm də nisgillidir. Xocalıdan çıxan gecəsi hər atışma olanda, hamı bir-birindən ayrı düşürdü. Ana baladan, bala atadan. Ananın balasını əsir götürürdülər, onun bundan xəbəri olmurdu. Mən də anasından ayrı düşən həmin balalardan biri idim. Nə olsun ki, yaşım çox idi.

Anamın meyitini Ağdama gələndən 23 gün sonra tapa bildim. O faciədən sonra iki, üç gün atəşkəs elədilər ki, adamlar gedib meyitlərini götürsünlər. Sonuncu dəfə Xocalıdan 63 meyit gətirdilər, ondan sonra icazə vermədilər. Meyitlər hamısı Xocalıda, meşələrdə qaldı. İndi Xocalıda axtarış aparsalar, bilirsiniz, nə qədər kütləvi məzarlıqlar üzə çıxar? Sizi əmin edirəm ki, Xocalının içində xeyli kütləvi məzarlıqlar var.

– Ağdama gələndən sonra harada qaldınız?

– Vallah ona qalmaq demək olmaz. Elə küçələrdə, o qohumun, bu qohumun evində qalırdıq. O günləri xatırlayanda, o qədər pis oluram. Deyirəm ilahi, yəni insanın ağlamağa bir yeri olmazdı? Biz öz dərdimizi oturub rahat formada ağlaya bilmədik. Qohum olsaq, belə başqasının evində necə oturub ağlamaq olar? Biz anamızı küçələrdə ağladıq. Bir də elə o Ağdam məscidində. Həmin məscid, onun qarşısı Qarabağ müharibəsinin ən dəhşətli yeri idi. Ora hər adam gedə bilmirdi.

– Niyə?

– Orda hər gün ağlaşma, vay-şivən ərşə qalxırdı. Ora gətirilən meyitlər elə gündə olurdu ki, baxmağa ürək etmirdilər. Mən anamı axtaranda neçə meyitin üzünü açıb baxmışdım, adamları tanıya bilməmişdim. İnsan insana qarşı necə bu qədər vəhşi olar bilər? İnsanları tanınmaz hala salmışdılar. Onları yandırıb, gözlərini çıxartmış, başlarının dərisini soyub kəsmişdilər. Ona görə də hər adam cürət edib Ağdam məscidinə girə bilmirdi. Biz bütün travmaları həmin vaxt aldıq. O meyitlərin hamısının üzünə baxmağa məcbur olmuşdum. Çünki anamı axtarırdım. Anamı axırıncı gətirilən 63 meyitin içərisində tapdım. Güllə düz kürəyindən dəyib ürəyindən çıxmışdı. O üzüstə torpağa düşüb qalmışdı. Anamın əynindən çıxardığımız sonuncu paltarını indi də saxlayırıq. Onu ağlayanda, dedim, ay İrana, sən, onsuz da, ərin öləndə ölmüşdün, cismən yaşayırdın. İndi həmişəlik öldün.

– Yazdığınız, çap etdirdiyiniz kitablar sizi sakitləşdirir?

– Yox, yazdıqlarım mənə daha çox ağrı verir. Hər şeyi yenidən xatırlayıram, yadıma salıram. Sadəcə olaraq, mən bu kitabları yazmağa məcburam, sanki bir öhdəliyim var. Çünki o hadisələrin şahidiyəm, yazmalıyam ki, insanlar xəbərdar olsunlar.

Kitablarımı sənədli xronika janrında yazıram. İlk kitabım “Qar üstünə qan yağır” adlanır. Bu kitab həm faciəni əks etdirirdi, həm də bu faciəyə gətirib çıxaran amillərdən, yaranma səbəblərindən bəhs edirdi. Kitab 1992-ci ildə 200 min tirajla çap olundu. O kitabdan əldə olunan gəlirin hamısını uşaq evlərinə köçürdük. Çünki elə Xocalının özündən nə qədər yetim uşaqlar vardı.

Xocalıdan sonrakı otuz ildə 18 kitabım çap olunub. Hamısında Qarabağ, Xocalı hadisələrindən bəhs olunur. Amma bütün kitablarımda situasiyalar dəyişir. Bax indi gördüyünüz “Onlar heç vaxt böyüməyəcək” adlı kitabım Xocalıdan olan 63 uşaqdan bəhs edən sənədli xroniki əsərdi. Bu kitabı yazmaq, o uşaqları tapmaq üçün uzun illər sərf etmişəm. Buna görə mənim illərim, gəncliyim gedib. Kitab yeddi dildə dərc olunub. Bundan başqa 106 qadının taleyindən bəhs edən kitabım çap olunub. Bu kitabda mən təkcə Xocalı qadınlarını göstərmədin, həm də Qaradağ hadisələrindəki qadınlardan da bəhs etmişəm. Bu cür kitabları yazmaq çətindir. Çünki aradan çox vaxt keçib. Adamları tapmaq, onları danışdırmaq asan olmur.

Dünyanın bir çox ölkələrində olmuşam, işlər görməyə çalışmışam. O vaxt Ramil Səfərov həbs olunanda, onun ziyarətinə gedən yeganə azərbaycanlı olmuşam. Onda Ramil həbsdəydi, hələ məhkəməsi olmamışdı.

– Onunla görüşəndə sizdə hansı təəssürat yaratmışdı?

– Çox mətin, qürurlu, iradəli oğlan idi. O, qəti şəkildə ömürlük həbs cəzası almasını hiss etdirmirdi. Mənə heç bir giley etmədi. Dedi, “mən düz etmişəm. Bayrağımı, millətimi, vətənimi qorumuşam. Başqa yolum yox idi”.

– Ramil Bakıya gələndən sonra onunla görüşmədiniz?

– Yox. Heç yanına da getmədim. Dedim, qoy, o, məni axtarsın. Çünki çətin vaxtında mən gedib onu axtarmışam.

– Sizi axtardı?

– Yox, o, məni axtarmadı. Amma ondan incimədim.

– Səriyyə xanım, mənim üçün həmişə maraqlı olub ki, görəsən, xocalılılar o faciədən sonra yaşamağa necə güc tapdılar. Yəni konkret sizin həyatda qalma motivasiyanız nə oldu?

– Başa düşdüm... Demək istəyirsiniz ki, necə yaşaya bildiniz? Sağ qaldınız? Yəqin ki, mən allaha yalvaranda, haqq qapısı açıq olub. Xocalıdan yetim qalan uşaqlar çox idi. Onları düşünürdüm. Deyirdim, hamı qırılıb ölsə, bəs onların qayğısına kim qalacaq? Onları kim tanıdacaq? O vaxtı ölmək çox asan, yaşamaq çətin idi. Mən yaşamağı seçdim. Bilirsiniz ki, soyqırımdan, təbii fəlakətlərdən çıxan insanlara hökmən həkim dəstəyi göstərilir. Onlar reabilitasiya olurlar. O vaxt indiki kimi deyildi. Bizə heç bir yerdən belə mənəvi dəstək olmadı. Bəlkə də, vaxtında bu olsaydı, biz bu qədər travma almazdıq. Amma bununla yanaşı Xocalı camaatı güclü camaat idi. Bizi ayaqüstə saxlayan torpaq sevgisi idi.

– Sizin üçün Xocalının ən dəhşətli xatirəsi nədir?

– Hər şey. Ən dəhşətlisi o idi ki, günahsız insanların ömrü yarıda soldu getdi. Ən dəhşətlisi o idi ki, xocalılıların çoxu heç meyitlərini görə bilmədilər. Cavan-cavan qızlarımız ermənilərə əsir düşdülər. Bu çox ağırdır. Biz bilmədik ki, o qızların taleyi necə oldu? Onlar kimlərin əlinə düşdülər? Onlardan bu gün də bizim heç bir xəbərimiz yoxdur. Bizim cavan oğlanlarımızı, milli ordunun əsgərlərini aparıb başlarını erməni qəbirlərinin üstündə kəsdilər. Nələr olmadı ki? Mənə həmişə qəribə gəldi ki, bütün bunlar 20-ci əsrdə bütün dünyanın gözü qarşısında baş verdi? Axı bu 19-cu əsr, 1918-ci il deyildi? 20-ci əsrin sonunda, 92-ci ildə insanı diri-diri ağaca bağlayıb yandırırlar, başın kəsirlər, dişlərini çıxarırlar, gözlərini oyurlar. İkinci dünya müharibəsini görən, ordan nasistlərin əlindən sağ çıxan adamlar, faşistlərin öldürə bilmədiyi adamlar Xocalıda ermənilər tərəfindən qətlə yetirildilər. Halbuki faşizm ideologiyası dünyanın ən dəhşətli soyqırımını törətmişdi. Bütün bunları qələmə almaq dəhşətlidir. İnanın o qədər olub ki, yaşamağıma peşman olmuşam. Günlərlə, saatlarla susmuşam. Adi bir hərəkət, söz mənə təsir edib. Düzdür, sonra ailə qurdum, uşaqlarım oldu. Məsuliyyətim artdı, amma mən özüm də güclü adamam. Mən özüm həmin baryeri keçəcəkdim. Ailəm, uşaqlarım məni ovutdu. Amma Xocalıya o qədər bağlandım, o dərdə o qədər aludə oldum ki, heç nə məni sakitləşdirə bilmədi.

