Lent.az-ın baş redaktoru: “Biz redaksiyanın içində də rəqabət aparırıq” – Müsahibə

Lent.az-ın baş redaktoru: “Biz redaksiyanın içində də rəqabət aparırıq” – Müsahibə
25 iyun 2021
# 15:00

Bu gün Lent.az portalının 13 yaşı tamam olur. Kulis.az bu münasibətlə portalın baş redaktoru Hafiz Heydərovla müsahibəni təqdim edir.

- Hafiz müəllim, ad gününüz münasibəti ilə sizi təbrik edirik

- Çox sağ olun. Minnətdaram.

- APA-da nə qədər müddətdir işləyirsiniz?

- 2005-ci ilin yanvar ayından işləyirəm. Universiteti təzə bitirmişdim. O dövrlərdə Zaqatala qaynar regionlardan biri idi. Ağır cinayətlər baş verirdi, əməliyyatlar aparılırdı. Həmin vaxt APA bölgə bürolarını təsis edəndə, Zaqatalada da büro yaratmaq qərara alınır. O zaman Elbrus Ərud Zaqatalaya gəlib, onlarla əməkdaşlıq edəcək birini axtarırdı. Yaxın dostlar məni məsləhət bilmişdi. Bir aylıq sınaq müddəti ilə işə düzəldim. İyirmi gündən sonra mənə dedilər ki, sən artıq əməkdaşsan, səni işə qəbul edirik. O vaxtdan bəri də APA-nın əməkdaşıyam.

- APA İnformasiya Agentliyində işləmək çətindir, yoxsa Lent.az-da?

- Hər ikisi çox çətindir. Hər ikisinin, təbii ki, öz məsuliyyəti var. Mən istər bölgə müxbiri olanda, istər mərkəzi ofisə gələndən sonra, həmişə çalışmışam ki, öz işimə məsuliyyətlə yanaşım. Təbii, Lent.az-ın baş redaktoru kimi məsuliyyət bir az da artıb. Əvvəl konkret bir sahəyə baxıb, o sahəyə cavabdeh idinsə, indi, artıq bütün sahələrə baxmalı, məsuliyyət daşımalısan.

Gallery

- Konkret çətinlik nədir?

- Mən buna çətinlik deməzdim. İndiyə qədər on beş il, on altı il xəbər agentliyində işləmişəm. Xəbər agentliyinin üslubu və formatı bir az başqadır. Lent.azın formatı tam başqadır. Mən elə düşünürdüm ki, uyğunlaşmaqda çətinlik çəkəcəm. Sonra gördüm, məsələni hansı tərəfə yönləndirsən də, mahiyyət gedib xəbərə çıxır. Hər şey xəbərin üzərində qurulur. İndi Lent.az-da xəbəri bir az dərinləşdiririk, obrazlı işləməyə, maraqlı təqdimat verməyə çalışırıq.

- Təcrübə nə qədər rol oynayır?

- Çox böyük rolu var. Mən deyərdim, jurnalist üçün təhsil vacibdir. Jurnalistin kökü, bazası olmalıdır. Mən jurnalistika sahəsində olmamışam, amma bu sahəyə daha tez uyğunlaşdım. Bu baxımdan təcrübə çox böyük rol oynadı. Xəbərin içində olub, xəbəri duyursan. Məsələn, mənim tanıdığım, jurnalistika fakültəsini bitirən adamlar olub, xəbərin yanından keçib gediblər. Xəbər duyumunun olması çox vacibdir. Jurnalistika həm də, mənə belə gəlir, allah vergisi, fitri istedad kimi bir şeydir. İnanmıram, hər adam jurnalistikada baş çıxara bilsin. Əvvəllər qəzet jurnalistikası vardı. Onun üslubu fərqli idi. Bu günün jurnalistikası əsasən xəbər üzərində qurulur. Zaman dəyişir, hamı xəbərə qaçır. Hardasa bir balaca hadisə oldu, onu ictimaiyyətə çatdırmağa can atır. İctimaiyyət də normal qarşılayır və daha operativ, daha çox xəbər verən saytları izləyirlər.

- Bölgə müxbiri işlədiyiniz vaxt ağlınıza gələrdi, Lent.az-da baş redaktor olacağınız?

- Açığını deyim, məktəbdə oxuyanda jurnalist olacağım ağlıma da gəlməzdi. Hamının uşaqlıq dövrünün balaca arzuları olur. Mənim ən böyük arzum hüquqşünas, prokuror olmaq idi.

Gallery

- Yəqin, xəbər duyumunuz, araşdırmaq istəyiniz bu arzudan qaynaqlanır...

- Hə ola bilər (gülür). Həyat elə gətirdi, jurnalist oldum. Peşman da deyiləm. Jurnalistika çox maraqlı sahədir. Görünür, elə mən bu sahə üçün yaranmışam.

- Sizin həm də taleyiniz, ailə həyatınız jurnalistika ilə bağlı oldu.

- Həmişə demişəm, APA mənim həm jurnalistika fəaliyyətimdə, həm də ailə həyatımda xüsusi rol oynayıb. Bizdə jurnalistika sahəsindəki insanlar arasında ailə quranlar çoxdur. Mən də onlardan biriyəm.

- Səidə xanımla bir yerdə işləmək necə hissdir?

- Bizim üçün problem olmur. O, jurnalist olsaydı, bəlkə də bizim vəziyyətimiz fərqli olardı. O, belə deyək, mənim sahəmdən məlumatlı olmadığı, mən də onun sahəsindən baş çıxarmadığım üçün nə o mənə müdaxilə edə bilmir, nə də mən ona (gülür). Bəlkə, eyni sahədən olsaydıq, müdaxilə edərdik, fikir ayrılığı, mübahisə, anlaşılmazlıq yaranardı. Elə olmadığı üçün hər şey qaydasındadır.

