Kulis.az Rasim Qaracanın İlkin Rüstəmzadənin "Bahar mehi" romanı haqqında yazısını təqdim edir.
"İlkin Rüstəmzadənin "Bahar Mehi" romanını birnəfəsə oxudum, möhtəşəmdir, mütləq film çəkilməlidir bu əsərə” - bilirəm, müəllifin məndən gözlədiyi bunlar deyil və mən də yalançı təriflə ədəbiyyatda kövrək addımlarını atan dostumu yuxuya verənlərdən olmaq istəmirəm. Böyük zəhmətin və gərgin əməyin nəticəsində yazılmış bir əsər olduğu şübhəsizdir. Lakin tənqidi cəhətləri də yox deyildir. Bunları mümkün qədər qısa şəkildə yazmağa çalışacam, ümid edirəm, müəllif üçün faydalı olacaqdır.
1. Roman Azərbaycan ədəbiyyatı üçün ənənəvi olmayan mövzuda yazılıb, başqa bir ölkədə - İranda cərəyan edən tarixi hadisələri əks etdirir. Belə mövzunun öhdəsindən gəlmək yazardan dərin bilik tələb edir. Romanda müasir İran tarixinin, az qala, 100 illik bir dövrünün yığcam xronikasını izləmək mümkündür. Əsəri nisbətən oxunaqlı edən süjetə sevgi hadisəsinin daxil edilməsidir. Nisbətən ona görə deyirəm ki, bu sevgi hadisəsi dolğun və təfərrüatlı deyil. Müəllif sevgi motivinin romanın bədiyyat gücünü artırdığını ya başa düşməyib, ya da önəm verməyib. Nəticədə süjet yetəri qədər quru alınıb. Qadın obrazlarının demək olar ki, yoxluğu mətnin palitrasını qara və boz rənglərə bürüyüb, romanın gender balansı düzgün qurulmayıb. Bu baxımdan, nə qədər maraqlı və dramatik hadisələr olsa da, oxucu bir yerdə ölüm, qan, işgəncə, mübarizə söhbətlərindən yorulur.
2. Müəllif hadisələri təqdimetmənin orijinal quruluşunu tapıb, hər fəsildə hadisələr zamanca gah irəli və gah da geriyə gedir, sanıram, bu struktur romanı maraqlı etməkdən ötrü ustalıqla tapılıb.
3. Roman xaraktercə iki fərqli üslubda yazılıb, bəzi fəsillər demək olar ki, tamamilə sənədlidir, bu hissələri bir məqalə oxuyurmuş kimi oxuyursan, bilməyənlər üçün bu hissələr əlbəttə, maraqlıdır, xüsusən, Müsəddiqin hakimiyyət dövrü, ingilislərin təzyiqi sayəsində hakimiyyətdən düşməsi və İranın sonrakı faciələrinə səbəb olan hadisələrin təsviri (27 səh.) sənədli xarakterlidir, mənim fikrimcə, çox uzadılıb. Bəzi hissələr isə ədəbi-bədii səciyyədədir.
Sənədli fəsillərdə yazarın qələminin (klaviaturasının) sürəti bədii fəsillərdə olduğundan daha sürətlidir. Açıq-aşkar hiss olunur ki, müəllif bədii hissələri yazmaqda çətinlik çəkir, təfərrüatlara vara bilmir, loru dildə desək, söhbəti tezbazar bağlamağa çalışır. Sənədli fəsillərdə isə qol-qanad açır, aşıb-daşır.
4. Bəzi gözəl cümlələr:
- Dəli olduğumu dərk edə-edə dəli olurdum...
- Rəhbərin (Xomeyninin) otağı zahirən kasıb təsiri bağışlasa da, etiraf etməliyəm ki, həm də gələn qonağı karıxdıran zəhmli atmosferi vardı. Adama çarəsizliyini, qarşındakı şəxsin mərhəmətindən asılı, bütün gücün ona məxsus olduğunu hiss etdirən, kasıb görünüşü qədər də əzəmətli aurası vardı.
-(Xomeyninin dilindən): "Və əgər düşmən olarsa ən təhlükəlilərdən biri olacağına şübhə etmədiyim bir adama öz əllərimlə düşmən olmaq üçün ən uyğun şərtləri verməyimi təklif edirsən mənə?"
Ümumən, müəllif əsas qəhrəmanın İran dövlət başçısı Xomeyni ilə görüş səhnəsi uğurlu qələmə alıb.
5. Əsərdə adı çəkilən əsas qəhrəmanların portret cizgiləri alayarımçıqdır, personajları xarakterizə edən, onları ümumi, boz ifadələrin bulanıq pərdəsi arxasından aydınlığa çıxaran təsvirlər demək olar ki, yoxdur. Məsələn, əsərdə əsas qəhrəmanın sevgilisi Zöhrə demək olar ki, danışmır. İlk tanış olanda başını aşağı-yuxarı sallayaraq razılıq verir, 20 il ayrılıqdan sonra iki sevgili görüşərkən yenə susurlar:
"Mən öndə, o, arxada yeriməyə başladıq. Demək olar ki, danışmırdıq".
20 illik ayrılıqdan sonra görüşən sevgililər üçün, ən azı, 27 səhifəlik təsvir və dialoq olmalıydı, sanıram, keçilmiş mübarizə yolu onlara bu haqqı verirdi. Lakin sadəcə, bu cümlələr var:
"Yatağımıza girdik və səhərə qədər sevişdik. O artıq mənim qadınım idi".
Əsərin kulminasiya nöqtəsində təsvirlərin bu cür qısırlaşması oxucuya hörmətsizlikdən başqa bir şey deyil.
6. Danışılan hekayətin fokus mərkəzi zahirən Qırmızı Sarıqlı gerilla ilə Zöhrə adlı qızın sevgi hadisəsi üzərindədir - siyasi proseslər onları ayrı salır, uzun illərdən, həbs həyatı və işgəncələrdən sonra qovuşa bilirlər və İsveçə köçüb orada xoşbəxt yaşayırlar.
Lakin müəllif bu xəttin emosional gücünü yetərincə qiymətləndirə bilməyib, əsərin sənədli bölümlərinə daha çox diqqət ayırıb, demək olar, bütün gücünü buna xərcləyib.
Kompozisiyasındakı bu qüsur, sanıram, romanın dəyərini yarıbayarı azaldıb. Bu cəhət əsərin tələm-tələsik yazıldığı təəssüratı doğurur.