Məzarının sirrini yaxşı qoru, ey insan - Salam Sarvanın Bodlerdən tərcümələri

Məzarının sirrini yaxşı qoru, ey insan - <span style="color:red;">Salam Sarvanın Bodlerdən tərcümələri
1 iyun 2017
# 17:00

Kulis.az şair Salam Sarvanın Şarl Bodlerdən yeni tərcümələrini təqdim edir.

Əzabkeş qadın

İpəklər, zərxaralar, gözəl ətir qabları,
Qravürlər, naxışlar,
Duyğuları oxşayan şəkillər və divanlar,
Üstlərində balışlar.

Havası istixana havası kimi ağır
İyli yaşayış yeri,
Büllur qəbirlərində son nəfəsini verən
gözəl gül dəstələri.

Yorğan batıbdı başsız qadının cəsədinin
Al-qırmızı qanına.
Təzə şeyin çoxdankı təşnəsi bəyaz yataq
Çəkib onu canına.

Qaranlıqda yaranan kabus kölgələr kimi
(İlahi, söz də nimdaş),
Qara hörüklərinin və bəzək-düzəyinin
Altda kəsilmiş bu baş.

Masanın üstündəcə düşüb qalıb, boşluğa
Zillənibdi gözləri,
Qış alatoranıtək cansız, solğun, soyuqdu
Baxışının izləri.

Ağ mələfə üstünə cazibədar bir halda
Sərib çılpaqlığını,
Göstərir bədəninin mənhus gözəlliyini,
Soyuq qar ağlığını.

Ayağında ametist gözlü corabbağısı
Elə heyrətlə baxır.
İndi qızılı zehli çəhrayı corabları
Suvenirtək darıxır.

Burda onun qəribə tənhalığı içində
və gizli şəhvətində
Adamların ağlını başından çıxaracaq
Gözəl portretində

Şirin günahdan tutmuş, ölümcül sığaladək
Bütün qəribəlik var.
Gecələr pərdələrin qırışında gizlənib
Ona baxar demonlar.

Gərginlikdən qıc olmuş yöndəmsiz çiyinləri
Bir də sönük surəti.
Düşmənini görəndə qıvrılan ilan kimi
Bu qıvrılmış qaməti.

Yəni öz taleyindən belə küskünmüsən ki,
Belə çarəsizmisən:
Atmısan taleyini ayaqları altına
Bu azğın sürünün sən?!

Yəni məhəbbətinlə təslim olduğun adam
Niyə səni öldürüb?
Yəni yatağın üstə axıdılan qanınla
Şəhvətini söndürüb?

De görüm, murdar cəsəd, sənin hörüklərini
Dolayıbmı əlinə?
Toxunubmu son dəfə o ac dodaqlarıyla
Qıcanmış dişlərinə?

İndi çox uzaqdasan küçə qeybətlərindən,
Şəhər yalanlarından.
İndi rahat yat orda, məzarının sirrini
Yaxşı qoru, ey insan.

Ərin uzaqlardadır, amma yuxusundasan,
Yuxuları şirindi.
Necə ki sən əbədi vəfalısısan onun
Bax o da əsirindi.

Albatros

Bəzən də dənizçilər əylənmək həvəsiylə

Tutub gəmilərinə gətirirlər quşları:

Bu yekə Albatroslar bir azca bundan qabaq

Baxırdılar yaxından keçən gəmiyə sarı.

Bir az qabaq dənizin şahıydılar bu quşlar...

Alçalıblar uçulmuş divarlar kimi indi.

Nəhəng qanadlarını açırlar yazıq-yazıq

Qayıqlarda çəkilən avarlar kimi indi.

Onlarla məzələnir gəminin adamları

Adamların əlində indi girinc olublar:

Birisi çubuq soxur açıq dimdiklərinə

Biri də yamsılayır axsaq yerşlərini –

Bir vaxtlar güclüydülər, indi gülünc olublar.

Şair, elə sənin də bəxtin-taleyin budu:

Buludlarda uçursan, göy əl eləyir sənə.

Bu nadanlar içində, bu yerdə yeriməyə

O nəhəng qanadların əngəl eləyir sənə.

Image result for Salam Sarvan

# 2039 dəfə oxunub

Müəllifin son yazıları

# # #