Əlbəttə, yaşayan və hələ də yazan ən böyük romançılardan biridir, bəlkə də birincisidir. Bu ilin “Buker” mükafatının qısa siyahısında adı çox hallanan imzalardandır. Hələ də aktualdır və dünya roman sənətində həmişə aktual olaraq qalacaq deyə düşünürəm.
İlk oxuduğum romanı “Gecəyarı uşaqları”ndan sonra “Bu adam dəlidir, xalis dəli...” deyib kitabı rəfə qoymağım, daha sonra boş fincandan kofe içmək istəməyim yadımdadır. Məni də dəli eləmişdi.
Ədəbiyyatda edilməsi mümkün olan hər şeyi edib o.
Təxəyyülünün sonsuz möcüzələrini kitaba köçürmək, onunla istədiyi kimi davranmaq hər yazıçıya nəsib olmur. Məhz buna görə, özünə xas bir imici, eqosu, dəliliyi var.
Yaxın keçmişdə Orhan Pamukla debatını izlədim. Elə bil, qarşısında on səkkiz yaşlı gənc, qələm təcrübəsi olmayan biri oturub. Bəzən ona elə gülünc məsləhətlər verirdi ki, Pamukun yerinə kim olsa, inciyərdi (bəlkə o da inciyib, bilmirəm).
Uzun-uzun romanlarını təhlil edən bir yazı deyil bu, məndə yaratdığı təəssüratların bir azıdır.
Rüşdi magik-realizmin Markez, Qras obrazlarını dağıdan, yerində şərqli bir nağılçının “Min bir gecə” əhvalatlarının oxuduğu otaqları inşa edən uzaq şərqli, yabancı bir qərblidir.
Taleyi yazdıqları qədər maraqlı olan, bəzən məhz o taledən yola çıxan sevimli romançım təəccübləndirmək üzrə üç qat “Buker” çempionudur.
Rüşdi Şərqi də, Qərbi də əlinin içi kimi tanıyır. Bizim hamımızı. Son romanlarından olan “Qızıl ev”i oxusanız, mənim niyə bu abzası yazdığımı daha yaxşı anlayacaqsınız. Elə bil, dövlət idarəsində gizli casusdu, masanın üzərindəki sənədləri də incələyir.
“Qızıl ev” Rüşdinin uğursuz romanları siyahısında yəqin ilk yerdə durur. Bununla belə, metafora, müşahidə, üslub, ironiya, dil oyunları əla səviyyədədir.
Tez-tez özünü təkrar edən, bəzən romanlarında eyni cümlələrdən məqsədli və ya “bilmədən” istifadə etdiyini görürük.
Şifrəlidir. Coys kimi. Ən sevdiyi romançıya oxşayır bu nüansdan.
Rüşdini deşifrə etmək üçün ensiklopediyalar, elmi monoqrafiyalar oxumaq lazım deyil, şərq nağıllarını yüksək səviyyədə bilmək vacibdir.
Eynən Markez kimi.
Romanlarını oxuyanda düşünürdüm ki, Pamukun İstanbulu, Coysun Dublini, Dostoyevskinin Sant-Peterburqu kimi Rüşdivari Bombeylə qarşılaşacağam. Bobeyi gördüm. Rüşdivari Bombeyi. Ancaq mənə sevdirə bilmədi. Daha çox ailəsini, babasının keçmişini sevdim, maraqlandım.
Özünün də fəxrlə “Mən bu romanı yazmaq üçün illərlə dayanmadan araşdırmalar etdim, axtardım, Qərb və Şərq mədəniyyətini əlimin içi kimi öyrəndim” dediyi “Florensiyalı sehrbaz” romanı Rüşdinin təkcə geniş təxəyyül, yaradıcı beyin, saf romançı olmadığını sübut edir. O həm də intellektualdır. Onun intellektual konsepsiyası muzeydə gəzintini xatırladır. Bu baxımdan ola bilər ki, Rüşdi bir o qədər ciddi olmayan Den Braun, Peterson kimi imzaları xatırlatsın, ancaq bir fərq var. Usta yazıçıda intellektin olduğu kimi deyil, bədii, magik, sanki bu da uydurmaymış kimi versiyaları var, hazır, lazım olan kimi həmin “şəkli dəyişmiş intellekti” mətndəki yerinə qoyur. “Florensiyalı sehrbaz”da olduğu kimi. Qismət, tale anlayışlarına sıradan bir ateist təsiri bağışlamayan, həm də mənsub olduğu mədəniyyətin təsiri ilə tərəddüddə qalan Rüşdinin prototiplərini çox görürük bu romanda. Tarixin ən qaranlıq nöqtələrindən çəkib çıxardığı əfsanələri günümüzün ağır gerçəkləri və özünün məlum romandan sonra yaşadıqları ilə əlaqəli təsviri də oxucuya başqa bir maraq gətirir.
Rüşdi yaradıcılığının bütün dövrlərində dünya romançısı oldu. O, milli, genetik yaddaşını bəşəri sənətin içinə qata, orada əridə bildi. Bu baxımdan sadəcə bir romanı digərlərindən fərqlənir – “İki il, səkkiz ay, iyirmi səkkiz gecə”.
“Min bir gecə” nağıllarının dekonstruksiyası olan və Rüşdinin beş yüz – altı yüz səhifəlik romanlarından fərqli olaraq az həcmli, rüşdivari təhkiyənin isə ən qabarıq, gözə çarpan (“Gecəyarı uşaqları”ndan sonra) nümunəsi olan bu roman şərqin etimoloji xüsusiyyətlərini deyil, həm də hind mədəniyyətinin dünya sivilzasiyasındakı yerini bəlli edən əsərdir. Yuxarıda Rüşdinin ailəsinə, xüsusən də babasına olan bədii bağlılığımı qeyd eləmişəm; bir səbəbi də elə bu romandır. İbn Rüşdün başına gələn qəribə əhvalat bizi on bir sentyabr terroruna aparıb çıxaracaq. Tarixin necə dəyişdiyini, mahiyyətindəki qisas planlarını bir-bir Şəhrizadın dilindən tökülən nağıl kimi qarşımıza qoyur.
Salman Rüşdinin romanlarını bir hekayə ilə təsvir etmək olar. Süjet bolluğu yoxdur. Süjetin daşıdığı informasiya çoxluğu var. Yəni, hər cümlənin altında hansısa tarixi rəvayət, ya da məşhur gündəm mövzuları olmuş Qərb siyasətindən bir parça var. Və Rüşdinin danışdığı hekayələri romana çevirən əsas amil də özünün bu detalları aydınlaşdırması, onlara şübhə etməsi, ironik yanaşmasıdır. “Məğribin son iç çəkişi” romanını ispan rəssam Fransisko Pradilla Ortizin rəsm əsərindən təsirlənərək qələmə alıb. Süjet xətti birdir, konkretdir. Qədim andeqraund dünyanın son nümayəndəsinin Granadanı tərk etməsi səhnəsinin xaricində hər şey təfərrüatdır. Hindistanın alt təbəqəsi ilə İspaniya – Granada yeraltı dünyasının bənzərliklərini oxuyuruq.
“Gecəyarı uşaqları”ndakı detalların bəziləri bu romanda da var. Məsələn, ölkənin taleyi ilə obrazların həyatının eyniləşdirilməsi. Ya da Qərb toplumlarındakı Hindistan portretləri. Və məhz bu romanda biz Bombeyi küçə-küçə gəzə bilirik. “Mərkəzi Bombey” adlı bölümdə romanın qəhrəmanının şəhər haqqındakı xatirələri və üzüntüləri bizi bu şəhərin qeydini çəkməyə sövq edir. Bir az Rüşdinin milli damarı daha üzdədir. Romanındakı sevgi səhnələri bütünlüklə sentimentallıqdan uzaqdı. Ümumiyyətlə, Rüşdinin romanlarında melonxolik səhnələr çox azdır, yoxdur deyə biləcəyimiz qədər az. Bu, onun xarakterindən də irəli gəlir.
“Utanc”, “Gecəyarı uşaqları”ndan sonra Rüşdinin ən çox haqqında danışılan romanlarından biri. Bu əsər eynən “Qara kitab” kimi roman sənətində forma-dil münasibətlərini aydın edən mətnlərdəndir. Rüşdi politik bir əsər yazıb. Siyasətçilərlə, məmurarla sadə xalqın qarşılıqlı daxili kinini, şikayətlərini, inamsızlığını göstərib. Pakistanın ağır günləri, Hindistanın laqeyd və hirsli münasibəti, Yaxın və Orta Şərqin siyasi oyunları və sair. Hamımıza tanış olan obrazlar, bildiyimiz və bilmədiyimiz hadisələr. Salman Rüşdi ən rasional səhnələrdə belə metafizik əhval yaradıb. Magik-realizmin postmodern ironiya ilə qarışması bu romanın özünəxas xüsusiyyətlərindən sadəcə biridir.
Bütün bənzətmələrim “Gecəyarı uşaqları” ilə müqayisəli idi. Salman Rüşdinin şah əsəri. Hüqonun “Səfillər”i, Tolstoyun “Hərb və Sülh”ü kimi modern dünyanın ən sanballı mətnidir. Üç dəfə “Buker”ə layiq görülən bu roman haqqında ayrıca danışmaq lazımdır. Bir cümlə ilə ifadə etmək istəsək, yəqin belə deyərik, “Gecəyarı uşaqları” dünya romanının ən gözəl, ən sirli və ən böyük romanıdır.
Təəssüflər olsun ki, dilimizə hələ də heç bir romanı bütöv halda tərcümə olunmayıb. Sadəcə “Peyğəmbər tükü” adlı ilk hekayələrindən biri Əkrəm Əylisinin tərcüməsində “Qanun” nəşriyyatında çapdan çıxdı. Ancaq Rüşdi yaradıcılığı onun romanlarının tərcüməsi ilə bizə aydınlana biləcək. Ümid edək ki, bu ağır işi kimsə öz üzərinə götürəcək.