“Əsəbiləşdin, get başını divara vur” - Gənc qızlar nə üçün söyüşlə danışırlar?

“Əsəbiləşdin, get başını divara vur” - Gənc qızlar nə üçün söyüşlə danışırlar?
27 oktyabr 2025
# 14:10

Kulis.az Rəna Nevzatın "Zəif ağlın güclü görünmək cəhdi" yazısını təqdim edir.

İşdən evə qayıtdığım günlərin birində məhəlləmizdəki supermarketin qabağında qələbəlik gördüm və dərhal başa düşdüm ki, burada günün nizamına, həyatın adi axınına uyğun olmayan nəsə var. Belə şeylər görəndə maraq adama güc gəlir. Özünü saxlaya bilmirsən. Beləliklə, yolumu qələbəliyə tərəfə saldım. Və elə fikir-fikirli addımladım ki, elə bil hər gün bu yolla gedib-gəlirəm. Əslində isə hər gün bu yolla gedib-gəlmirdim.

Yaxınlaşdıqca səslər yüksəlməyə başlayırdı. Br azdan polis maşınının sayrışan işıqları yandı.

İki qadın sürücü bir-birinə yol vermək üstündə dalaşırdılar.

Qadınlardan birinin yanında kişi var idi, – çox güman həyat yoldaşıydı, – digəri təkdi. Tək olan maşından düşməmişdi, ancaq başını pəncərədən çıxarıb nəsə deyirdi. Başı ilə bərabər əli də çıxmışdı və uzun, qırmızı dırnaqlarıyla qarşı tərəfi hədələyirdi.

Həyat yoldaşı ona yol verməyən qadına ən ağır söyüşlər söyən xanımını güclə tutmuşdu. Elə bil əlindən çıxsa, indicə başını maşının pəncərəsindən çıxarıb ağzına gələni deyən qadınının saçından tutub, asfaltın üstündə sürüyəcəkdi.

Uşaqlar bir-birinin əlindən yapışıb, bu ağır mənzərəyə maraqla tamaşa eləyirdilər.

Nəhayət polislər müdaxilə elədi. Qələbəlik dağıldı, ancaq qadınların bir-birini söyməsi qulağımdan getmədi.

Söyüşə həmişə qarşı olmuşam. Əgər fikrini normal, nəzakətli ifadə edə bilirsənsə, söyüşə nə ehtiyac? Əgər bu günəcən milyonlarla kitablar yazılıbsa, müəlliflər hər hissə, hər sitausiyaya bir ad tapmaq üçün min dərədən su gətiriblərsə və gətirirlərsə, onda bütün bunların üstündən xətt çəkməklə söyüşə sığınmaq, hislərini söyüşlə ifadə eləmək nə deməkdir?

Kimsə deyə bilər ki, əsəbiləşəndə ixtiyar adamın əlindən çıxır, özünə hakim ola bilmirsən, onda ağızdan çıxır. Nə etmək olar?

Mənim bir ədəbiyyat müəllimim var idi. Dalaşan kəndli uşaqları qəddarcasına döyür, onlardan nə üçün dalaşdıqlarını öyrənməyənəcən əl çəkmirdi. Nəhayət, döyülməkdən hay-hayı gedib, vay-vayı qalan şagirdlərdən biri deyirdi: “Müəllim, Afiq (məsələn) məni əsəbiləşdirdi. Ona görə Afiqi yıxıb yerdə təpiklədim”.

Müəllimin isə cavabı gecikmirdi: “Əsəbiləşdin, get başını divara vur”.

Bu qədər sadə!

Əsəbiləşdin, get başını divara vur. Doğrudan da, ədəbiyyat müəllimləri istənilən vəziyyətdən hikmətli nəticələr çıxara, şagirdləri düz yola gətirə bilirlər. Yəqin ki, hamının ədəbiyyat müəllimləri ilə bağlı bir xatirəsi var.

Elə buna görə söyüşlərinə əsəbiləşməklə haqq qazandıran adamlara yalnız bir şey demək olar; əsəbiləşdin, get, başını divara vur. Daha cəmiyyət arasında söymə, insanları təhqir etmə.

Ancaq əsəbiləşməyi necəsə başa düşmək olar.