– Bildiyimiz faciələrə qədər sizin bir Xocalı həyatınız xoşbəxt günləriniz vardı. Bir az istəyirəm o günlərdən danışasınız...

– Atam Xocalıda Komsomol təşkilatının katibi olub. Bayaq dediyim kimi o, çox gənc yaşda və faciəvi şəkildə dünyasını dəyişib. Çayda balıq tutanda, onu tok vurmuşdu. Bundan sonra atamın anası bütün mehrini mənə salıb. Məni, demək olar ki, o böyüdüb. Onun atamdan başqa bir oğlu olsa da, mənə məhəbbət göstərməsi hamının təəccübünə səbəb olub. Nənəm deyirdi ki, atam bir dəfə ona deyib ki, “ay ana, Səriyyə mənə oxşayır, ondan muğayat ol”. Ona görə də nənəm məni çox fərqli, azad böyüdüb. Məndə heç zaman qorxu, kimdənsə çəkinmək hissi olmayıb.

Xocalı çox əsrarəngiz yer olub. Sağında, solunda çaylar axıb. Mən daim o çayların kənarında gəzmişəm. Yadıma gəlir, günorta vaxtı heç vaxt evdə yemək yeməzdim. Nə bişirirdilərsə, bişirsinlər, bunun mənə aidiyyatı yox idi. Bütün günü uşaqlarla gəzib sonra nənəmin küpdə saxladığı pendirlə çörək yeyib təzədən uşaqların yanına gedirdim. O pendir çörək mənim üçün dünyanın ən ləziz yeməyi idi. Sonralar da nənəm hara gedirdisə, məni də özü ilə aparırdı. Mən də nənəmlə gəzə-gəzə böyüdüm. Uşaqlığım tez ötüb keçdi. Elə şeylər olurdu ki, nənəm onu mənimlə məsləhətləşib, dərdləşirdi. Həmişə atamdan danışıb ağlayır, sıtqayırdı. Baxma, 27 yaşda oğul itirmək asan məsələ deyildi.

– Həmin illərdə, məhəbbət, sevgi olmuşdu?

– Vallah o qədər oğlansayağı böyümüşdüm ki, yazıq oğlanlar mənə tərəf baxmağa qorxurdular, cəsarət etmirdilər (gülür). Əlbəttə, gənclikdə olubdur. Amma mən məhəbbətə meylli adam deyildim. Oxumağa marağım olduğundan, mütaliə başımı qatırdı. Riyaziyyatdan ən çətin tənlikləri mən edirdim, idman sahəsində nailiyyətlər qazanırdım. Uzunluğa tullanmada oğlanlar da dörd metr tullanırdı, mən də.

– Otuz ildən sonra ilk dəfə Ağdama getdiniz. O Ağdama ki siz Xocalıdan ora gəlmişdiniz, günlərlə ananızı Ağdam məscidində axtarmışdınız, ananızı, yaxınlarınızı orada dəfn edib Bakıya gəlmişdiniz. Nə hislər keçirdiniz?

– O hissləri təsvir edə bilmərəm. Ağdama gedəcəyimi eşidən gün mən səhərə qədər yatmadım. Ağdam mənim hafizəmdə başqa cür qalmışdı. Mənə elə gəlirdi ki, ora gedəndə, anamın qəbrini tapacam. Gedəndən sonra gördüm ki, heç nə qalmayıb. Ağdam darmadağın olub. İnanın, adam getməyinə də peşman olurdu. Ordan qayıdandan sonra mən neçə gün özümə gələ bilmədim. Ağdam məscidinə girmək mənim üçün çox dəhşətli oldu. Elə bil otuz il əvvələ qayıtdım. Sonra Şuşaya da getdim, ordan Xankəndinə, Xocalıya boylandım. Xocalı görünmürdü, amma Xankəndi görünürdü. Amma Samirə xanım, mən ümidimi itirmirəm. İnanıram ki, Xocalını da bir gün görəcəyik.

Foto: İlkin Nəbiyev

# 3396 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #