Şəms Təbrizini Molla Nəsrəddin öldürüb

Şəms Təbrizini Molla Nəsrəddin öldürüb
18 iyul 2023
# 13:00

Kulis.az Rəvan Cavidin "Molla Nəsrəddin: Təsəvvüfün türk kimliyi və ya Mövlanənin ilk rəqibi" yazısını təqdim edir.


(“Sufun sirləri”ndən beşinci yazı)


Təbrizli Şəmsi edam etdirdiyi iddia olunan, Mövlanənin ideoloji və qan düşməni, türkmən təsəvvüfçülərinin atası, Anadolunu fars ideyalarından təmizləməyə çalışan Pir Mahmud ibn Əhməd Nəsrəddin Ahi Evran bin Abbas Vəli, başqa adı ilə Nasreddin Hoca, yəni bizim tanıdığımız Molla Nəsrəddin.

Bilinən odur ki, təsəvvüf, irfan, İslamın eşq yolçuluğu Təbrizli Şəmsin Mövlanəni tapması ilə Anadoluya ayaq basdı. Anadolu torpaqlarındakı ilk irfan qeybətləri Şəms və Ruminin qırx gecəlik qeybindən başlayır. Yalnız irfanın pərdə arxasında, türkmən şeyxlərinin dövlət siyasətinə çevrilmiş başqa bir halı, daha doğrusu, üslubu da var.

Tarixi ştrixlər farsların irfan ideyaları ilə (Rumi təsəvvüfü) türkmən ideyalarının Anadoluya eyni vaxtda ayaq açdığını göstərir. Təsəvvüfçülərin türk milli kimliyini qazanması isə bir şəxsin adı ilə bağlıdır – Molla Nəsrəddin.

Tarixdə “Ahi Evran hadisələri” kimi qalan Mövlanə və Molla Nəsrəddin arasındakı “soyuq müharibə” Təbrizli Şəmsin edamı ilə qan davasına çevrilir və Monqolların işğalı zamanı Molla Nəsrəddinin öldürülməsi ilə bitir.

Molla Nəsrəddin 1171-ci ildə Azərbaycanın Xoy vilayətində anadan olub və 1262-ci ildə Türkiyənin Kırşehir kəndində vəfat edib. Əhməd Yəsəvinin tələbəsidir. Hacı Bektaş Vəli və Mövlanə ilə eyni vaxtda Anadoluda məşhurluq tapıb. Tarixi qeydlərdə adı Nasir üd-din Ebül Hakayü Mahmud el Hay kimi keçir. Hər kəsi qorxudan evran adlanan böyük bir ilanın onu görən kimi sakitləşməsi Nəsrəddinə Ahi Evran ləqəbini qazandırır.

Orta Asiyadan Anadoluya köçən səlcuqlu türklərindən biridir. Konya və Kayseridə Ahilik təşkilatının yaranması və yayılmasında böyük rolu olub. Böyük türk ozanı Yunis Əmrə də eyni təşkilatın üzvlərindən biri olub.

Anadoluda məşhurlaşan başqa bir təsəvvüf ustadı Mövlanənin fars ideyaları üzərində qurulan sufilik təriqətini sərt tənqid edir və beləcə onların arasında soyuqluq yaranır. Monqolların istilasından Anadoluya qaçan Mərkəzi Asiya türklərinin təşkilatlanmasına kömək edir.
Onların monqollara münasibəti də fərqli idi. Molla Nəsrəddin monqolları "Allahın şəri" adlandırırdısa, Mövlanə özünün “Fihi Ma-Fih” əsərində monqolları "Allahın ordusu" kimi qələmə verirdi.

Bu ideoloji davanın siyasi tərəfləri sonralar daha da dərinləşdi. Mövlanə onun üçün "monqol casusu" idi.

İdeoloji qarşıdurmanın təfərrüatları

Molla Nəsrəddin sufiliyin fars ideyalarından təmizlənməsini istəyirdi. Çünki Orta Asiya türklərinin dərvişliyi ilə fars torpaqlarında təzə-təzə cücərən sufilik arasında mütləq fərqlər mövcud idi.