Həyatımın elə bir məqamına gəlib çıxmışam ki, hər şeyi başa düşməyə çalışıram. Başa düşmək, müəyyən mənada, haqq qazandırmaq deməkdir. Ancaq son illər xanımlarımızın, xüsusən, gənc qızların arasında söyüşlə danışanların sayı artıb. Söhbət hansısa situasiyaya əsəbiləşib söyməkdən getmir ha, normal leksikonuna söyüş artıranları deyirəm. Bax bunu başa düşmək çətindir. Haqq qazandırmaq isə mümkün deyil.

Kimsə bu tendensiyaya “dur” deməlidir. Bu missiyanı mən öz üstümə götürürəm. İlk daşı günahsız olanınız atsın.

Gözəl qızlarımız hər yerdə söyüş söyür, hislərini söyüşlə ifadə edirlər. Buna nə demək olar? Deqradasiya.

Gözəllik elə şeydir ki, öz davamını istəyir. Məsələn, gözəl bir qız görəndə düşünürsən ki, onun danışığı, qurduğu cümlələri, yemək yeməsi, kitab oxuması, hər gün dərsə, işə getməsi, hətta taleyi də gözəldir və ya gözəl olacaqdır. Gözəllik bir anda onu tamamiylə əhatə edir, mənəvi və fiziki ələ keçirir. Məsələn, gözəl bir qız geyindiyi çirkin və nimdaş paltarı da gözəlləşdirir. Belə olmayanda, yəni gözəl bir qızın taleyi nakam gətirəndə buna daha çox kədərlənir, daha çox məyus oluruq. Elə bil nəsə baş verməliydi, baş vermədi. Eybəcər qızların nakam taleyi bizə nədənsə o qədər də toxunmur. İstənilən halda, zərif varlıq olan hər qadın üçün çirkin sözlər qəribə görünür, onlara yaraşmır.

Ancaq indi necədir?

Gedirsən, hansısa kafedə oturursan, bir bakal pivə sifariş verib, yavaş-yavaş qurtumlayırsan və birdən yanaşı masadakı xanımlar öz aralarında ucadan və söyüşlə danışmağa başayırlar. Birincisi, ictimai yerdə səs-küy salan adamlardan mənim zəhləm gedir. İkincisi, hər cümlələrinin əvvəli-axırı söyüş. Baxırsan, hamısı ay parçasıdır, bir-iki dəqiqə diqqətlə baxsan, aşıq ola bilərsən.

Ona görə heç kimə diqqətlə baxmamaq lazımdır. Kiməsə diqqətlə baxmaq çox təhlükəlidir.

Bəlkə, qızlarımız düşünür ki, söyüşlə danışmaq “cool” görünməkdir? Doğrudan da, bir çoxları söyüşü müasirlik hesab edir. İnsanların müasir görünmək üçün bu qədər çalışıb-vuruşmalarını başa düşmürəm. Əgər bunun üçün cəhd göstərirsənsə, müasir deyilsən, əgər müasirsənsə, necə görünmək problemin olmur. Nəhayət, bu əlaqəni başa düşmək lazımdır.

Çoxları deyir ki, oğlanlar söyür, bəs qızlar nə üçün söyməməlidir? Qadın və kişi bərabərdir.

Buyur.

Mən bərabərliyin tərəfdarıyam. Hətta qadınların kişiləri ötüb keçməsini, daha böyük uğurlar qazanmasını arzulayıram,. Bu vaxtacan kişi hakimliyi altında yüzlərlə müharibə, qırğın, aclıq gördük, başımız daşdan daşa dəydi, indi görək qadınların hakimliyində nə görəcəyik? Bəlkə, daha yaxşı olacaq? Əlbəttə, ola bilər.

Ancaq bərabərliyi müsbət şeylərdə axtarmaq lazımdır, söyüşdə yox. Vulqarlıq qadın təbiətinə ziddir.

Gənc qızlarımızı mədəniyyətə dəvət edirəm. Söyüşdən uzaq olmağa çağırıram.

Və köşəmi ədəbiyyat müəllimimin başqa bir sitatı ilə bitirirəm:

– Söyüş zəif ağlın güclü görünmək cəhdidir.


# 730 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər