Prezervativləri daha çox qadınlar alırmış

Prezervativləri daha çox qadınlar alırmış
13 sentyabr 2013
# 07:30

Kulis.Az “İlk”lər haqqında maraqlı məlumatları təqdim edir.

İlk qəzet - ən geniş yayılmış informasiya vasitələrindən olan qəzetin yaranma tarixi hələ əsrlər əvvələ, Yuli Sezarın vaxtına qədər gedib çıxır. Cəmiyyəti senatın qərarlarından, müzakirələrindən xəbərdar etmək üçün çıxan nəşrlər qeyri-rəsmi xarakter daşısa da indiki qəzetlərin “əcdadı” sayıla bilər. “Tipao” adlı məlumat vərəqlərinə 713-734-cü illər arası Çində rast gəlinib.

"Qəzet" sözü italyan xırda pul vahidi “qaseta” ilə bağlıdır. XVI əsrdə kağız vərəqlərdə çap edilən saray həyatı, ticarət xəbərləri və şəhər məlumatları haqqında xəbərləri oxumaq üçün ən xırda pul vahidi olan qaseta ilə ödənilib. Hətta ilk dəfə “xəbər yazan şəxs” anlayışı burada meydana gəlib.

“Corrant” adlı ilk ingilisdilli qəzet 1620-ci ildə Amsterdamda nəşr olunub. 1631-ci ildə Fransada çıxan “La Gazette”-in güclü siyasi ağırlığı olub. Qəzetə bəzi xəbərləri fransız kralı XIII Lüdovik, kardinal Rişelye şəxsən yazıb, hətta kiçik reklam tipli yazılar da yerləşdirilib. Rəsmən ilk reklam isə 1657-ci ildə ingilis qəzetlərindən birində dərc edilib, tezliklə kral II Karl sevimli itinin itkisi haqqında şəxsi elan yerləşdirib.

XX əsr teatr kimi qəzet erasının da son dayanacağı hesab olunur. İnsanlar daha qəzet almaq üçün köşkə getmirlər, şəxsi kompüterlərindən qəzetin saytını ziyarət etməyə üstünlük verirlər.

İlk “smayl” – “Xoşbəxt sima” ilk dəfə İngmar Bergmenin 1948-ci ildə çəkdiyi “Dəniz limanı” filmində yer alıb. 1953-58-ci illərdə “Lili” və “Gigi” reklam kompaniyalarında istifadə olunub. 1971-ci ildə fransız jurnalist Franklin Laufrani dünyanı daha yaxşı və xoşbəxt bir yerə çevirmək üçün “Smileyworld Ltd” şirkətini quraraq “Smiley”-i markaya çevirib.

İnternet dünyasında tez-tez işlədilən “sarı xoşbəxt sima”ya görə isə istifadəçilər Skot Falmana borcludur. Daha geniş “smayl kütləsi”ni “Microsoft” şirkətinin işçisi Mayk Cons 12 sentyabr 2002-ci ildə hazırlayıb.

İlk kondom – cinsi əlaqə zamanı istifadə olunan, arzuolunmaz hamiləlikdən və cinsi yolla yoluxan infeksiyalardan, HİV/AİDS (QİÇS)-dən qoruyan yeganə üsuldur. Hər il dünyada təxminən 5 milyard prezervativ satılır. İstehsal olunan bütün prezervativlərin təxminən 40-70%-ni qadınlar alır.

Prezervativlərin Qədim Misir və Romada istifadə olunduğu deyilsə də çox da yayğın olmayıb. Həmin vaxtlar qorunmaq üçün ən yaxşı vasitə yağ və heyvan piyi sayılırdı. Ancaq bu vasitələr XVI əsrdə sürətlə yayılan sifilis xəstəliyinin qarşısını almaqda aciz idilər.

Beləliklə, italyan həkim Qabriel Faloppio yeni qorunma vasitəsini – duz və müalicəvi otlar hopdurulmuş kətandan kisə, yəni ilk prezervativi hazırlamağa məcbur olub. İlk dəfə 1712-ci ildə Ütrextdə satışa çıxarılıb. Satış üçün kondomlar keçinin kor bağırsağından hazırlandığı üçün həddən artıq baha olub.

Lateksin və müasir texnologiyanın inkişafı onları daha etibarlı və əlçatan edib. Hətta I Dünya Müharibəsində alman, fransız, ingilis ordusuna geyimlə birlikdə prezervativ də verilirmiş. Seks zamanı təhlükəsizliyinin qeydinə ən çox qalanlar isə fransızlardır.

Fransada kişilərin cəmi 9%-i prezervativdən istifadəyə «dırnaqarası» baxır. Çinli kişilərin 70%-i «təhlükəsiz seks» anlayışını qəbul etmir. İkinci yerdə çexlər (58%), üçüncü pillədə isə ingilislər (34%) durur.

# 4275 dəfə oxunub

Müəllifin son yazıları

# # #