Əvvəla Mərkəzi Asiya türkləri sufiliyi farslardan daha əvvəl mənimsəmiş, İslamı şaman inancı ilə rekonstruksiya etmişdilər. Türkmən obalarındakı sufilik pozitiv detallarla bəzənmiş irfandır. Sadə bir misal. Fars təsəvvüfünün nişanələrindən biri neydirsə, türkmən sufiliyinin əsas nişanəsi qavaldır. Biri melanxolik, digəri ritmik musiqinin carçısıdır. Türkmənlər ocaq başında döyüş yallısı gedirlər, fars sufiləri isə su başında səmazənlik edirlər. Farsların təbliği şeirlə, türkmənlərin təbliği hekayə və əsatirlərlə gerçəkləşir.

Şəmsin Təbrizdən Anadoluya gətirdiyi təsəvvüfün qayəsində qəm, Molla Nəsrəddinin Mərkəzi Asiya çöllərindən gətirdiyi şaman-irfan duetinin məğzində isə döyüş əzmi və ümid var idi. Molla Nəsrəddin irfanın gülən üzü, Mövlanə isə təsəvvüfün ağlayan gözü idi. Mövlanə batinindəki həqiqətə həsrət çəkərək, ağlayaraq qovuşurdu (Hüseynin şiələri kimi). Molla Nəsrəddin isə ironiya, sarkazm, acı dil və qırmızı cəsarətlə həqiqəti axtarırdı. Mövlanə və Şəmsin irfanı təslimiyyət, Molla Nəsrəddinin irfanı isə dirəniş, qurtuluş, dirçəliş idi.

Şəxsi ədavətin təfərrüatları

Şəms Təbrizi 1245-ci ildə həyat yoldaşı Kimya xanımın boynunu qıraraq öldürür (bu, tarixi iddiadır) və Şama qaçır. İki il sonra, 1247-ci ildə Konyaya geri qayıdır. Cinayətin unudulduğuna ümid etsə də, həmin dövrdə kadı (hakim) işləyən Molla Nəsrəddin qətli yenidən araşdırır.

Mövlanədən üz döndərmiş oğlu Ələddin də araşdırma qrupunda idi. Elə Ələddinin köməyilə Şəmsi Mövlanənin dərgahından qaçırıb öldürürlər və nəşini bir quyuya atırlar (sonralar Mövlanə həmin quyuda Şəmsi tapa bilmir və iddia edilir ki, Şəms qeybə çəkilib).

Bu hadisədən sonra ahilər Molla Nəsrəddini mövləvilərdən qorumaq üçün Kırşehirə qaçırırlar, amma monqollardan güclü dəstək alan mövləvilər Molla Nəsrəddini tapıb öldürürlər. Qisas!

Şəmsin Kimyanı necə öldürməsi və Şəmsin nəşinin harda olması bu gün də sual altındadır.
Mövlanə ömrünün sonuna kimi Şəmsi axtardı. Həm də monqollara sədaqətini qorudu.

Azərbaycanlılara Molla Nəsrəddini Mirzə Cəlil tanıdıb. O, türkmən sufiliyini Anadolu torpaqlarından Qafqaz ellərinə gətirən ilk və son sufimizdir.

Molla Nəsrəddinin Xoydan Mərkəzi Asiyaya səfəri, oradan türkmən tayfaları ilə Anadoluya gəlişi - növbəti yazının kiçik qeydi...

Mənbələr:
İslam ensiklopediyası
Ahi Evran davası – Prof. Dr. Mikail Bayram
Fihi Ma-Fih – Mövlanə Cəlaləddin Rumi
Osmanlı tarixi ensiklopediyası
Osmanlı tarixində İslam – Halil İnalcık
Molla Nəsrəddin lətifələri
Şamanizm
Türk mifologiyası

# 3084 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #