İbrahim Tatlısesin Qarabağ sevgisi

İbrahim Tatlıses

İbrahim Tatlıses

22 fevral 2022
# 11:00

Kulis.az Samirə Əşrəfin "İbrahim Tatlısesin süqutu" adlı yazısını təqdim edir.

Həyat çox amansızdır. Heç birimizin gözləmədiyi, hesablamadığı, arzulamadığı qədər...

Yazının mövzusunu insanın faniliyinə, özünü yazı-pozuda, ədəbiyyatda, kinoda və digər yaradıcılıq sahələrində axtarmağına, ovutmağına qədər aparıb çıxarıb, oxucunun zəhləsini bəs deyincə tökə bilərəm. Amma ürəyimdən keçənləri ən sadə yolla dilə gətirəcəm.

Səhər işə gələndə saytların birində “Azəri qızı Günel İbrahim Tatlısesi ağlatdı” başlıqlı yazı gördüm.

Günel “İbo Şou”nun qonağı olarkən İbrahim Tatlısesin mahnılarını oxuyanda, onsuz da, gözünün yaşı hələ cavanlığından ovcunda olan İbo kövrəlib.

Onu da qeyd edim ki, İbonun ağlamağı artıq tamaşaçılar tərəfindən normal qarşılanır. Həssas, kövrək, həyatda xeyli ağrı-acı görən sənətkarın ağlaması normal haldır, əslində.

Ümumiyyətlə, insan ağlamağı bacarmalıdır. Milyonların gözü qarşısında ağrılarını ifadə edərək ağlamaq üçün xeyli uca və böyük olmalısan.

İbrahim Tatlıses möhtəşəm mahnıları, ürəyi, qadınları, sevgiləri, vəfasızlıqları, günahları ilə bunu bacarır. Özü də bayaq vurğuladığım kimi o, indi ağlamır, o bütün həyatı boyu ağlayıb. İnanmırsınız köhnə videolarına, yəni vurulmazdan əvvəl olan videolarına baxın, görəcəksiniz.

Asan deyil...

Hər kəsin arzu edəcəyi şöhrətin zirvəsindəydi, İbrahim Tatlıses. Fəhləlikdən gəlib çıxmışdı bu zirvəyə. Sevdiyi, evləndiyi, ayrıldığı çox gözəl qadınlar olmuşdu. Gözəllər gözəli aktrisa Perihan Savaşla ayrılandan, daha doğrusu, onu tərk edəndən sonra sonuncu dayanacağının Derya Tuna olacağını düşündülər. Ancaq belə olmadı, istedad və şöhrət buna imkan vermədi.

Yunan mifologiyasındakı qəhrəmanlar kimi İbrahim axına qarşı getdi, ona təqdim olunmuş həyatdan, isti yuvadan, ən əsası isə taleyindən, alın yazısındakı cığırdan kənara çıxdı.

Kənara çıxmaq isə insana baha başa gəlir. Tanrı və təbiət bunu heç kimə bağışlamır. İboya da etdikləri bağışlanmadı. Derya Tunadan sonra üz tutduğu sevgilər onu xoşbəxt etmədi.

Özünü ovudacağı yeganə sərmayəsi səsi idi. Səsinə, istedadına güvənirdi. Ancaq tanrı onu çox pis cəzalandırdı. Öldürmədi, yarımcan etdi.

İndi İbrahim Tatlıses də bizim kimi, yəni adi bir tamaşaçı kimi öz səsinə ancaq keçmişdən qulaq asa bilir. Əvvəlki kimi oxuya, hərəkət edə, davrana bilmir.

Çətindir. Hətta çox çətindir...

Mən əminəm ki, İbrahim Tatlıses sağ qalandan sonra dəfələrlə özünə ölüm arzulayıb, sağ qaldığı üçün peşmanlıq yaşayıb.

İndi hər həftənin bazar günü efirə maddiyyat və ya mənəviyyat üçün çıxdığını deyə bilmərəm. Amma bundan da əminəm ki, o, həmin verilişdə hər dəfə bir az ölür.

Yadıma gəlir Kral Musiqi mükafatlarının təqdim etmə mərasimində səhnəyə dəvət olunan İbo səhnədə olan həmkarı Orhan Gencebaya demişdi:

"Məni tut, yıxılmayım..."

Qayıdaq Azəri qızı Günelə...

Bəlkə də, çoxuna qəribə gələ bilər. Amma Günel, həqiqətən də, istedadlı insandır. Məhz bu istedadı ona imkan verdi ki, on iki yaşında İbrahimin musiqi dünyasını fəth etsin.

Bəlkə, ondan da istedadlı yüzlərlə, minlərlə yaşıdı həyat girdabında yoxa çıxdılar. Amma bütün hallarda onun naxışı gətirdi, istedadı ilə birgə...

Günel öz səsiylə, Qarabağ taleyi ilə İbrahimin könlünün sarı simini dəfələrlə tərpətməyə bacarmışdı. Aralarındakı böyük yaş məsafəsinə rəğmən onları həmin bu istedad, musiqi, sənət sevgisi birləşdirirdi.

Bu səbəbdən də İbrahim Tatlıses Azeri qızı Günelə qarşı həmişə diqqətli oldu. Harada olur, olsun, hansı yeni layihəyə başlayırsa, başlasın Bakıda səhnəyə çıxıb “Padişah” mahnısını oxuyan o on iki yaşlı, balaca çəlimsiz, elindən, obasından qaçqın düşən, gözəl səsli, balaca ürəyində Qarabağ dərdi və böyük istedad gəzdirən Güneli unutmadı. Günel hər dəfə səhnəyə çıxanda, İboyla yan-yana gələndə, sənətkar onu kəşf etdiyini dilə gətirməkdən çəkinmir. Hətta bununla fəxr edir. O, öz adıyla, qayğısıyla Türkiyədə, hətta Azərbaycanda da onun üzərində kölgə, qol-qanad olur.

Lap çoxdan konsert salonlarının birində İbo səhnədə çıxış edərkən Güneli səhnəyə dəvət edir. Səhnəyə çıxıb Aşıq Ələsgərin qoşması üzərində muğam oxuyan Günel İbrahimi dəhşətli dərəcədə təsirləndirir. Onda bu qarabağlı qızın hələ 23 yaşı vardı. İbo Günelin ifasının təsirindən mikrofonu bir neçə dəfə onun əlindən alaraq “sən lap ağ elədin” sözlərini deyir.

Ötən gün Günel növbəti dəfə İbrahimin verilişinin qonağı oldu. 36 yaşlı bu qadın İbrahimin bir-birindən gözəl üç mahnısını ifa etdi. Günel “Yıkılmışım ben” mahnısnıa keçid edəndə, İbo göz yaşlarını saxlaya bilmir, ağlamağa başlayır. Əllərini yelləyir, sağ tərəfindəki masanın üzərindəki salfetləri axtarır.

İbrahim qarşısındakı 36 yaşlı qadının timsalında həm də özünü görmüşdü. Onu ağladan səbəb də məhz bu görmə qabiliyyəti, həqiqətin astar üzü idi.

Keçmişini ona Güneldən yaxşı kim xatırlada bilərdi axı.

On üç yaşında əlində tutub səhnəyə çıxardığı o balaca qızcığaz indi yaşı qırxa doğru gedən bir qadın olmuşdu.

Ötüb gedən bu iyirmi üç ildə nələr olmamışdı, nələr. Bu iyirmi üç il İbrahimdən sevgisini, sağlamlığını, ən əsası isə səsini alıb aparmışdı. Bircə şöhrətinə toxunmamışdı.

Bütün bunları düşündükcə, İbrahimin ağlamaqdan başqa çarəsi vardırmı?

Yox idi...

İbo bilir ki, ömrünün xəstəhal, qürub çağında əlindən ağlamaqdan başqa heç nə gəlmir. O həm də yiyəsiz qalan mahnılarına, taleyinə ağlayırdı. Ağlamaqdan utanmırdı.

Şair də demişdi axı.

“Ağlayın aşinasız, səssiz can verənlərə...”

# 2537 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #