Məndə elə kadrlar var ki... – Qarabağ müharibəsinin reportyoru danışır – Müsahibə

Məndə elə kadrlar var ki... – Qarabağ müharibəsinin reportyoru danışır – Müsahibə
5 oktyabr 2020
# 09:00

Kulis.az Qarabağ müharibəsində reportyor kimi iştirak edən tanınmış rejissor Nizami Abbasla müsahibəni təqdim edir.

-Nizami müəllim, birinci Qarabağ müharibəsinin canlı şahidlərindən, onun xronologiyasını yaradan insanlardan birisiniz. Son günlər cəbhədə baş verən hadisələrlə bağlı nə hislər yaşayırsınız, tarix sizə nələr deyir, müşahidələrinizdən irəli çıxıb nə deyə bilərsiz?

- İstərdim tarixə bir az nəzər salaq. Bizim cəbhəyə yolumuz 1988-ci ilin meydan hərəkatlarından başladı. O hadisələrdən sonra mənim daxilimdə yaradıcılıqla məşğul olmaq istəyi qalmadı. Könüllü olaraq cəbhəyə getdim. İlk getdiyim yer də Laçın olmuşdu. Amma ondan qabaq Kərkicahanda da olmuşdum. Mən sizə danışıram 1989-cu ildən. O vaxtlar orda bir güllə səsi eşidiləndə ermənilər kəndi gülləboran edirdilər. Əks tərəf istənilən vaxt Kərkicahanı güllə yağışına tuturdu. Yəni bu faktlarla yanaşı Azərbaycana qarşı çox böyük haqsızlıqlar həmişə olub. Ondan sonra 1992-ci ildə könüllü olaraq cəbhəyə getmək üçün Müdafiə Nazirliyinə rəsmi ərizə yazıb Laçına yola düşdüm. Laçında rəhmətlik Seyidağa ilə rastlaşdım. Seyidağanın adını xüsusilə vurğulamaq istərdim. Çünki o, ilk hərbi televiziya operatoru idi. Onun əlində bir balaca kamera vardı, Kərkicahan döyüşlərində də ayağından yaralanmışdı. Çəkiliş qrupu kimi biz iki nəfərdən ibarət idik. Biz hərbi tapşırığı yerinə yetirirdik, cəbhə bölgəsinə ezam olunmuşduq. O dönəmdə bizim başqa qüvvələrimiz yox idi. Peşəkarları bizimlə birgə fəaliyyətə cəlb etmək istəyirdik. Ancaq təəssüflər olsun ki, buna o qədər də nail ola bilmirdik.

- Yəqin ki, həyati təhlükə olan məqamlarda belə çəkilişə davam etmisiniz?

- Əlbəttə. Misal üçün Tərtər batalyonunu ilə çox əməliyyatlarda olmuşam. Ona görə də məhz o batalyon haqqında film çəkdim.

- Sizin və Seyidağa müəllimin və digər cəbhə reportyorlarının çəkdiyi hərbi xronikaların çoxu AzTv-nin və Müdafiə Nazirliyinin arxivində saxlanılar. Hansı ki, bu materiallar sənədli və bədii filmlərə dinamika və vizuallıq gətirə bilər. Necə etmək lazımdır ki, bu görüntülərin sürətləri əlçatan olsun?

- Bizim arxivdə elə materiallar var ki, onlar sırf hərblə bağlıdır, onları mülküləşdirmək olmaz. Onları ictimailəşdirməyə gərək yoxdur. Hansılar ki, ictimailəşdirilə bilər bu baxımdan mən Milli Qəhrəmanlar haqqında çəkilən filmlərdə gənclərə köməklik etmişəm. Müdafiə Nazirliyinin studiyasından həmin materiallardan götürüb vermişəm. Çox vaxt ciddi səhvlər gedir bu məsələlərlə bağlı. Ağdam bölgəsindəki döyüşləri Kəlbəcər döyüşləri kimi qələmə verirlər. Bizim də elə bir imkanımız yoxdur ki, bu barədə yanlışlıqlar olanda kimlərəsə məsləhətçi kimi izah edək. Mənimlə təmasda olan adamlara belə yanlışlıqlar olanda izah etmişəm. Amma hamıya əlimiz və səlahiyyətimiz çatmır. Bəzən baxırsan ki, bölgələri qarışdırmaqla yanaşı bir bölgənin şəhidini başqa batalyonun iştirakçısı kimi təqdim edirlər. Çox vaxt bir milli qəhrəman haqqında məlumat lazım olur, tapılmayanda ümumi görüntülərə müraciət edirlər. Mən “Batalyon” filmində ancaq Ağdərə istiqamətində gedən döyüş kadrlarından istifadə etmişəm. Orda tək mənim yox, Seyidağanın, Aleksandr Nevzorovun, Tahir Qarayevin, Etibar Şirinovun, Tahir Əliyevin, Tahir Qafarovun materiallarından istifadə etmişəm. Yəni demək istəyirəm ki, çəkdiyim xronikalar mənim, ya bir başqasının şəxsi malı ola bilməz. Bu artıq dövlətin, xalqındı. Lazım olanda da çəkdiklərimizdən heç bir təmənna güdmədən veririk. Ümumiyyətlə, Qarabağ savaşından para qazanmaq böyük günahdı. Biz stringer deyilik. Biz tərəf olaraq bu hadisələri çəkmişik, işıqlandırmışıq. Olub ki, müharibə gedə-gedə xaricilər gəlib bizdən material istəyirdilər. Biz o materialları verirdik, heç bir təmənna da güdmürdük. Qanla pul qazanmaq olmaz.

- Hərbi operator kimi fəaliyyət göstərmək baxımından dövrləri necə müqayisə edərdiniz. O dövrlər daha çətin idi, ya indi?

- Bu gün davam edən müharibə sentyabrın 27-dən başlayıb. O gündən indiyənə qədər fikir verirəm. Görürəm ki, cəbhədən hazırlanan kadrlarda insanlar danışmağa söz tapmırlar. Girov götürülmüş düşmən qənimətlərini elə izah edirlər ki, bu jurnalistika prinsiplərinə yaddır. Düşmənin əşyasını, maşınını efir zatən göstərir, bir də onu demək lazım deyil. Misal üçün CNN türkün jurnalistlərinin çəkdiyi kadrlara baxıram. Onların işçində professionallıq görünür. Hərbi reportyor peşəsi tamam fərqli bir peşədir. Gələcəyin jurnalistləri bu baxımdan təhsil almalı, kurs keçməlidirlər.

- Bu məsələ bir az da təcrübə tələb etmirmi?

- Təcrübə ilə yanaşı peşəkarlıq çox önəmlidir. Müharibənin öz qanunları var. Soyuqqanlılıq və peşəkarlıq həmişə qalib gəlir. Reportajda bir divarın yanında durub danışmaqla hadisəni çatdırmaq olmur. Həm də indiki müharibə bir az fərqli müharibədi. Biz o zaman düşmən mövqelərini çəkə bilmək üçün meşədə olan ən hündür ağacların başına çıxardıq. Ordan durbinlə baxıb topçularımıza vuracaqları səmtləri deyərdik. Mənim kadrlarımda bunlar var. İndi o zamanlar keçmişdə qalıb. Hər şey texnika və uçuş aparatları ilə təyin olunur. Bu baxımdan o dönəmlər çox çətin idi. O vaxtı Laçında belə bir hadisə olmuşdu. Artıq Şuşadan texnika geri çəkilmişdi. Adamlar daha çox Çingizin kadrlarını görürdülər. Ancaq orda başqa çəkilişlər də var idi axı. Onları da çəkmək lazım idi. Təkcə qaçan insanları çəkməklə iş bitmirdi. Biz o vaxtı Laçında olan bir qradı Seyidağa ilə doldurub sonra onu gətirib benzin kolonkasının yanından üzü Şuşa istiqamətinə atırdıq. Bu kadrları çəkmək lazım idi. Jurnalistikanın belə bir xüsusiyyəti var ki, süni imitasiyalara yol vermək olmaz. Real hadisəni çəkməyi bacarmaq lazımdır. Hadisə yoxdursa, susmaq daha məqsədəuyğundur.

- Arxivinizdə qalan, heç yerdə nümayiş olunmayan kadrlarınız var?

- Təbii ki, var. O kadrlar üzə çıxsa, insanlarda müəyyən ruh düşkünlüyü yarana bilər. Bir kadrda yanan əsgər var. Və yaxud da düşmən tərəfindən atılan mərmi bizim bölgəyə düşür. Bunları göstərməyin nə mənası var. “Mən çəkmişəm, dərhal da nümayiş etdirim” fikri səhvdir. İnsan faktorunu, incə məqamları nəzərə almaq lazımdır.

- Amma özünüz sonradan yəqin ki, baxmısınız?

- Baxmaq nədir, bu məqamlar adamın yuxularına girir.

- Haqqında filmi çəkdiyiniz Milli Qəhrəmanlardan Əliyar Əliyev, Yusif Mirzəyev, Vəzir Orucov, Elman Hüseynov, İsgəndər Aznaurov, Ülfət Kərimov və başqaları şəxsi tanışlığınız olub. Onların çoxunun şəhidlik məqamı sizin gözləriniz qarşısında olub. Dostlarınızı itirəndən sonra onlar haqqında film çəkmək qəlbinizə az da olsa rahatlıq gətirib?

- Rahatlıq ifadəsi bir az doğru olmur. Əksinə mən o filmləri çəkəndə, kadrlardan istifadə edəndə, yenidən həmin günlərə, anlara qayıdıram. Bir anlığa o insanları yanımda hesab edirəm. Ancaq onlar həyatda yoxdurlar. Bu hissləri yaşamaq çox çətindir. Seyidağa rəhmətliklə həmişə o kadrlara baxanda görürdük ki, vaxtilə bizimlə yanaşı olan nə qədər insan artıq həyatda yoxdur. Misal üçün Cin Mübariz ləqəbli bir əsgər vardı. Onun elədiyi əməliyyatları inanın ki, bir batalyon edə bilməzdi. Çox fədakar oğlan idi. İndi tez-tez onun haqqında film çəkmək barədə düşünürəm. Yüzlərlə belə oğullar tanıyıram.

- Son illərdə şəhid olan Milli Qəhrəmanlarımız haqqında film çəkməyi düşünürsünüzmü?

- Sözün düzü bu haqda düşünmüşəm. Amma bir insanın qəhrəmanlığını göstərmək üçün bədii janr metodundan istifadə etmək lazımdır. Bu səhnələri qurarkən primitiv qaydalardan yararlanmaq istəmirəm. Bu gün onu edənlər çoxdur. Zəif səhnəli filmlərin çəkilməyindənsə, çəkilməməyi daha yaxşıdır.

- Təəssüf ki, bu gün Milli Qəhrəmanlar haqqında çəkilən filmlərimiz kinomuzun ən zəif nöqtələridir. Bu barədə nələr tövsiyə edərdiniz?

- Pafos bütün sənət növlərində sənətin məhvi deməkdir. Bizdəki pafos isə xoşagələn deyil. Həm mətn yazılışı, həm səsləndirmə. Çox primitiv yanaşmalar var. Qəhrəman haqqında film çəkirlər, onun anasını, bacısını, qardaşını danışdırılar. Döyüşçü yoldaşlarını xəbər alanda deyirlər, tapa bilmədik. Necə yəni tapa bilmədik? Bu film ailə filmi deyil axı. Sabah o şəhidin döyüşçü yoldaşları filmə baxanda o filmdə iştirak etmədikləri üçün məyus olacaqlar axı. Təbii ki, ata da, ana da öz övladı haqqında danışmalıdır. Ancaq döyüşün şahidləri də danışmalıdır. Ona görə də mən son dövrlər çəkilən sənədli filmlərdə bu cür yanaşmaları qəbul etmirəm. Bu işlər planlı şəkildə olmamalıdır. Nə də mən gedib onların işinə qarışa bilmərəm.

- Qarabağ haqqında yaxşı film çəkmək üçün zaman keçməlidir deyirlər. Bu fikrə münasibətiniz necədir?

- Müddət keçməməlidir. Stanislav Rostotskinin “Şəfəqlər burada sakitdir” filmi var. Bu filmin rejissoru özü müharibə iştirakçısı idi. Ona görə də onun baxış bucağı çox fərqli idi. Burada müharibənin, hadisənin içərisində yetişmiş professionaldan, mütəxəssisdən söhbət gedir. Onun, Sergey Bondarçukun çəkdiyi filmlə Fyodr Bondarçukun çəkdiyi filmi müqayisə etmək olmaz. Fyodr Bondarçukun atası da İkinci dünya müharibəsinin iştirakçısı, rejissor, aktyor idi. O, tamam fərqli şeylər çəkirdi. Yəni müddətin keçməsini, bizim ölüb getməyimizi gözləmək lazım deyil. Bizim potensialımızdan istifadə etmək lazımdır.

O dövrün rejissorları müharibədə olmasalar belə uşaqlıqları müharibə dövrünə düşmüşdü. Bu günün uşaqları isə Qarabağ savaşını efirdən görürlər. Dünən Qədir Rüstəmovun oğlu ilə zəngləşib danışırdım. O, Ağdam bölgəsində yaşayır, özü də müharibə iştirakçısı, Milli Qəhrəman Yusif Mirzəyevin əsgəri olub. İndi onun oğlu da cəbhədə, ön xətdədir. Gördüm ki, çox narahatdı. Dedim, görürsənmi o vaxt sən də cəbhədə olanda atan sənin üçün narahat idi.

- Bu günkü müharibə haqqında nə düşünürsünüz, müşahidələriniz nə deyir?

- Mən bu gün Müdafiə Nazirliyinə rəsmi müraciət etdim ki, məni cəbhə bölgəsinə yollasınlar. Son zərurət, məqam yarananda mən onsuz da getməliyəm, məni heç kim saxlaya bilməz. Amma indi heç olmasa, dron çəkilişlərindən əlavə mən də öz çəkiliş qrupumla birgə gedib müəyyən məqamları çəkərdim. Bu çəkilişləri də televiziya üçün yox, sırf gələcək tariximiz üçün çəkək. Amma mənə cavab verdilər ki, ehtiyac yoxdur.

- Getmək istəyirsiniz, ürəyiniz ordadır?

- Getmək istəyirəm nədir ey? Evdə otura bilmirəm. Evdə oturmağı özümə sığışdıra bilmirəm. Ağırdı. Bu nüanslar məni narahat edir. Bir vaxt gələcək, bu çəkilişlərə ehtiyac olacaq.

- Qələbəyə inamınız, gözləntiniz nə qədərdi?

- Tez-tez deyirdilər ki, bizdən sonra bizim övladlarımız Qarabağı xatırlamayacaq, çünki oranı görməyiblər. Amma bütün bunlar yalan oldu. Bu günkü müharibə də bunu sübut edir. Aparılan döyüş əməliyyatları çox professional səviyyədədir. Düşməni psixoloji və fiziki cəhətdən məhv etmişik. İrəliləmək üçün müəyyən vaxt lazımdır. Səbirsizlik etmək olmaz. 27-dən bu günə qədər əldə etdiyimiz uğurlar xırda məsələlər deyil. İndi orduda xidmət edən əsgərlərimizin çoxu 92-ci ildə türk hərbi məktəbinin yetirmələrinin tələbələridi. Onlardan aprel döyüşlərində şəhid olanlar da var. Milli Qəhrəman Əliyar Əliyev haqqında çəkdiyim filmdə general mayor Mais Bərxudarov Milli Qəhrəmanımız Əliyar Əliyevin tələbəsi olmasından danışır. O, Əliyar haqqında çox gözəl danışıb. Yəni bu gün döyüşən əsgərlərimizin çoxunun valideyni, qohumları, müəllimləri birinci Qarabağ müharibəsindən keçiblər. Çoxu qazi və ya əlildir.

Haqqında danışdığımız adamlar, yerlər indi danışdıqca xəyalımda canlanır. Hamısını xatırlayıram. Ağdərə yadıma düşür. Hələ sovetin dövründə orda elə gözəl binalar, karusellər vardı ki, bəlkə də paytaxtlarda elə şərait olmayıb. Və yaxud da, elə sizin rayonda, Cəbrayılda çinar ağacının altından çıxan kəhriz hələ də gözlərimin önündədi. Mən o yerlərin hamısını qarış-qarış gəzmişəm.

- Milli qəhrəmanlar haqqında çəkdiyiniz filmlərin hamısına baxmışam. Siz təkcə Ülfət Kərimov haqqında çəkdiyiniz filmdə danışmısınız. Başqalarında yox...

- Danışa bilmirəm. Xüsusən Yusif (Yusif Mirzəyev red.) haqqında danışanda özümü saxlaya bilmirəm. Dəfələrlə canlı yayıma, efirə çağırıblar, Yusifdən söz düşəndə özümü ələ ala bilməmişəm...

- Burada yəqin ki, Yusifin taleyinin də rolu var?

- Yüz faiz elədir. Mən onu meydan hərəkatından tanıdım, sonra cəbhədə görəndə bildim ki, həmin qarabuğdayı oğlandı. Onun burda restoranı vardı. Hələ o vaxtı kolbasa çörək, limonad gətirib meydandakı camaata paylayırdı.

Bütün hallarda müharibə fədakarlıqdı. İstər arxa cəbhə olsun, istərsə də, ön cəbhə. O vaxtı da döyüş zamanı könüllü gələnlərlə, gəlməyənlər effekti hiss olunurdu. Müharibə elə bir hadisədir ki, içərisinə düşəndən sonra müəyyən hisslərlə barışıb, dostlaşırsan.

- Müharibə illəri ilə bağlı heç unutmadığınız məqamlar varmı?

- Mən ümumiyyətlə o dövrün hadisələrin heç vaxt unuda bilmirəm. Ancaq müəyyən kadrlar var ki, onları ümumiyyətlə unutmaq olmur. Laçının son günlərində tək bir qoca qalmışdı. O, yolun kənarında oturmuşdu. Yerə qoyulmuş köhnə təkərə söykənib gözünü yola dikmişdi. O, qocanın şəkli də videosu da var. Seyidağa rəhmətlik çəkmişdi. Ondan rayondan çıxmamasının səbəbini soruşanda o bizə cavab verdi ki, mənim dərdimi xəbər almayın bala. Uşaqlarımın hərəsi bir tərəfdədi. Biz ona nə qədər təklif etsək də, o, bizimlə gəlməyə razı olmadı. Onda yerdəki qarışqaları Seyidağaya göstərib dedim, Seyidağa bax, bir bu qarışqalar Laçını tərk etmir, bir də bu cür yaşlı insanlar.

Laçında bir benzin doldurma məntəqəsi vardı. Yadıma gəlir, Seyidağaya deyirdim, gəl buranı partladaq, o, da deyirdi, yox, bəlkə çıxmadıq heç rayondan. Sonra eyni təklifi o deyirdi, mən etiraz edirdim ki, bəlkə qaldıq burda, ya geri qayıtdıq. Belə anlar çox olub. O qayıtmaq, bu qayıtmaq 28 ilə qədər gəlib çıxdı. İnşallah bu il artıq o torpaqlara qayıdarıq.

Foto: İlkin Nəbiyev

# 4259 dəfə oxunub

Müəllifin son yazıları

# # #