Fərdilik – xoşbəxtlik, yoxsa bədbəxtlik

Fərdilik – xoşbəxtlik, yoxsa bədbəxtlik
12 may 2014
# 10:49

Yaşantımızda çox tez-tez sarsıldım, depressiyaya düşdüm, stress keçirdim – kimi ifadələrlə rastlaşırıq.

Hərdən mənə elə gəlir ki, sarsılmaq, depressiyaya düşmək, stress keçirmək hamının yaşantıları deyil. Elə adamlar var ki, ömürlərini bunlarsız yaşayıb başa vurub köçürlər həyatdan. Depressiya, sarsıntı nədir heç xəbərləri də olmur.

Bunların nə olduğunu bilənlər isə zaman-zaman yaşayırlar onu. Tez-tez sarsılır, depressiyaya düşür, stress keçirir və bu kimi hallar daimi həyat yoldaşlarıdır onların.

Elə bilirəm insan olmaq elə bunları yaşamaq deməkdir.

Bir anlıq düşünün, xatırlayacaqsınız, hər depressiyadan çıxandan sonra həyatınızda müsbətə doğru necə dəyişikliklər olub. Yaşadığın stressdən, keçirdiyin sarsıntıdan sonra bir gün özünü dünyaya yeni gəlmiş kimi hiss etməyə başlayırsan. Elə bil bir az da böyüyürsən, kamilləşirsən, həyat reallıqları gözlərin önündə xırdalaşır, sən onların fövqündə hiss edirsən özünü.

Məncə sarsılmaq ruhən, mənən, daxilən dəyişmək, yenilənmək, mənfi emosiyaların cəngindən silkinib çıxmaqdır bir növ.

Düzdür, yaşadığın sarsıntının, stressin müqabilində səhhətin laxlayar, bəlkə ömrün də qısalar, amma yenilənirsən. Çox mətləblər bəyan olur sənə, çox qaranlıqlar aydınlaşır. Həyata baxışın dəyişir, təcrübən bir az daha artır, ağı qaradan, pisi yaxşıdan seçməyə başlayırsan.

Sənə onları yaşadan hadisənin bir daha təkrarlanmayacağına təminat yoxdur, amma artıq o situasiyada necə hərəkət edəcəyini, vəziyyətdən hansı yolla çıxacağının təcrübəsi olur sənin üçün.

Növbəti dəfə bəlkə daha rahat keçirəcəksən o halları, amma baxır bu dəfə keçirdiyin sənin psixologiyanda hansı izləri buraxıb.

Bəlkə daha da möhkəmlənmisən, bəlkə əksinə iradən zəifləyib. Bəlkə yaşadıqların sənə amansız olmağı aşılayıb, yaxud əksinə, daha da kövrəkləşmisən.

Yaşadıqların səni daha da insaniləşdirib, yoxsa əksinə.

Bütün bunlar növbəti yaşantında özünü büruzə verəcək, yəni növbəti dəfə düşəcəyin situasiyadakı davranışında bəlli olacaq.

Kim deyirsə ki, mən həyatda hər şeyə hazıram, yalandır. Hamı bir dəfə gəlir bu həyata və nə baş verirsə, yalnız bir dəfə olur, ikinci dəfə tamam fərqli olacaq, yenə gözləmədiyin anda, təsəvvür etmədiyin vəziyyətdə. Yenə sənin üçün zərbə-nokaut.

Qalxıb yenidən başlaya bilmək güc, iradə tələb edir. Bundan qalxanlar da olur, qalxa bilməyənlər də.

Məncə qalxa bilməyənlər daha sözügedən situasiyalara düşmürlər də.

İnsan hadisələrdə, situasiyalarda böyüyür, özünü tanıyır, ətrafdakıları tanıyır. Adama elə gəlir ki, belədir, amma hər dəfə yenə aydın olur ki, yox, nə özünü, nə də ətrafdakıları tanımamısan. Bu daha bir pillədir, etapdır-onu da keçir insan.

İnsanları tanımaq müşküldür, mümkün deyil heç, əsas özünü tanımaqdır.

Özünü tanı, özündə bəyənmədiyini dəyişməyə çalışma, çətindir. Elə biləcəksən dəyişmisən, yox, aldatma özünü, dəyişməmisən, məqamında görəcəksən yenə osan, həmin düzəltmək istədiyin adam.

Sadəcə situasiyanı özünlə paralelləşdir, yəni bil ki, belə situasiyada hansı hərəkət gözlənilir səndən, əgər o hərəkət sənin ziyanınadırsa yaxşısı budur qabaqlayıcı tədbir gör ki, həmin situasiyanı zərərsizləşdir.

Bu da çox çətindir, amma başqa yolu yox, yenə sarsılacaqsan.

Bunu da özünə dərd eləmə, çünki bundan sonra artıq bilirsən ki, belə hallarda necə olacaqsan. Bu vəziyyətə düşməmək üçün daha tədbirli olacaqsan.

Özünü tanıdın, ətrafındakılar sən zənn etdiyin kimi deyilmiş? Yox, əslində hamı necə idisə, elədir, sadəcə sən onları başqa cür zənn etmisən. Sadəcə sənin inamın, səmimiyyətin getdi onların badına, daha səmimi ola bilməyəcəksən, özünü sığortalamalısan axı.

Hər belə situasiyadan çıxandan sonra özünə nəzər sal və soruş-əvvəlki sən yaxşı idi, yoxsa indiki?

Həyat eşqin ölüb? Deməli hadisələr bizim paklığımızı alır əlimizdən, etibarımızı. Həyat təcrübəsi qazandıqca günahkarlara çevrilirik. Daha səmimi deyilik, pak deyilik, hiylə işlədir, yalan danışır, deməli günaha batırıq.

Orda isə deyirlər bizi sorğu-sual gözləyir. Bəs onda kimdir təqsirli, bizmi, yoxsa bizi bu günaha batıranlarmı?

Yəqin elə sorğu-sual da bunu ayırd etmək üçündür.

Hamı necə, sən də elə. Amma hamı kimi yaşamaq kütləvilikdir, sən özünü fərd hesab edirsən? Fərqlənən daha bədbəxtdir bu günahkar dünyada. Fərd olmağa hamının iqtidarı çatmır, kütlə güc deməkdir. Pislik, namərdlik, əxlaqsızlıq-bütün bədxahlıqlar kütləvilikdir. Şəxsiyyət fərdilikdədir. Sən seçməmisən özünü, seçilmisən.

# 3332 dəfə oxunub

Müəllifin son yazıları

# # #