"Onlar ona video göstərib deyib ki..." - Səbuhi həyat yoldaşını öldürəndən sonra niyə özünü asdı?

"Onlar ona video göstərib deyib ki..." - Səbuhi həyat yoldaşını öldürəndən sonra niyə özünü asdı?
17 oktyabr 2025
# 12:20

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.


“İnşallah ölmüsən, növbədə indi öz canımı verməkdir”.

Dünənin cümləsi də bu idi.

Hər gün ölkədə ölüm-itim olmasa, olmur, alınmır, bacarmırıq.

Və yenə qadın ölümü... Artıq ölkədə belə hadisələrə təəccüblənə bilmirəm. Səd əfsus ki, qadın ölümləri statistikaya çevrilib. Baxırıq və növbəti xəbərə keçirik. Belə hadisələrə qarşı bütün hisslərimizi itirmişik. Uzaqbaşı, nəsə bir söyüş söyüb başımızı bulayırıq.

Amma və lakin belə hadisələrin üstündən keçdikcə daha da artır. Əvvəllər həftədə 1-2 dəfə eşidirdik, indi, az qalsın, hər gün eşidirik. Ki bəs hansısa kişi, tutalım, əsərimizin yeni “qəhrəman”ı Səbuhi nədənsə şübhələnib, bəlkə də, nəsə eşidib, ya görüb Monteneqrodan Azərbaycana gəlib və arvadını “namus” üstündə qətlə yetirib.

Əlahəzrət şamtutanlarımız heç boş dayanar?

Qəti və qətiyyən!!!

Elə bil, Mətanət başqa kişi ilə bunların evində, ya qonşuluğunda görüşüb.

Profilinə gül şəkli qoyan bir qadın yazır:

“yazig neynasn valla hindiki gizdari pozup o telfunnar”.

Profilinə çəmənlik şəkli qoyan dayday fürsəti fövtə vermir:

“bali ewg olsin aziz bacim siznkimi geyratdi xanmlarimizi alah gorsun”

Adama deyərlər, hardan bilirsən, bax? Necə təyin elədin? Tanıyırsan? Evində-eşiyində olmusan? Bəlkə, qabağına çay qoyub?

Deməzlər ee, cırarlar adamın ağzını, and olsun bu vaxtın sahibinə.

Di gəl ki, bu adamların profilləri də özləri kimi feyk olur, CİA axtarsa, tapammaz.

Nəysə... Qayıdaq kitabın tən ortasına.

Səbuhi Monteneqrodan gələn kimi arvadına hücum eləyib, onu bıçaqlayıb. Sonra da video çəkib ki, bəs səni öldürdüm, indi özümü öldürəcəm.

Bu tip hadisələr adəti üzrə kənar təsirlərin nəticəsində baş verir. Kimlərsə Səbuhiyə nələrsə deyib, ya da şəkil, video göstərib, sonra da qayıdıb ki, vallah, qardaş, nə deyim, sən də bir kişisisən, bilməlisən evinə kim girib-çıxır. Adətən, həmən evə ən çox girib-çıxan da elə o adamın özü olur.

Səbuhinin sonradan özünü asıb öldürməsi kənar təsirə məruz qalmasının, arvadını öldürəndən sonra, böyük ehtimalla, peşman olmasının nəticəsidir. Peşman olmayanlar çox vaxt birbaşa polisə gedib təslim olur, “namus qoruyan” kimi də həbsdə yatır.

Hansı ölkəyə getsək də, çıxış yolumuz yoxdur. Hər yerdə öldürürük, öldürülürük.

Ətrafımızı da getdiyimiz yerə apardığımız müddətcə belə də olacaq.

“Nə bilmək olar”.

“Od olmasa, tüstü çıxmaz”.

Belə pıçapıçlarla neçə evlər dağıldı, yandı, kül oldu.

Və belə görürəm, olmağa da davam edəcək.

Mən qətiyyən demirəm ki, Səbuhinin yoldaşı xəyanət etməyib. Əlbəttə, ola bilər ki, bu həqiqətdir. Əlbəttə, xəyanət bir kişinin (elə bir qadının da) başına gələ biləcək ən pis şeydir, amma xəyanətinə görə arvadını öldürməyi heç başa düşmürəm. Xəyanət edib, boşa, rədd elə getsin. Niyə öz həyatını da məhv edirsən? Axı nə lazımdır "camaat nə deyər?" fikriylə əlini qana bulamaq? Hələ bu azmış kimi, ortada üç övladın ola-ola özünü də öldürürsən... Bunun bir adı da eqoistlikdir. Sən sadəcə özünü, ləkələndiyini düşündüyün adını fikirləşirsən, amma övladlarını yox.

Səbuhinin yaşamaq istəməməsi təsadüfi deyil. Bu, mental cəmiyyətin onun, elə hamımızın boynuna saldığı buxovdur. O, bəlkə də, heç belə bir iş görmək istəmirdi, o pıçapıçlar, qeyzli baxışlar verdi onun əlinə bıçağı. Bəs sonra məhəllədə necə başıdik gəzəcək, hə? Beş kişinin arasına necə çıxacaq?

İndi də çıxa bilməyəcək.

Heç vaxt çıxa bilməyəcək.

Sistem öz övladlarını yeyir. Bu dəfə də Səbuhini yedi.

Səbuhinin özünü asdığı ağac isə ordadır, orda olacaq, bar verəcək, təzələnəcək və yeni qurbanlarını gözləyəcək.

Sən, mən, biz o “ağac”a balta çalmadıqca...

# 1115 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər