Estrada ilə yanaşı elmi də "ağladan" müğənnilərimiz... - Şəbnəm Tovuzlunun dəmiri necə çəkildi?

Estrada ilə yanaşı elmi də "ağladan" müğənnilərimiz... - Şəbnəm Tovuzlunun dəmiri necə çəkildi?
2 sentyabr 2026
# 11:15

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Tibbin tarixi bir çox dahi həkimlərin, professorların kəşfləri ilə zəngindir. Amma razılaşaq ki, hətta Nobel laureatlarının ağlına gəlməyən möhtəşəm tibbi, elmi diaqnozlar vaxtaşırı bizim müğənnilərin ağlına gəlir...

Şəbnəm Tovuzlunun bu yaxınlarda efirdə səslənən son elmi "kəşfi" yalnız fizika qanunlarını deyil, tibb elmini də heyrətə salıb: "Tez-tez təyyarəyə minib məclislərə gedirəm, təyyarə mənim bədənimdəki dəmiri çəkir!"

Çox güman ki, Şəbnəm Tovuzluya həkim nə vaxtsa anemiya (qanazlığı) diaqnozu qoyub. Onun dediyinin tibbi əsasları bu ola bilər ki, təyyarə salonlarında kabinə daxilindəki təzyiqin və süni şəkildə azaldılmış oksigen səviyyəsinin təsiri ilə anemiyalı şəxslərdə toxumalara oksigen daşınması zəifləyir, bu da başgicəllənmə, yorğunluq və təngnəfəslik kimi simptomları gücləndirə bilər. Elmi baxımdan, orqanizmdə hemoqlobinin aşağı olması qanın oksigen saxlama tutumunu azaltdığından, yüksəklikdəki atmosfer dəyişiklikləri onsuz da həssas olan bu fizioloji balansı daha da pozur. Həkim də yəqin ki, məhz bu aspektdən izah etmək istəyib.

Amma bizim müğənnimiz həkimin bu sadə tibbi diaqnozunu öz bənzərsiz məntiq süzgəcindən keçirib və qərara gəlib ki, təyyarə sərnişinin qanındakı dəmiri sorub özünə çəkir.

Zavallı "Boeing" göydə öz trayektoriyası üzrə hərəkət edir, xəbəri də yoxdur ki, içindəki müğənninin qanındakı dəmir çəkilir...

Vallah, müğənnilərimizin efirlərdə bu cür cahil açıqlamalarını, savadsız şərhlərini gördükcə, mənim də ürəyim çəkilir...

Dünyaya baxırsan, digər xalqların müğənniləri harada, bizimkilər harada?... Xaricdə sənət adamları humanitar fondlar yaradır, kitabxanalar açırlar, elmə, tibbə, kosmik tədqiqatlara dəstək olurlar. Cəmiyyəti irəli aparmağa çalışırlar. Sosial çarxlar çəkirlər, təkcə oxumaqla kifayətlənmirlər, maarifləndirmə ilə də məşğul olurlar. Mahnılarının mətnləri də mənalı... Bizim estrada "ulduzları" isə necə danışırlarsa, elə də oxuyurlar, ya da əksinə - oxuduqları nədirsə, danışdıqları da ondan beşbetərdir.

Efirlərimiz isə belə müğənniləri çağırıb hələ də ciddi-ciddi danışdırır. İki cümləni ard-arda qurub məntiqli fikir söyləyə bilməyən adamları gətirib edirlər cəmiyyətin "güzgüsü".

Əsl faciə o müğənninin dediyi savadsız cümlə deyil, bəli, hər kəsin fizika və tibbi biliklərinin olması məcburi deyil. Amma xəbərin olmadığı mövzudan danışıb özünün biabır etməyə müğənnini də, efiri də nə məcbur edir, görəsən?

Biabırçılıq odur ki, hələ də hansısa efirə məsul şəxslər bu cahilliyi şüurlu şəkildə efirə daşıyır, reytinq xatirinə xalqın gözünün qabağında səviyyəni yerlə bir edirlər.

Savadsızlığı qürurla, zövqsüzlüyü isə brend kimi sırıyırlar. Gülməlidir, amma bir o qədər də tragikomikdir.

Məni arada bir məsələ düşündürür, bəzən 2-3 cangüdənlə konsertə gedən bu cür müğənnilərin heç olmasa, işlədiyi komandada dünyadakı müasir trendlərdən xəbərdar olan bircə nəfər savadlı, dünyagörüşlü prodüseri, meneceri, mətbuat katibi, ya da nə bilim, adicə bir dostu -tanışı yoxdurmu - deyə ki, efirə çıxanda sadəcə oxu, heç nə danışma...

Hərçənd ki, oxuduqları da bir şey deyil, o da başqa bir ağrılı mövzudur. Dərd bir yerdən deyil ki, çəkəsən...

# 308 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər