Arvadının zorlanmasına icazə verən aktyor

Arvadının zorlanmasına icazə verən aktyor
5 avqust 2013
# 07:00

Kulis.az “Esquire” dərgisinə istinadən, fransız aktyor Vensan Kasselin həyatdan öyrəndiklərini sizə təqdim edir.

Bəli, mənfi rollar xoşuma gəlir.

17 yaşım olanda sirk məktəbinə girdim. Şükür Allaha ki, ağlım oranı tərk etməyə çatdı. Yoxsa indi qarşınızda qəzəbli, təhlükəli və yəqin ki, uğursuzluğa uğramış kloun oturardı.

Məni heç vaxt böyük aktyorun oğlu (Jan Pyer Kassel – məşhur teatr aktyoru – “Esquire”) olmağım narahat etməyib. Əksinə, çox kömək edib. Atam sağ olanda mübahisə eləməyə adamım vardı heç olmasa.

Yox, mən küçə uşağı deyiləm. Yaxşı rayonda böyümüşəm, yaxşı məktəbə getmişəm. Amma hip-hopla böyümüşəm, hətta qardaşım da bu işlə məşğuldur. Hərdən fikirləşirəm, onunla işləmək yaxşı olardı. O, hip-hopun kralıdır. Amma ədalətli olmalı olsam, Vu-Tanqa hələ çata bilməyib.

Ümumiyyətlə, həyatımdan danışmağı sevmirəm, amma arada danışıram. Onda da başa düşürəm: lənət şeytana, məhz bunu etməli deyildim.

Mənim lakonikliyi sevirəm. 1995-ci ildə Matyö Kassoviç mənə yaxınlaşıb “Nifrət” (Kassoviçin baş rolunda Kassel çəkilən dramıdır, Paris ətrafı rayonlardakı yaşayışdan bəhs edir – “Esquire”) filmini təklif edəndə dedim: “Qulaq as, məncə, bu əla film olacaq, amma mən kənar məhəllələrdə böyüməmişəm, küçələrdə yaşamamışam, döşəyimin altında tapança saxlamamışam, heç kimi döyməmişəm, supermarketdən oğurluq etməmişəm və məni polisə aparmayıblar. Kassoviç isə dedi: “Yaxşı, qorxma”.

İnsanları qıdıqlamayan, əksinə zərbə vuran kino çəkə bilirsənsə, hər şeyi rədd edib filmi məhz özün istədiyin kimi çəkmək üçün pulun varsa və dünyanın bütün ölkələrindən ən gözəl aktyorları dəvət etmək imkanın varsa, bax bu əsl xoşbəxtlikdir.

İnanın, dünyada bir neçə şey var ki, onlar üçün yaşamağa dəyər.

Kinoda çəkilmək – hamını özünə məftun etmə prosesidir. Başqalarında şəxsiyyətinə pərəstiş oyandırmalısan. Bunu instinktiv etdiyin müddətdə hər şey yaxşıdır. Hər addımını hesablamağa başladınsa, bitdi, özün də bilmədən ikinci Depardye olacaqsan.

Amerikanlar filmlərində mənə həmişə alçaq rolları verirlər. Amma mən onlardan qisas alıram: alçaq rolunu elə oynayıram ki, onların qəhrəmanlarından daha yaxşı alınır.

Yadımdadır, ingilis mətbuatında ilk dəfə mənim haqda yazılanda beynimdən vurulmuşa döndüm. Çünki məni “Hyu Qrantı yamsılayan fransız” kimi təqdim etmişdilər.

Paris mənim evimdir və bütün yaxşılıqları və pislikləri ilə yüz faizlik parisliyəm. Burdan uzun müddətlik gedə biləcəyimi düşünmürəm. Biz parislilər, ümumiyyətlə, öz şəhərimizi nadir hallarda tərk edirik.

Sürücülük vəsiqəsi aldığım gün maşına oturub, 230 km/saat sürətlə Parisdən Nisə qədər sürdüm.

Məndən “Beş dəqiqədən sonra dünya dağılacağını bilsəniz, nə edərdiniz?” soruşsanız, cavab verərdim: “Bir təyyarəyə oturardım, o yuxarı qalxanda paraşütlə atlanardım və dünyanın necə dağılmağına baxardım”. Amma indi deyərdim ki, bu mümkün olmasa, son dəfə yanımdakı qadınla sekslə məşğul olardım və həmin qadının arvadım olacağına ümid edirəm.

Heç vaxt ağlıma gəlməzdi ki, aktrisa ilə evlənərəm.

