Efiri meyxananın ixtiyarına buraxmaq lazımdır

Efiri meyxananın ixtiyarına buraxmaq lazımdır
25 mart 2019
# 16:20

Kulis.az Salam Sarvanın “Düşünər dostlara müraciət” adlı yazısını təqdim edir.

Feysbuk bizi indiyədək papaq altda qalmış çox mətləblərdən agah elədi. Bütövlükdə cəmiyyətlə, cəmiyyətin ayrı-ayrı təbəqələriylə virtual ünsiyyət real həyatda gizli qalan xeyli məqamları üzə çıxardı. Fərqli düşünən dostlarımızın toplumla bağlı, cəmiyyət həyatının yaralı yerləriylə bağlı fikirlərinin daim aqressiyayla, təhqirlə, bəzən ölüm təhdidiylə qarşılanması ibrət götürüləsi haldır. Hətta Rafiq Tağı faktı da içində olmaqla real ölüm halları da az olmayıb. Nə qədər ağır olsa da, bir həqiqəti etiraf etməyə məcburuq: toplumun düşüncə tərzindən, tapındığı yaşam fəlsəfəsindən sızan “xırdaçılıqlar” Mirzə Ələkbər Sabir kimi, Axundov kimi, Cəlil Məmmədquluzadə kimi adamların təkcə ömür-gününü yox, həm də parlaq istedadlarını yedi-bitirdi: bəşər ədəbiyyatına daha nəhəng ədəbi nümunələr verməyə hey qalmadı, zaman qalmadı, ömür qalmadı.

Ona görə də düşünər dostlarımızı bu faydasız, daim faydasız, əsrlər uzunu faydasız maarifçi davranış cəhdlərindən əl çəkməyə dəvət edirəm. Cəmiyyəti öz mövzularıyla baş-başa buraxmaq, onun işlərinə qarışmamaq zamanı gəldi – harda qırıla, qırıla. Efirləri indi camaatın daha çox hörmət elədiyi toy müğənnilərinin, meyxanaçıların, hətta kipriyini çalmaqla gülüş yaradan gülüş ustalarının tam ixtiyarına buraxmaq lazım. Aradabir televiziyalardan “gözünə qatmaq üçün” gələn dəvətlərindən də imtina etmək, özünə, öz bədii mətn yaradıcılığına qapılmaq lazım. Öz canını, öz əsəblərini, öz talantını daha faydalı, daha bəşəri işlər üçün qorumaq lazım.

# 3839 dəfə oxunub

Müəllifin son yazıları

# # #