Çarli Çaplinə “uduzan” məşhur yazıçı

Çarli Çaplinə “uduzan” məşhur yazıçı
3 noyabr 2016
# 13:24

Kulis.az Cerom Selincerin həyatı haqqında yazını təqdim edir.

Geri qayıdan yeddi hekayə...

O, 1919-cu il yanvarın 1-də, Nyu-Yorkda pendir və kolbasa alveri ilə məşğul olan yəhudi Sol Selincerin ailəsində doğulub. Anası Mari Cilliç yarı şotland, yarı irland olub. Ailə qurduqdan sonra o, adını dəyişib Miriam qoyur və yəhudi inancını qəbul edir.

Selincer bir neçə ictimai məktəb dəyişib, doqquz və onuncu sinifləri isə özəl MakBurni məktəbində oxuyub. Məktəb vaxtı bir neçə tamaşada oynayan Selincer aktyor olmaq həvəsinə düşür. Lakin atası onun aktyor olmaq istəyinə qəti şəkildə qarşı çıxır.

Daha sonra Selincer bu məktəbi tərk edib Ueyn şəhərində yerləşən Velli Forc Hərbi məktəbinə daxil olur. Elə ədəbi yaradıcılığa da ilk olaraq həmin hərbi məktəbdə başlayır. Oranı bitirdikdən sonra Selincer 1936-cı ildə Nyu-York Universitetinə daxil olur. Lakin elə ikinci kursdan həmin universitetdəki təhsilini yarımçıq qoyub Vyana şəhərindəki bir şirkətdə atasının işlərini davam etdirmək üçün Avstriyaya yola düşür.

1938-ci ildə o, Avstriyadan Amerikaya qayıdır. Vətənə döndükdən sonra ədəbi fəaliyyətlə məşğul olmaq arzusu onun daxilində yenidən baş qaldırır. 1939-cu ildə Kolumbiya Universitetində ədəbi yaradıcılıq üzrə axşam kurslarına qatılır. Bu kurslara rəhbərliyi isə "Story" jurnalının redaktoru olan Uit Barner edir. Həmin dövrdə Selincerin yazdığı üç hekayədən biri "Gənc adamlar" "Story" jurnalında 1940-cı ildə dərc olunur. Bu Selincerin işıq üzü görən ilk əsəri olur.

1941-ci ildə Selincer Qəraib dənizində turist səfərləri həyata keçirən gəmidə mədəni proqram direktoru kimi çalışır. Elə həmin il də məşhur "Nyu Yorker" jurnalına hekayələr göndərməyə başlayır. Jurnal onun yeddi hekayəsini geri qaytarır. Yalnız 1946-cı ildə onun "Medisonda yumşaq qiyam" hekayəsini çap edir.

Ernest Heminquey: İlahi, o, necə də istedadlıdır…

1942-ci ildə Selincer əsgərliyə çağırılır və İkinci Dünya Müharibəsinin sonuna kimi döyüşlərdə olur. Eləcə də müttəfiq qoşunların tərkibində bir neçə ağır döyüşlərdə iştirak edir. Müttəfiqlərin qoşunları Almaniyaya daxil olanda, Parisdə hərbi müxbir kimi çalışan yazıçı Ernest Heminqueylə görüşür. O, Heminqueyin sadə xasiyyətindən və onunla çox mehriban görüşündən xeyli mütəəssir olur. Heminquey də Selincerin yazılarından və istedadından çox təsirlənib qeyd edir: "İlahi, bu oğlan çox istedadlıdır". Onlar müharibədən sonra xeyli vaxt məktublaşırlar. Selincer Heminqueyə yazdığı məktublarda onunla tanışlığını müharibə illərinin ən işıqlı xatirəsi olduğunu dəfələrlə vurğulayır.

Selincer müharibədə fransız və alman dillərini mükəmməl bildiyi üçün əsirlərin dindirilməsində də yaxından iştirak edir. Müharibədə yaşadıqları ona çox ağır təsir göstərir. Almaniyanın məğlubiyyətindən sonra o, bir neçə həftə xəstəxanada yatmağa məcbur olur. Sonralar müharibə haqqında danışanda o, qızına bu sözləri deyir: "Yanan insan bədəninin iyini nə qədər çox yaşasan belə heç vaxt tam unuda bilməzsən". Onun müharibə illərində yaşadığı ağır günlərin izləri ilə əsərlərinin bir çoxunda rastlaşmaq olar.

1948-ci ildə Selincer çox məşhur hekayələrindən biri olan "Banan balığının asan ovlanan günü"nü "Nev Yorker" jurnalına yollayır. Hekayə redaktorların o qədər xoşlarına gəlir ki, gələcək hekayələrinin ilkin nəşrinin çap hüququnu əldə etmək üçün yazıçı ilə müqavilə imzalayırlar.

İnzivaya başlanğıc…

Təxminən elə həmin illərdə Selincer "Çovdarlıqda uçurumdan qoruyan" romanını yazmağa başlayır. Lakin müharibədən sonra valideynlərinin yanına qayıdıb onlarla yaşayan Selincer hay-küylü gecələrdən, dostlarının qızğın mübahisələrindən, akademik çıxışlarından bezir. "Yazıçının ən böyük düşməni o biri yazıçıdır" fikrini aforizm kimi istifadə edərək bütün dostlarından və ailəsindən ayrılır. O, özünə ucqar bir məhəllədə otaq kirayələyib orda yaşamağa və romanını yazmağa başlayır.

Nəticədə 1951-ci il iyulun 16-da "Çovdarlıqda uçurumdan qoruyan" romanı çap olunur. Romanla bağlı ilkin reaksiyalar ziddiyyətli olsa da, əsər böyük oxucu uğuru qazanır. İki ay ərzində səkkiz dəfə çap olunur.

Bir müddətdən sonra Selincerdə məşhurluğa qarşı ikrah hissi baş qaldırır. O, romanının ikinci nəşrindən sonra bütün kitablarından şəklinin götürülməsini tələb edir.

Selincer 1953-cü ildə Nyu-Nempşir ştatının Korniş şəhərinə çay sahilində özünə geniş mülk alır və Nyu-Yorkdan buraya köçür. Ədəbi və ictimai mühitdən uzaqlaşır.

Yazıçı 1961-ci ilə "Frenni və Zui", 1963-cü ildə "Dülgərlər, qaldırın taxtabəndləri" və "Seymur: Tanışlıq" kitablarını nəşr etdirir.

Selincerin ilk məhəbbəti uğursuz olub. O, 1941-ci ildə Məşhur dramaturq Yucin O Nilin qızı Una ilə görüşməyə başlayıb. Lakin Unaya başqa bir məşhur Çarli Çaplin də aşiq olur. Çaplin çəkəcəyi yeni filmə aktrisa axtarışları zamanı Una ilə tanış olur və elə ilk baxışdan ona vurulur. Selincer Unanın da Çaplinə laqeyd olmadığını bilən gündən onunla münasibətlərinə son verir. Beləliklə Una Çaplinə görə Selinceri tərk edir. Unadan 36 yaş böyük olan və ona qədər üç dəfə evlənmiş Çaplin onunla öz xoşbəxtliyini tapmış olur. Onlar 16 iyun 1943-cü ildə evlənirlər. 1944-cü ildə onların sonrakı səkkiz uşağının birincisi Jeraldine anadan olur.

İkinci Dünya Müharibəsindən sonra Selincer Silviya adlı qadınla tanış olub evlənir. Ancaq onların evlilikləri də heç bir il çəkmir.

1940-cı illərdə Selincer zen-buddizmlə məşğul olur.

Üç evlilik…


1955-ci ilin iyununda 36 yaşlı yazıçı tələbə Kler Duqlasla evlənir. Bu nikahdan iki övladı - qızı Marqaret, oğlu Mett dünyaya gəlir. Evlənəndən sonra Selincer və Kler Vaşinqtondakı hind məbədində kriya yoqa təriqətini qəbul edirlər. Lakin xasiyyətindəki qəribəliklər ucbatından Selincerin bu izdivacı da uğursuzluqla sona çatır.

Selincer sonuncu evliliyini 1988-ci ildə özündən qırx yaş kiçik olan Kolinlə edir.

Yazıçının bizə məlum olan yaradıcılığının ikinci xəttini "Doqquz hekayə" kitabı təşkil edir. Hind dini-fəlsəfi və poetik dünya görüşünün müxtəlif meylləri ilə tanışlıq Selincer üçün təsirsiz ötüşmür. Çünki, müəllif həmin kitabda hind poetik düşüncəsinə görə insana xas olan doqquz əhval-ruhiyəni əks etdirməyə çalışmışdır. Daha doğrusu oxucu hər bir hekayəni oxuyub qutardıqdan sonra, müvafiq olaraq, həmin doqquz hissdən birini keçirməlidir.

Selincer tənhalığa çəkildiyi dönəmlərdə əsərlərinin ekranlaşmasına qəti şəkildə qarşı çıxmışdır. Hətta ən məşhur rejissorların belə təkliflərini rədd etməyi bacarır. Kitabları və tərcümələri ilə bağlı bir çox nəşriyyatlarla müxtəlif dönəmlərdə məhkəmə çəkişmələri yaşamışdı.

Yazıçı 2010-cu il yanvar ayının 27-də 91 yaşında öz mülkündə dünyaya gözlərini qapamışdır.

# 4149 dəfə oxunub

Müəllifin son yazıları

# # #