İlk dəfə Monika ilə “Mənzil” (Jilya Mimuninin filmi – “Esquire”) filminin çəkilişlərində görüşmüşəm. Yəqin onu görən hamı kimi mən də ona ilk görüşdən vuruldum. Sonralar çox filmlərdə birlikdə oynamışıq. Serj Qinzburqun dediyi “kino - həyat yoldaşınızı nəzarətsiz qoymaq üçün həddindən artıq həssas sənətdir” fikrini deyəsən çox ciddi qəbul eləmişəm.

Monika olmasaydı, biz Qaspar Noenin “Çıxış yoxdur” filmində çəkilməzdik. Bir dəfə Noe səhər saat 5-də klubda mənə yaxınlaşdı və soruşdu ki, biz Monika ilə kameraların qarşısında həqiqətən sekslə məşğul ola bilərikmi? Mən ona “Rədd ol burdan” deyib “yolladım”. Sonra Monikaya zəng vurub olanları danışdım. Monika nə desə yaxşıdır: “Gəl onu evimizə qonaq çağıraq və bu haqda ətraflı danışaq”.

“Çıxış yoxdur” filmi Monikanın bir əclaf tərəfindən zorlanması səhnəsi ilə başlayır. Bu, əsl şok idi. Filmə

baxanlar məndən bu səhnənin çəkilişinə necə dözdüyümü soruşurdular. Həqiqət isə çox sadə idi. Çəkiliş vaxtı o aktyoru döyəcəyimdən qorxan Monika məndən getməyimi xahiş etdi. Mən də Fransanın cənubuna tətilə getdim. Bəziləri isə ümumiyyətlə arvadımın zorlanması səhnəsinə necə icazə verdiyimi anlamırdılar. Ekranın o biri tərəfində öz işindən həzz alan iki aktyor var. Öz aramızdır, təcavüz edən adamın penisini də kompüterlə düzəltmişdirlər.

Yəqin ki mənim ən sevdiyim film – “Geniş qapılmış gözlərlə”(rejissor Stenli Kubrikin sonuncu işidir – “Esquire”) filmidir. İlk dəfə o filmə tək baxmışdım. Film bitən kimi Monikaya (həyat yoldaşı Monika Belluçi –red.) zəng vurub dedim: “Biz bu filmə birlikdə baxmalıyıq”. O filmin sonluğu yadınızdadır? Sonda Nikol Kidman deyir: “Bizə qalan evə gedib sekslə məşğul olmaqdır”. Məncə, bu, Yer üzünün ən cəsarətli zarafatıdır. Təsəvvür edirsiniz, bu, Kubrikin son sözləridir. Deyir, gəlin sekslə məşğul olaq. Mən də belə düşünürəm: məgər biz bu dünyada başqasına həyat vermək üçün gəlməmişikmi?

Kinonu elə çəkmək lazımdır ki, ona baxandan sonra gecəni “McDonalds”da keçirmək istəməyəsən.

Fahişəxanalar və xəstəxanalar – bax oralarda çəkilməyi sevirəm.

Kinoda çoxlu reallıqlar var: məsələn, fahişəni çox vaxt elə fahişələr, oğraşları çox vaxt oğraşlar, transvestitləri də ancaq transvestitlər oynayır. Heyif ki, narkotik səhnələrində hansısa zir-zibil, məsələn laktoza sırıyırlar.

Elə ssenarilərdən xoşum gəlir ki, hər səhnədə yeni bir qız, ya da yeni maşında çəkilim.

Ümumiyyətlə, aktyorun televizordan hansısa evə, otağa girib hansısa zibili reklam etməyindən zəhləm gedir. Amma eyni şeyi mən “Gucci” üçün edərəmmi sualına “Nə qədər verərlər?” deyə cavab verərəm. Mən aktyoram, mənim işim pul müqabilində nədəsə çəkilməkdir. Yeganə etməyəcəyim şey – parfümeriya reklamında qurşağa qədər lüt çəkilməkdir.

Mənim dəlilərdən xoşum gəlir. Ən çox da həyatını idarə edə bilən dəlilərdən.

Qocalıq qəribə şeydir: həqiqətən nəyi sevib, nəyi sevmədiyini başa düşürsən.

Doğulanda sənə verilən qəzəbi həmişə qorumaq lazımdır.

Ceniffer Enistonla heç vaxt yatmaq istəməzdim.

# 4576 dəfə oxunub

Müəllifin son yazıları

# # #