Kulis.az Rəvan Cavidin "İlğım – təzahürün ağrısı" adlı yeni yazısını təqdim edir.
(Aydın Arslanın II Qarabağ Müharibəsindən bəhs edən “İlğım” filmi haqqında)
İkinci Qarabağ müharibəsindən sonra sənət camiəsində zəfərimizi təbliğ edəcək nümunələr yaratmağa çalışan mədəniyyət adamları yarışa girdi. Müharibədən iki il sonra məlum oldu ki, yüz iyirmidən çox kitab yazılıb. Yəqin ki bu rəqəm indi iki yüzü keçib. Təəssüf ki, yazılan o kitabların heç biri nəinki dünyada, nəinki bu coğrafiyada, hətta nəinki Qafqazda, ümumiyyətlə, ölkədə də tanıdılmadı, daha doğrusu, tanıdılmağa layiq bir kitab ortalığa çıxmadı.
Keçən il ədəbiyyatçıların üstünə düşmüşdülər ki, niyə zəfərimiz haqqında yaxşı kitab yazmırsınız? Olmadı, yazılmadı, oxucuları qoyuram bir qırağa, heç ədəbiyyat adamlarının da ağız dolusu danışacağı bir mətn ortaya çıxmadı. Kim bilir, bəlkə də, bunun üçün bir az da gözləməliyik. Müəyyən qədər vaxt keçsin, bəlkə də, müharibə haqqında yazılanların ən yaxşısını bizim yazıçılar yazacaq.
Amma qırx dörd günlük müharibə haqqında yaxşı şeirlər də, yaxşı hekayələr də var və yazılır. Təəssüf ki, həmin yaxşı mətnləri də həm biz, həm mühit, həm də oxucular görməzdən gəlir.
Mədəniyyət sahəsində İkinci Qarabağ müharibəsindən bəhs edən bircə əsər səs-küyə səbəb oldu. Korifey rejissorumuz Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir...” filmi haqqında çox danışıldı. Hətta deyərdim, bir az başı bəlalı film oldu. Bəyənildimi? Əlbəttə, yox! Çünki filmin bəyəniləcək, necə deyərlər, dişə çəkməli bircə tərəfi də yox idi. Təpədən-dırnağa fiyasko. Nazirlik Vaqif müəllimi, Vaqif müəllim nazirliyi qınadı. Biri dedi, sən çəkə bilməmisən, o biri də qayıtdı ki, gül kimi ssenari yazmışdım, qoymadınız çəkməyə. Gördülər ki iş uzandı, əlbir olub bir rejissor bir nazir ilə, tənqid etdilər yazıq tamaşaçını xüsusi tədbir ilə. Tədbir deyəndə də filmin qala gecəsini nəzərdə tuturam. Dostlarım həmin qala gecəsini də ağ yuyub qara sərmişdilər ki, bəs 2023-cü ildə Qarabağ zəfərindən bəhs edən və guya kult filmimiz olan “Həyat, deyəsən, gözəldir...”in qırmızı xalısı bomboz olub. Nə isə, Vaqif müəllimi iki əsr qabaq çəkdiklərinə görə, təbii ki, bağışlamaq olar. Amma kaş bağışlanmağa ehtiyacı olmasaydı ki, minnətli də qalmayaydı.
Ötən günlərdə təqdim olunan “İlğım” filminə yuxarıda yazdığım gerçəkliklərin fonunda həvəs tapıb baxa bilmirdim. Güman edirdim ki, yenə ekran arxasından yekə bir pafos qışqıracaq. Ya da həddindən artıq sentimental dialoqlar və göz yaşları onsuz da səliqəsiz əhvalımı bir az da yoxuşa sürəcək. Filmin quruluşçu rejissoru və ssenaristi Aydın Arslanla çox yaxın əyani tanışlığım olmasa da, gördüyü işlərə həvəslə və məsuliyyətlə yanaşdığını bilirdim. Amma mövzu müharibə olanda bu məsuliyyət ikiqat artır. Çünki elə bir film çəkməlisən ki, aktyorlar, çəkiliş heyəti “Ay camaat, bu müharibə filmidir!” qışqırıb özünü ortaya atmasın. Güllə səsi gəlmədən, orda-burda dağılmış evlər olmadan müharibə filmi çəkmək cəsarət istəyir adamda.
Aydın Arslanın da “İlğım” filmi dağılmış, bombalanmış evləri yox, uçmuş, sınıq-salxaq qalmış həyatları göstərir. Müharibənin nəticəsindən asılı olmayaraq insan psixologiyasını, ümidlərini sözün bütün mənalarında parça-parça edən bir dövrün eskizini yaratmaq, həm də bunu qısa bir vaxta sığdırmaq istedaddır. “İlğım” bu sadaladıqlarımı Azərbaycan sinematoqrafik şəraitində uğurla göstərib.
Filmin ilk on beş dəqiqəsi izləyiciyə məntiqsiz və şişirdilmiş gələ bilər. İlk dəfə baxanda mən də fikirləşdim ki, birinə qarşı bu qədər hirs və öldürmək istəyinin doğuluşu, həm də Bakıda çox yersizdir. Lakin filmin finalı hər şeyi dəqiqliklə, həqiqətlərlə nizamlayır. İyirmi dəqiqədir izlədiyimiz, sağa-sola səpələnmiş pazl fiqurcuqlarını onca dəqiqədə rejissor yığıb əsl mənzərəni göstərir.
Onsuz da film boyu qazilərin yaşadığı çətinlikləri, ağrıları, əzabları həm dialoqlarda, həm xırda epizodlarda göstərən rejissor “sürpriz” sonluqla həyatın müharibə tərəfindən sağ çıxmağı bacaranların nə qədər sahmansız bir yaşayışa sahib olduqlarını tamaşaçının gözləri önünə sərir.
Filmin məhz müharibənin bu döngələrində gəzişməyi də təqdirə layiqdi. Qazilərin, şəhid ailələrinin sosial həyatı, sosial rifahı, üzləşdiyi çətinliklər, xəstəliklər, çatışmazlıqlar çılpaq dialoqlarla tamaşaçıya çatdırılır.
Film Vətən müharibəsi şəhidi Kamran Hacıyev və qazi Taleh Süleymanovun dostluqlarından, bu dostluq bağlarının müharibə dövründə düyünləndiyindən və müharibənin bitməsinə baxmayaraq, Talehin hələ də Kamranı yanında hiss etməsindən, onunla xəyali söhbətlərindən və kontuziya aldıqdan sonrakı ağrılarından bəhs edir. Bütün bunlar real hadisələrdir. Aydın Arslan həyatı, daha doğrusu, həyatın güllələrlə toxunmuş xalısını ilmə-ilmə ekrana çəkə bilib.
Yarımsaatlıq bir filmdə aktyor heyətinin öz performansını göstərməyi çətindir. Ümumiyyətlə, qısa filmlər qısa hekayələr kimi dəqiq zərbəyə hesablanır. Tamaşaçının ikinci şansı yoxdu. Ekranın çölündə onu bircə zərbə ilə “yerə sərməlisən”. “İlğım”ın son səhnəsi məhz həmin zərbədir. Səmimi Fərhadın canlandırdığı komandir obrazı (Vətən müharibəsi qazisi Rauf Əliyev) cəmi-cümlətanı səkkiz dəqiqə görünsə də, yaddaqalan bir xarakter olmağı bacarır. Səmimi Fərhad bu xırda (mahiyyətcə böyük) obrazda bir daha sektorun ən yaxşılarından biri olduğunu sübut edib. Filmdə digər obrazları – şəhid Kamran Hacıyevi Tural Əhməd, qazi Taleh Süleymanovu Türkay Cəfərli, Seymur obrazını isə Mamed Qurbanov ifa edirlər.
Müqayisə nə dərəcədə düzgündür, bilmirəm, amma yazmaq istəyirəm. Ki dörd nəfər aktyorla, məhdud maddi imkanlarla çəkilən yarımsaatlıq film milyonlar xərclənən, xaricdən aktyorlar dəvət olunan, Azərbaycanın ən üzdə simalarının yer aldığı və nəhayət, korifey sənətkarın kamerası ilə çəkilən “kult” filmdən qat-qat yüksək səviyyədə müharibənin nə olduğunu izah edir. Bəlkə də Vaqif müəllim və onun simasında Vətən müharibəsi filmi çəkmək həvəsində olan, Nazirliyin bütün imtiyazlarını əllərində tutan rejissorlar artıq evindəki rahat divanında oturub belə imzaların çəkdiklərinə baxmalıdırlar.
Filmin bəyənmədiyim hissəsi sondakı xırda səhnə idi. Filmin gerçək qəhrəmanları – qazi Taleh Süleymanov və komandir Rauf Əliyev şəhid Kamran Hacıyevin məzarı başında dua oxuyurlar. Rejissor bu səhnəni filmə niyə əlavə edib, başa düşmədim. Əgər filmi bədiilikdən əsl qəhrəmanlığa çəkib çıxarmaq istəyibsə, bu cəhdi uğursuz alınıb. Həmin qəhrəmanların özünü filmə obraz kimi əlavə etsəydi, filmin məcrası daha fərqli səmtə axardı.
Filmin adı da təsadüfi deyil. İlğım, temperatur dəyişikliyi ilə (xüsusən, isti havalarda) müxtəlif şeylərin və hərəkətlənmənin səmada və ya hava axınındakı optik təzahürüdür. Film boyu biz müharibənin əzablarının, əzablarının illərin biixtiyar axınındakı ağrılı təzahürlərini izləyirik.
Film Azərbaycan sinematoqrafiya müstəvisində olduqca uğurlu və bütün məlum mükafatlara layiqdir. Başda tamaşaçı alqışı olmaqla.