Ərinə xəyanət edə biləcək qadın

Rəvan Cavid, yazar

Rəvan Cavid, yazar

18 sentyabr 2022
# 13:00

Kulis.az Rəvan Cavidin “Ədəbiyyatın dəyişən tərifi” yazısını təqdim edir.

Zaman ədəbiyyat üçün önəmli məfhum olmaqla yanaşı, həm də onun taleyinə birbaşa təsir göstərən amildir. Şəxslərin təkində və cəmində üslub sorağına çıxan təhkiyələrin mənsəbi yaddaşın xatırlamaq instansiyasındadır. Xatırlamaq ədəbiyyatın bütün zamanlarda, bütün nüaslarda vara bildiyi təkzibolunmaz həqiqətdir. Ədəbiyyat keçmiş, gələcək, və ya indiki zamanda yox, xatırlandığı zamanın çərçivələrində aşkara çıxır. Bütün forma və üslubların müxtəlif “izm”lərə bölündüyü dünya ədəbiyyatında yazıçının yaddaşı hansı cərəyanın konturlarında yaşayır. Post-modern yaddaş varmı? Ya da sürreal xatırlamaq? Freydin yuxular haqqında dediyi və illərdi öz praktik həllini tapa bilməyən fikirləri bizim yaddaşımıza da aid etmək olarmı?

Yazı masasında xatırladığımız şeylərin forma və məzmunu hansısa cərəyanın qəlibinə girirmi?

Məsələn, xatırlamağın absurd forması necə olur?

Yazmaq xatırlaya bildiyimiz yaddaşdır. Hər şeyi unutduğu anda insanın azadlığı başlayır və bu azadlıq sənət üçün ziyanlıdır. Təxəyyülün üfiqləri yaddaşın bitdiyi yerdən görünür. Nəyi xatırlamırıqsa, o, bizim deyil artıq. Eyni zamanda da, tarix bütün xatırlananların yarızarafat-yarıciddi icmalıdır. Elə bir icmal ki, bəşəriyyətin ümumi qənaətincə, bütün insanlıq bu icmalı bilməli, ondan xəbərdar olmalıdır.

Danimarkalı filosof Soren Klerkeqard hər şeyin insan məntiqi ilə idarə olunmasına və şəkil almasına inanırdı. O, həm də inanırdı ki, məntiqin də çata bilmədiyi nüanslar var. İnsan başqa cür yaşaya bilər. Bunun üçün məntiqin qəbul etdiyi hər şeyi "heç nəyə" çevirmək lazımdır. Hər şeyin dəyəri sıfırlanmalı və hər şey ağlasığmaz bir boşluqla əhatə olunmalıdır. Bu zaman insan təxəyyülü yenilikçi və sərhədsiz inkişaf edə bilər. Nitsşenin "Tanrı öldü!" həyəcanı absurdizmin ilkin təməlini daha da gücləndirdi. Tanrı olmadan insan öz dəyərini bir inancsızlıqla əvəzləməli idi. Bəs bu inancsızlıq necə və haradan gəlməli idi? Bu şəraiti isə Böyük Vətən müharibəsi yaratdı. İnsanların içindəki acı və istirab, ölümə yaxın olma, köməksizlik, tək qalmaq, darıxmaq və gözləmək zaman-zaman şüurüstünə çıxdı. Və insan özünə yenidən - bu sadaladıqlarımızın üzərində dayanan - dəyər yüklədi. "Mən kiməm?" sualı bəşəriyyət üçün yenidən verildi.

Hər şeyin yaxşı olacağına inanan təxəyyül fantastikanı uydurmuşdusa, hər şeyin yaxşı olmadığını görən və ya yaxşı olanların onu xilas etmədiyinə şahid olan təxəyyül də absurdizmi yaratdı. Zamzanın bezdiyi cəmiyyət onu böcəyə çevirdi, Sartr azadlığı bezdirici formada təqdim etdi, Kamyu çıxış yolu axtardı və nəticədə postmodern eranın (bəlkə də, sonunda) absurdizm ironiya və məsxərənin "vətəninə" çevrildi.

Kiçik bir qeydlə həm də nihilizmə bənzəyən absurdizmi ondan ayıraq. Absurd düşüncənin təməlində, yuxarıda dediyimiz kimi, hər şeyə heç nə deyə biləcək bir etiraz forması var. Mövcud reallıqdan imtina bacarığı var. Nihilizm isə ətalətdə olan düşüncə formasıdır. Pessimizmin və ruhdan düşmənin caynaqları arasında can verən insanın düşüncəsi. O, heç vaxt müqavimət göstərmir.

Dövrümüzdə, xüsusilə də çağdaş amerikalı yazarların mətnlərində, Qərb təfəkkürünün davamçıları olan avropalı rəssamların və bəstəkarların, daha çox yəhudi heykəltəraşların nümunələrində absurd incəsənət yüksəlir. Türkiyə ədəbi mühitində absurd romanlara rast gəlsək də (Hakan Gündayın romanları, məsələn), tamamilə absurd ideyalarda yaradıcılıq yolu seçən yazıçı yoxdur.

Mifologiyanın insan təxəyyülündə və inanc sistemindəki təsiri həm də sənətə yansıyıb. Günümüzün fantastik əsərləri (məsələn, “Marvel”, “DC” şirkətlərinin komiks-filmləri) müxtəlif millətlərin mifik qəhrəmanlarını yenidən həyatımıza gətirir. Janr olaraq isə fantastika ilə absurdizmi qarışdırmaq olmaz. Absurdizm öz gələcəyini daha yeni dövrün trandlərinə hesablayıbsa, fantastik janrın belə bir qayğısı yoxdur.

Yeni nəsil ədəbiyyat reallığı xatırlamaqdansa, onu müxtəlif mifik əfsanələrlə “bəzəyir”. Belə mətnin alt qatı dediyimiz və ya mənalandırdığımız situasiyalar təhlillər tələb edir. Təkcə müəllif yox, bu dəfə həm də zaman öz keçmişinə qayıdır.

Ədəbiyyatın nəyə xidmət edəcəyini yazıçı və ya şair seçmir. Ədəbiyyat özü buna qərar verir.

Viktor Hüqonun yazdığı “Səfillər”də insan taleyinin təzadlı və sakit-sakit yoxa çıxan səfalətindən, Fransa xalqının bir də küçələrdə olan həyatından səslər var idi. Və “Səfillər” nəinki öz dövrünün, hətta bu günün də reallıqlarını oxucu önünə sərən ustalıqla yazılmış realist bir roman olmaqla yanaşı, həm də böyük bir inqilabın başlanğıcı idi. Bu gün ədəbiyyatın ən kədərli obrazlarından birinin - Qvazimodanın baş qəhrəmanı olduğu “Paris Notr-Dam kilsəsi”ni yazan ədib Esmiralda obrazı ilə özündən sonra yazılacaq bütün satanist ədəbi nümunələrə axın yaratmışdı. Ancaq indi bizim üçün Esmiralda gözəl bir musiqi parçasından başqa heç nəyi yadımıza salmır.

Kafka “Məhkəmə”ni yazanda həqiqətən adamları sorğu-sualsız tez-tez məhkəməyə çıxarırdılar. Bizə isə bu, absurd bir hadisə kimi görünür. Ya da həmin hadisəni dini inanca yoza bilən tənqidçilər də peydə oldu bir dövr. Əlbəttə, bu da düzgün təsvir idi. Məsələ Kafka ədəbiyyatının bir əsr əvvəl realist olduğu halda bu gün absurd nümunəyə çevrilməsindədir.

“Ədəbiyyat gülüstan, ədib güllərə bağban” deyimi artıq özünü sübut etmir. Bu gün ədəbiyyat təkcə ədəbli olmaq vərdişini və ya bu kimi “ədəb” sözünün arxasına yığa biləcəyimiz məna yükündən azaddır. Aleksandr Dümanın sarkazmla yanaşdığı küçə oğruları Latın Amerikasının ən böyük ədibi Borxesin həssaslıqla qələmə aldığı baş obrazlara çevrildi. Dastanlardakı qəhrəmanların sevgi hekayələri, məsələn, Nabokovun “Lolita”sında daha çılpaq və ədəbsiz oldu.

Və ya cəmi əlli il öncə Stefen Kinq tərəfindən qələmə alınan, Amerika prezidenti Con Kenediyə həsr olunmuş “22.11.63” romanın bədii xüsusiyyətləri zəif olsa da, məşhur suiqəsd hadisəni bütün detallarıyla oxucuya oxuda bilmişdi. Günümüzün romanı hesab edilən, Corc Sandersin mükafat almış “Linkoln Bardoda” romanı başqa bir Amerika prezidentinin şəxsi həyatının qeyri-adi təxəyyül məhsulu ilə nağıla çevirir. Bir neçə ay öncə rəflərə düzülən Ceyms Petersonun “Prezident” romanıyla Klintonun həyatı fantastik bir macəra formasında təqdim olundu. Qısa zaman fasiləsiylə bir-birindən geri düşən məşhur üç romanın bir-birindən həm ədəbi kriteriyalarla, həm də oxucuya təqdim olunma üslubuyla fərqlənməsi çağdaş ədəbiyyatın daha sürətli şəkildə deformasiya prosesi keçirdiyinə sübutdur.

Zamanı qabaqlayan, tələsən romanlar da var. Tolstoyun “Anna Karenina” romanındakı qadın yeni idi. Ərinə xəyanət edə biləcək, öz sevgisinin ardınca getməyə hazır olan, ailəsindən imtina edəcək cəsarətdə olan bir qadın obrazı. Ya da Turgenevin “Atalar və oğullar” romanının ümumi məqsədi. Nəsillərarası savaş. İlyas Əfəndiyevin Səriyyə obrazı da (“Körpüsalanlar”) SSRİ mühitində azad qadın obrazı idi. Anarın Təhminəsi də (“Beş mərtəbəli evin altıncı mərtəbəsi”) bu siyahıdadı.

Servantesin qələmə aldığı “Don Kixot” əsərinin ikinci hissəsindəki postmodern məqamlar (Don Kixotun özü haqqında olan kitabı oxuması) Servantes yaradıcılığının orijinallığı idi.

Vaxtilə “İlahi komediya”nı qələmə alan Dante min illər sonra Den Braun yaradıcılığına təsir edəcəkdi. Mövzunun hələ əsrlər boyu aktual qalması ədəbiyyatın ölməzliyinin bir göstəricisidir.

Ümumiyyətlə, ədəbiyyat və zaman anlayışlarının bəzən düz, bəzən tərs mütənasib addımlaması yazıçıların və yazılan əsərlərin ümumi struktur xəttinin inkişafı və “tənəzzülü” ilə də xarakterizə etmək olar.

# 2009 dəfə oxunub

Müəllifin son yazıları

# # #