"Guya onun azadlığının həddi..." - Salam Sarvanın yeni şeiri

Salam Sarvan, şair

Salam Sarvan, şair

8 aprel 2024
# 12:13

Kulis.az Salam Sarvanın yeni şeirini təqdim edir.

***

Bu xırda, bu cılız insan
yalnız qapısı olan yerlərə can atar:
evə, idarəyə, maşına...
Nəhayətsiz göylərə, çöllərə dartınmaz.


Otağında neçə-neçə qapı var, pəncərə var.
Hətta kitab dolabına da qapı qoydurar.
Doğmalarının şəklini şüşəli çərçivəyə saldırıb
pəncərədən baxar sevdiklərinə.


Bu xırda, bu cılız insan
fani bir ömürdə əbədiyyət rahatlığı qurar özünə –
mətbəxdə yemək yeyər,
qonaq otağında televizora baxar,
yataq otağında yatar.


Utanıb-qızarmadan
küləyin tumarladığı nəhayətsiz zəminin yanında
başındakı beş-altı tükü darayar...
Gur-gur axan çayların böyründə beş-altı damcı göz yaşı axıdar...
Uca dağların ətəyində beş-altı qarış boy atar.
Od saçan Günəşin altında tüstü saçan ocaq qalayar.


Guya onun azadlığının həddi
başqasının azadlığının civarına qədərdi...
Əslində isə, dustaqlığının sərhəddi
başqasının kamerasının divarına qədərdi.


Əslində isə...
Bu xırda, bu cılız insançün
bütün azadlıqlar tələdi:
çünki hətta hər gün ütülədiyi
paltarının qulluğunda kölədi.


Bu xırda, bu cılız insan
əlvan parıltılar yaradar qapqara niyyətindən...
Hər qarış torpaqda nəsə tikər –
fələyin gərdiş eləməsi üçün
bir metr də yer saxlamaz həyətində.


Belə...
Tanrı bu xırda, bu cılız insanın
başını soxması üçün qapılar yaradıb yalnız –
dünyanı yaratmayıb hələ...

# 3892 dəfə oxunub

Müəllifin son yazıları

# # #