ANS-də Markes RƏZALƏTİ

ANS-də Markes <span style="color:red;">RƏZALƏTİ
21 aprel 2014
# 14:08

ANS kanalında “Bazar səhəri Rövşanə” ilə verilişi Kolumbiya yazıçı Qabriel Qarsiya Markesin vəfatının müzakirəsi ilə başlayıb.

Verilişin aparıcısı Rövşanə Bektaşi qonaqlara belə sual verib: “Markesi tanıyırsızmı?”

Vəkil Loğman Abdullayev “Tanıyırıq deyəndə, şəxsən çay içməmişik” deyə məzəli cavab verərək Facebookda onun haqqında statuslar gördüyünü deyib: “Öləndən sonra “100 ilin tənhalığını” götürmüşəm. Oxuyuram. Əvvəl bilirdim ki, belə bir adam var, amma oxumamışdım.”

Digər qonaqlar isə (həkim Seyfəddin Əsəd, meyxanaçı Ağakərim, musiqiçilər Ülvi Qılınc və Ceyhun Zeynalov) belə bir yazıçını tanımadıqlarını bildiriblər. Ağakərim isə “Mənim Markesə ehtiyacım yoxdu” deyib.

Rövşanə Bektaşi Qabriel Qarsiya Markesin bütün zamanların ən yaxşı yazıçısı olduğunu, ədəbiyyat üzrə Nobel mükafatı sahibi olması barədə məlumat verdikdə vəkil Loğman Abdullayev aparıcının sözünün kəsərək deyib ki, Azərbaycana qarşı üç dəfə haqsızlıq olub. Onlardan biri də budur ki, Nobellər Azərbaycana faytonla gəlib burdan milyarder kimi getdilər. Buna baxmayaraq bütün dünyaya Nobel verdilər, Azərbaycana bir dənə vermədilər.

Veriliş ərzində müxtəlif mövzulardan danışılsa da Rövşanə xanımın Markesdən sitat gətirməsi-“İnsanlar yaşlaşdıqca sevməyi tərgidirlər”-yeni polemikaya yol açıb. Qonaqlardan bəziləri bildiriblər ki, 90 yaşında ailələr var, hələ də bir-birlərini sevirlər.

Rövşanə xanım da Markesin ömrü boyu Mersedes adlı bir qadınla yaşadığını, onu dəli kimi sevdiyini deyib və əlavə edib ki, bununla belə Markes ömrünün neçə ilini əxlaqsız qadınlar arasında keçirib: “O, fahişələrin həyatlarını ədəbiyyata gətirirdi.”

Bundan sonra qonaqlardan biri “Gətirsin, gərək fahişələrini sevib gətirsin?” kimi replika atıb.

Rövşanə xanım isə fikirlərinə aydınlıq gətirmək üçün: “Markesin “Patriarxın payızı”ında patriarxın hində xidmətçi qadınla, fahişə ilə sevişməsi sevgi deyildi. Markes bunu ədəbiyyata gətirmək üçün edirdi”-deyib.

Bu zaman zalı qəhqəhə bürüyüb. Aparıcı xanım isə Ülvi Qılınca “kitabı vərəqləyərsən” söyləyib.

Seyfəddin həkim “Azərbaycanda niyə Markes yoxdu?” deyə digər qonaqlara müraciət edəndə vəkil Loğman Abdullayev cavab verib ki, Azərbaycanda Markes olmaqdan qorxurlar: “Əkrəm Əylislinin gününə düşmək istəmirlər. Toyuq saxlayan qızla sevişib yazmağa onlar icazə verirlər, bizim mentalımız icazə vermir. Onu gətirsən sənə Nobel verəcəklər, gətirməsən verməyəcəklər. “Dəli Kür”ə görə sənə heç kim Nobel verməyəcək. Bir anormallıq gətir, mütləq verəcəklər. Markesin həyat tərzi islam əxlaqına yaddır”.

Rövşanə Bektaşi verilişi Markesdən gətirdiyi bir sitatla bitirib: “Heç bir insan sənin göz yaşına layiq deyil. Səni ağlamağa məcbur edən insan isə sənin yanında olmamalıdır”.

# 5336 dəfə oxunub

Müəllifin son yazıları

# # #