- Siz Lent.az-a baş redaktor təyin olunandan sonra qısa müddətdə saytda canlanma hiss olundu. Amma kriminal və şou xəbərləri də bir az çoxaldı, elə bil.

- Baş redaktor kimi dördüncü ayımdı, canlanma hiss olunursa, sevindim. Xəbərə qalanda, biz hər hadisəni, hər xəbəri analiz edirik ki, bizdə hansına tələbat daha çoxdur. Məsələn, APA-da olanda, görürdüm ki, oxucuların rəsmi xəbərlərə tələbatı daha çoxdur. Lent.az-a gələndə, burada təzəyəm deyə, hər xəbəri sınaqdan keçirdim. İstər şou, istər kriminal, istər rəsmi xəbərləri bir ay analiz etdim. Nəticə göstərdi ki, bizim saytın oxucularının əksəriyyəti şou və kriminal xəbərlərə, bir də özəl reportajlara, araşdırmalara üstünlük verir. Rəsmi, siyasi, iqtisadi xəbərlər bizdə elə də maraq doğurmur. Biz o xəbərləri də veririk, amma daha çox oxunan xəbərlərimiz şou və kriminaldır. Bunu tənqid eləyənlər nəzərə almalıdır ki, həmin xəbərlər azı 30-40 min insan tərəfindən oxunur.

- Həm də belə xəbərlər digər ciddi yazıları, xəbərləri oxudur...

- Bəli. Məsələn, biz bir sanballı xəbər qoyuruq. Görürsən az oxunur, amma digər xəbərləri oxumaq üçün sayta girən oxucular həmin ciddi materialları da oxuyur.

- Ümumiyyətlə, sizcə, internet məkanında rəqabət çox böyükdür?

- Rəqabət var. Biz xəbəri sadəcə hardansa götürüb, sayta qoymuruq, onu inkişaf etdiririk, belə deyim, xəbəri işləyirik. Araşdırırıq, öyrənirik, daha maraqlı hala salırıq, nəticəsi də olur.

- Sizcə, bu rəqabətin içində Lent.az-ın özəlliyi, üstünlüyü nədir?

- Rəqabət hər bir sahədə, xüsusən, jurnalistikada olmalıdır. Bu normaldır. Biz hətta redaksiyanın içində belə rəqabət aparırıq. Hər bir redaksiya xəbəri ilk vermək üçün çalışır. Xəbəri də ilk kim verdisə, oxucu onundur, artıq ondan bir-iki saat sonra verəndə, daha çox baxış yığsan belə, oxunma yığsan belə, xəbərin sahibi onu birinci verəndir. Xəbərdə operativlik ən vacib xüsusiyyətlərdən biridir. Bir dəqiqə belə əhəmiyyətlidir. Bu mənada saytlar arasında sağlam rəqabət olmalıdır. Həmçinin, xəbər uğurlu olmalıdır. Bizim jurnalistikanın ən böyük bəlalarından biri budur. Nəzarət mexanizmi də yoxdur. Bu, heç mümkün də deyil. Məsələn, mən baş redaktor olsam da, xəbər axtarıram, araşdırıram, yazıram, tək mən yox, əməkdaşlarımız da əziyyət çəkib saatlarla bir xəbər üstündə işləyirlər, veririk, sonra görürük, bir-iki dəqiqə sonra başqa sayt götürüb istinadsız, nöqtə-vergülü dəyişmədən, dədə malı kimi yayımlayıb. Yenə cümlələri dəyişsələr, adam deyər, dərd yarı, heç olmasa nəsə ediblər. Heç onu da eləmirlər.

Gallery

Bir müddət əvvəl bir xəbərimizdə bilərəkdən səhv elədik ki, görək nəticəsi necə olacaq? Bir çox sayt elə səhvlə də götürüb verdi. Düzdü, rəsmi sorğuya cavab idi, sadəcə nəticə bizə maraqlı idi. Sonra özümüz səhvi düzəltdik. Bilmək istəyirdik ki, kimlər bizdən xəbər oğurlayır. Yəni belə də olur.

- Kollektiviniz barədə nə deyə bilərsiniz?

- Kollektivimiz çox mehribandır. Mən gələndə hansı kollektiv idisə, həmin kollektiv də qalıb, heç kimi dəyişməmişik, dəyişmək fikrimiz də yoxdur. Sadəcə, istədiyim odu ki, hər kəs biri-biriylə mehriban olsun. Bu da balaca bir ailədir. Ümid edirəm, elə həmişə də mehriban olacağıq, mənfi hallarla qarşılaşmayacağıq. Hamı mehriban, səmimi olsa, iş də yaxşı gedəcək. Mehribanlıq, səmimiyyət olmayan yerdə iş də getmir.

- Sizin haqqınızda “yaxşı adam” ifadəsini də çox tez-tez işlədirlər. Bu, işinizə necə sirayət edir?

- Vallah, yaxşı, ya pis adam olduğum barədə heç nə deyə bilmərəm, amma həmişə çalışmışam iş yoldaşlarımla müəyyən sərhəd saxlayım. Həmin o sərhədlər aşılanda, səmimiyyət pozulur. Ona görə, əlimdən gələni edirəm ki, bu cür də davam edək.

- Sizə uğurlar arzu edirik və ad gününüz bir daha təbrik edirik!

- Təşəkkür edirəm.

Fotolar: İlkin Nəbiyev

# 3701 dəfə oxunub

Müəllifin son yazıları

# # #